Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycan dünya bazarında neftin qiymətinin düşməsi üzündən yaranmış qlobal böhranın təsirlərinin qarşısını almaq üçün iqtisadiyyatda islahatlar seriyasına başlayır. Hökumətdən bildiriblər ki, bu islahatların siyahısı 2025-ci ilə kimi ümumi hədəfləri əhatə edən «yol xəritəsi”ndə qruplaşdırılıb. Detallar hələ açıqlanmasa da, bəllidir ki, əsas diqqət energetikaya deyil, bütünlüklə rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılmasına yönəldiləcək. Azərbaycan Prezidentinin İctimai və siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, ümumi iqtisadi strategiya çərçivəsində həm də bütün maliyyə sisteminin, o cümlədən milli valyutanın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdiriləcək.
Məhz milli valyuta ətrafında yaranmış durum hökuməti və Mərkəzi Bankı manatın məzənnəsinin müəyyən səviyyədə sabitləşdirilməsi və qiymət artımının cilovlanması istiqamətində bir sıra təşəbbüslər irəli sürməyə məcbur edib.
Manatı dəstəkləmək...
Yayın əvvəlindən Azərbaycanda sakitləşmək bilməyən devalvasiya gözləntiləri sentyabrın əvvəlində öz yuxarı həddinə çatdı. Bankların böyük hissəsinin əhaliyə dollar satmaqdan imtina etməsi çoxları tərəfindən manatın gözlənilən ucuzlşmasının siqnalı kimi dəyərləndirildi. Amma ölkənin Mərkəzi Bankı (AMB) 0,25% çərçivəsindən kənara çıxmayan manat-dollar məzənnəsi təyin etməkdə davam etdi və Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bazara adi halda olduğundan daha çox dollar çıxarmağa başladı. Bankların artan tələbini nəzərə alan AMB və ARDNF sentyabrın 8-də 50 milyon dollar əvəzinə 300 milyon dollar təklif etdilər, 20 və 22 sentybarda isə 150 milyon dollar çıxardılar. Ancaq bəllidir ki, bu cür intervensiyalar daimi ola bilməz və son nəticədə bu cür disbalans ölkənin valyuta ehtiyatlarının sürətlə tükənməsinə gətirib çıxara bilər.
Bununla yanaşı, kəskin məzənnə dəyişiklikləri qorxusu bank sektorunu da müəyyən dərəcədə iflic edib - banklar milli valyutada kredit verməkdən qaçırlar, müştərilər isə dollarla kredit götürmürlər. Bundan başqa, bir sıra bankların müflisləşməsi bazarın qalan iştirakçılarının da depozit çantasına mənfi təsir göstərir. Hazırda bank passivlərinin dollarlaşması 80%-i ötür.
Ümumiyyətlə, məzənnə qeyri-müəyyənliyi üzündən ölkənin iqtisadi zəncirinin bütün halqalərı zərər görür. Buna görə də yanvar - avqust aylarında qeydə alınan ikirəqəmli (11%-lik) inflyasiya göstəricisi və ümumi daxili məhsulun (ÜDM) 3% azalması yaranmış durumun nəticəsi kimi özünü göstərdi. Əgər keçən ilin sonunda AMB və hökumət problemlərin bir qismini manatın kəskin devalvasiyası ilə həll etdisə, bu dəfə dünya praktikasında istifadə edilən başqa alətlər işə salınıb; məsələn, sentyabrın 14-də AMB uçot dərəcəsini 9%-dən 15%-ə qədər artırdı. Rəsmi bəyanata görə, uçot dərəcəsinin artırılması qərarı inflyasiya əleyhinə tədbirlər çərçivəsində, həmçinin tədiyyə balansının ətrafında yaranmış vəziyyət və valyuta bazarındakı meyillər nəzərə alınmaqla qəbul edilib. Bunun ardınca, milli valyutada sığorta edilən bank əmanətlərinin maksimum dərəcəsinin 12%-dən 15%-ə qaldırılması barədə qərar verildi. Başqa sözlə, depozitlər üzrə faiz dərəcələrinin qaldırılmasına zəmin yaradıldı ki, bu da bankların müştəri bazasını genişləndirməlidir.
Ancaq başqa tərəfdən, uçot dərəcəsinin artımı istər-istəməz kreditlərin bahalaşmasına gətirəcək ki, bu, ümumi həcmi artıq 1,5 milyard manata çatan problemli kreditlərin fonunda narahatlıq doğurmaya bilməz. Populyar istehlak kreditləri artıq heç əlverişli olmayacaq ki, bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək. Amma iqtisadçıların fikrincə, bütün bunlar inflyasiyanın cilovlanması baxımından təbii rıçaqa çevriləcək - mal və xidmətlərə tələbatın azalması ölkədə qiymətlərin artmasının ləngiməsinə səbəb olacaq.
Ancaq «Sberbank Investment Research» analitiklərinin fikrincə, uçot dərəcəsinin artırılması qərarı AMB-nin manatın məzənnəsini daha sərbəst üzən rejimə keçirilməsi istəyinin ilk addımı ola bilər. Ancaq hər dəfə olduğu kimi, AMB rəhbəri Elman Rüstəmov bu dəfə də jurnalistləri əmin edib ki, indiki zamanda nə qədər mürəkkəb olsa da, AMB manatın məzənnəsini proqnozlaşdırmağa çalışır. Onun sözlərinə görə, ilin əvvəlindən keçən müddət ərzində manatın məzənnəsi, orta hesabla, 5% aşağı düşüb, amma bu arada manatın məzənnəsinin 10%-lik dəyişməsi də qeydə alınıb.
Maliyyə naziri Samir Şərifov da əmindir ki, ölkəyə daxil olan xarici valyuta axını ilə ölkədən çıxan axın arasında tarazlıq yarandıqdan sonra Azərbaycan manatı öz ədalətli məzənnəsini müəyyən edəcək.
"Bu proses bir neçə amildən asılıdır. Bəllidir ki, Azərbaycanın əsas ixrac məhsullarından biri neftdir. Uyğun olaraq, neftin yüksək qiyməti manatın məzənnəsinə müsbət təsir göstərməlidir, yəni onu möhkəmlətməlidir. Əks olanda isə bu, manata təzyiqlərlə nəticələnir. Buna görə də biz yerli məhsullar vasitəsilə idxaldan asılılığımızı azaltmalıyıq.
Prezident İlham Əliyev bu məsələni ölkənin iqtisadi qurumları qarşısında ən vacib tapşırıqlardan biri kimi qoyub - Azərbaycanda idxalı əvəz edən məhsulların istehsalı təşkil edilməlidir. Bu, şəksiz, idxaldan asılılığı azaldacaq, başqa tərəfdən isə xarici valyutanın ölkədən çızarılmasına şərait yaratmayacaq", - deyə nazir vurğulayıb.
Həmçinin, onun sözlərinə görə, Azərbaycana daha çox xarici valyuta daxil olması üçün səylər göstərilməlidir. "Nefti ənənəvi ixrac məhsulu kimi saxlamaqla yanaşı biz xarici bazarlara daha geniş çeşiddə ixrac məhsulları göndərməyə çalışmalyıq. Bu iki məsələnin həlli ilə müəyyən müddətdən sonra manatın ucuzlaşması nəinki dayanacaq, hətta onun müəyyən qədər möhkəmlənəcəyini də ehtimal etməyə imkan var", - deyə Şərifov vurğulayır.
Qamçı və qoğal üsulu
Prezident İlham Əliyevin fərmanı ilə 1 yanvar 2018-ci il tarixə kimi dövlət satınalmaları çərçivəsində dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qurumlar üün mal (iş, xidmət) idxalının qadağan edilməsi məhz bu məqsədi güdür. Bu addım Azərabaycanda sahibkarlığın inkişafının, biznes və sərmayə mühtinin yaxşılaşdırılmasının, rəqabət qabiliyyətinin artırılmasının stimullaşdırılmasına yönəlib.
Bundan başqa, Prezident İ.Əliyev respublikada istehsal edilən malların vahid göstəricilər bazasının yaradılması haqqında sərəncam verib. Bu çərçivəədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç ay ərzində Azərbaycanda istehsal edilən məhsullar, onların istehsalçıları haqqında məlumatları əks etdirən internet-portalın yaradılmasını təmin etməlidir. Portal, ən azı, 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fəaliyyət göstərməli, həmçinin istehsalçıların məhsulları barədə məlumatların portalda yerləşdirlməsiylə mütəmadi olaraq təbliğat və təşviqat işləri gerçəkləşdirməlidir.
Beləliklə, yerli istehsal məhsullarının populyarlaşdırıması həm inzibati, həm də reklam yolu ilə gerçəkləşdiriləcək. Niyə birinci fərman aktualdır? Bir misal gətirək. Əsaslı xərclərin önəmli səviyyədə azaldılmasına baxmayaraq ölkədə tikinti və infrastruktur işləri kiçik həcmlərlə də olsa, davam edir.
Bununla yanaşı, 2016-cı ilin yanvar-avqust aylarında ölkədə tikinti materialları istehsalı ötən ilin uyğun aylarına baxanda 17,2% azalıb. Aydındır ki, yerli müəssisələri məhsul istehsalını azaltmağa tələbatın azalması məcbur edir. Bununla yanaşı, iri tikinti və infrastruktur layihələrinin podratçıları xaricdən məhsul almaqla ölkədən böük həcmlərdə valyutanın çıxmasına səbəb olurlar. Yuxarıda deyildiyi kimi bu, manatın onsuz da titrək olan məzənnəsini ciddi laxlada bilər.
Məsələ təkcə bununla bitmir. Rəsmi statistikaya görə, 2016-cı ilin yanvar-avqust aylarında ölkədə neftdən kənar ÜDM-in həcmi 5,8% azalıb ki, bu da məhz tikinti sahəsində məhsul istehsalının 32,3% azalması ilə bağlıdır. Yəni bu halda sifarişçilərin bütünlüklə yerli məhsula keçməsi azalma dinamikasını sürətlə artıma çevrilməsi üçün yeganə sürətli vasitədir.
Ancaq bütünlükdə Azərbaycan hakimiyyətinin səylərinin məqsədi neftdənkənar özəl sektorun artımına əsaslanan yeni iqtisadi modelə keçidi sürətləndirməkdir ki, bu da daha çox struktural islahatlar tələb edir. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının başçısı Mohammed əl-Qorçinin sözlərinə görə, bu sıraya rəqabət qabiliyyətinin artırılması, biznesə başlamaq üçün prosedurların sadələşdirilməsi, təhsilə və insan kapitalına sərmayələrin artırılması üçün şəraitin yaradılması və s. daxildir.
“Daha çox neftdənkənar özəl sektorun artımına əsaslanan yeni iqtisadi modelə keçid əmtəə, iş qüvvəsi və məhsul bazarının tam liberallaşdırılmasını, lazımi şəkildə fəaliyyət göstərən maliyyə bazarlarının olmasını, həmçinin idarəetmənin yaxşılaşdırılması üzrə səylərin fəallaşdırımasını tələb edir», - deyə o vurğulayıb. Qorçinin sözlərinə görə, BVF Azərbaycana makroiqtisadi siyasətin və onun əsaslarının təkmilləşdirilməsi məsələsində, həmçinin institutların möhkəmləndirilməsində kömək edə bilər.
“ASAN”dan “ABAD”a kimi
Ümummiyyətlə, Azərbaycan heç bir xarici dəstək olmadan yerli sahibkarlara ünvanlı dəstək məqsədi daşıyan iri layihə başlayır. Dövlət başçısının fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında
"ABAD" publik hüquqi şəxsin yarıdılmasına qərar verilib.
«Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın», - deyə Prezident fərmanının mətnində bildirilir.
“ABAD” mərkəzlərinin funksiyaları sırasına ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;
ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi; istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili; istehsal olunan məhsulun daşınmasının və satışının təşkili daxildir.
Göründüyü kimi, yeni qurumun funksiyaları yetərincə geniş sahəni əhatə edir və diqqət mərkəzinə hər şeydən öncə, kiçik ailə təsərrüfatları düşür. Bu, nə verəcək? Birincisi, ailə təsərrüfatları dünyanın bir çox inkişaf etmiş ölkələrində aqrar sektorun əsasını təşkil edir. Azərbaycanda onların fəaliyyəti bəzən çox sayda bürokratik maneələrdən keçməklə baş tutur. Sahibkarların hüquqi və maliyyə biliklərinin aşağı səviyyəsi onları öz bizneslərini inkişaf etdirməyə, iri emal müəssisələrinin ucuz xammal təchizatçısı rolundan çıxmağa imkan vermir. Kənd sakinlərinin onlara ayrılmış pay torpaqlarından istifadə etməməsi isə çox vaxt ilkin kapitalın olmaması ilə bağlı olur.
Beləliklə, bu struktur təsərrüfat sahiblərinin bütün problemlərini həll edəcək, onlar isə yalnız işləyərək özlərinə və iqtisadiyyata fayda verməlidirlər. Özü də «ASAN xidmət»in qısa müddət ərzində qazandığı etibar «ABAD”ın müştəri bazasının sürətlə artmasına imkan verəcək. Son nətiəcədə, yeni layihə iqtisadi problemlərin həlli - özünü neftdəkənar ÜDM-in və ixracatın artmasında göstərəcək keyfiyyətli sertifikatlaşdırılmış yerli məhsul istehsalının artması ilə yanaşı bir sıra sosial problemlərin həllinə də imkan yaradacaq.
Kənd sakinləri işlə təmin ediləcəklər və daimi gəlir imkanı qazanacaqlar, əməkqabiliyyətli əhalinin regionlardan axını azalacaq, yoxsulluq səviyyəsi aşağı düşəcək. Son bəndə əlavə olaraq qeyd edək ki, aztəminatlı ailələrin dəstəklənməsi üçün xüsusi “ABAD” konteynerləri hazırlanacaq. Bu konteynerlərdə müxtəlif kənd təsərrüfatı və s. məhsullar istehsal ediləcək. Yeri gəlmişkən, Masallı rayonunda «ASAN həyat» kompleksinin açılışı zamanı nümunə konteynerlər Prezident İlham Əliyev üçün nümayiş etdirilib.
“ABAD”ı cəsarətlə hakimiyyətin iqtisadi islahatlar çərçivəsində ən irimiqyaslı layihəsi adlandırmaq olar. Yada salaq ki, Prezident İlham Əliyev milli iqtisadiyyatın strateji yol xəritəsinin hazırlanması ilə bağlı tapşırıq verib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, sənəddə üç əsas məsələ öz əksini tapıb: sərmayələrin cəlbi, satış bazarlarına çıxış, həmçinin intellektual kapitalın təşkili. Belə olan halda, neft gəlirləri hesabına formalaşdırılmış köhnə iqtisadi baza yeni iqtisadi modelə keçmək üçün çox yaxşı imkan yaradır.
MƏSLƏHƏT GÖR: