23 Noyabr 2024

Şənbə, 18:59

ATLARIN OVSUNÇULARI

Azərbaycanda atlarla müalicə - ippoterapiya praktikası tətbiq edilməyə başlanıb

Müəllif:

01.10.2016

Əsrlərboyu at insanlar tərəfindən nəqliyyat vasitəsi kimi istifadə edilib. Amma avtomobilin kəşfi ilə o, insanın əsas yardımçısı və dostu olmaq missiyasını bir qədər itirməyə başlayıb. Buna baxmayaraq, bizim günlərdə də atlara laqeyd olmayan çox sayda insan var. Atlar öz nəcibliyi və mehribanlığı ilə diqqəti çox cəlb edirlər, onlar öz sahiblərinə çox sadiq olurlar. Tarixdə çox hallar olub ki, sadiq at özünü qurban verərək, sahibini ölümdən xilas edib. Makedoniyalı İsgəndəri xatırlamaq yetərlidir, o, həyatını borclu olduğu sevimli atı Busefalın həlak olduğu yerdə şəhər saldırıb.

Bununla yanaşı, atların xüsusi müalicə gücü də var. Bu mehriban və ağıllı heyvanlarla ünsiyyət stress və həyəcanı azaltmağa imkan verir. Şəhər yeknəsəqliyinin monoton həyatından sonra, at üstündə gəzmək özünü təbiətin bir parçası hiss etmək üçün əla vasitələrdəndir. At sürməyi yaxşı öyrəndikdən sonra, insanın öz gücünə inamı və özünə qiymət vermə qabiliyyəti artır.

Atların sağaldıcı xüsusiyyətləri Amerika aktyoru və rejissoru Robert Redfordun «Atların ovsunçusu» filmində də parlaq və istedadlı şəkildə nümayiş etdirilir. Filmdə azyaşlı qızın və onun atının, həmçinin onları əhatə edən qəhrəmanların cismani və ruhi yaralarının sağalmasından bəhs edilir. «Atların ovsunçusu»nda, həqiqətən, at sürmək, insan - at münasibətləri barədə maraqlı məqamlar var. Aydın olur ki, «Atların ovsunçusu» filminin baş qəhrəmanına çox oxşayan insanlar bizim Azərbaycanda da var.

 

Atların energetikası

İppoterapiya - at sürməklə bir sıra xəstəliklərin sağaldılması üsuludur. İppoterapiyaya ilk dəfə yunan alimi Hippokratın əsərlərində rast gəlinir.  XVII əsrdə yaşamış fransız filosofu Deni Didro «At sürmək və ya sağlamlığı qorumaq, yaxud onu yenidən əldə etməkdə önəmi» adlı əsərində yazıb: «Fiziki çalışmalar içində birinci yer at sürməyin payına düşür. Onun yardımı ilə çox sayda xəstəlikləri sağaltmaq, həmçinin ilkinn təzahürləri görünən anda qarşısını almaq mümkündür».

Bizim ölkədə bu layihə hələ 1997-ci ildən məlumdur. O zaman psixoterapevt Tahir Ağayev ippoterapiya müalicə-sağlamlıq mərkəzi üçün reabilitasiya layihəsi üzərində işləyib. Layihə uzun illər, daha dəqiqi Ağayevin vaxtsız ölümünə qədər uğurla gerçəkləşdirilib. İppoterapevtin əsas pasiyentləri dayaq-hərəkət aparatının pozuntusu olan zədələnmiş insanlar, serebral iflic keçirmiş və ya inkişafı fərqlənən uşaqlar - autistlər, daunlar və s., həmçinin stress reaksiyalarına məruz qalmış insanlar olub. Sosial -məişət əlaqələrində pozuntusu olan uşaqlara da ippoterapiya təyin edilir.

Bu layihə bizdə unudulmayıb. Hazırda onun işlənməsi və sistemli tətbiqi üzərində Bakıdakı «Elite Horse & Polo Club» mərkəzi məşğul olur. Mərkəz Binə qəsəbəsində yerləşən At İdmanı Federasiyasının yanında fəaliyyət göstərir. Polo -klubdan bizə bildirdilər ki, qapıları həm uşaqlar, həm də böyüklər üçün açıqdır. Mövsüm zamanı istirahət günlərində uşaqlar və valideynlər böyük qruplarla gəlirlər. Onlarla təcrübəli təlimatçı məşğul olur. Artıq xeyli müddətdir ki, klubda serebral iflic keçirmiş uşaqlar və inkişafına görə fərqlənən balacalar pulsuz ippoterapiya ilə müalicə olunurlar.

Bütünlüklə atlar həmişə insanların sağlamlığına müsbət təsir göstərir. Gözəl şux görkəmlərinə müsbət təsirlə yanaşı, atlar təkrarsız energetikaya malikdir və bunları çox səxavətlə insana da bəxş edirlər. Həm də at sürən zaman bir çox əzələ qrupları işləyir, hərəkətləri əlaqələndirilir ki, bu da bütünlükdə insan sağlamlığına fayda verir.

Bərpa prosesinin bir hissəsi kimi, ippoterapiyaya gəldikdə isə, bir qayda olaraq, təyinat və müalicənin gedişi müalicə həkiminin - nevroloq, psixiatr və ya reabilitoloqun, yaxud da sosial-məişət adaptasiyası mütəxəssinin nəzarəti altında olur. Həkim-nevroloq Kərimə Kərimova bildirir: «İppoterapiyada müsbət effekt heyvanlarla ünsiyyət, onlara qayğı göstərmək hesabına əldə edilir. İnsanla heyvan arasında ünsiyyət heç də insanla insan arasında ünsiyyətə bənzəmir».

Bütünlükdə ippoterapiya pasiyentə təsir üzrə istiqamətli bədən və koqnitiv üsulların toplusudur. Atın üstündə oturaraq onu idarə etmək, yerişinə nəzarət üçün tarazlığı qorumaq və öz hərəkətinə diqqət etməyi bacarmaq lazımdır. Beləliklə, adi həyatda nadir halda fəaliyyət göstərən əzələlər işləməyə başlayır. Bu, serebral iflic keçirmiş uşaqlara xüsusilə yararlıdır.

Həm də çox maraqlıdır ki, at üstündə gəzmək beyində yalnız iri motorikanın deyil, həm də kiçik motorikanın inkişafına dəstək verir ki, bu da əqli inkişafa müsbət təsir göstərir. Axı nitqin, koqnitiv bacarıqların və kommunikativliyin inkişafının əsas istiqaməti, məsələn, autizmdə kiçik və iri motorikanın inkişafıdır. Ümumiyyətlə, at üstündə gəzmək və atlarla ünsiyyət ətraf mühitin qavranmasını və ona təsiri ahəngləşdirir.

 

Atlarla ünsiyyətdə...

Klub mütəxəssisi bildirir ki, yalnız ippoterapiyaya ehtiyac duyanlar üçün deyil, istənilən uşaq üçün məşğələlər ilk təmasdan, tanışlıqdan başlayır. Uşağa atla tanış olmaq, bəzən onu yemləmək və digər qulluq kimi işləri etibar edirlər. Kontakt qurulduqdan sonra təlimə başlayırlar. Demək olar ki, elə ilk təlimlərdən sonra, ippoterapiyanın nəticələri özünü göstərir. Autist və daun uşaqlar diqqətlərini toplamağı öyrənirlər, onların qorxusu keçir, onlar qarşılıqlı əlaqəyə alışırlar, kontakt və kommunikasiyadan qorxmurlar və qaçmırlar, özləri atın yanına gələrək, onu qucaqlaya bilirlər.

Poloklubda qapalı manejin olması hava şəraitindən çox asılı olmamağa imkan yaradır, amma istənilən halda at sürməyin də öz mövsümləri var. Ancaq soyuq zamanlarda da at sürmək mümkündür. Bu zaman üşüməkdən qorxmağa dəyməz, atların qalın tükü və onun bədəninin istisi adamı da yaxşıca isindirir.

İppoterapiya üçün icarəlik atlar daha əlverişlidir, onları bütün müştərilərlə sakit davranmaları üçün öncədən məşq etdirirlər. Adətən, uşaqlar, hətta inkişafı fərqlənən uşaqlar da atlara yetərincə sakit, hətta dostyana münasibət göstərirlər. İstənilən halda, uşaqla əvvəlbaşdan söhbət aparılır ki, atdan qorxmasın. Atı sürən zaman isə həmişə onların yanında təlimçi və müşayiət edən yaxınlarından biri olur. Belə uşaqlar üçün xüsusi təlim proqramı işlənir, serebraliflicli uşaqlar üçünsə yüklənməni minimuma endirən yüngül təmrinlər tətbiq edilir.

Ancaq bütün yüklənmələr həkim tərəfindən təyin edilir və nəzarətə götürülür. O, uşaqla təlimə hansı üsulla başlamağı, hansı dinamika ilə məşğul olmağı, növbəti təlim səviyyəsinə nə zaman keçməyi nəzarətdə saxlayır. At sürmək yalnız inkişafı fərqlənənlər üçün deyil, həm də bütün uşaqlar üçün yararlıdır. Atı idarə etməyi, onu nəzarətdə saxlamağı bacarmaq uşağın xarakterini mükəmməl şəkildə formalaşdırır, ona təmkinli, özünə inamlı olmağı və qarşısanı qoyduğu məqsədlərə çatmağı öyrədir.

Klubda müəyyən müddətdir ki, ippoterapiya üzrə məşğələlər pulsuz aparılsa da, klub rəhbərliyi bu prosesi sistemləşdirməyi, onu tək-tək baş verən məşğələdən mütəxəssis cəlbi ilə sistemli fəaliyyətə çevirməyi qərara alıb. Klubdan bildiriblər ki, hazırda layihə üzərində iş gedir.

«Bizə sponsorlar, maliyyələşdirmə lazımdır. Çünki biz bunun öhdəsindən təkbaşına gələ bilmərik. Biz at və təlimçi veririk, həm də məcburi təhlükəsizlik heyəti, uşaqları bura gətirmək üçün nəqliyyat lazımdır, uşaqlar məşğələdən sonra nə iləsə qidalanmalıdırlar. Bundan başqa, belə uşaqlar üçün biz xüsusi həvəsləndirmə sistemi nəzərdə tuturuq - dərsi uğurlu olmuş uşaqlara diyircəkli qələm, dəftərxana ləvazimatları hədiyyə vermək istəyirik. Maliyyələşdirmə ilə yanaşı, bizə əvəzsiz yardım etməyə söz verən şirkətlər lazımdır. Bu, yalnız maliyyə məsələsi deyil, həm də sosi al məsuliyyətdir», - deyə bizim ekspert vurğulayır.

Bununla yanaşı, uşaqlar üçün tədbirlər də keçirilir; məsələn, bir neçə ay öncə uşaqların müdafiəsi günü münasibəti ilə bayram keçirilib. Ekspertimiz bildirdi ki, gələcəkdə layihə tam işə düşəndən sonra onlar gün ərzində 20-yə qədər uşaq qəbul edə bilərlər. Təbii ki, hər bir uşaq üçün ayrıca kart açılacaq, onu mütəxəssislər dolduracaqlar. Ukraynadan mütəxəssis - ippoterapevt dəvət edilməsi planlaşdırılır. Birinci ay tibbi müayinə gerçəkləşdirilməli, uşaqların tibbi kartı doldurulmalı, bərpa proqramının statistikası tutulmalıdır. Mütəxəssislər terapiyanın daha effektli olması üçün xüsusi uşaqlar, serebral iflic xəstələri, zədəlilər ilə iş üçün xüsusi at sürmə təlimatçıları hazırlamaldırlar. 

Bu işə uşaq mərkəzləri də qoşulur, UAFA (United Aid for Azerbaijan) qeyri-hökumət təşkilatı dəfələrlə ippoterapiya üçün uşaqlar gətirib. Məhz onların təşəbbüsü ilə poloklubda Uşaqların Müdafiə Gününə həsr edilmiş beşsaatlıq tədbir keçirilib. Tədbirdə Saray qəsəbəsindəki uşaq evinin balaca sakinləri, həmçinin xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak ediblər. Klubdan bildiriblər ki, ippoterapiya layihəsinə yetim və imkansız, eləcə də evsiz uşaqları da cəlb etmək nəzərdə tutulur. Onlara bu vacib və nəcib işdə uğurlar arzulayırıq.



MƏSLƏHƏT GÖR:

505