24 Dekabr 2024

Çərşənbə axşamı, 06:17

“ARAZ” ELİTADA

Azərbaycan futzal klubu növbəti dəfə Avropa Kubokunun elit raundunda qrupdan cıxmağa cəhd edəcək

Müəllif:

01.11.2016

Birillik fasilədən sonra, Azərbaycan futzalı Avropa klub yarışlarına qayıtdı. Ötən mövsüm “Xəzər adaları”nın yarışda iştirakı baş tutmamışdısa, bu dəfə “Araz” yenidən qitə səhnəsinə çıxmaq hüququndan istifadə etdi. İki il öncə UEFA kubokuna elit mərhələdən başlayıb, uğursuz çıxış edən Naxçıvan təmsilçisi II qrupda layiqli mübarizə aparmaqla iddiasını nümayiş etdirdi.

Qeyd edək ki, Azərbaycan çempionu elit raunda iki vəsiqə uğrunda mübarizədə aşkar favorit hesab olunurdu. Çünki təmsilçimizlə eyni qrupda yer alan komandalar futzal ölkələri sayılmır. Üstəlik, rəqiblərdən ikisi təsnifat mərhələsinin qalibi olan komandalardır. Belə ki, Gürcüstan çempionu olan Tbilisi Dövlət Universiteti və Kosovonun ən yaxşısı “Feniks” əsas mərhələyə yüksəlmək üçün də mübarizə aparıb. Makedoniya çempionu “Zalezareç” isə hər hansı ciddi uğuru ilə seçilmir.

Bu üzdən “Araz”ın asan qazanılacaq böyükhesablı qələbяляри gözləniləndir. Bu, ölkə çempionatında ciddi rəqabət görməyən komandamız üçün daha çox elit mərhələ hazırlığına xidmət edəcək.

Makedoniyada təşkil olunan turnirdə “Araz” qrupdakı bütün rəqiblərindən güclü olduğunu göstərdi. Azərbaycan çempionu “Araz” ilk sınağında Tbilisi Universitetinin komandasını darmadağın etdi. Görüş boyunca bütün komponentlərdə rəqibindən üstün olan təmsilçimiz yekunda 7:1 hesablı qələbəyə sevindi. Everton Kardozo, Vasura və Bolinyanın dubl etdiyi oyunda bir dəfə də Xətai Bağırov fərqlənдi.

Ölkə çempionu “Araz” ikinci oyunundan da qalib ayrılıb. Amma bu dəfə qələbə üçün yalnız 1 qol yetərli olub. Nəticədə, təmsilçimiz xallarının sayını 6-ya çatdıraraq, qrup liderliyini davam etdirib. Kosova çempionu “Feniks”lə matçda Xətai Bağırovun vurduğu qol həlledici olub və təmsilçimiz 1:0 hesablı qələbəni rəsmiləşdirib.

Futzalçılarımız Makedoniyada keçirilən qrup mərhələsindəki son matçında meydan sahibləri ilə görüşüb. Naxçıvan təmsilçisi bu ölkənin çempionu “Zalezareç”lə qarşılaşıb. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız elit-raunda 100 faizli nəticə ilə yollanmağa da nail olub. Meydan sahiblərini zala çıxmağına peşman edən Azərbaycan çempionu rəqib qapısından nə az, nə çox, düz - 15 qol keçirib. Makedonların gücü isə sadəcə, 4 qola çatıb. Bununla da qrupda vahid lider olan "Araz" elit-raundavəsiqəqazanıb.

“Araz”ın artıq növbəti mərhələdəki rəqibləri də məlum olub. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb. Əsas mərhələdə ilk iki yeri tutan 12 komanda və mübarizəyə birbaşa elit-raunddan başlayan 4 klub arasında Azərbaycan təmsilçisi də yer alıb. Ötən mərhələni 3 qələbə ilə 1-ci pillədə başa vuran “Araz”ın da elit-raunddakı rəqibləri daha güclü klublar olacaq. Bu mərhələdə B qrupunda çıxış edəcək Naxçıvan klubu “Yuqra” (Rusiya), “Hamburq” (Almaniya) və “Nasional” (Xorvatiya) komandaları ilə mübarizə aparacaq. Qrup oyunları noyabrın 22-27-də keçiriləcək. Çempionumuzun yer aldığı “dördlük”ün görüşləri Zaqrebdə baş tutacaq.

Elit raunda rahatlıqla adlayan “Araz” bu nəticə ilə kifayətlənməməlidir. Böyük təcrübəyə malik heyətlə daha böyük uğurlar qazanmağın vaxtıdır. Növbəti mərhələdə də Rusiya, Almaniya və Xorvatiya klublarını üstələmək mümkündür. Aşkar favorit kimi yalnız “Yuqra”nın adını çəkmək olar. Rusiya təmsilçisi bütövlükdə yarışın əsas iddialı klublarından sayılır. Buna görə “Araz”ın əsl gücü məhz onlarla matçda aydın olacaq.

Komandanın hazırlığından danışan “Araz”ın məşqçisi Maşado Nilson “R+”a açıqlamasında püşkdə bəxtlərinin gətirmədiyini dedi: “İlk mərhələdə kifayət qədər yaxşı oynadıq. Rəqiblər o qədər güclü olmasa belə, maksimum nəticə əldə etdik. Hər oyunda qələbə qazanmaqla qrupdan lider kimi çıxdıq. Motivasiya üçün bu çox vacib amil idi. Unutmaq olmaz ki, qrupda ilk pilləni tutmaq çox çətindir. Elit raunda vəsiqə qazanmaqla işimizi bitmiş hesab etmirik. Uğurlu seriyanı davam etdirmək lazımdır.

Rusiya çempionu çox güclü heyətə malikdir. Xorvatiya klubunu da siyahıdan silmək olmaz. “Nasional” təcrübəli heyətlə istənilən komandaya qarşı oynamağı bacarır. Biz çox çətin qrupa düşmüşük. Bununla belə, qrupda ilk pillə uğrunda yarışacayıq. Futzalçılar məsuliyyəti başa düşür. İstəyirik mümkün qədər irəli gedək. Bu gün “Araz”da yaxşı futzalçılar var. Gücümüzü göstərməklə irəliləmək vacibdir. Əks halda, azarkeşləri razı salmaq çətin olacaq.

Elit raundda heç vaxt asan rəqib olmur. Onu başa düşmək lazımdır. Bizdən çox qələbə qazanmaq istəyən yoxdur. Sadəcə bəzən alınmır. Bu gün “Araz”ın ilk pillə uğrunda yarışacağını bildirdim. Amma meydanda nə olacağını bilmirəm. İstənilən nəticəyə hazır olmaq lazımdır. Komanda olaraq bütün diqqətimiz rəqiblərə yönəlməlidir. Meydanda istənilən rəqibi üstələmək olar. Sadəcə, özünə inanmaq gərəkdir”.

Məlumat üçün bildirək ki, futzal üzrə Avropa çempionatının təsnifat və seçmə mərhələlərinin püşkü atılıb. Azərbaycan millisinin də iki rəqibi məlum olub.  II qrupda çıxış edəcək komandamız Macarıstan və Bosniya və Herseqovina ilə qarşılaşacaq. Növbəti rəqib isə təsnifat mərhələsinin oyunlarından sonra bilinəcək.
Təsnifat mərhələsində Bolqarıstan, Albaniya, İngiltərə və Malta mübarizə aparacaq. Seçmə mərhələnin oyunları aprelin 3-ü və 12-də Bakıda keçiriləcək. Qeyd edək ki, çempionatın final mərhələsi 2018-ci ildə Sloveniyada keçiriləcək.


MƏSLƏHƏT GÖR:

486