Müəllif: Elya ƏNVƏRLİ Bakı
Bu yaxınlarda Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, alim, Azərbaycanın Əməkdar müəllimi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Oqtay Rəcəbovun anadan olmasının 75 illiyi geniş qeyd edilib. Bakı Musiqi Akademiyasının professoru, maestro «R+» əməkdaşı ilə görüşə və öz yaradıcılığı barədə danışmağa razılıq verib.
- Mənim musiqiyə gəlişim elə də asan olmayıb. Uşaq vaxtı mən 1 saylı musiqi məktəbinin skripka sinfində oxumuşam, sonra “Dzerjinsk” klubu yanında onillik məktəbə getmişəm. Atamın təkidi ilə Pedaqoji İnstitutun fizika fakültəsinə qəbul olunmaq üçün hazırlaşmışam. Eyni zamanda iki il dahi Fikrət Əmirovdan kompozisiya dərsləri almışam. O, mənim ilk müəllimim olub.
Elə alındı ki, fizika üzrə aspiranturaya imtahan təyin edilən gün mən qərara aldım ki, özümü bütünlüklə musiqiyə həsr edim və Konservatoriyada respublikanın Xalq Artisti Cövdət Hacıyevin kompozisiya üzrə sinfinə daxil oldum. O, mənim ikinci müəllimimdir.
- Yubiley gecəsində nələr səsləndi? Yeni əsərlər idi?
- Son beş ildə yazdığım bütün yeni əsərlərin, demək olar ki, hamısı səsləndi. Əsasında Azərbaycanın xalq mahnısı «Sarı gəlin» dayanan soprano və simli orkestr üçün konsert səsləndi. Solonu Şanxay müsabiqəsinin laureatı Aynur İsgəndərli möhtəşəm ifa etdi. Gözəl dirijor, Azərbaycanın Xalq Artisti Fəxrəddin Kərimov yeni 7-ci «Xocalı» simfoniyasına çox maraqlı interpretasiya vermişdi. Bu, dörd hissədən ibarət proqram əsəridir: 1. Xocalı - hər gün. 2. Toy (müharibəyə baxmayaraq, insanlar sevir, evlənirlər). 3. Xocalı yuxuda. 4. Xocalı od içində. Bu simfoniyada böyük, az qala, əsas rolu mən xora ayırmışam, fondan əlavə xor düşmənin vəhşiliyini və insanların əzabını mükəmməl təsvir etdi. Xor kapellasını çıxışa əvəzsiz xor dirijoru, Azərbaycanın Xalq Artisti Gülbacı İmanova hazırlamışdı. Mən ifadan razı qaldım.
- Həmçinin yəhudi mövzusunda rapsodiya ifa olundu, niyə yəhudi mövzusu? Necə oldu ki, bu yarandı?
- Bizimlə gözəl pianoçu, Azərbaycanın Xalq Artisti Roza Şifrin işləyirdi, məndən xahiş etdi ki, yəhudi mövzusunda rapsodiya bəstələyim. Biz onu diskə yazdıq və onu Amerikada reklam etdik, Roza xanım indi orda yaşayır. Bu əsəri Azərbaycanın digər görkəmli pianoçusu xanım Adelya Əliyeva eşidib. O, hazırda Fransa şəhərlərinin birində Musiqi Akademiyasının rektorudur. Adelya xanım məndən xahiş etdi ki, bu əsəri orkesrt üçün işləyim. Beləliklə, simfonik orkestr üçün yəhudi mövzusunda rapsodiya yarandı.
- Bir az da pedaqoji fəaliyyətinizdən danışın, axı boş yerdən Azərbaycanın görkəmli bəstəkarı sizi Azərbaycanla yanaşı, bütün “Qafqazın Kabalevskisi” adlandırmayıb. Sizin yaratdığınız 400-dən artıq əsərin yarıdan çoxu uşaqlar üçündür.
- Azərbaycanın 5 000 məktəbində1-ci sinifdən 9-cu sinfə qədər musiqi dərsləri mənim dərsliklərimlə keçirilir. Mən həm də eksperimental musiqi proqramlarının müəllifiyəm. Mənim birbaşa rəhbərliyim altında 1996-2010-cu illərdə ümumi tirajı 1,5 milyon olan 16 adda dərs vəsaiti nəşr edilib. 11,5 min ədəd Azərbaycan dilində və 8 min ədəd rus dilində buraxılıb.
- Bizim uşaqlar üçün musiqili eksperimental təhsilin vacib olması fikrinə necə gəldiniz?
- Estetik tərbiyəsiz sivilizasiyalı cəmiyyət yoxdur. Hər şey gözəllikdən keçir, o isə uşaqlıqdan rəsm və musiqi ilə aşılanır. Bugünkü uşaqlar bizim gələcək cəmiyyətimizdir: həkim, mühəndis və müəllimlərdir. Həftədə bir saat musiqi dərsi çox azdır. Bu dərslərdə musiqini yalnız dinləməklə qalmırlar, həmçinin əsər, onun xüsusiyyətləri və təsir gücü də müzakirə edilir.
İndi İnternet çağıdır, işlər daha asan görülür. Hazırda Baltikyanı respublikalarda və Almaniyada musiqiyə həftədə 2 saat dərs ayrılır, Yaponiyada isə 3 saat rəsm, 3 saat isə musiqi keçirlər. Hirosima və Naqasakiyə atom bombası atılmasına baxmayaraq, ölkə yüksək texnologiya ilə təchiz edilib. Onların avtomobilləri başqa texnikaları, başqa ölkələri geridə qoyur. Musiqi ilə məşğul olmaq uşağın fantaziyasını da inkişaf etdirir. Bu da bəllidir ki, fantaziya olmadan nə elmdə, nə texnikada, nə də incəsənətdə bir yana çıxmaq mümkün deyil. Hazırda biz Baltikyanı ölkələrdə olduğu kimi, 12 illik təhsil uğrunda mübarizə aparırıq, onda məktəblərdə incəsənət dərslərini həftədə 2-3 dəfəyə qədər artırmaq olar.
- Siz görkəmli rus bəstəkarı, SSRİ Xalq Artisti Dmitri Borisoviç Kabalevski ilə ünsiyyətdə olmusunuz. Bu, necə baş verdi?
- 1977-ci ildə Sverdlovskda uşaqların Kabalevski sistemi üzrə musiqili tərbiyəsi barədə mütəxəssislərin ümumittifaq konfransı keçirilib. Orta məktəblər üçün eksperimental musiqi proqramına Qara Qarayevin «İldırımlı yollarla» baletindən zənci qızların rəqsi daxil edilmişdi. Mənə söz verilən zaman dedim: «Qara Qarayev - çağımızın görkəmli bəstəkarıdır, onun çox sayda gözəl musiqiləri var». Ondan sonra proqrama «Yeddi gözəl» baletindən qızların rəqsini də əlavə etdilər.
Mən Qəmbər Hüseynlinin dünyanın çox dillərinə tərcümə edilmiş çox populyar uşaq mahnısı «Cücələrim»i oxumağa başladım. Zal ayağa qalxdı və mənimlə oxumağa başladı. Konfransdan sonra, Dmitri Kabalevski məni 15 dəqiqəliyə öz nömrəsinə dəvət etdi. Amma söhbət 3,5 saat çəkdi. Ondan başlayaraq 1987-ci ilə qədər bəstəkarla Moskvada görüşlər və yazışmalar davam etdi. Onun mənə yazdığı məktubları saxlamışam. Ən sonda ölümqabağı mənə yazmışdı: «Uşaqlar mədəni olarsa, bütün xalq mədəni olur».
Dmitri Borisoviç mənim dördüncü müəllimim olub, üçüncü müəllimim isə görkəmli bəstəkar Tofiq Quliyev idi, onun mahnıları mənim üçün böyük məktəb oldu. Bundan əlavə, biz birlikdə Azərbaycanda uşaqların musiqi tərbiyəsi üzrə ayrı-ayrı işlər üzərində işlədik, hər ikimiz buna görə respublika “Lenin” komsomolu mükafatına layiq görüldük. Sevinclidir ki, uşaqlar musiqili eksperimentə müsbət reaksiya verirlər. Bizim dərslərdən sonra şagirdlər gözəlliyin qiymətini anlayırlar və hər şeyi gözəl etməyə çalışırlar. Bilirsiniz, hətta siyasət də kobud yox, gözəl olmalıdır. Hazırda Azərbaycanın 50 məktəbində eksperimental dərslər keçirilir və televiziya üçün də çəkilib.
- İndi harada dərs keçirsiniz?
- Musiqi Akademiyasının Azərbaycan xalq musiqisi kafedrasında. Magistrləri, Azərbaycan xalq musiqisi mövzusunda dissertasiya yazanları hazırlayıram: iki elmlər doktoru və 12 namizəd yetirmişəm; 30 dərslik yazmışam, öz təqdiqatlarım üzrə isə 10 kitab nəşr etdirmişəm. Həm də Konservatoriyanın uşaqların musiqili tərbiyəsi laboratoriyasında baş elmi işçiyəm.
- İndi hansı musiqiləri yazırsınız?
- Bu yaxınlarda Atatürk haqqında operanı və «İncil» mövzusunda İsa Məsih haqqında yazdığım «Əbədi sevgi» baletini başa çatdırmışam. İndi tamaşanın maliyyələşdirilməsi və quruluşu məsələsi həll edilir - Azərbaycanda, ya da Amerikanın Dallas ştatında olmalıdır.
- Həyatınız boyu çox iş görmüsünüz. İnsanlar üçün qoyub-getməyə çox şeyləriniz var. Sizə baxan kimi demək olur ki, xeyirxahsınız, məmnunsunuz və üzünüzdə xoşbəxtlik nuru var - bizim zəmanədə buna nadir hallarda rast gəlinir. Bu, nədən qaynaqlanır?
- Kənardan baxanda elə gəlir ki, hər şey asan və sadədir, amma bunun da öz çətinlikləri vardı və mən onları keçdim. Kabalevski deyirdi ki, uşaqların musiqi tərbiəsi ilə məşğul olmaq asandır, amma buna bütün ömrünü verməlisən. Amma mən gördüyüm işlərə, uşaqlarla ünsiyyətə və nəhayət musiqiyə görə özümü xoşbəxt sayıram. Həyata optimist baxıram.
MƏSLƏHƏT GÖR: