Müəllif: Valentina REZNİKOVA Bakı
Dövlət Pantomima Teatrında yenidən premyeradır. Yenə də teatr öz izləyiciləri ilə gündəlik problemlər barədə danışmağa cəhd edir. Burada kütlənin boş yerə şənlənməsi naminə çalışmırlar, sadəcə, tamaşaçıya hörmət edirlər, onlara suallarla müraciət edərək, ciddi məsələləri çözməyə və fikirləşməyə məcbur edirlər. Teatrın bədii rəhbəri Bəxtiyar Xanızadənin rəhbərliyi altında hazırlanmış tamaşa «Andeqraund» adlandırılır.
Amma bu, kütləvi mədəniyyətə, meynstrimə və rəsmi incəsənətə qarşı qoyulmuş tamaşanın stilistik forması deyil. Bu, kütləni elə də məzəli olmayan biabırçılıq ilə şənləndirmək cəhdi də deyil. Bu, çağdaş həyatın salnaməsidir. Yəni bizim həyatın. Yetərincə konkret salnamədir. Ümumi qəbul edilmiş normalardan, əxlaq dəyərlərindən və mənəvi dəyərlərdən imtinası ilə Amerika və Avropa andeqraundlarının narkotiklərin, seksual azlıqların leqallaşması mövzularını, hədsiz həyasızlıqlarını xatırladır.
Bəs biz? Biz tələsirik: dostların üzünə baxmadan yaşamağa; uşaqların itirilmiş dəcəlliyini fikir vermədən maddi sərvətləri artırmağa tələsirik. Bizim vaxtımız yoxdur. Uşaqlar bunu bağışlamır. Onlar isə yeraltı dünyaya, zirzəmilərə, narkotiklərə tərəf gedirlər. Orada onların öz qardaşlığı, özlərinin yaratdığı dünya var. O dünyanın bizimlə əks-əlaqəsi yoxdur.
Təxminilik
Bəxtiyar Xanızadə və onun aktyorları həyatdan getmək mövzusunda deyil, onunla əks-əlaqə yaratmağa çalışmayanların həyatından getmək mövzusunda fikir yürüdürlər. Kainatın qaranlıq fəzasında qırmızı, bezdirici cingiltili telefondan başqa heç nə yoxdur. Qəhrəmanların rədd etdikləri dünyadan zəng gəlir. Birləşmə üçün kiçik ümiddir. Fəqət ... Tovlayıcı zəng, sadəcə, zəng olaraq qalır: qəhrəmanlardan heç biri zəngə cavab vermir.
Bəhruz Əhmədlinin, Nurlana Rüstəmovanın, Elnura Rzayevanın, Elxan Şıxəliyevin, Solmaz Bədəlovanın, Leyla Atayevanın, Nuridə Musabəylinin, Sabirə Həsənovanın və İbrahim Tağıyevin ifa etdiyi doqquz personaj novelladan novellaya indiki nəsilin problemlərini: tənhalığı, qərarsızlığı, inamsızlığı, qorxunu, zalımlığı, mövcudluğun mənasızlığını daşıyırlar. Onların qəhrəmanları gerçək həyatdan o qədər uzaqdırlar ki, durumdan ən real çıxış intihara bərabərdir. Onlar narkotiklərin və xəstəliklərin ağır əzablarından ölmürlər. Onlar, sadəcə, mövcudluqlarını dayandırırlar. Bir an içində: tapança, gicgah, güllə və ölüm. Bizim qızlar və oğlanlar. Bizim uşaqlar. Bizim gələcəyimiz. Hər şey bir anda silinir.
Əqrəb – insanlar
Tamaşanın müəllifi qəhrəmanlara güzəşt üçün imkan yaratmır. O da tamaşanın qəhrəmanları kimi rəqibə xal vermək istəmir. Hər şey sərt, real və gerçəkdir. Hər şey həyatdakı kimidir: hər kəs seçdiyini alır. Hadisələrin ortasındakı iki nəfərdən başqa doqquz qəhrəmanın heç biri standart durumdan çıxış yolu tapa bilmir. Bu iki nəfər münaqişəyə girir və bir-birlərinə nifrət etməkə, bir məqamda anlayırlar ki, onların gücü birləşməkdədir. Yalnız birlikdə onlar gücdürlər. Yalnız birlikdə səylərini birləşdirərək onlar fərqli, daha gözəl həyata sıçrayış edə bilərlər.
Ancaq final, quruluşçu müəllifin istəyincə, elə də optimist deyil. Üç qəhrəman öz mövcudluq fəzasını bölməyə cəhd edirlər. İkisi üçüncünün iradəsi altında bir-birlərini öldürürlər. Yalnız qalmış üçncü özü-özünü yeyir. İnsanlar insanlıqdan çıxırlar. Onlar təhlükə anında özünü öldürən əqrəbə çevirilirlər. Əqrəb insanlar. Onlar simasızdırlar, buna görə də qorxuludurlar. Onların yaradıcı başlanğıcı yoxdur, deməli həyatları da yoxdur. Onlar əvvəlcədən məhvə məhkumdurlar.
Bəxtiyar Xanızadə bu cür final düşünməklə sərt və acıq şəkildə gerçəklikdəki həqiqəti vurğulayır: harada iradə və yaradıcılığa canatma yoxdur, orda mənəvi cırlaşmadan sonra gələn ölüm bayram edir. Düşünürsünüz ki, bu həddindən sərt və realistdir? Deyirsiniz ki, final Hollivudun standart xoşbəxt sonluğu ilə bitməlidir? Amma bu teatrda tamaşaçılarla dialoq üçün belə oyun şərtləri nəzərdə tutulmayıb. Burada ikiüzlülük etmirlər və kassa uğuru naminə tamaşaçıların üzünə gülmürlər. Burada dialoqları bərabər səviyyədə qurmaq qaydadır: bir-birinə etibar və hörmət edərək.
«Andeqraund» - tamaşa-təxribat, tamaşa dialoqdur. O, ailəvi baxış üçün, yuxarı sinif şagirdləri və tələbələr üçün, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə açıq müzakirələr üçün nəzərdə tutulub. Teatrın açıq meydançasından başqa harada belə canlı və maraqlı müzakirələr qurmaq olar? Axı bəllidir ki, həqiqət mübahisələr zamanı doğulur…
MƏSLƏHƏT GÖR: