Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Onun ömür hekayəsi 1928-ci ilin 24 sentyabrında İçərişəhərdə başladı. Ata mülkü Şirvanşahlar sarayının yanında, Qəsr küçəsindəydi. Atası Hacıağa İçərişəhərdə altı-yeddi mülk sahibiydi. Müharibəyədək Partiya Təşkilatının rəhbəri olan Hacıağa müharibədən sonra bir neçə bazarın müdiri işlədi. Anası Səriyyə xanım evdar qadın idi. O da varlı ailədə böyümüşdü. Səriyyə xanım xəsisliyinə görə hamının “cuhud Zeynal” adlandırdığı məşhur tacir Zeynalın qızıydı.
İnadkar gənc
İçərişəhərin fərqli, özünəməxsus ab-havasında böyüyürdü Arif Babayev. Ailənin böyük uşağı, beş qardaşın birincisiydi.Evdə bir sözünü iki edən yox idi. Uşaqikən futbolu çox sevirdi. Yaşıdları ilə futbol oynamaqdan doymurdu. O zaman bomboş sahə olan indiki Sabir bağı meydançaları idi. Bir də kiçik yaşlarından kinoteatrda filmlərə baxmaqdan yorulmazdı. O, böyük maraqla futbolçuların şəkillərini toplayır, kino sənətinə dair kitablar, qəzet materialları oxuyurdu.
Səriyyə xanımın gözəl qarmon çalmağı sayılmazsa, ailədə kimsə incəsənətə meyl göstərmirdi. Caz musiqisinin dəbdə olduğu uşaqlıq illərində Arif Babayev də truba çalmaq həvəsinə düşdü. Onun bu sevdasına ən çox etiraz edən atası oldu. Hacıağa oğlunun milli musiqi alətlərini qoyub, truba çalmasından narazıydı. Ancaq oğlunun inadkarlığını yenə bilmədi.
Bir dəfə oxuduğu məktəbdə tədbir keçirilirdi. Başqa valideynlərlə bərabər, Arifin ata-anası da dəvət olunmuşdu. O gün Arid babayev oxuduğu şeirlə çoxlarına istedadını bəlli etdi. Tədbirin sonunda oğlunun müəllimlərindən təşəkkür eşdidən Hacıağa evə məmnun qayıtdı. Və o gündən Arifin istəklərinə qarşı çıxmadı. Oğlu dram dərnəyinə gedəndə də narazılıq etmədi.
Arif Babayev Bakı Pionerlər Evindəki dram dərnəyinə yazılanda müharibənin ağır vaxtlarıydı. Həmin çətin illərdə Teatr Texnikumuna daxil oldu. On beş yaşında isə “İbrət” tamaşasında kiçik bir rolla Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxdı. Belə başladı böyük səhnə ilə tanışlığı. Moskvada təhsil alan ilk milli teatr rejissorumuz Ağaəli Dadaşov ona başqa epizodik rollar da həvalə etdi. "Məlikməmməd", "Qaraca qız" tamaşalarında oynadı.
Baş rejissor
1947-1953-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində tanınmış rejissor, aktyor və pedaqoq Mehdi Məmmədovun kursunda təhsil aldı. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi ona da Qorodniçi obrazını tapşırdı. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərildi. Həmin teatrın səhnəsində Qoqolun “Evlənmə” pyesini səhnələşdirdi. Çox keçmədi ki, Bakıya qayıtdı. Bir müddət Bakı Xalq Təhsili Şöbəsinin səlahiyyətində olan “Pioner bağı”nın direktoru işlədi. Fəaliyyətini Gənc Tamaşaçılar Teatrında rejissor kimi davam etdirdi.
1956-cı ildə Rauf Kazımovskinin onu yeni yaranan televiziyaya işə dəvət etdi. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanındı. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olundu. Televiziyada işlədiyi illərdə rejissorluq kitabına "Bizim şəhərin uşaqları", "Respublika haqqında hekayət", "Biz arzulayanlar nəslindənik" sənədli filmlərini, Musa Cəlilin "Moabit dəftəri", Taras Şevçenkonun "Kor qadın", Rəsul Rzanın "Qanun", Mehdi Hüseynin "Səhər" əsərləri əsasında qurduğu televiziya tamaşalarını yazdı. Həmin müddətdə Moskvaya ezam olundu. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıtdısa, geriyə "Rejissor pultunun Paqaninisi" tituluyla qayıtdı.
O, Əməkdar incəsənət xadimi adını alanda 1964-cü il idi. Arif Babayev Azərbaycanda bu fəxri ada layiq görülən ilk televiziya işçisiydi.
Öz aləmində
"Azərbaycanfilm" Kinostudiyasına da elə həmin il dəvət olundu. Kino sənəti onun üçün illər boyu xəyalı ilə yaşadığı, arzusunda olduğu bir dünya idi. Bu dünyanın içərisində öz dünyasını yaradırdı Arif Babayev... 1964-cü ildə İmran Qasımovun ssenarisi əsasında lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii filmi onun kino sənətində ilk zirvəsi oldu. Amma daha böyük zirvələr yolunu gözləyirdi istedadlı rejissorun.
İllərlə kino çəkilişi üçün növbədə dayanan hətta Moskvada kinorejissor təhsili alıb gələnlər var idi. Kinorejissor diplomu olmayanlara film çəkilişlərinin həvalə edilməsi isə, az qala, mümkünsüz idi. Amma Arif Babayevə nə qadağa qoyan var idi, nə də diplom soruşmağa cəsarət edən. “Zirvə”dən sonra səkkiz bədii film çəkdi. "İnsan məskən salır" (1966), "Uşaqlığın son gecəsi" (1970), "Gün keçdi" (1972), "Ömrün ilk saatı" (1975), "Alma almaya bənzər" (1976), "Arxadan vurulan zərbə" (1978), "Bizi bağışlayın" (1980) və "Birisigün, gecəyarısı" (1981).
Respublika dövlət mükafatı laureatı adını kinodakı xidmətlərinə görə aldı. "Birsigün, gecəyarısı" isə ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Azərbaycanlı rejissorlar arasında bu mükafatı da almaq ilk dəfə Arif Babayevə qismət oldu.
Şöhrətin gətirdiyi ad-san, nüfuz, hörmət onu dəyişə bilməmişdi. Elə həmin o, qaraqabaq, adamayovuşmaz, tündməcaz adam təsiri bağışlayan, əslində isə, yumşaq, həlim xasiyyəli içərişəhərliydi.
1958-cı ildə anası Sürəyya xanım vəfat etdi. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitdi. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmirdi. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmadı. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı oldu. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verdilər.
Artıq doğma evindən, məhəlləsindən köçsə də, qəlbi, ruhu İçərişəhərdən bir an belə ayrılmamışdı. Tez-tez kiçik qardaşları Vasiflə Azəri görməyə gedirdi. Ancaq onu İçərişəhərə bağlayan yalnız qardaşları deyildi. İçərişəhər onun ecazkar dünyası, heç bitməyən sevdası idi...
Sevgi arzusunda
Valideynlərinin arzusunu gözündə qoymuşdu Arif Babayev. Səriyyə xanımın danlaqlarıni, nəvə istəyini qulaqardına vurmuş, evlənməmişdi. Onlardan sonra da daşı ətəyindən töküb ailə qurmadı. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. Onunla - Azərbaycanda rusdilli telejurnalistikanın yaranmasında böyük xidmətləri olan, yəhudi əsilli Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi.
Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşandı. Və başqasıyla evləndi. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: “Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır”, - dedi.
Ona həsrətdən, ümidsizlikdən başqa heç nə verməyən bu sevginin yolunda yanıb-qovrulur, ömrünü kül edirdi Arif Babayev. Tənha mənzilindən də tənha idi könül dünyasında. Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.
Bir də Arif Babayevin filmlərinin bir çoxunda yavaş-yavaş unudulan, tənhalaşan İçərişəhər, onun bənzərsiz mühiti, sakinləri var idi. İçərişəhərin təsvirini bu qədər real, bu qədər dolğun vermək üçün onu kinorejisor Arif Babayev kimi sevmək lazımdır...
Təvəzokar və dəblə ayaqlaşan
Məşhurluğuyla qürrələnməz, şöhrətinin kölgəsinə sığınmazdı. Göz önündə olmağı xoşlamazdı. Kollektiv şəkillər çəkiləndə ya imtina edir, ya da arxa sırada elə yer seçərdi ki, nəzərləri cəlb eləməsin. Tədbirlərdə, yığıncaqlarda adını çıxışçıların siyahısından sildirirdi.
Ancaq onu tənhalığıyla, qaradinməzliyi ilə də çox sevirdilər. Uşaqlıq illərinin ən yaxın dostu Vaqif Mustafazadə olmuşdu. Onların uşaqlığı bir yerdə keçmişdi. Sonralar da Maqsud və Rüstəm İbrahimbəyovlarla, Anarla, Yusif Səmədoğluyla, Əkrəm Əylisli ilə tez-tez “İntrust”də görüşür, səhərədək yeyib-içirdi. Arif Babayev, adətən, həmin restoranda yemək yeyirdi. Tək yaşasa da, o, heç vaxt özünü yemək bişirməyə alışdırmadı.
Bədxərc idi. Qazandığı pulları ən çox da geyim-keciminə xərcləyirdi. Son dəblə geyinirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. Bir gün "Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb", - dedi Arif Babayev. Bəlkə də artıq anlamışdı həyat hekayəsinin sonuna yaxınlaşdığını. O, həyatı sevirdi. Sevgisiz ölməz əsərlər yaranmır... Ancaq yaşamaq uğrunda mübarizə aparmağa həvəsi qalmamaşdı sanki. Sağlamlığı onu tərk etməkdəydi. Şəkər xəstəliyi amanını kəssə də, yenə nifrət etdiyi xəstəxanalara üz tutmurdu. Səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi.
Xəstəxanaya getmək məcburiyyətində qalanda Arif Babayevin həm də vərəmə yoluxduğu məlum oldu. Ümidsiz deyildi. Sağalacağına inanırdı. Hələ tamamlanmamış işləri, həyata keçirmədiyi arzuları var idi. İçərişəhərin ziyalı şəxslərindən bəhs edən “Bizim müasirlərimiz” adlı sənədli filmlər silsiləsini çəkəcəkdi. Ssenarisini də 1983-cü ildə özü yazmışdı.
Amma 1983-cü ilin 26 avqustunda xəstəxanada dünyasını dəyişdi. Arif Babayev sovet dövründə kino işçilərinin peşə bayramı qeyd olunduğu gün - avqustun 27-də dəfn edildi. Azərbaycan kino sənəti istedadlı bir rejissorunu itirdi...
MƏSLƏHƏT GÖR: