Müəllif: Xəzər AXUNDOV Bakı
Tikinti bumu Azərbaycanda region üzrə ən güclü tikinti materialları istehsalı sənayesinin qurulması üçün katalizator rolunu oynayıb. Yerli şirkətlər geniş spektrdə tikinti materialları istehsalını qura bilib və bu gün ölkədə tikinti sektoru üçün xammal və material istehsalının bütün həcminin 77%-ə qədəri özəl sektorun payına düşür. Son 10 il ərzində bu seqmentdə 2,5 dəfədən çox artım təmin edilib, fəaliyyət göstərən şirkətlərin sayı isə demək olar ki, 12 dəfə artıb.
«Tikinti sektoru Azərbaycan iqtisadiyyatının ən yüksək inkişaf edən sahələrindəndir və bizim ölkəyə də mənfi təsir göstərən qlobal iqtisadi böhranın güclənməsinə baxmayaraq, tikinti sektoru inkişaf etməkdə davam edir», - deyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov “BakuBuild 2016” Azərbaycan Beynəlxalq Tikinti Sərgisinin açılışında bildirib. O qeyd edib: «Qlobal böhrana baxmayaraq, ölkə iqtisadiyyatına dövlət sərmayələrinin həcmi bütünlükdə azalmayıb, bir sıra istiqamətlərdə hətta artıb. Bu amili nəzərə alaraq ümid etmək olar ki, ölkədə tikinti sektorunun artan xətlə inkişafı gələcəkdə də davam edəcək».
Bakıda artıq 22-ci dəfə keçirilən “BakuBuild 2016” sərgisi yerli tikinti sektorunun yüksək inkişaf səviyyəsini və yerli şirkətlərin beynəlxalq əlaqələri genişləndirməyə can atmasını bir daha sübut etdi. Sərginin təşkilatçısı «Iteca Caspian» şirkətinin məlumatına görə, bu il “BakuBuild” sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edib. Sərgidə İtaliya, İran və Birləşmiş Ərəb Əmirliklərinin milli pavilyonları, Fransa şirkətlərinin isə kollektiv stendi vardı. Yaranmış ənənəyə görə, sərgidə çox sayda Türkiyə şirkəti iştirak edirdi.
Ancaq sahədə müsbət trendlərin qorunmasını sübut edən ən sevindirici fakt tikinti forumunda 150-yə yaxın Azərbaycan şirkətinin də iştirakı oldu. Yerli tikinti materialı istehsalçıları, distribüterlər, inşaat və layihə firmaları sərgi eksponatlarının, orta hesabla, 50 faizini təşkil ediblər.
«Son illərdə tikinti materialları istehsalı sahəsinə çox sayda yerli və xarici sərmayələr yönəldilib. Bunun hesabına ölkənin tikinti materialları ilə özünü təminat səviyyəsi yetərincə artıb. “BakuBuild” forumları bu trendi aydın göstərir», - deyə Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tikinti sərgisinin açılışında bildirib.
Eyni zamanda, dünya bazarında neft qiymətlərinin artıq ikinci ildir ki, davam edən ucuzlaşması, həmçinin milli valyutanın devalvasiyası Azərbaycanda tikinti işlərinin tempinin müəyyən qədər azalmasına gətirib. Bu da şəksiz, tikinti materialları istehsalının həcmində özünü göstərib. Dövlət Statitstika Komitəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda 1,205 mln. kv.m mənzil istismara verilib ki, bu, 2015-ci ilin analoji dövrünün göstəricisindən 9,2% azdır. Tikinti materiallarının istehsalı sahəsində isə daha yüksək azalma müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında ölkədə tikinti materialları istehsalının həcmi 251,6 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,2% azdır.
Bununla yanaşı, dövlət iqtisadiyyatın vacib sektoru olan və çox sayda əmək resurslarının cəmləndiyi tikinti sektorunun hərtərəfli dəstəklənməsinə həddindən böyük maraq göstərir. Buna görə, hazırda Azərbaycan hökuməti tərəfindən gerçəkləşdirilən böhranəleyhinə tədbirlər kompleksi çərçivəsində tikinti sektorunun da dəstəklənməsi nəzərdə tutulur, həmçinin tikinti materiallarının ixracı üçün əlverişli rejimin formalaşması üzrə addımlar da gerçəkləşdirilir.
Beləliklə, bentonit, gips, sement, klinker, həmçinin daşdan, gipsdən, sementdən, asbestdən düzəldilmiş məmulatlar (plitələr, kərpiclər, tikinti blokları) və keramika idxalına 1 noyabr 2016-cı il tarixdən iki il müddətinə yüksək gömrük rüsumu tətbiq edilən mallar siyahısına daxil edilib. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözlərinə görə, Azərbaycana gətirilən bir sıra mallara gömrük rüsumlarının qaldırılması, ilk növbədə, yerli məhsul istehsalı həcmlərinin artmasına səbəb olacaq.
Bununla yanaşı, 2008-2009-cu illərdə baş vermiş qlobal böhranın təcrübəsi sübut etdi ki, yerli tikinti və layihə şirkətləri, podratçı şirkətlər azalmadan daha çox onlara infrastruktur və sosial obyektlərin tikintisi üzrə sifarişlər verən dövlətin dəstəyi hesabına xilas ola bildilər.
Belə görünür ki, bu təcrübə indiki dövrdə də fəal tətbiq ediləcək. «Bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi artıq başlayır. Biz Nazirlər Kabinetinin toplantısında bu barədə danışmışıq. Artıq bu işlərə start veririk. Bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq. Bizim sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik ki, o layihələrdə istifadə olunacaq bütün inşaat materialları azərbaycanmənşəli olsun»,- deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Prezident İlham Əliyevin 1 yanvar 2018-ci il tarixə kimi dövlət qurumlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlara mal və xidmət idxalını qadağan edən fərmanı da yerli istehsalçını dəstəkləmək məqsədi daşıyır. Bu tədbir Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılmasına, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.
Yerli sahibkarlar sosial mənzil tikintisini lazımi həcmlərdə tikinti materialları ilə təchiz etməyə tam hazırdırlar. Şəksiz ki, ölkə müəyyən mənada tikinti sahəsi üçün idxalı əvəz edən materiallar istehalında inkişafa nail olmağı hədəfləyib: yerli sement və dəmir-beton məmulatları, həmçinin gips əsasında quru qatışıq istehsalçıları bazarın tələbatını artıqlaması ilə ödəyir. Yerli istehsal kərpicə, tikinti daşına, asfalta, çınqıla, fasad suvağına olan tələbatı yetərincə, polimer borulara və armatura olan tələbatı isə müəyyən qədər ödəyə bilir. Ancaq bir sıra istiqamətlər üzrə hələ də idxaldan nəzərəçarpacaq dərəcədə asılılıq hiss edilir.
"Tikinti sektorunda keyfiyyətli tikinti işlərinin həyata keçirilməsi üçün, eyni zamanda, ucuz və keyfiyyətli yerli inşaat materiallarına ehtiyac var. Bu gün Azərbaycanda istifadə olunan tikinti materiallarının əksəriyyəti xarici ölkələrdən idxal olunur. Bunlar, əsasən, üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit materialları, izolə materialları və sairdir. Lakin yerli bazarda istehsal olunan ucuz, keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycan tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil", - deyə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov vurğulayıb.
Bu sözlər tamamilə əsaslıdır. Çünki milli valyuta manatın məzənnəsinin zəifləməsi üzündən yerli tikinti bazarı doğrudan da idxal tikinti materillarının qiymətinin artmasının səbəb olduğu pressinqlə üzləşib. Cari il ərzində döşəmə və dam örtükləri, gipsokarton, armatur, plastik, ağac və metal qapılar, pəncərələr 40%, divar kağızları isə 15-20% bahalaşıb.
Təbii ki, idxal tikinti materiallarının qiymətinin artması sahibkarları öz istehsallarını birbaşa ölkə daxilində yerləşdirməyə stimullaşdıra bilər. Bu, tamamilə əlverişli kapital yatırımıdır, çünki indiki valyuta məzənnələri nəzərə alındıqla yerli və idxal tikinti materiallarının qiyməti arasında fərq bəzən 100%-ə qədər qalxır.
Burada xatırlatmaq yerinə düşər ki, bundanəvvəlki qlobal böhran zamanı, yəni səkkiz il qabaq yerli inşaatçılar fəal postsovet məkanının tikinti meydançalarına yiyələnirdilər, Qazaxıstan, Ukrayna, Gürcüstan və hətta Rusiyada yolların çəkilməsi, limanların bərpası, inzibati və yaşayış binalarının tikintisi və s. üzrə keçirilən tenderlərin qalibi olurdular. Oxşar şəraitdə, yəni artıq bizim günlərdə də yerli şirkətlərin - tikinti materialları istehsalçılarının xarici fəaliyyət istiqaməti yenidən aktuallaşır.
Ölkədə belə meyillərin olmasını həm də tikinti materialları üzrə yeni müəssisələrin işə salınması, kapitallaşmanın və məhsul buraxılışı həcmlərinin artırılması göstərir. Misal kimi, «Mətanət-A» şirkətini göstərmək olar. Ötən il ərzində şirkət beş yeni zavod işə salıb. Bunlar quru tikinti qatışıqları, boya, beton qatışıqları və gips blokları istehsalı üzrə zavodlardır; həmçinin «Ağdağ» gips zavodudur. Şirkət tərəfindən istehsal edilən məhsulun yarıdan çoxunun Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və Ukraynaya ixracı nəzərdə tutulur.
Bu ilin sentyabr ayında Balaxanı qəsəbəsində fasad məhsullarının istehsalı üzrə açılmış «Deutsche Fassaden Technologien" (DFT) (Azərbaycan - Almaniya) birgə müəssisəsi də ixrac planlarını genişləndirir. Azərbaycanın başqa tikinti materialları istehsalçıları da daxili bazarda tələbatın azalmasının təsirlərini minimallaşdırmağa imkan verən analoji strategiyalar üzərində işləyirlər. Onların sırasında quru qatışıqlar və suvaq materialları istehsalçıları «Azbentonit» zavodu, lift, izolə və polimer materialları, gipsokarton məhsulların istehsalçısı olan «Gilan Holding» şirkətinin tikinti bölməsi və s. şirkətlər var.
Ehtimal etmək olar ki, yaxın gələcəkdə Azərbaycanın tikinti materiallarının ixracı rentabelli və dayanıqlı trendə çevrilə bilər. Neft qiymətlərinin aşağı olduğu şəraitdə, Azərbaycanın da region üzrə qonşuları kimi, əsaslı tikinti sahəsində büdcə maliyyələşdirilməsinin bir hissəsini azaltmağa məcbur olduğu nəzərə alınarsa, bu, tamamilə inandırıcıdır.
MƏSLƏHƏT GÖR: