23 Dekabr 2024

Bazar ertəsi, 22:26

VƏTƏNİN RƏSMİNİ ÇƏKƏN RƏSSAM

Sakit MƏMMƏDOV: «Vətənpərvərlik - insanı ölkəsinin həyatını daha gözəl etməyə çağıran yaradıcı sevgidir»

Müəllif:

01.12.2016

Azərbaycanın əməkdar rəssamı, YUNESKO Rəssamlar İttifaqının üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, «Vətən oğlu» qızıl ordeninin sahibi, «Dədə Qorqud» mükafatı laureatı, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Leonardo da Vinçi medalının, «Avropanın şərəfi» ordeninin, “Böyük Qızılı” cəngavər ulduzunun, «Xidmətlərə görə» Aleksandr Xaçının, “Dostluq” ordeninin, «Minilliyin adamı» titulunun sahibidir, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Azərbaycanlı rəssam Sakit Məmmədovun prestijli mükafatlarının siyahısını daha da artırmaq olar.

2015-ci ildə buna daha biri də əlavə olundu - Sakit Məmmədov Beynəlxalq Cəngavərlər Ordeninin - Malta ordeni kavalerlərinin Zabit xaçı ilə mükafatlandırıldı. Bu yaxınlarda məlum oldu ki, Vatikan Zadəgan Heraldika Akademiyası tanınmış azərbaycanlıya qraf titulu verilməsi barədə qərar qəbul edib. Buna qədər həmin mükafatı yalnız bir rəssam - Salvador Dali alıb. Sakit Məmmədova zadəgan titulunun verilməsi bu ilin dekabr ayında Vatikanda XII əsrə aid qədim qəsrdə baş tutacaq.

- Sakit müəllim, bütün bu çoxsaylı mükafat və adlar sizin üçün nə məna daşıyır?

- Mən onları yalnız yaradıcılığıma və şəxsən mənə hörmət əlaməti kimi qəbul edirəm. Bundan artıq heç nə… Mənim titul və mükafatlarımın olub-olmaması heç nəyi dəyişmir. Mən rəsmlər çəkmişəm, bundan sonra da çəkəcəyəm. Düşünürəm bu, Yaradanın mənə nə zamanasa bəxş etdyi ən böyük mükafatdır. Bu, rəssamlıq istedadır.

- Sizin işlərdən biri mərhum Roma Papası II İoann Pavelin portreti Vatikan muzeyində saxlanır. Bu əsərin yaranmasından danışın…

- Bir neçə il qabaq mən italyan rəssamları ilə birlikdə məşhur Florensiya Rəsm Qalereyasında - dünyanın ən prestijli qalereyasında sərgidə iştirak etmişdim. Özünüz təsəvvür edin, qızıl medala layiq görülmüşdüm. Onda bu qalereyanın rəhbərləri mənə II İoann Pavelin portretini çəkməyi təklif etdilər. Etiraf edirəm ki, italyanlar tərəfindən bu cür etibarı heç zaman gözləmirdim. Təbii ki, Roma Papası səhhəti və yaşı üzündən rəsm üçün poza verə bilməzdi. Amma sifarişçilər Bakıya mənim üçün papanın müxtəlif vaxtlarda müxtəlif rakurslarda çəkdirdiyi fotoşəkillərdən ibarət fotoalbom göndərdilər. Mən bu önəmli sifariş üzərində, demək olar ki, iki ay işləmişəm. Nəticədə, 1,70 x 1,20 m ölçüsündə rəsm alındı. Yeri gəlmişkən, portretdə II İoann Pavelin masasının üstündə dörd müqəddəs kitabı çəkmişəm və Qurani-Kərimi ən yüksəkdə yerləşdirmişəm, çünki Qurani-Kərim fani insanlar üçün göndərilmiş sonuncü müqəddəs kitabdır.  

Portret başa çatandan sonra, italyanlar onu Roma Papasına Florensiya Qalereyası adından hədiyyə vermək istədilər. Amma mən imtina etdim. Niyə azərbaycanlı rəssamın fırçasına məxsus əsər italyanların adından hədiyyə edilməlidir? Mən məqamı gözlədim və əsəri öz ölkəmin adından təqdim etməyi qərara aldım. Portret Roma papasına Prezident İlham Əliyevin Vatikana səfəri zamanı təqdim edildi. 

- Sizin əsərlərinizdən biri həmçinin Vindzor qəsrini - ingilis monarxlarının iqamətgahını bəzəyir. Siz Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüş imkanı qazanmış az sayda azərbaycanlıdan birisiniz. Maraqlıdır, nədən söhbət elədiniz?

- İndiki atlı polonun sələfi - ənənəvi Azərbaycan idman oyunu çovkan barədə. Mən Əlahəzrətə Qarabağa həsr etdiyim «Cıdır düzü» əsərimi təqdim etdim. Bu əsərdə mən ölkəmizlə bağlı bir neçə rəmzi birləşdirmişdim: dağ çiçəyi xarı bülbülü, Qarabağ atlılarını və bülbülləri, çovkanı, ağ atın üzərində oturmuş Xan Qızını və uzaqda qürurla dalğalanan Azərbaycan Bayrağını təsvir etmişdim. II Yelizaveta əsərə diqqətlə baxaraq çovkan oynayan atlılara işarə edib soruşdu: «Bu, atlı polodur?». Ünsiyyət üçün ayrılmış beş dəqiqə əvəzinə mən, demək olar ki, yarım saat ona Qarabağın tarixi, milli kostyumları və musiqi alətləri, qədim Azərbaycan çovkanının bir növ polonun sələfi olması barədə ətraflı danışdım. Danışdım ki, qədimlərdən çovkan xüsusi sahədə və xüsusi təlim görmüş atlarla oynanan aristokrat oyunu olub, çovkan yarışlarında hətta şah ailəsinin təmsilçiləri də iştirak ediblər.

- Niyə siz ona məhz bu əsəri təqdim elədiniz?

- Mən düşündüm ki, portretin yeri deyil, hansı qadın yaşının bu çağında kətan üzərində qırışlarını və ağ saçlarını görmək istəyər? Natürmort və peyzajı da siyahıdan çıxardım - İngiltərədə yetərincə gözəl təbiət mənzərələri var. Buna görə də mən əlahəzrətə xüsusi, yalnız bizim millətə xas bir şey göstərməyə çalışdım. Və onda mən «Cıdır düzü»nü çəkdim (düşünür). Bilirsiniz, vətənpərvərlik mənim üçün İnternetdə Azərbaycanın necə əziz olması barədə sonsuz müzakirələr, konsertdə bayraq yelləmək, yaxud Soso Pavliaşvilini Bakıya buraxıb - buraxmamaq barədə mübahisələr deyil. Mənim anlamımda vətənpərvərlik - Vətənə insanı ölkəsinin həyatını daha gözəl etməyə çağıran yaradıcı sevgidir. Mən istəyirəm ki, başqa ölkələrdə yaşayan və Azərbaycan haqqında, demək olar ki, az məlumatı olan insanlar mənim əsərlərimlə tanış olduqdan sonra Vətənimlə maraqlansınlar, onu yaxından tanımaq istəsinlər. Onlar üçün ölkələrində keçirilən sərgilərimdə mən sadəcə rəssam kimi deyil, Azərbaycan kimi təqdim olunurdum. Bizim hər birimiz Vətəndən kənara çıxan zaman məsuliyyət hiss etməliyik. Orada biz sadəcə, Azərbaycan vətəndaşı deyilik. Biz öz ölkəmizin təmsilçisiyik, necə deyərlər, bütöv xalqın sifətiyik.

- Öz şagirdləriniz barədə danışın. Siz ciddi müəllimsiniz?

- Mənim doqquz şagirdim var və bununla yanaşı, iki oğluma da dərs keçirəm. Mən o adamları seçməyə çalışıram ki, həqiqətən Tanrı tərəfindən istedad bəxş edilib və təbii ki, rəsm çəkməyə həvəsi var. Tapşırıqla heç kimi götürmürəm. Şagirdlərim üçün öz emalatxanamı ayırmışam, həmçinin onları rəsm dərsində lazım olan hər şey - boya, kətan və fırça ilə təmin edirəm. Bütün bunlar tamamilə pulsuzdur. Onlardan yalnız səbr, dinləmək bacarığı, müşahidə etmək və dərslərə ciddi yanaşmaq tələb edilir. Mən yetərincə ciddi və tələbkar müəlliməm. Düşünürəm ki, əgər bir işin qulpundan yapışırsansa, onu yüz faiz ideal eləmək lazımdır.

- Siz onları hansı prinsiplər əsasında tərbiyə edirsiniz?

- Mən həmişə onlara deyirəm ki, öz qiymətlərini bilməlidirlər. Onlara iddialı və qürurlu olmağı, hər yerdə və həmişə başlarını dik tutmağı və özlərinə inanmağı öyrədirəm. İnanın mənə, sadə və sadəlövh olmağın hörmətli olduğu dövrlər arxada qalıb. Mən bunu 20 il qabaq Türkiyəyə iş axtarmaq üçün getdiyim zaman anlamışam. Bu keçən yüzilliyin mürəkkəb və qəddar 90-cı illəri idi. İş yox idi və çörək pulu qazanmaq üçün nə cürsə vəziyətdən çıxmaq lazım idi. Türkiyədə mən bir neçə gənc azərbaycanlı rəssamla birlikdə bir qalereya sahibinə müraciət etdim. O, bizim işlərimizə baxıb soruşdu ki, əsərlərimizə görə nə qədər istgyirik? Yadımdadır, biz sadə və ciddi tərbiyə görmüş insanlar kimi dedik, nə istəyirsiniz verin… Həyatı boyu çox sayda rəssam görmüş qalereya sahibi əsərlərimizə görə minimum qiymət verdi. Biz oranı tərk edən kimi dəfələrlə yüksək qiymətə satışa çıxardı. Onda mən anladım ki, özünü alçaltmaq, sadəlövh olmaq olmaz.

Bakıya geri qayıdan kimi and içdim ki, məşhur rəssama çevriləcəyəm və yenidən həmin türkiyəli qalereya sahibi ilə görüşəcəyəm. İllər keçdi və Türkiyəyə sərgimlə bağlı səfərlərin birində yenidən həmin qalereyaya girdim. Bilirsiniz, nə baş verdi? Həmin qalereya sahibi məni dərhal tanıdı və işlərimdən birini öz qalereyasında yerləşdirməyi təklif etdi, amma bu dəfə fantastik qiymətə (gülür).

Mən düşünürəm ki, əgər sən okeanda yaşayırsansa, akula olmalısan, xırda balıq kimi başqalarına yem olma. Mən öz şagirdlərimə və övladlarıma başa salıram ki, harada olurlarsa, olsunlar, onlar şəxsiyyətlərini qorumalıdırlar, ətrafdakılardan gözəl tərbiyələri, təhsilləri və yaxşı ədaları ilə seçilməlidirlər.  Onlar özlərini əsil bəy kimi aparmalıdırlar (gülür).

Mən iddiasızlığı və sadəliyi öyrədən atalar sözlərini anlamıram və qəbul etmirəm. Götürək, «Ayağını yorğanına görə uzat» deyimini. Niyə? Nədən ötrü? Bəlkə səy göstərib, işləyib böyük və rahat yorğan qazanaq? İnanın, sadəlik, iddiasızlıq və sadəlövhlük zərərli ola bilər…

- Müsahibələrinizin birində siz Neftçalada keçmiş uşaqlığınızdan danışmısınız. Sizin atanız sadə balıqçı, ananız evdar qadın olub. Rəsm dərnəyinə sizi qonşu aparıb...

- Hə, belə olub. Qonşumuz Qönçə xala yerli Pionerlər evində süpürgəçi idi. O, tez-tez bizə qonaq gəlirdi və görürdü ki, pis çəkmirəm. Atamadan icazə aldı və əlimdən tutaraq, məni Pionerlər evinə gətirdi (gülümsəyir). Bu xeyirxah qadın ölənə kimi mən hər dəfə Neftçalaya səfərimdə ona baş çəkirdim. Qadın anlamırdı ki, mənim üçün nə qədər böyük yaxşılıq edib… «Mən sadəcə səni rəsm dərnəyinə apardım. Yəni mənim əməlimdə nəsə inanılmaz bir şey var?» - deyə qadın təəccüblənirdi.

- Sakit müəllim, siz ilk dəfə Azərbaycanda yaranmış və sənədləşdirilmiş «opalizm» məktəbinin banisisiniz. Bu rəsm texnikasının özəlliyi nədədir?

- Bir dəfə, qiymətli daşlar haqqında kitablardan birinə baxarkən gördüm ki, opal qara, demək olar ki, qara daşdır, amma üzərində moruq rəngindən tutmuş lavanda rənginə qədər minlərlə rəng toplanıb. Boş yerə opal sözü latınca «opalus», yəni göz qamaşdıran sözündən götürülməyib. Maraqlıdır ki, mənim əsərlərimdə də bu cür rəngləri görmək olur. «Opalizm» rəng texnikası belə yaranıb. 

- Sizin işlər bütün dünyada çox sayda rəsm qalereyasını, muzeyləri və fərdi kolleksiyaları bəzəyir. Öz əsərlərinizlə vidalaşmağa təəssüf etmirsiniz?

- Əsərlərimi qızlarımla eyniləşdirirəm. Onlar bir gün ata evini tərk etməlidirlər. Ərə gedəndən sonra hansı evə düşəcəyi bəlli olmasa da, mən onları elə tərbiyə etməliyəm ki, sonra onlara görə utanmayım.

- Sizin ev-muzeyin hollunu nə vaxtsa dahi Vaqif Mustafazadənin ifa etdiyi ağ royal bəzəyir. Bəllidir ki, siz musiqini də sevirsiniz və bir neçə musiqi alətində çalırsınız…

- İnanırsınız, mən bir dəfə də olsun bu royalda ifa etməmişəm. Heç kim ifa etməyib. Axı bu royalın dillərinə Vaqif Mustafazadənin əlləri dəyib… Bir dəfə bəstəkarın qızı Əzizə muzeyə gəlmişdi. Royalı görən zaman özünü ağlamaqdan güclə saxladı. Sən demə, Əzizə bu royalın arxasında çox oturub və ifa etmək öyrənib. Mən royalı ona hədiyyə etmək istədim, amma imtina etdi. «Onun yeri bu muzeydə, sizin əsərlərin əhatəsindədir. Axı sizin hər bir əsərinizdən caz duyulur», - deyə Əzizə bildirdi. 

Bu yaxınlardan isə ağ royalda bütün dünyadan olan tanınmış adamların - rəssamların, aktyorların, rejissorların, memarların və siyasətçilərin avtoqrafları peyda olub. Bu ideyanı mənə bir dəfə qonağım olanda xalq rəssamı Tahir Salahov verdi. Nə vaxtsa, royalın ağ səthi imzalarla dolandan sonra mən onu Azərbaycan Milli İncəsənət Muzeyinə verəcəyəm. Əminəm ki, bu musiqi aləti də gözəl rəsmlər və heykəllər arasında layiqli yer tutacaq.



MƏSLƏHƏT GÖR:

521