23 Dekabr 2024

Bazar ertəsi, 22:59

«SƏS - BARMAQ İZİ KİMİDİR»

İnarə BABAYEVA: «Çox obrazlar yaratmışam, amma yaratmadıqlarım daha çoxdur»

Müəllif:

15.10.2016

«Riqoletto» və «Traviata», «Zoluşka» və «Cırtdan», «Bal-maskarad» və «Qulluqçu-xanım», «Sevilya bərbəri», «Bohema», «İntizar» və başqaları… Dövlət Opera və Balet Teatrının aparıcı solisti İnarə Babayevanın repertuarında 28 rol var. O, Prezident təqaüdçüsüdür, teatrın yeganə koloratur sopranosudur. Azərbaycanın Əməkdar artisti müxtəlif partiyalar ifa etməklə kifayətlənmir, həm də rejissor kimi tamaşalar qoymaq ona xoş gəlir; məsələn, «Qulluqçu-xanım» Bakıda heyranlıq fırtınası yaratdı. «R+» ilə söhbətində İnarə Babayeva özündən, ailəsindən və sevimli işindən danışdı.

 - Necə oldu ki, bu sahəni seçdiniz?

- Bizim teatrın səhnəsində operanı ilk dəfə 10 yaşım olanda dinləmişəm. Bu, «Yevgeni Onegin» operası idi və məndə ciddi təəssürat yaratdı. Həmin andan məndə operada oxumaqla bağlı güclü arzu yarandı. Musiqiyə aidiyyəti olmayan ailədə böyüsəm də, anam məni incəsənətə yönəldirdi, uşaq xoruna və dərnəklərə aparırdı. Yəqin, elə ona görə də mən yeddiillik musiqi məktəbinin fortepiano sinfini bitirmişəm. Neft və Kimya İnstitutuna daxil olmağa hazırlaşırdım, amma tale öz dəyişikliklərini elədi. Konservatoriyada gənc ifaçıların müsabiqəsi keçirilirdi, mən də qatıldım və qalib oldum. Buna görə rektor Fərhad Bədəlbəyli mənə konservatoriyada oxumağı məsləhət gördü və Azərbaycanın Əməkdar artisti Rumiyyə Kərimovanın vokal sinfini bitirdim. Aspiranturada vokal üzrə tanınmış pedaqoq, italyan məktəbinin tərəfdarı Hüseyn Əliyevin sinfində oxumuşam. Bu gün bizim teatr, demək olar ki, bütünlüklə onun yetirmələrindən ibarətdir.

- Siz Azərbaycanın ən populyar ulduzlarındansınız; konsertlər verirsiniz, başqa ölkələrə mədəniyyət günlərinə gedirsiniz. Nəsə başqa bir istəyiniz varmı?

- Müxtəlif rollar oynamaq çox xoşuma gəlir, amma ən xoşuma gələn teatr tamaşasına rejissor gözü ilə baxmaqdır. Buna görə, Azərbaycanın ən görkəmli teatr ustalarından biri olan Azərpaşa Nemətovun yanında rejissura öyrənirəm; məsələn, Üzeyir Hacıbəyli festivalında «Bal-maskarad» operasının konsert tərtibatında premyerasından sonra, mən onu teatr quruluşunda tamaşaya qoymaq istərdim.

- Hansı opreralar xoşunuza gəlir: tragik, yoxsa komikxarakterli, teatr, yoxsa konsert quruluşunda?

- Daha çox komikxarakterli tamaşalardan xoşum gəlir, çünki insana gümrahlıq və şənlik bəxş edir, məişət qayğılarından uzaqlaşdırır. Tragediyalar isə bir qayda olaraq, bir və daha çox qəhrəmanın ölümü ilə başa çatır, tamaşaçı teatrdan kədərli və bəzən də göz yaşları ilə çıxır.

Teatr quruluşunda tamaşalar daha effektli görünür, çünki hadisələr kostyumlarda, dekorasiyaların önündə cərəyan edir və statiklik yoxdur. Konsert quruluşunda isə bütün artist heyəti səhnədə oturur və yalnız öz partiyası gələndə ayağa qalxır. Xor arxa cərgədə dayanır, birinci cərgədə isə baş rolların ifaçıları oturur.

- Siz tanınmış olsanız da gəncsiniz, amma çox rollar ifa etmisiniz: «Arşın mal alan»da Gülçöhrə, «Fiqaronun toyu»nda Süzanna, «O olmasın, bu olsun»da Gülnaz, «Cırtdan»da oğlan, «Sevil»də Dilbər, «Hamı belə edir»də Despina, «Sehrli fleyta»da Pamina, «Karmen»də Mikaela və s. İfa etmədiyiniz rollar isə daha çoxdur. Ayrı nələri oxumaq istərdiniz?

- Səs barmaq izi kimidir. Mənə barokko (yaxud buffo) üslubunda opera daha yaxındır. Ən sevdiyim opera «Sevilya bərbəri»dir. Konservatoriyada buraxılış işim o olub. Konsertlərdə, adətən, Cilda, Rozina və ya Violettanı ifa edirəm. Violettanı sevirəm, axı heç bir sağlam düşüncəli qadın heç zaman onun yerində olmaq istəməz. Bütün qadınlar sevgi, uşaq istəyirlər… Həm də mən «Madam Batterflyay» operasında Çio-Çio-San rolunda özümü sınamaq istəyirəm.

- Gününüz necə keçir?

- Səhər-səhər ailəmizlə bulvarda gəzərək, doğan Günəşi qarşılayırıq. Sonra, 12 yaşlı qızımızı məktəbə yola salırıq, amma yaşyarımlıq oğlumuz bizimlə birlikdə gəzintini davam etdirir. Daha sonra mən adətim üzrə, 20 dəqiqə oxuyub məşq edirəm, sonra teatrda məşğul oluram, bundan sonra isə ya Milli Konservatoriyaya, ya da İncəsənət və Mədəniyyət Universitetinə qaçıram, vokal dərsi keçirəm. Nəticələrim pis deyil, dərs keçərkən özüm üçün musiqinin yeni səhifələrini açıram. Ümumiyyətlə, hər dəfə yeni nəsə öyrənməyə çalışıram.

Mehriban musiqiçi ailəsiyik. Ərim pianoçu Emin Həsənovdur, Musiqili Komediya Teatrında konsertmeyster işləyir və Milli Konservatoriyada spesfortepiano dərsləri keçir, həmçinin biz birlikdə İncəsənət və Mədəniyyət Universitetinin estrada kafedrasında işləyirik. Bu, mənim üçün bir az hobbidir, xoşuma gəlir.

Dəvət olanda birlikdə qastrola da gedirik. Qızım Fərəh gitara çalmaq öyrənir, körpə isə hələ ki, diqqətlə qulaq asır, bəlkə, o da musiqiçi olacaq. Axşamı, adətən, qızımızın yaradıcılığına həsr edirik, o, çox xoşbəxt olur, rəqs edir, mahnı oxuyur, ifa edir. Bizim ailədə ortaq peşə hamını bir araya gətirir.

- Siz çox ölkələrdə beynəlxalq müsabiqələrə və festivallara qatılmısınız. Türkiyə və Yaponiyada, Belçika və Rusiyada, Malta və Gürcüstanda, Çin və Makedoniyada ən çox yadınızda qalan nə oldu?

- Fransanın Tuluza şəhərində 2008-ci ildə opera ifaçılarının konsertində mən diplomant olmuşam, həm də Yaltada keçirilmiş müsabiqədə diplom almışam. «Bohema» operasında Müzeta rolunda parlaq ifama görə, Belarusda bir neçə tamaşada iştirak üçün dəvət edilmişəm. F.Əlizadənin «İntizar» operasındakı Humay roluna görə isə Azərbaycanın Əməkdar aritsti fəxri adına layiq görülmüşəm.

- Necə düşünürsüz, əgər daha bir rejissor işi görmək istəsəniz, rəhbərlik tərəfindən sizə dəstək olacaqmı?

- Şəksiz. Axı biz «Qulluqçu-xanım»a quruluş verəndə direktorumuz

Akif Məlikov məşqlərdə olurdu; lazımi iradlar bildirir, məsləhətlər verirdi, məşqlərin sayını məhdudlaşdırmırdı. Mənə, hətta özüm tikdiyim kostyumda oynamağa icazə vermişdi.

 

- Sizə böyük yaradıcılıq uğurları arzulayırıq...


MƏSLƏHƏT GÖR:

468