Müəllif: Sabirə MUSTAFAYEVA, Məhərrəm ZEYNAL Bakı
Leysan yağışların Bakı üçün yaratdığı problemlər yenilik deyil. Hər bir bakılı acı təcrübəsindən bilir ki, hava proqnozunda leysan vəd olunursa, paytaxtda hərəkət üçün problemlər qaçılmazdır. Su basmış küçələr, uzun-uzadı avtomobil tıxacları, dizədək suda qaçışan insanlar, ilişib-qalmış avtomobillər belə günlərdə bakılıları gözləyən xoşagəlməz halların yalnız bir hissəsidir.
Bakıdakı leysanın ən unudulmaz və təsirli mənzərəsi avtomobillərin Neftçilər prospektində ucu-bucağı görünməyən tıxac yaratması və Dərnəgül şosesində (Ziya Bünyadov prospekti) tunelin divarlarından fəvvarə vuran yağış sularının fotoları idi.
Amma deyəsən, paytaxt sakinlərinin yağışlı günlərdə üzləşdiyi iztiraba tezliklə son qoyulacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalaması da məhz yağıntının miqdarının artması və şəhərin inkişafı ilə bağlıdır. Bütün müvafiq strukturların rəhbərlərinin yer aldığı qrupa rəhbərlik Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevə həvalə olunub.
Sərəncamın preambulasında bildirilir ki, 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olub. Bununla yanaşı, qeyd olunur ki, yağış kanalizasiya sistemi Bakı və Abşeronun yüksək inkişaf templərindən geri qalıb, bu isə çoxsaylı subasmalarına, nəqliyyat tıxaclarına yol açıb.
Məhz belə halların qarşısının alınması üçün işçi qrupuna 3 ay ərzində kanalizasiya sisteminin mərhələli şəkildə yenidən qurulması təkliflərinin hazırlanması tapşırılıb. Onun Bakının inkişaf templəri, əhalinin artımı, həmçinin ekoloji və sanitar risklər nəzərə alınmaqla idarə olunması da nəzərdə tutulub.
Bundan başqa, işçi qrupu 2 ay ərzində leysan yağışların yağacağı təqdirdə, potensial subasma təhlükəsi olan küçələri müəyyənləşdirməli, yağış sularının axıdılması üçün kompleks tədbirlər təklifi hazırlamalıdır. Qrupa fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsi üçün müvafiq strukturların fəaliyyətinin əlaqələndirilməsi, müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərin hazırlanması da tapşırılıb.
Ən vacib məsələ
Bakıda kanalizasiya sistemini 1878-ci ildə qurmağa başlayıblar. O zaman bu, çox ciddi məsələ idi. Gün-gündən böyüyən şəhərdə üfunətdən nəfəs almaq olmurdu. 1884-cü ildə küçələrdə antisanitariya vəziyyəti və kanalizasiyanın çəkilişi məsələsi yenidən gündəmə gəlib. Bakı küçələrindəki saysız-hesabsız qanovlar, dözülməz üfunət təcili tədbirlər görülməsini zəruri edirdi.
İngilis mühəndisi Vilyam Lindley həmin vaxt artıq Sankt-Peterburq və Moskva üçün ayrı kanalizasiya sistemlərinin layihəsini işləmişdi. Bakı Texniki Cəmiyyəti yanında birgə sanitar komissiya yaradılır, quberniya idarəsinin rəhbəri Nikolay fon der Nonne komissiya sədri olur. Mayın 31-də o, ilk dəfə «Bakı şəhərinin kanalizasiya vasitəsilə assenizasiyası» adlı məruzəni təqdim edir. 1917-ci ildə, ilk növbədə, Şollar su kəmərinin tikintisinə başlanılan zaman şəhərin təsərrüfat həyatına da canlanma gəlir. Su xəttinin çəkilişi ilə mühəndis Lindleyin layihəsi əsasında şəhərin kanalizasiya problemi və kütləvi yaşıllaşdırma məsələsi də həll olunur.
Niyə tarixə baş vurduq? Göründüyü kimi, kanalizasiya çəkilişi bir günün işi deyil. Atmosfer yağıntılarını toplayaraq təmizləyici qurğulara, yaxud bilavasitə su anbarlarına istiqamətləndirən yağış suları kanalizasiya sistemi ilə yanaşı, təsərrüfat-məişət kanalizasiyası da var.
Keçmiş SSRİ ərazisindəki iri şəhərlərdə, o cümlədən Bakıda bu iki sistem kəsişmiş və bir-birindən ayrı işləyir. Şəhərdə bu cür sistem ayrı kanalizasiya sistemi adlanır. Sistemin seçimində tarixi amil də rol oynayır - sadə dillə desək, söhbət hansı sistemin daha əvvəl yaradıldığından, yaxud onun ümumiyyətlə mövcud olub-olmadığından gedir; məsələn, Parisdə və ya Romada kanalizasiyanın əsasını hələ romalılar tərəfindən yaradılmış nəhəng kollektorlar təşkil edirdi. Bakı, Roma, Paris, Moskva, Sankt-Peterburq, yaxud istənilən digər şəhərin kanalizasiya sisteminin tez bir zamanda dəyişdirilməsi, onun məsələn, Sinqapurda olduğu kimi qurulması texniki səbəblərdən mümkün deyil. Orada eyni vaxtda 3 kanalizasiya var: yağış, təsərrüfat və yalnız məişət axıntılarının axıdıldığı sistem. Amma bu infrastrukturu müəyyən qədər yeniləmək mümkündür.
Subasmadan necə qaçmaq olar?
Bu sualın cavabını 2 hissəyə ayırmaq olar. Birincisi, kanalizasiya sistemi savadlı hazırlanmalıdır. Yaxşı layihəçi küçələrin və səkilərin mayilliyini, yağış sularının axacağı barmaqlıqların sayını və yerini, boruların diametrini və meylini bir-birilə lazımi səviyyədə əlaqələndirəcək.
İkincisi, sistem keyfiyyətli qurulmalıdır. Bunun üçün yalnız layihənin savadlı hazırlanması kifayət deyil. Layihə keyfiyyətlə icra olunmalıdır. İnşaatçılar layihədəki parametrlərə dəqiqliklə əməl etməlidir. Bu işdə xırda detallardan çox şey asılıdır; məsələn, Azərbaycanda qazon düz əkilmir. Onlar səkinin səviyyəsindən aşağıda olmalıdır - bu zaman piyada yolundan su və çirkab qazonun üzərinə axacaq ki, burada qorxulu heç nə yoxdur. Qazon səkidən yuxarıda olduqda isə oradan bütün çirkli, torpaqlı su yola axmağa başlayır.
Üçüncüsü, sistem diqqətlə istismar olunmalıdır - yağış suyunu qəbul edən yolların zibillə, axına mane olacaq digər əşyalarla tutulmasına imkan vermək olmaz.
Odur ki, küçələr müxtəlif səbəblərdən su altında qalır. Hər şey yalnız yağışın nə qədər güclü olmasından asılı deyil. Burada ərazinin relyefi və digər şərtlər də rol oynayır. Küçə alçaqdırsa, onun hər iki tərəfində isə evlər tikilibsə, suyun axacağı yer yoxdur - belə küçələr mütləq su altında qalmalıdır ki, Bakıda da məhz bu müşahidə olunur.
Müasirləşdirmə, yoxsa ləğvetmə?
Bütün bunlarla yanaşı, Bakının bu sahədə əsas problemi yağışötürücüləridir. Bir əsr əvvəl salınmış və yalnız sovet dönəmində bərpa olunmuş kanalizasiya sisteminin son dərəcə köhnəldiyi heç kəs üçün sirr deyil.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova «R+»a açıqlamasında bildirib ki, Bakının inkişafı dövründə şəhərin yağış suları üçün nəzərdə tutulmuş kanalizasiyası yararsız hala düşüb: «O, təsərrüfat və məişət axıntıları üçün nəzərdə tutulmuş adi kanalizasiya sistemindən ayrı, tunellər sistemindən ibarət idi. Yağış suyu filtrdən keçmədən, birbaşa dənizə axırdı. Sonralar, ötən əsrin sonunda bu sistem ləğv edildi və yağış sularının axıdıldığı borular kanalizasiya sisteminə birləşdirildi».
Onları ayırmağın vaxtıdır
Müvafiq strukturlarda bu fikirlə qismən razıdırlar; məsələn, «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı paytaxtın kanalizasiya sisteminin tamamilə yenidən qurulmalı olduğunu düşünür. Onun fikrincə, xüsusilə yağış sularının axıdıldığı sistem kanalizasiyadan ayrılmalıdır. Hazırda yağış suları kanalizasiya suları ilə birlikdə təmizləyici qurğulara axır, bu isə həmin qurğuları normadan artıq yükləyir. A. Cəbrayıllı hesab edir ki, yağış sularının dənizə, yeraltı axınlara və göllərə təmizlənmədən axıdılması üçün tunel sistemi qurulmalıdır.
«Azəravtoyol» ASC-də də eyni fikirdədirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli paytaxt küçələrinin əksəriyyətinin sovet illərində salındığını xatırladır. O zaman yağış sularının axıdılması üçün xüsusi kanalizasiya sisteminə ehtiyac olmayıb. Çünki Bakının relyefi suyun küçələrə yığılmasına imkan vermirdi, üstəlik, şəhərdə binalar da indikidən xeyli az idi. Həmin dövrdə küçələrin cəmi 11-12%-i yağış suları üçün kanalizasiya ilə təmin olunmuşdu. «İndi vəziyyət fərqlidir. Paytaxt böyüyür, yeni evlər tikilir. Elə ərazilər yaranıb ki, orada yağış sularının axıdılması üçün sistem son dərəcə ciddi zərurətə çevrilib. Belə ərazilər mütəxəssislərimiz tərəfindən müəyyənləşdirilir. Yolların təmiri zamanı orada mütləq yağış suyu kanalizasiyası qurulur. Son bir ildə belə küçələrdə 6 kilometrlik kanalizasiya çəkilib. Bu, paytaxt küçələrinin 14-15%-i deməkdir. Həmin küçələrdə heç bir problem yaranmır. Bu istiqamətdə işlər davam etdirilir», - deyə o, qeyd edib.
Bununla yanaşı, küçədə sözügedən sistem yoxdursa, bu, onun mütləq yağış sularının altında qalacağı anlamına da gəlmir. «Su müəyyən məsafəni axaraq kollektora tökülür. Təəssüf ki, bəzən yağış suları üçün nəzərdə tutulmuş kanalizasiya məişət kanalizasiyası kollektoruna birləşdirilir. Belə olan təqdirdə o, təbii ki, leysan yağışlar zamanı axıb- gələn suyu ötürə bilmir. Nəticədə, yağış suyu məişət axıntıları ilə birlikdə üzə çıxır. Hər birimiz belə halın şahidi olmuşuq», - deyə Nəcəfli qeyd edib: «Bundan sonra yolun guya düz çəkilmədiyi, yağış suyu üçün kanalizasiyanın olmadığı haqqında ittihamlar başlayır… Halbuki, həmin ərazilərdə yağışötürücüləri var. Sadəcə, onlar məişət kanalizasiyası kollektoruna birləşdirildiyindən, axıb gələn su həcmini ötürə bilmir. Bunun yolların keyfiyyətinə heç bir aidiyyəti yoxdur».
A.Nəcəflinin sözlərinə görə, leysan yağışları zamanı ən ciddi problem Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli və Əliyar Əliyev küçələrilə kəsişməsində yaranır. Halbuki, bu prospektə yol tikintisi zamanı yağış suları üçün kanalizasiya sistemi qurulub və o, işləyir. Lakin leysanlı günlərdə kanalizasiya kollektorları işinin öhdəsindən gələ bilmir və beləliklə, prospekt su altında qalır. Eyni hal Əliyar Əliyev küçəsində, Keşlə bazarının yaxınlığında da yaşanır. «Azəravtoyol»da hesab edirlər ki, belə halların qarşısının alınması üçün yeni yağış suyu kollektoru tikilməlidir. Təşkilat artıq bununla bağlı «Azərsu»ya rəsmi müraciət ünvanlayıb.
Bəs, yağışötürücüləri niyə məişət kanalizasiyasına birləşdirilir? Nəcəflinin sözlərinə görə, buna səbəb onların sayının azlığıdır. «Bəzi hallarda yağış suyu kanalizasiyasını tikinti işləri zamanı da dağıdırlar; məsələn, belə hal «Koroğlu» metro stansiyası yaxınlığında baş verib. Orada Sabunçu qəsəbəsinə gedən yolda su basmış yerlərin qurudulması zamanı yağış suyunu qəbul edən sistem zədələnib. Nəticədə yol su altında qalır, hər kəs «Azəravtoyol»u söyür. Halbuki, burada bizim heç bir günahımız yoxdur».
Suda qalan avtomobillər
Yağış yalnız yolları yox, kommunikasiyaları da sıradan çıxarır. Tıxaclara səbəb görüntünün pis olması, bəzi hallarda avtomobilin sürüşməsi, bəzilərinin mühərrikinin «sönməsi», həmçinin işıqforların düzgün işləməməsidir. Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının sözlərinə görə, «səbəb yağış nəticəsində kabellərin sıradan çıxması, bəzən elektrik enerjisinin verilişində müvəqqəti fasilələrin yaranmasıdır Lakin biz hər hansı çatışmazlığı aşkar edən kimi, dərhal mütəxəssislərimiz əraziyə yollanır». Bununla yanaşı, Ş.Mehmanqızı paytaxtda işıqforların bir hissəsinin onların idarəsinə, bir hissəsinin isə DİN-ə aid olduğunu bildirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə deyir ki, işıqforlarla bağlı problem yaranan zaman sürücülər hərəkəti davam etdirməli, sadəcə əsas qaydalara əməl etməlidir. Ümumilikdə isə o, avtomobil həvəskarlarını bu cür hava şəraitində şəxsi nəqliyyatdan istifadə etməməyə, ictimai nəqliyata üz tutmağa çağırıb: leysan yağışları Bakıda 22 yol qəzasına səbəb olub.
Yağış avtomobil üçün əsl fəlakətdir. Xüsusilə yollardakı çalaların dərinliyini nəzərə alsaq… Sedan tipli adi avtomobil üçün çalaların dərinliyi baxımdan kritik hədd 30 santimetr, yolsuzluq avtomobilləri üçün 60-70 santimetrdir. Hər şey avtomobilin hansı hündürlükdə yerləşməsindən asılıdır. Su havasorma borusuna düşürsə, bu, artıq həyəcan siqnalıdır. Bu zaman ilk iş mühərrikin dövretmə tezliyini 3 minədək artırmaq, bununla yanaşı, sürəti yüksəltməməkdir. Bu, sürücülük təcrübəsi az olanlar üçün elə də asan iş deyil. Əks təqdirdə, borusundakı təzyiqin suyu «üfürə» bilməməsi, nəticədə, suyun səsboğucuya axması riksi var. Bu halda maşını yerindən tərpətmək çox çətin olacaq. Suyun mühərrikə düşməsi ona ciddi zərər vura, nəticədə mühərrikin tamamilə yenidən yığılması zərurəti yarana bilər. Bu, kifayət qədər bahalı işdir. Çalada ilişib-qalmış maşını oradan müstəqil şəkildə çıxarmaq mümkün olmursa, ən yaxşısı mühərriki gücə salmamaq, kimdənsə yardım istəməkdir. Çünki bu zaman ən vacib olanı mümkün qədər tez bir vaxtda quru əraziyə çıxmaqdır.
İstənilən halda, Prezident İlham Əliyevin sərəncamı yağış sularının yaratdığı problemlərlə bağlı vəziyyətin kökündən dəyişdirilməsinə imkan verəcək. Yalnız bundan sonra biz sellərin yaratdığı “göllər”də batmadan təmiz yağışlı havadan zövq ala biləcəyik.
MƏSLƏHƏT GÖR: