23 Noyabr 2024

Şənbə, 19:58

XƏZƏR XƏZİNƏLƏRİNİN AXTARIŞINDA

Amerikalı xəzinə axtarıcısı Bill Uorren Xəzər dənizinin dibində batmış gəmiləri və onların xəzinələrini tapmaq niyyətindədir

Müəllif:

15.11.2016

Tanınmış amerikalı dalğıc, xəzinə “ovçu”su Bill Uorren Xəzərin batmış gəmilərini tədqiq etmək fikrinə düşüb. Uorren artıq bir neçə ildir ki, Bakıda yaşayır. O, rəsmi olaraq bu təşəbbüslə Azərbaycanın dövlət qurumlarına müraciət edib və hazırda onun təklifinə  baxılır. Uorren «Gəmilərin batması və tapılması» kitabının müəllifidir, Sakit okean, Hind okeanı və Atlantik okeanının sularında, Qara dənizdə və planetin başqa regionlarında batmış  gəmiləri axtarıb. Tanınmış dalğıc onu Azərbaycana gətirən səbəblər  barədə fikirlərini «R+»un oxucuları ilə bölüşüb.

- Öncə danışın, görək, necə oldu ki, Bakıya gəldiniz?

- Mən Bakıya 4 il qabaq, gələcək həyat yoldaşım, Gülşən adlı gözəl azərbaycanlı qızla görüşmək üçün gəlmişəm. Biz tanış olmuşduq və bir neçə ay internetdə yazışmışdıq, sonra o, məni Bakıya dəvət etdi. Mən bilirdim ki, Azərbaycan Xəzər sahilində varlı neft ölkəsidir, amma Azərbaycan mədəniyyəti və gözəl Bakı şəhəri barədə heç nə bilmirdim. Mənim Azərbaycana səfərimin  başqa bir səbəbi burada başlamaq  istədiyim bizneslə bağlıdır.

- Necə oldu ki, siz Xəzərin batmış gəmilərinin sirrini açmağı qərara aldınız? 

- Dalğıclıqla mən hələ 1970-ci illərin sonunda Kaliforniyada məşğul olmağa başlamışam. Sonra bu həvəs biznesə çevrildi. Mənim 8 ovçu-dalğıcdan ibarət komandam var idi. Biz  Los-Anceles sahillərində dəniz kirpisi ovu ilə məşğul idik. Bir dəfə suya dalan zaman mən çox köhnə taxta gəmi tapdım. Həmin zamandan başlayaraq  mən batmış gəmilərin tarixini öyrənməyə, onların içində qızıl, gümüş, daş-qaş, zərgərlik əşyaları, Çinin nadir farforları və s. olub - olmadığını aydınlaşdırmağa başladım.

Bu illər ərzində mən bütün dünyada yüzlərlə batmış gəmi tapdım. Afrika sularında, Baham adalarında, Kaliforniyada, Böyük Britaniyada, Karib dənizində və Qara dənizdə batmış gəmilərin xəzinəsini tapmaq üçün suya daldım. Bu, maraqlı peşədir və mükafatı həddindən böyük ola bilər. Həm də mənim dalğıc komandam iş zamanı gəminin dibini müəyyən etməyə imkan verən elektron sistemlə və ərazi sularının məxsus olduğu ölkələrin icazəsi  ilə  işləyir. 

- Niyə sizi Xəzər maraqlandırıb? 

- Xəzər dənizi çox qədimlərdən batmış gəmiləri tapmaq üçün unikal imkanlara malikdir. Mən bu məsələ ilə dərindən maraqlanmışam. Xəzərdə dənizçiliyin tarixi boyunca fırtınalar, qasırğalar, döyüşlər, dəniz quldurlarının hücumları nəticəsində çox sayda gəmi batıb. Köhnə xəritələrdən və çağdaş texniki vasitələrdən istifadə etməklə onları tapmaq mümkündür. Bu gəmilərdəki yüklər çox müxtəlifdir və bəzi hallarda isə yetərincə qiymətlidir.  Azərbaycan Tarix Muzeyinin əməkdaşı, hidroarxeoloq alim Viktor Kvaçadze 1968-ci ildən başlayaraq batmış gəmilərin tapılması ilə bağlı araşdırmalara başlayıb. Bu müddət ərzində o, Abşeron sahillərinin bir neçə kilometrliyində 900-dən çox tarixi artefakt əldə edə bilib.

Bu əşyaların əksəriyyəti dayaz sularda tapılıb. Dalğıclar, hətta batmış şəhər də aşkarlayıblar. Tapılmış əşyalar arasında Bürünc dövrə aid olanları da var. Suyun altından tapılmış əşyaların çoxu Azərbaycan Tarix Muzeyində nümayiş etdirilir. Tarixi qiyməti olan artefaktların çoxu tanınmış rus kazak atamanı Stepan Razinin və Böyük Pyotrdan başlayaraq Rusiya hökmdarlarının donanmasının batırdığı gəmilərdən tapılıb. Bu, tarixi şəxslər yüzlərlə İran gəmisini batırıblar. Dəniz döyüşləri çağdaş Azərbaycan sahillərinin yaxınlığında da gedib.

1970-ci ildə rus dalğıcının komandası XVII əsrə aid qiymətli daş-qaşlarla bəzədilmiş qızıl əşyalar tapıb, onların qiyməti həmin vaxt 1 mln. dollar təşkil edib. Xəzərə dalmış həmin ekspedisiyanın rəhbərinin yazdığı kitabda suyun dibində saxlanan tarixi dəyərə malik xəzinələr barədə maraqlı təfərrüatlar yer alır.

Azərbaycan hökumətinə Xəzərin Azərbaycan sektorunda batmış gəmiləri və şəhərləri tədqiq etmək üçün mənim dalğıclıq təcrübəmdən istifadə etməyi təklif etmişəm. Bunun üçün mən lazım olan hər şeyə - şirkətə, dayvinq üzrə təcrübəli mütəxəssislərə malikəm. Yeri gəlmişkən, 70-ci illərdə Azərbaycan alimlərinin tədqiqatlarının nəticələri üzrə «Xəzər Atlantidası» adlı kitab da nəşr olunub.  Orada bildirilir ki, suyun altında yalnız gəmilər deyil, həm də yaşayış məskənləri, qala divarları, bütöv şəhərlər var.

Yəni tarixi baxımdan Xəzər itmiş şəhərlərin və batmış gəmilərin öyrənilməmiş dünyasıdır. Mən həm də bizim layihə üzrə sənədli film çəkməyi də təklif etmişəm. Film «Discovery Channel», «History Channel», «National Geographic Society» və s. kimi telekanallar tərəfindən nümayiş etdirilə bilər.

 

- Sizin tapdığınız batmış əşyalar «kolleksiyasında» ən dəyərli nəyi sayırsınız?

- Təəssüf ki, ən qiymətli tapıntını biz üzə çıxara bilmədik. Afrika sahillərində, Mavrikidə biz 5 metr dərinlikdə batmış «East Indiaman» ingilis gəmisini tapdıq. Arxiv sənədlərinə görə, gəmidə bir neçə kiloqram brilyant olub. O, mərcan qayalıqlarına dəyərək batıb. Qayalıqların üzərində cərəyan edən böyük dalğalar üzündən biz dibə enə bilmədik. Daha sonra biz Baham adalarında İngiltərə kralı II Karla məxsus batmış gəmi tapdıq. Bu gəmidə qiymətli daşlar, qızıl və gümüş sikkələr, 1670-ci ilə aid zirehlər  və minlərlə müxtəlif tarixi artefaktlar var idi.

Bizim tapıntımız barədə «Treasure Diver Magazine»də məqalə dərc edilmişdi.  I Karl dövrünə aid və 1633-cü ildə batmış gəmidə də biz çox sayda qiymətli əşyalar tapmışıq.  Bu gəmini Böyük Britaniyaya ekspedisiya zamanı aşkar etmişdik. Gəmi Edinburq  yaxınlığında, Şotlandiyanın  Fert-of-Fort körfəzinin dibində idi. Təkcə 280 ədəd kral qızıl əşyalarının qiyməti 2 mlrd. dollar təşkil edirdi. Bunlar kral qab-qacağının qızıl əşyaları idilər. Bu gəminin və onda olan xəzinənin batması barədə film də çəkildi. Böyük Britaniya kraliçası özü böyük lütfkarlıqla bizə təşəkkür məktubu  ünvanladı.

- Bizə bəllidir ki, siz yaxşı oxuyursunuz və hətta Azərbaycanda caz karyerasına başlamaq istəyirsiniz… 

- Hə (gülür). Mən çox istəyərdim. On bir yaşım olanda oxumağa başladım. Mənim ilk solo-konsertim Los-Ancelesdə oldu. On yeddi yaşında ABŞ-da iki mahnı müsabiqəsini udmuşam.  Sonra oxumuşam və sənətimi təkmilləşdirmişəm.  Çox tanınmış konsert zallarında - Las-Veqasdakı MGM kazinosunda, Hollivudun Sanset  bulvarında yerləşən «Hollywood Palladium» teatrında konsertlər vermişəm.  Həmçinin «World Opportunities Intl» daxil olmaqla bir çox xeyriyyə təşkilatları üçün də  konsertlər vermişəm. «World Opportunities Intl»  bütün dünyada, xüsusilə də Meksika və Afrikada  ehtiyacı olanlar üçün ərzaq və dərman göndərilməsi ilə məşğuldur.

1985-ci ildə mən Frenk Sinatra ilə tanış olmuşam, onda o, oxumaq üçün kostelə gəlmişdi. Daha sonra o, toyunun  ildönümündə çıxış etmək üçün məni dəvət etdi. Mən həm də öz «Palm Springs Gold Show» televiziya şousunda ondan müsahibə  götürmüşəm. Daha sonra biz dosta çevrildik. Sinatra mənə bir neçə musiqi fəndi öyrətdi və bu gün də həmin fəndləri öz konsertlərimdə istifadə edirəm. Təəssüf  ki, Bakıda çox az adamın cazın klassiki Frenk Sinatranın yaradıcılığından xəbəri var. Mən, əsasən, bu bəstəkarın əsərlərini ifa edirəm. Bu yaxınlarda Mədəniyyət Nazirliyinin təmsilçiləri Rəşid Behbudov adına Mahnı Teatrında mənim çıxışımı təşkil etmişdilər. Bakı  filarmoniyasında da konsertlər  vermək  istərdim.



MƏSLƏHƏT GÖR:

599