Müəllif: Fasim ƏLİZADƏ Bakı
Azərbaycan iqtisadiyyatına yeni nəfəs verəcək irimiqyaslı islahatlar prosesinin ən qızğın çağıdır.
Söhbət neftdənkənar sahənin ayrı-ayrı sektorlarının, o cümlədən pambıqçılığın, ipəkçiliyin, heyvandarlığın inkişafından, azad iqtisadi zonaların yaradılmasından, ixrac yönümlü məhsulların istehsalının dəstəklənməsi üçün verilən praktiki qərarlardan, həmçinin ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərini müəyyən edəcək «yol xəritəsi»nin işlənməsindən gedir.
Bu məsələdə birbaşa sahibkarların mövqeyini bilmək çox maraqlıdır, çünki onlar işgüzar mühitin təkmilləşdirilməsi üçün öz təcrübələri əsasında təkliflər irəli sürə bilərlər.
Bu sahədə nüfuzlu təşkilatlardan biri Azərbaycandakı Amerika Ticarət Palatasıdır (AMCHAM) və o, iki ildə bir dəfə biznes mühitinin yaxşılaşdırılması barədə tövsiyələr hazırlayır. «Ağ kitab»ın bu günlərdə təqdim edilmiş «Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr» adlı 6-cı nəşri aparılan islahatlar fonunda çox aktualdır. Qeyd edək ki, “AMCHAM” ölkəyə qoyulan xarici sərmayənin 80%-dən çoxunu yatırmış 270 şirkəti birləşdirir.
«Özlə sektor və biznes mühiti barədə görüşləri hökumətə çatdırmaq çox vacibdir. Bu, nəzərə alındğından, «Ağ kitab»ın yeni nəşri hökumət tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarının möhkəmləndirilməsi üçün atılan müsbət addımları, həmçinin biznes mühitinin inkişafı üçün həll edilməsi vacib olan məsələləri əks etdirir»,- deyə Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova bildirib.
Müzakirələrdən həqiqət doğulur
O cümlədən, “AMCHAM” Azərbaycan hökumətini açıqlığa böyük diqqət yetirməyə və aparılan siyasəti cəmiyyətin bütün laylarına çatdırmağa çağırır. Palatanın tövsiyələrindən biri qəbul edilən yeni qanun və qərarların məğzi və məqsədləri barədə aydın məlumatın verilməsidir ki, dövlət aparatının yuxarı heyəti tərəfindən KİV vasitəsilə geniş kütlələrə anlaşılan dildə izah edilə bilər.
Əsas problemlərin müzakirəsi üçün həm yerli, həm də beynəlxalq ekspertlərin iştrakı ilə «dəyirmi masa”ların keçirilməsi tövsiyə edilir. “AMCHAM”, həmçinin tövsiyə edir ki, məmurların açıqlamaları ilə sonrakı əməlləri arasında son iki ildə müşahidə olunan təzadlar ləğv edilsin.
Vətəndaşlardan ötrü onları narahat edən sualları hakimiyyət təmsilçilərinə birbaşa vermək imkanının yaradılması üçün interaktiv forumların keçirilməsi də faydalı ola bilər. Bu təklif, yeri gəlmişkən, Azərbaycanda fəal şəkildə inkişaf etdirilməkdədir, çünki ayrı-ayrı nazirliklərin rəhbərləri regionlarda vətəndaşları qəbul edir, onların müxtəlif problemlərini yoluna qoyur. Bu praktikanın genişləndirilməsi aparılan islahatlar barədə ictimaiyyətin yetərincə məlumatlı olmasına kömək edə bilər.
Qanunvericilik təşəbbüsü
"Ağ kitab"da qeyd edilir ki, Azərbaycanın biznes ictimaiyyəti qanunvericilik prosesinə ən son mərhələdə qoşulur. Bununla bağlı “AMCHAM” hesab edir ki, biznes ictimaiyyəti qanunvericilik prosesinə vaxtında qoşulmalıdır və işlənən yeni qanun layihələri ilə bağlı tövsiyələrini işlənmə və ya ilkin müzakirə mərhələsində verməlidir. Bəzi hallarda bu, qanun layihəsinin yekun variantını köklü surətdə yaxşılaşdıra bilər.
Erkən mərhələdə qanunvericilik səviyyəsində problemlərin analizi çox zaman beynəlxalq şirkətlərin qabaqcıl dünya təcrübəsindən istifadə etməsinə və gerçəkləşdirmə zamanı qarşılaşıla biləcəkləri çətinlikləri müəyyənləşdirməyə imkan yaradacaq. Bundan başqa, erkən məlumatlandırma halında biznes hökumətin yeni istiqamətlərinə daha sürətlə uuyğunlaşa bilər.
“AMCHAM”da vurğulayıblar ki, son zamanlar işgüzar dairələrin qanunvericilik proseslərinə cəlb edilməsi üzrə gözəçarpacaq irəliləmələr müşahidə edilir, amma bəzi hallarda dialoqu bir qədər erkən mərhələlərdə başlamaq daha yararlı ola bilərdi.
Bank bölməsi
Milli valyutanın durumu və bank sistemində vəziyyət xarici işgüzar dairələrin diqqətindən kənarda qala bilməzdi. Milli valyutanın devalvasiyasından ən çox məhz bank sektoru zərər gördü. Bankların müştəriləri öz əmanətlərini dollara çevirdilər, bununla da bankların, xüsusilə də xarici valyutada olan kreditləri qaytarmaq imkanlarını zəiflətdilər.
“AMCHAM”ın təklifləri sırasında təkrar kreditləşdirmə üçün dollar kreditlərini milli valyutaya keçirmək üçün alətlərin işlənməsi də var. Biznesin dayanıqlılığının təyin edilməsi məqsədi ilə korporativ müştərilərə dövriyyə kapitalı üçün kredit xətti təqdim edilməsi tələb olunur. Kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün uzunmüddətli maliyyələşdirmənin təmin edilməsi vacibdir. Tələbatın və real iqtisadiyyatın dəstəklənməsi üçün milli valyutada istehlak kreditləşdirməsini davam etdirmək lazımdır.
Bununla yanaşı, Azərbaycanda bank sisteminin kreditləşdirmə mexanizmi və məhkəmə sistemi vasitəsilə borcların yığılması arasında önəmli səviyyədə fərq var. Azərbaycanda kreditləşdirmə beynəlxalq praktikaya uyğun gəlsə də (kreditlər cəmi bir həftə içində rəsmiləşdirilsə də), bank kreditləri üzrə məhkəmə işlərinə baxılması bir ilə qədər uzana bilir.
Bununla bağlı olaraq “AMCHAM” kredit işləri üzrə məhkəmə prosesinin 15 günə qədər azaldılması üzrə tövsiyələr işləyib. Bildirişlərin və məhkəmə qərarlarının çatdırılması üçün tələb olunan zamana qənaət üçün elektron poçtdan və kuryerlərdən istifadə etmək tövsiyə olunur ki, bu da bütünlükdə elektron hökumətin inkişafı planlarına uyğun gəlir. Həmçinin ixtisaslaşdırımış məhkəmələrin yaradılması tövsiyə olunur (intellektual mülkiyyət, vergi mübahisələri, konkret xarici sərmayələr və s. üzrə).
Xarici sərmayələrin cəlbi
Azərbaycan hökuməti neft-qaz sektoruna birbaşa xarici sərmayələr cəlbi məsələsində yetərli qədər uğur qazanıb. Qeyri-neft sektorunun inkişafına ayrılan diqqət nəzərə alınarsa, məhz bu sahəyə xarici sərmayələrin cəlbi üzrə səyləri fəallaşdırmaq lazımdır.
“AMCHAM” dövlət orqanları ilə xarici sərmayəçilər arasında bütün operativ məsələlərin həlli üçün Azərbaycan Prezidentinə birbaşa tabe olan (ASAN xidmətə analoji və ya onun yanında) vahid agentlik yaradılmasını da tövsiyə edir. Agentliyin yardımı ilə bürokratik əngəllərin azaldılması Azərbaycanı iş dairələri üçün daha əlverişli yer kimi təqdim etməyə imkan yaradacaq.
Xarici sərmayəçilər üçün daha önəmli məqamlardan biri də müəyyən müddətə «zəmanətli» vergi rejimi yaratmaq ola bilər (neft sektorunda tətbiq edilən Hasilatın Pay Bölgüsü (PSA) sazişi kimi). Ən nəhayət isə, Azərbaycanda beynəlxalq təcrübənin daha uğurlu istifadəsi nazirliklərlə və tənzimləyici orqanlarla dövlətə məxsus şirkətlər arasında səlahiyyətlərin bölünməsi ilə təmin edilə bilər.
“AMCHAM”ın təklifləri, şəksiz ki, Azərbaycan hökumətinin diqqətini cəlb edəcək, çünki biznes mühitinin yaxşılaşdırılması naminə artıq neçə illərdir ki, Azərbaycan bazarında işləyən şirkətlərin səmərəli töhfəsindən yararlanmaq çox önəmlidir. Bütün bunlar hökumətin səyləri ilə birlikdə ölkədəki sərmayə mühitini həm yerli, həm də xarici şirkətlər üçün çox təkmilləşdirə bilər.
MƏSLƏHƏT GÖR: