Müəllif: Fasim ƏLİZADƏ Bakı
Neftin qiymətinin azaldığı şəraitdə, neftdənkənar bölmənin inkişafına arxalanmaq iqtisadi artımın sürətlənməsi üçün ən real vasitədir. Ötən illərin neft bolluğu hesabına neftdənkənar sektorun indiki yüksəlişi üçün yetərincə güclü əsas qoyulub - avtomobil yolları çəkilib, bölgələrin elektrik və qazla təchizatı təmin edilib.
Bununla yanaşı, əhalinin rifahının yaxşılaşdırılması və artımı son illərdə Azərbaycan bazarını xaricilər üçün getdikcə daha cazibədar edir. Yəni indi 1990-cı illərin əvvəli deyil ki, xaricilər bazarı ucuz məhsulla doldursunlar, yerli biznes güclənib və artıq rəqabət qabiliyyətli məhsul buraxmağa hazırdır.
Məhz buna görə Azərbaycan rəhbərliyi yerli istehsalın dəstəklənməsi üzrə fəal addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, son illərdə sahibkarlara 1 milyard manatdan artıq vəsait ayırılıb.
Yerli məhsul istehsalçılarının müdafiə edilməsi üçün Nazirlər Kabineti növbəti addım kimi cari ilin 1 noyabr tarixindən bir sıra idxal olunan ərzaq və tikinti materialları üçün yeni gömrük tarifləri müəyyən edib. Bununla da on beş ildən çox, yəni 2001-ci ilin aprel ayından bu günə kimi dəyişməyən gömrük dərəcələri bir sıra idxal malları üçün 15% artırılıb. Neftin qiymətinin aşağı düşməsindən sonra, Azərbaycan hökuməti milli iqtisadiyyat proseslərinə fəal müdaxilə etməyi qərara alıb, çünki bazar mexanizmləri neftdənkənar sahələrin artımına effektiv dəstək vermək imkanında deyil. Bu zaman hökumətin iqtisadi bloku konkret sahələr, xüsusilə də idxal mövqeləri üzrə qərarlar qəbul edir, bazar mexanizmlərinə uyğun olaraq hansısa abstrakt dəyişikliklər etməkdən isə uzaq durur.
Azərbaycana idxal üzrə tətbiq edilən yeni rüsumlar, ilk öncə, yerli istehsalı tam özünü təminat səviyyəsinə qaldırılmış məhsullara aid edilib. Bu, son illərdə işə salınmış cağdaş müəssisələr vasitəsi ilə mümkün olub.
Hazırda ikiillik müddətə quşçuluq məhsullarının idxalına tarif rüsumlarını artırmaq qərara alınıb: hər kiloqram quş əti üçün rüsum 1 dollar, hər min toyuq yumurtası üçün 100 dollar təşkil edir. Ət və ət məhsullarının idxalı zamanı da belə rüsum tutulacaq. Bir sıra meyvə-tərəvəz məhsulları üçün də idxal gömrük rüsumları artırılıb: soğana görə 0,2 doll/kq, xiyar və pomidora görə 0,4 doll/kq, qoza görə 1,5 doll/kq; üzümə görə 0,4 doll/kq, almaə, armud, heyva və xurmaya görə 0,3 doll/kq idxal rüsumu tutulacaq. Həmçinin tikinti materiallarının - sementin, kərpicin, kirəmitin və s.-in idxalına da rüsum tətbiq ediləcək.
Yeni rüsumlar tətbiq edilmiş məhsulların siyahısından da görünür ki, bütün bunlar ölkədə artıqlaması ilə istehsal edilir və istehsalın daha da genişlənməsi üçün bir neçə layihə də var. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Bakı qəsəbələrində 32 çağdaş istixana kompleksinin tikilməsi üçün ümumi məbləği 95,8 milyon manat olan kreditlər ayrılıb. İşgüzar dairələrə dəstək verilməsiylə ölkədə valyutanın qorunması ilə yanaşı yeni iş yerləri də açılır. Bununla da, Azərbaycan hökuməti yerli istehsalı təşkil edərək həm itisadi, həm də sosial problemləri həll edir.
Ümumiyyətlə, istisna edilmir ki, müəyyən müddətdən sonra yerli istehsalçının müdafiəsi üçün daha yüksək gömrük rüsumları müəyyən ediləcək, idxal mallarının siyahısı yetərincə uzanacaq.
Nazirlər Kabinetinin 2016-jı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ijlasında prezident İlham Əliyev əmtəə idxalını və yerli məhsul istehsalında idxal komponentlərini minimuma endirməyi buyurub.
Yerli bazarın qorunması üçün müdafiə mexanizmlərinin tətbiqi məqsədilə çevik və operativ sistemin yaradılmasına göstəriş verilib. «Görəndə ki biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir»,- deyə dövlət başçısı vurğulayıb.
Yerli istehsalın təşkili üzrə qarşıda duran iri miqyaslı işləri nəzərə aldıqda, neftdənkənar bölmənin bir sıra sahələrində yaxın illərdə yüksək gömrük rüsumları tətbiq ediləcək idxal mallarının siyahısının nəzərəçarpacaq dərəcədə genişlənəcəyini düşünmək olar. İlk növbədə, ərzaq malları ilə 100%-lik təminat üzərində işlər davam etdirilir, çünki söhbət ölkənin ərzaq təhlükəsizliyindən gedir. Hər il 1 milyon ton taxıl alınmasına yetərincə maliyyə vəsaiti xərclənir. Hazırda taxıl məhsuldarlığını artırmaq hesabına daxili tələbatın təminatını indiki 65%-dən 100%-ə qədər artırmaq barədə məsələ də qaldırılıb.
Heyvandarlıqda köklü dəyişikliklər gözlənilir və burada iribaşlı mal-qaranın sayını indiki 2 milyondan 500-600 minə qədər azaltmaq düşünülür. Ət və süd istehsalının artımına ətlik və südlük cins sortların gətirilməsi hesabına nail olunacaq. Kərə yağı və süd məhsullarının istehsalının artırılaraq 100%-lik özünü təminata çatdırılması üçün 50-60 min baş cins mal-qaranın gətirilməsi yetərli olacaq.
Heyvandarlığın tövlə baxımına keçirilməsi azad olmuş otlaqlarda bitkiçiliyi inkişaf etdirməyə və torpağı daha səmərəli istifadə etməyə imkan yaradacaq. Azad olmuş sahələrdə, böyük ehtimalla, texniki bitkilər əkiləcək.
O cümlədən, Prezident İlham Əliyev tütün plantasiyalarının genişləndirilməsinin vacibliyini də vurğulayıb. «Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırıb və dövlət də öz dəstəyini mütləq davam etdirməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik və Azərbaycanda siqaretin istehsalını artırmalıyıq. Ona görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər, ona görə ki, xaricdən az gəlsin», - deyə İlham Əliyev vurğulayıb və bildirib ki, siqaret idxalın ən çox valyuta xərclənən əsas bəndlərindən biridir.
İdxalın daha bir vacib bəndi xam şəkər tədarüküdür. Prezidentin sözlərinə görə, ölkədə iri şəkər zavodu olmasına baxmayaraq, o, idxal xammalı əsasında işləyir və buna hər il $100 mln. valyuta xərclənir. İdxal komponentinin payının və valyutanın xərclənməsinin azaldılması üçün 40-50 min hektar ərazidə əlavə olaraq şəkər çuğunduru əkilməsi üzrə işlərin görülməsi nəzərdə tutulur.
Azərbaycan üçün ənənəvi olan digər sahələrdə də stimullaşdırma tədbirləri planlaşdırılır. Buraya üzümçülük, çayçılıq, fındıq, badam və qoz istehsalı daxildir. Müstəqilliyin ilk illərində bu sahələr diqqətdən kənarda qaldı, halbuki məhz bu məhsulların istehsalı böyük potensiala malik idi. Hələ sovet illərində Azərbaycan şərabı yalnız SSRİ-də deyil, həm də xaricdə böyük uğurla istifadə edilirdi.
Təbii ki, hökumətin idxalın azaldılması üzrə planları yalnız aqrar sektoru deyil, başqa vacib sahləri də əhatə edir. Söhbət o cümlədən Balaxanı və Pirallahı sənaye parklarında dərman istehsalının təşkili layihələrindən gedir. Hazırda ölkə 100% idxaldan asılıdır və buna önəmli səviyyədə valyuta vəsaiti xərclənir. Birinci mərhələdə 100-dən çox dərman preparatının istehsalı nəzərdə tutulur ki, bu ölkəyə idxalı nəzərəçarpacaq dərəcədə azaltmağa imkan yaradacaq.
Azərbaycanda sosial mənzil tikintisinə də start verilib. Bununla bağlı işgüzar dairələrin qarşısında tikintiləri maksimum səviyyədə yerli tikinti materialları ilə təmin etmək vəzifəsi qoyulub. Yəni Azərbaycanda yeni metallurgiya kompleksinin tikintisi planı nəzərə alınarsa, sement, beton, asbest, kərpic kimi tikinti materiallarının istehsalında əldə edilən uğurlarla yanaşı, yaxın illərdə metallurgiya sahəsində də yüksəlişin olacağını gözləməyə dəyər. Ölkədə tam istehsal dövrəsinin yaradılması nəzərdə tutulur: bu, bir neçə yeni zavodun tikintisi hesabına Daşkəsən dağ-mədən kompleksində dəmir filizinin çıxarılmasından başlayaraq keyfiyyətli hazır məhsul istehsalına qədər davam edəcək.
Yeri gəlmişkən, yalnız idxal rüsumlarından yox, həm də ixrac rüsumlarından söhbət gedir; məsələn, Azərbaycan hökuməti dəri və xəz ixracının hər min kiloqramı üçün $150-500 arasında rüsum müəyyən edib. Bu addım dərinin xam şəkildə ixracının qarşısının alınması və yerli dəri istehsalının inkişafı məqsədi ilə atılıb.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yeni gömrük tarifləri yerli istehsalçını qorumaqla yanaşı, xəzinəni nəzərəçarpacaq dərəcədə dolduracaq. Belə ki, 2017-ci il üzrə Dövlət Gömrük Komitəsinin (DGK) büdcə tapşırığı 2016- il büdcəsi ilə müqayisədə, 390 mln manat (21,5%) artırılıb və 2,2 mlrd manata çatdırılıb.
Qeyd edək ki, burada söhbət bu və ya digər məhsulun idxalının qadağan edilməsindən getmir, sadəcə, yerli istehsalçını müdafiə etmək üçün gömrük rüsumları qaldırılır. Yəni Gürcüstan, yaxud Rusiya limonadlarını və mineral sularını sevənlər daha yüksək qiymətə almalı olacaqlar, dövlət büdcəsinə gömrük ödənişləri isə nəzərə çarpacaq dərəcədə artacaq. Şəksiz, bu, bazarda idxal məhsulları ilə müqayisədə Azərbaycan məhsullarının rəqabət qabiliyyətini də artıracaq.
Gürcüstanın işgüzar dairələri artıq Azərbaycan hökumətinin bir sıra məhsulların idxalını əngəlləyəcək rüsumlar tətbiq etməsinin hansı nəticələr verəcəyini proqnozlaşdırıblar.
Quşçular Assosiasiyasının və «Kumisi» şirkətinin rəhbəri Zurab Uçumbeqaşvilinin sözlərinə görə, Azərbaycan hökumətinin qərarı Azərbaycana ixracla məşğul olan şirkətlərə mənfi iəsir göstərəcək. Onun sözlərinə görə, quşçuluqda Azərbaycana ixrac 7-8%-dən artıq deyil, amma bu da gürcü şirkətləri üçün böyük rəqəmdir. «Gürcüstandan fərqli olaraq orada yerli istehsalı stimullaşdırırlar və istehsalçıları müdafiə edirlər. Buna görə də Azərbaycanda ət və ya toyuq idxalı yoxdur. Ölkə hökuməti yerli istehsalçıları dəstəkləməyi qərara alıb və idxala yüksək gömrük rüsumları tətbiq edib - bu, çox doğru qərardır»,- deyə Zurab Uçumbeqaşvili vurğulayıb.
«Nabeqlavi» mineral su istehsalçısının təsisçisi Avtandil Svimonişvili isə rüsumların artırılmasının başqa nəticəsindən danışdı. O sanır ki, idxal rüsumlarının artımı rüsum ödəmək istəməyənlərin qaçaqmalçılığını artıra bilər.
Bundan başqa, rüsum üzündən idxal məhsulun qiymətinin artırılmasınn riski də var və bu, yaranmış durumdan istifadə edən bəzi insafsız yerli istehsalçılar tərəfindən qiymətlərin qaldırılması ilə nəticələnə bilər. Uyğun olaraq, yaranmış şəraitdə Azərbaycan vətəndaşları möhkəm zəmanət almalıdırlar ki, istehlak bazarında kartel anlaşmaları və ya təchizatçının inhisarçı mövqeləri üzündən baş vermiş istənilən qiymət artımı qısa müddətdə dövlət qurumlarında müzakirə olunacaq.
Ümumiyyətlə, Azərbaycan rəhbərliyi istehlak bazarında bu istiqamətdə mümkün inkişaf ssenarisini öncədən görərək, artıq yerli işgüzar dairələrə xəbərdarlıqla çıxış edib. «Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin», - deyə prezident İlham Əliyev bildirib.
Bununla bağlı məsuliyyət hər şeydən öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin üzərinə düşür. Qurum istehsalçılarla istehlakçılar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi ilə məşğul olur. İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin işini gücləndirmək lazımdır. Yalnız qiymətlərin üzərində deyil, həmçinin buraxılan məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi vasitəsiylə Azərbaycan hökumətinin istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı siyasətinin dəyişdirilməsi baş verəcək.
Çox ölkələrdə hökumət istehlak bazarının müdafiəsi ilə bağlı siyasəti gömrük rüsumlarının vasitəsi ilə gerçəkləşdirir. Ancaq bu addımların səmərəliliyi yerli sahibkarların iki il ərzində onlara təqdim edilmiş üstünlükləri nə dərəcədə istifadə etməsindən - istehsalın genişlənməsinə, yoxsa əlverişli qiymətlərlə keyfiyyətli məhsul buraxılışına həsr etməsindən çox asılı olacaq. Əks halda, bazar növbəti dəfə xarici mallarla dolacaq, amma bu dəfə onlar ölkəyə əsasən qaçaqmalçılıq yolu ilə gətiriləcək.
MƏSLƏHƏT GÖR: