Müəllif: Nadir XOSROVOĞLU Bakı
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası günlərində paytaxtımızda olan FİDE prezidenti Kirsan İlyumjinov son aylar dünya mediasının ali şahmat qurumundakı problemləri haqqındakı xəbərlərə və ABŞ-ın sanksiyalarına şəxsən aydınlıq gətirib.
“R+”a müsahibə zamanı FİDE haqqında bütün bu məlumatları Kirsan İlyumjinovun özündən dəqiqləşdirmək fürsətini qaçırmayıb.
- Son aylar FİDE ətrafında qalmaqallar səngimək bilmir. Hətta Beynəlxalq Şahmat Federasiyasının müflis olduğu barədə açıqlamalar səsləndirilib. Doğrudan, FİDE-də vəziyyət acınacaqlıdır?
- Müsahibəyə belə maraqlı suallarla başlayacağımızı heç təxmin edə bilməzdim. İlk öncə söyləmək istərdim ki, Azərbaycan dünyanın ən böyük idman yarışlarından biri olan Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil etdi. Yarış günlərində Bakıda şahmat bayramının yaşandığı hiss olundu. Əgər FİDE-də vəziyyət yaxşı olmasaydı, biz Azərbaycanla birlikdə belə yarış keçirə bilərdik? Sözsüz ki, müəyyən çətinliklər hər bir təşkilatda yaşanır. Amma onu şişirtmək və ya qalmala çevirmək lazım deyil.
- Niyə məhz FİDE ətrafında belə xoş olmayan xəbərlər yayılır?
- Beynəlxalq Şahmat Federasiyası dünyanın ən böyük idman təşkilatlarından biridir. Bu gün 187 ölkə FİDE-nin üzvüdür. İl ərzində tərəfimizdən 100 mindən çox turnirlər təşkil olunur. Sadaladığım faktlar istənilən insanı düşündürməyə məcbur edir. Ali şahmat qurumu çox nüfuzlu idman təşkilatıdır. Ona görə daim diqqət mərkəzindədir. Belə məlumatlar digər idman federasiyaları barəsində də yazılır.
- Sualımızı konkretləşdirək. FİDE maliyyə sıxıntısı yaşayır?
- Mən FİDE prezidenti seçiləndə maliyyə sıxıntımız çox idi. Xatırlatmaq istərdim. 90-cı illərdə FİDE doğrudan da acınacaqlı vəziyyətdən çıxış yollarını axtarırdı. Dünya çempionatını keçirməyə pul tapmırdıq. Eyni zamanda, bəzi titullu şahmatçılar federasiyaya alternativ təşkilat yaratmağa cəhd edirdilər. Həmin illərdə şahmat indiki kimi populyar deyildi. Bu gün dünyada 600 milyondan çox insan şahmat oynayır. Hədəfimiz sayımızı 1 milyarda çatdırmaqdır. Bu gün il ərzində Qran-pri turnirləri təşkil edilir. İki ildən bir Dünya Kuboku və Şahmat Olimpiadası keçirilir. Dünya çempionluğu uğrunda təqvim təsdiqlənib və hamı tərəfindən qəbul edilib. Biz şahmat ailəsini parçalanmaqdan xilas etdik. Maliyyə sıxıntısı əksər təşkilatlarda olur. Amma bu məsələnin həlli yolları mövcuddur. Şahmat digər idman növlərindən fərqli olaraq, teleyayım və bilet satışından böyük pullar qazanmır. Bu problemi də həll etmək mümkündür. Hazırda şahmat oynamaq və şahmatla məşğul olmaqla dəb halını alıb. Bu məni çox sevindirir.
- Noyabrda dünya çempionu titulu uğrunda növbəti görüş baş tutacaq. Maqnus Karlsen və Sergey Karyakin Amerika Birləşmiş Ştatlarında üz-üzə gələcək. FİDE prezidenti kimi bu görüşdə iştirak edəcəksiniz?
- Bildiyiniz kimi, hazırda ABŞ-a getməyim mümkün deyil. Məlum sanksiyaya görə, Birləşmiş Ştatların ərazisinə daxil ola bilmirəm. Bu görüşə hazırlıqla bağlı ABŞ-a səfər etməliydim, amma alınmadı. Bir sıra vacib sənədlər var ki, onlar imzalanmalıdı. İndiki halda isə dünya çempionluğu görüşünün təşkilatçılığıyla məşğul ola bilmirəm. Mənə qarşı atılan addımlar FİDE-nin səlahiyyətlərini çərçivəyə salır. FİDE rəhbəri kimi, Karlsen-Karyakin görüşünün ABŞ-da keçirilməsinə qarşı çıxa bilərdim. Amma bunu etmərəm. Çünki bizim üçün bu oyunun yüksək səviyyədə təşkilatçılığı hər şeydən vacibdir. Vacib sənədləri imzalamaq səlahiyyətlərini FİDE-nin vitse-prezidenti Georgios Makropulosa etibar etmişəm. Karlsen-Karyakin görüşü baş tutacaq. Biz bu möhtəşəm görüşü ABŞ şahmatsevərlərinə hədiyyə edəcəyik. Ümid edirik, Birləşmiş Ştatlarda şahmatın inkişafına təkan olacaq. Bobbi Fişer dövrünün geri qayıtmasını arzulayırıq.
- FİDE-nin gələcəyi necə olacaq? Növbəti illərdə yenidən prezident seçkiləri keçiriləcək...
- Prezident Şurası və Baş Assambleya öz işini davam etdirir. FİDE bütövlükdə öz işini yüksək səviyyədə görür. Bakı Şahmat Olimpiadası günlərində konqres iştirakçılarının Azərbaycana gəlişi dediyimi sübut edir. FİDE-nin rəhbər postlarına seçkilər 4 ildən bir baş tutur. Növbəti seçkilərə 2 il vaxt var. Bakıda baş tutan Baş Assambleyada bir sıra turnirlərin keçirilmə yeri və vaxtı təsdiqləndi. Ali Şahmat Qurumu kimi biz şahmatın inkişafı üçün lazımi layihələri həyata keçirməyə davam edirik. Şahmat ailəsini böyük layihələr gözləyir. Biz inkişafı davam etdirməkdə maraqlıyıq.
- Dünya çempionluğu uğrunda görüşdə kimə azarkeşlik edəcəksiniz – norveçli Maqnus Karlsen yoxsa Rusiyanı təmsil edən Sergey Karyakin?
- Hər ikisinə böyük rəğbətim var. FİDE rəhbəri kimi, ən güclünün qalib gəlməsini arzulayıram. Bu görüş nə qədər maraqlı keçsə, bir o qədər şahmat reklam olunacaq. Qeyd etmək istərdim ki, ABŞ-da baş tutacaq oyuna virtual biletlər satılacaq. Dünyanın istənilən ölkəsində yaşayan insan kompyuter vasitəsilə partiyaları izləyəcək. Özü də zalda yer seçmək mümkün olacaq. Virtual olaraq Sergey Karyakin və ya Maqnus Karlsenin yanında əyləşmək imkanı yaradılacaq.
Hər iki şahmatçı bu gün dünya idmanının lideridir. Fikir verin, dünya çempionluğu uğrunda görüşün orta yaş həddi 25-dir. Həm Karlsen, həm də Karyakin gənc qrossmeysterlərdir. Karlsen iki dəfə çempionluq matçında qələbə sevinci yaşayıb. Cari il biz şahmat dünyanın ən maraqlı oyununu izləyəcəyik.
- Azərbaycanda şahmat çox sevilir və təbliğ olunur. Gələcəkdə ölkəmizlə bağlı hansı layihələr həyata keçiriləcək?
- Azərbaycan dünya şahmatının mərkəzlərindən biridir. Dövlət başçısı İlham Əliyev şahmatı çox sevir. Bakı Şahmat Olimpiadasının ilk turunda birinci gedişi etməklə Azərbaycan Prezidenti bizə şərəf verdi. Dünya ölkələrində ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb.
Hər il Azərbaycanda bir sıra mötəbər şahmat yarışları keçirilir. Bunlar “Baku Open”, “Naxçıvan Open” və Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” turnirləridir. Növbəti illərdə Bakı uşaqlar arasında Şahmat Olimpiadasına ev sahibliyi edə bilər. Və ya Qran-Pri turnirlərindən birini Azərbaycan paytaxtında keçirmək mümkündür. İlin sonunda bununla bağlı Azərbaycan Şahmat Federasiyası ilə müzakirələrimiz olacaq.
MƏSLƏHƏT GÖR: