24 Dekabr 2024

Çərşənbə axşamı, 05:31

MÜBARİZƏ ƏZMİ

Robert PROSİNEÇKİ: «Rəqiblər bizə qalib gəlmək üçün var gücü ilə mübarizə aparmalı olduqlarını anlamalıdırlar”

Müəllif:

01.12.2016

Futbol üzrə Azərbaycan millisi cari seçmə mərhələdə nəinki azarkeşləri, eləcə də bütün Avropanı təəccübləndirməyi bacardı. Dünya Çempionatının ilk üç matçında 7 xal toplayaraq, qapısından qol buraxmayan yığma aparıcı idman nəşrlərinin əsas müzakirə mövzusuna çevrildi. Səfərdə San Marino üzərində qələbə gözlənilən idisə, Bakıda Norveçlə matçda 3 xal qazanacağımızı, Çexiya ilə oyundan 1 xalla qayıdacağımızı ən nikbin azarkeş belə güman etmirdi. Amma ardıcıl üç oyundan sonra göyün yeddinci qatına yüksələn azarkeşlərimizin arzuları Belfastda puç oldu. Şimali İrlandiya ilə görüşdə heç bir mübarizə əzmi göstərməyən futbolçular yekunda 0:4 hesablı məğlubiyyətə üzüldü. Bununla belə, 4 oyundan sonra 7 xalı olan Azərbaycan millisi qrupda 3-cü yerdə mövqeyini qoruyur və pley-off uğrunda mübarizəni davam etdirmək şansındadır.

Azərbaycan millisinin cari mövsüm sərgilədiyi oyun, 2016-cı ilin yekunları və gələcək hədəflər barədə ölkənin əsas komandasının baş məşqçisi Robert PROSİNEÇKİ “R+”a müsahibəsində danışıb.

- Azərbaycan yığması tarixinin ən uğurlu seçmə mərhələsini keçirir. Dörd oyundan sonra komandanızın 7 xalı var. Bu, sizi sevindirir, yoxsa həyəcanlandırır?

- Milli komandanın uğurları hər zaman baş məşqçini sevindirir. Buna əmin ola bilərsiniz. Həyəcanlanıram deyə bilmərəm, amma məsuliyyət də artır. Axı yığmadan daha böyük gözləntilər olacaq. İllər öncə Şimali İrlandiya kimi komandayla matçda heç-heçə uğur sayılacaqdısa, bu gün qələbə arzulayanlar da var. Yığmanın sərgilədiyi oyun azarkeşlərə itirdikləri ümidi qaytarmağa kömək oldu.

- Amma son oyunda – Şimali İrlandiya ilə görüşdə (0:4) komanda özünə bənzəmədi...

- Tapşırıqları yerinə yetirmək mümkün olmadı. Müəyyən səhvlərə yol verdik, rəqib səhvlərimizi bizə bağışlamadı. Şimali irlandiyalı futbolçuların çoxu İngiltərənin müxtəlif klublarında oynayır. Futbolda əsas məqsəd hər dəfə daha gözəl oyun nümayiş etdirərək müsbət nəticə qazanmaqdır. Belfastda 1 xal qazanmaq mümkün görünürdü, sadəcə bu dəfə alınmadı. Bununla belə, mübarizəni davam etdirəcəyik. Qrupumuzda favorit Almaniyadır, lakin biz də şans uğrunda sona kimi vuruşacağıq.

- Belfasta qədər Azərbaycan millisinin oyunu sizi də təəccübləndirmişdi?

- Bu komanda təkcə üç oyundan yox, ondan öncə də Norveçlə səfər oyunundan Bakıya yaxşı nəticə ilə qayıtmışdı. Güclü Xorvatiya millisinə qarşı Bakıda yaxşı oyun nümayiş etdirdik. Ancaq bu, bizim iki ildir sürən fəaliyyətimizin son nöqtəsi deyil. Biz hər zaman daha böyük uğurlar əldə etməyə can atırıq. Gənc, perspektivli oyunçuları komandaya cəlb etmək, kollektivdə yaxşı ab-hava, nizam-intizam yaratmaq lazımdır ki, müvəfəqiyyətlər davamlı olsun. Komandaya yeni gələndə qarşıma qoyduğum ən prioritet məsələ futbolçuların düşüncəsini, oyun mentalitetini dəyişmək idi. Ən böyük problemlərdən biri o idi ki, futbolçular indiyə kimi güclü rəqiblərlə qarşılaşanda ən böyük məqsəd olaraq, böyük hesabla məğlub olmamağı düşünürdülər. Elə işin də ən zəruri tərəfi oyuçulara özünəinam hissini aşılamaq idi.

- Yəni futbolçuların psixoloji vəziyyəti dəyişməli idi?

- Yığma üzvləri yaxşı futbolçu olduqlarını, güclü rəqiblərə qarşı gözəl futbol oynaya bildiklərini anlamalıdırlar. Üstəlik, komandaya və oyunçulara inam olmalıdır. Mənim inamım kifayət deyil, komandaya eyni zamanda mətbuat, azarkeşlər və bütün ölkə inanmalıdır. Bizim oyunçular da bu inamı öz oyunları ilə doğrultmalıdırlar.

- Siz gələndən sonra ölkə futbolunda nə dəyişdi?

- Mənim gəlişimlə deyil, amma burada olduğum vaxtlarda yaxşı nəticələri izlədim. İki ildir, "Qəbələ", üç ildir, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Biz Avroliqanın tanınmış komandalarını və oyunçularını burada görə bilirik. Azərbaycan milli komandası “DÇ-2018”in seçmə mərhələsi çərçivəsində üç oyun ərzində göstərdiyi uğurlu nəticə - 2 qələbə, 1 heç-heçə sayəsində 7 xal toplayaraq, qrupda ikinci pillədə qərarlaşmışdı. Bunlar da son illərdə futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Hazırda qrupda üçüncü yerdəyik və növbəti oyunlarda mövqeyimizi yaxşılaşdıra  bilərik.

- Sizcə, Azərbaycan futbolunun ən böyük problemi nədir?

- Bir sıra məqamlar var ki, onları fərqli görmək istərdim. Məsələn, ötən dəfə "Qarabağ" - "Neftçi" qarşılaşmasını canlı izləyirdim. Açığı, stadionda izdiham gözləsəm də, görüşə çox az sayda azarkeş qatılmışdı. Bir faktı da deyim, müşahidələrim göstərir ki, bizdə stadionun dolması əksər hallarda rəqib komandaya bağlı olur; məsələn, 2017-ci ilin martında Almaniya ilə oyunumuz baş tutacaq. Əminəm ki, həmin matçda stadion tam dolacaq. Məncə, əsl azarkeş öz sevimli komandasına kimlə qarşılaşmasından asılı olmayaraq, hər zaman stadiondan sona qədər dəstək olmalıdır. Arzu edərdim ki, Azərbaycan millisinə də dəstək bu formada olsun.

Dünyanın hər yerində bu sahədə ən vacib məsələ istedadlı uşaqlar, uşaq futbol məktəbləridir. Azərbaycanda bunlar mövcuddur. Uşaqların üzərində səylə işləməklə, məşq etməklə uğur əldə etmək olar. Ancaq ən birinci həmin istedadlı uşaqları araşdırıb tapmaq lazımdır. Azərbaycan futbolu, hələ ki, öz imkanlarını tam istifadə edə bilməyib. Mən milliyə gəldikdə ilk növbədə gənc və istedadlı oyunçulara şans verdim ki, onlar öz bacarıqlarını göstərsinlər. Son vaxtlar da onların meydanda göstərdiyi oyun fiziki cəhətdən hazırlıqlı olduqlarına əyani sübutdur. Klub futboluna gəldikdə, "Qarabağ" iki dəfə az qala Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqdı. Bir az bəxtləri gətirmədi. Yenə qeyd edirəm, bizim "Qarabağ" və "Qəbələ" klubları qrupa vəsiqə qazanmaqla göstərirlər ki, Azərbaycanda istedadlı futbolçular var. Onların üzərində işləmək lazımdır ki, müvəfəqiyyətli nəticələr bol olsun.

- Azərbaycanda futbola böyük pullar xərclənir. Xorvatiyada bu, necədir?

- Xorvatiyada milli komandaya o qədər də vəsait xərclənmir. Buna baxmayaraq, futbolçularımız dünyanın aparıcı klublarında çıxış edirlər. Bu, istedadlı oyunçuların çoxluğu ilə əlaqədardır. Burada istedad çox vacib amildir. Ölkənizdə futbola böyük sərmayənin yatırılması inkişafa hesablanıb. Pul idmanda çox vacib amildir. Klubların və milli komandanın çıxışları oyunçulara təkan verir, bu da futbola olan marağı artırır. İnfrastruktur baxımından AFFA tərəfindən böyük işlər görülüb, yeni meydançalar tikilib. Bu da onu göstərir ki, infrastruktur baxımından futbolun inkişafı üçün problemlər yoxdur. Düşünürəm ki, Azərbaycanın nə vaxtsa dünya və yaxudAvropa çempionatının final mərhələsinə vəsiqə qazanması çox böyük nailiyyət olardı. Yığmada oynayan futbolçuların dünyanın ən tanınan, ən güclü komanda və oyunçuları ilə üzbəüz mübarizə aparması həm futbolçularda, həm də azyaşlı uşaqlarda böyük motivasiyaya səbəb ola bilər.

- Əvvəlki baş məşqçi, sabiq müdafiəçi Berti Foqtsun dövründə Azərbaycan millisi daha çox müdafiə haqda düşünürdü. Sizinlə isə yığmanın oyun üslubu dəyişdi...

- Futbolda ən əsas faktor mübarizə əzmidir. Biz baxımlı, əzmkar futbol nümayiş etdirmək istəyirik ki, azarkeşlər bizim oyundan zövq alsınlar. Sözsüz, bu, həmişə alınmır. Rəqibdən də çox şey asılıdır. Hər halda fəlsəfəm belədir ki, biz yalnız müdafiə oyunu və yaxud qabağa top vuraraq təsadüfi nə alınar-alınmaz yox, arxa xətdən ağıllı hücumlar qurub texnikalı futbol nümayiş etdirməliyik. Təbii ki, soruşsanız, deyərəm ki, Azərbaycan heç vaxt Braziliya olmayacaq. Çünki onların 200 milyondan çox əhalisi var, orada hər uşaq səhərdən-axşamadək dəniz qırağında futbol oynayır. Azərbaycanda belə olmasa da, məqsədim öz üzərimizdə işləyərək daha baxımlı oyun göstərmək, mübarizə əzmimizi artırmaqdır. Biz istəyirik ki, Azərbaycana gələn hər bir yığma bizim asanlıqla təslim olmayacağımızı bilsin. Rəqiblər bizə qalib gəlmək üçün var gücü ilə mübarizə aparmalı olduqlarını anlamalıdırlar. Yığmamızda oyunçu potensialı perspektivlidir, futbolçuların durumundan çox razıyam. Gəlin, açıq danışaq, bir neçə il əvvəl Azərbaycan futbolundan o qədər də müsbət danışmırdılar. Ancaq cari seçmə mərhələninoyunlarından sonra artıq Avropada Azərbaycan futbolu müzakirələrə səbəb olub. Mənə elə gəlir ki, bu, çox böyük uğurdur, biz bununla sevinir və fəxr edirik. Yenə də qeyd edirəm, iş bununla bitmir, biz daha çox işləməliyik ki, öz futbol stilimizi heç bir məktəblə müqayisə etməyək və mövcud futbolçu potensialından istifadə edərək öz oyun tərzimizi sərgiləyək.

Heç kim inciməsin, əvvəllər millinin futboldan xəbəri yox idi. Azərbaycan yığması Foqstun dönəmində 10 nəfərlə müdafiə olunurdu və 1 nəfər hücumda mübarizə aparırdı. Milli həmin vaxt daha çox uzun ötürmələrlə oyun qurmağa çalışırdı. İndi isə azarkeşlərə əsl futbolun nə olduğunu göstəririk. Xorvatiya kimi güclü komanda ilə heç-heçə etdik, İtaliyaya qarşı yaxşı oynadıq. Mən burda olduğum müddətdə futbol baxışımdan imtina etməyəcəm. Bu, mənim futbol fəlsəfəmdi. Nə qədər ki, burdayam milli baxımlı futbol sərgiləməyə davam edəcək.

- 2016-cı ili 7 xalla başa vurduq. 2017-ci ildə bizi nə gözləyir?

- Söylədiyim ki, layiqli mübarizə aparmağa çalışacayıq. Almaniyaya qarşı oyunda heç nə söz verə bilmərəm. Çünki, bundestim təkcə qrupun deyil, bütün turnirlərin favoritidir. Braziliya kimi komanda belə onlarla çətinlik yaşayır. Amma digər oyunlarda azarkeşlərin ümidini doğrultmalıyıq. Ola bilər ki, heyətdə yenə dəyişikliklər olsun. Hər zaman olduğu kimi hazırlıq dönəmində özünü yaxşı tərəfdən göstərənlərə şans verəcəm. Mənim üçün futbolçunun millinin düşərgəsində göstərdiyi hazırlıq çox vacibdir.

- Dadlı yeməkləri xoşlayan insan təsiri bağışlayırsınız. Azərbaycan mətbəxi haqqında nə deyə bilərsiniz? Ölkəmizdə ailənizlə yaşayırsınız...

- Ailəmlə burada yaşayırıq və çox məmnunuq. Uşaqlarım burada məktəbə gedirlər. Gözəl ölkədir, insanlar gözəldirlər, burada həm özüm, həm də ailəm özünü yaxşı və rahat hiss edir. Bakı böyük və təhlükəsiz şəhərdir. Ləziz mətbəxiniz var və bu, mənim çox xoşuma gəlir. Daha çox yarpaq dolmasını sevirəm (tərcüməçinin vasitəsilə başa salır). Sakinləri istiqanlıdır, həmişə kömək etməyə çalışırlar. Bəzən ingilis dilinə görə çətinliyim olur, amma yenə də insanlar hər hansı bir şəkildə kömək etməyə çalışırlar. Futbola təzyiq bütün ölkələrdə böyükdür, Azərbaycanda bu təzyiq, bəlkə də, daha böyükdür, amma buna hazır olmaq lazımdır. Çox şadam ki, buradayam, şikayətim yoxdur, çox razıyam. İşdən kənar vaxtım az olur, onu da çalışıram, ailəmlə birlikdə keçirim. Bakıda çox görməli-gəzməli yerlər var, çox gözəl şəhərdir. Futboldan başqa yeganə hobbim ailəm olduğu üçün boş vaxtımı daha çox onlarla keçirirəm.



MƏSLƏHƏT GÖR:

440