24 Noyabr 2024

Bazar, 09:00

NEFT ZƏMANƏT VERİR

SOCAR-ın daxili bazar üçün istiqrazları əhali üçün yeni investisiya imkanlarına hesablanıb

Müəllif:

01.10.2016

Devalvasiya ilə bağlı Azərbaycanın bank sektorunda yaranmış müəyyən problemlər əhalinin vəsaitlərinin və depozitlərin azalmasına səbəb olub. 2016-cı ilin yanvar-iyul aylarında əhalinin əmanətləri 17% azalaraq, $7,843 mlrd.-a düşüb. Bu prosesdə müəyyən mənada, bir sıra bankların tənzimləyicinin normalarına uyğun gəlmədiyinə görə bağlanması da rol oynadı.

Amma hökumətin bank sektoruna etibarın bərpa edilməsi istiqamətində bəzi addımları da öz bəhrəsini verir: son iki ayda əmanətlərin həcmi az da olsa artıb. Buna baxmayaraq, yenə də əhalinin yetərincə böyük vəsaitləri evdə «yastıq altında» saxlanır. Çünki praktiki olaraq, bank depozitlərindən başqa, əhalinin sərbəst vəsaitləri yatırması üçün başqa imkan yox idi.

Lakin vəziyyət yaxşı istiqamətə doğru dəyişməyə başlayır. Və bu istiqamətdə ilk addım SOCAR tərəfindən atılıb.

 

Hər şey xalq üçün

Sentyabrın 20-də - Neftçilər Günündə SOCAR şirkətinin ilk beşillik istiqrazlarının satışına start verilib. SOCAR-ın ilk daxili beşillik istiqrazlarının emissiya həcmi $100 mln., bir aksiyanın dəyəri isə $1 min təşkil edir. SOCAR istiqrazlarının illik gəlirliliyi 5% təşkil edir. SOCAR istiqrazlarının ilkin yerləşmə şərtlərinə uyğun olaraq, onları yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər ala bilərlər. Əcnəbi vətəndaşlar və xarici şirkətlərin bu istiqrazları yalnız təkrar bazardan əldə etmələri mümkün olacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, hazırda şirkətin xarici bazarlarda borc vəsaitləri cəlb etməklə bağlı problemi yoxdur, daxili istiqrazların buraxılması ilə bağlı qəbul edilmiş qərar əhali üçün sərmayə imkanlarının yaradılmasına istiqamətlənib.

Onun sözlərinə görə, istiqrazların buraxılması ilə bağlı qərar peyda olan kimi xaricdən potensial sərmayəçilərin onları almaqla bağlı təkliflər irəli sürdüyü barədə xəbərlər gəlməyə başladı. Amma SOCAR istiqrazlarının indiki yerləşməsinin məqsədi maliyyə bazarlarında əhali üçün cəlbedici maliyyə aləti yaratmaq, həmçinin vəsaitlərin cəlbi üçün yeni vasitələr təşkil etməkdir.

Dollar istiqrazlarının buraxılması milli iqtisadiyyatda dollarlaşmanın azalmasına imkan yaradacaq, həmçinin SOCAR yerləşdirmədən əldə etdiyi vəsaitləri daha öncə buraxdığı avrobondlar üzrə faizlərin ödənilməsinə yönəldəcək.

Rövnəq Abdullayevin sözlərinə görə, yerləşmənin ilk günləri daxili bazarda debüt dollar istiqrazlarına marağın yüksək olduğunu, cari ildə daha bir emissiyanın gerçəkləşdirilməsinə imkan yaratdığını ortaya çıxardı. Bu zaman o, qeyd edib ki, bu dəfə gəlirlilik ilkin yerləşdirmədə nəzərdə tutulan illik 5%-dən aşağı olacaq.

«Biz əhaliyə xarici valyutada illik 3%-lə gəlirlər təklif edən banklar üçün çətinliklər yaratmaq istəmirik», - deyə o vurğulayıb.

Bundan başqa, SOCAR xarici banklardan kreditləri illik 2,5% dərəcəsi ilə cəlb edir və hazırda şirkətin cəlb etdiyi borc vəsaitlərinin toplam məbləği $6 mlrd.-a bərabərdir. Bununla yanaşı, gələn il SOCAR rəhbərliyi dolların manata qarşı məzənnəsinə bağlanmış manat istiqrazlarının emissiyasını planlaşdırır. Bu əməliyyat milli valyuta manatın möhkəmlənməsinə dəstək verəcək.

Başqa tərəfdən, SOCAR istiqrazları ilə aparılan uğurlu əməliyyat əhalinin maliyyə sisteminə etibarının bərpa edilməsinə dəstək verir. SOCAR başçısının sözlərinə görə, şirkət buraxdığı istiqrazları bir gün ərzində geri almağa qadirdir, çünki $40 mlrd.-a yaxın aktivə malikdir.

Şübhəsiz, SOCAR rəhbərliyinin addımları maliyyə bazarında vəziyyəti canlandırmaqla yanaşı, qiymətli kağızlar bazarının imkanlarından istifadə edərək, əhalinin sərbəst vəsaitlərinin cəlbi ilə məşğul olan başqa aparıcı şirkətlər üçün də siqnal ola bilər.

 

Şirkətlərin səhmlərini gözləyərkən...

İstiqrazları və başqa qiymətli kağızları yerləşdirən şirkətlərin sayının artması ilə əhali yeni maliyyə bazarı alətlərinə sahib olacaq. Və əlbəttə ki, qiymətli kağızlar bazarında çoxdan gözlənilən maliyyə alətinin - aparıcı milli şirkətlərin səhmlərinin peyda olması həm gəlirlər, həm də əhalinin yatırdığı vəsaitlərin etibarlılığı baxımından tamamilə başqa mənzərə yarada bilər.

Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri Rüfət Aslanlının sözlərinə görə, SOCAR birjalarda likvid və etibarlı səhmlərə malik böyük şirkətləri əhatə edən «blue chips» kateqoriyasına aiddir. O ümid etdiyini bildirib ki, vaxt gələcək və neft şirkəti istiqraz buraxılışından hərracda satıla bilən səhmlər emissiyasına keçəcək.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun sözlərinə görə, ölkədə dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi fəallaşsa da, iri müəssisələrin səhmlərinin hərraclara çıxarılması hələ ki tezdir. Çünki şirkətlər əvvəlcə şəffaflıq tələblərinə uyğun gələn korporativ idarəetmə standartlarını tətbiq etməlidirlər, maliyyə hesabatı isə beynəlxalq normalara uyğun gəlməlidir. Onun fikrincə, Azərbaycanda beynəlxalq standartlara yalnız SOCAR uyğun gəlir.

Yəni dövlət, hələ ki, SOCAR-ın səhmlərini satmaq fikrində deyil. Amma şirkətin istiqrazlarının buraxılışı Azərbaycan qiymətli kağızlar bazarının inkişafı üçün böyük önəm daşıyır. Önəmlisi budur ki, London və Frankfurt birjalarından sonra şirkət Bakıda istiqrazlarının yerləşdirilməsinə qərar verib.

İstənilən halda, Azərbaycan hökuməti ölkənin qiymətli kağızlar bazarında Azərbaycan şirkətlərinin fəaliyyətini aktivləşdirməlidir. SOCAR istiqrazları ilə sərbəst vəsaitlərin cəlbi üzrə indi səsləndirilən «Siz qazanın, ölkəmiz qazansın!» şüarı şirkətlərin istiqrazlarının və ya səhmlərinin yerləşdirilməsindən istifadə etməklə əhalinin sərbəst vəsaitlərinin cəlbi, qarşıda duran layihələrin gerçəkləşdirilməsi üçün də aktual ola bilər.

Ölkə iqtisadiyyatına yardımı ilə yanaşı, qiymətli kağızlar bazarının fəallaşması və kütləviləşməsi əhali üçün əlavə gəlir mənbəyinə çevrilə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi də bu məsələdə niyə örnək olmasın?


MƏSLƏHƏT GÖR:

446