5 Dekabr 2025

Cümə, 16:12

SƏRT MÜHAFİZƏKAR

Sarkozini geridə qoyan Fransua Fiyon respublikaçıların Fransa Prezidenti postuna əsas namizədi oldu

Müəllif:

01.12.2016

«Seçkiqabağı vədlər onları verənin yox, ona inananların problemidir». Bunu vaxtilə Fransa Prezidenti Jak Şirak demişdi. 2012-ci ildə bu posta Fransua Ollandın seçildiyi zaman isə hər şey bir qədər fərqli idi. Fransa ictimaiyyətinin ən müxtəlif təbəqələrindən olan insanlar Ollandın vədlərinə inanmaqdan daha çox, onu Nikola Sarkozinin antipodu gözündə görürdü.

İndi, Olland da gedir. Özü də seçiciləri aldatdığı üçün yox, beynindəki iqtisadi proqramı həyata keçirə bilmədiyi üçün. Axı bu illər ərzində o gah sosialistruhlu islahatlara əl atıb (bunların arasında ən rezonanslısı daha varlılara tətbiq olunan 75%-lik vergi idi), gah da bu ilin yazında ölkədə etiraz aksiyalarına səbəb olmuş «Əl-Xomri qanunu» kimi neoliberal islahatlara üz tutub. Bu dövr ərzində fransızlar sosial nailiyyətləri qorumaq üçün küçələrə çıxıblar. Bu nailiyyətlərin bir hissəsi işsizliyin azaldılması üçün onların əlindən alınmışdı. Hökumət hesab edir ki, işsizlik səviyyəsinin yüksək olması sahibkarların insanları işə qəbul etmək istəməməsi ilə birbaşa bağlıdır. Bunun səbəbi isə onların gələcəkdə əməkdaşın işdən kənarlaşdırılması zamanı üzləşəcəyi problemlər haqqında düşünməsidir. «Əl-Xomri qanunu» iş gününün uzadılmasını, işçinin işdən çıxarılması prosedurunun sadələşdirilməsini, əməkhaqlarının azaldılmasını və digər qeyri-populyar tədbirləri nəzərdə tutur. Amma Olland işsizliyi nəinki azalda bilməyib, əksinə, 7% həddində olan bu problem onun prezidentliyi dönəmində 10%-i ötüb. Nəticədə, onun ölkəyə rəhbərlik etdiyi dönəmdə əhalinin dövlət başçısına inamı durmadan azalıb, bu sahədə yeni-yeni antirekordlar qeydə alınıb. «Le Monde» qəzetinin jurnalistlərinin Fransua Ollandla söhbət əsasında yazdıqları və bu ilin oktyabrında işıq üzü görmüş «Prezident bu cür danışmamalıdır» kitabından sonra isə artıq söhbət Ollanda hörmətin də itməsindən gedir.

Nəticədə, ölkədə gələn ilin yazında keçiriləcək prezident seçkisində sosialistləri, güman ki, hazırkı Baş nazir Manuel Vals təmsil edəcək. Onun ənənəvi və əsas rəqibi olan respublikaçılara sinə gərmək şansının daha çox olduğu düşünülür. Prezidentin reytinqinin son dərəcə aşağı olması üzündən onun namizədliyi birbaşa elan olunmayıb və Sosialist Partiyasında praymerizin keçiriləcəyi elan edilib. Praymerizin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. Əvvəlcə sosialistlər bütünlükdə solçular üçün ümumi praymeriz keçirmək istəsə də, onlarla birlikdə 2015-ci ilin iyununda yaradılmış «Gözəl xalq alyansı»na daxil olan Fransa Kommunist Partiyası və «yaşıllar»ın əksəriyyəti bu təşəbbüsü dəstəkləməyib. Görünür, sosialistlərin keçmiş müttəfiqləri talelərini qarşıdan gələn seçkidə qələbə qazanmaq iqtidarında olmayan partiya ilə bağlamaq istəməyib. Bu arada ictimai rəy sorğuları cəmiyyətdə ölkənin durumu ilə bağlı narazılığın durmadan artdığını göstərir. Fransızlar artıq dəyişikliklərin qaçılmaz və vacib olduğunu düşünməyə başlayıb. Onların fikrincə, sosializm hazırkı formasında davam edə bilməz.

Güman ki, qarşıdan gələn seçkidə «Beşinci respublika»nın vətəndaşları prezidentliyə namizədlərin proqramlarını diqqətlə oxuyacaq, orada iqtisadi proqramın, terrorçuluqla mübarizə üsullarının nə dərəcədə aydın göstərildiyinə xüsusi diqqət yetirəcək. Məhz bu iki məqam ölkəyə növbəti 5 ildə başçılıq edəcək şəxsin seçilməsində həlledici olacaq. Sosialistlərdən əvvəl respublikaçılar öz prezidentliyə namizədini müəyyənləşdirib. Onlar bunu ilk dəfədir ki, seçkini yalnız partiya daxilində yox, ümumi şəkildə keçirməklə edib. 2015-ci ildə Xalq Hərəkatı İttifaqının adını dəyişərək, Respublikaçılar Partiyası qoymuş təşkilat rəhbərliyi açıq praymeriz keçirmək qərarına gəlib. Sağ-mərkəzçilərin ideallarına sadiqliyi təsdiqləyən siyasi xartiyanı imzalamağa, 2 avro ödəniş etməyə hazır olan hər bir Fransa vətəndaşı praymerizdə səs verməyə çağırılıb. Partiyanın prezidentliyə 7 namizədi olsa da, sosioloji sorğular onların yalnız 3-nün şansı olduğunu göstərirdi - sabiq prezident Nikola Sarkozi, müxtəlif dövrlərdə Nazirlər Kabinetinə başçılıq etmiş, hazırda Bordo şəhərinin meri olan Alen Jüppe və Fransua Fiyon. Sonuncu bu yarışda favorit sayılmırdı və ona nə KİV, nə ekspertlər xüsusi diqqət göstərirdi. Odur ki, praymerizin nəticələri çoxları üçün son dərəcə gözlənilməz olub. Əsas xəbər Sarkozinin elə ilk turdaca məğlubiyyətə uğraması sayıla bilər. Beləliklə, N.Sarkozi karyerasında ikinci dəfə böyük siyasətdən getdiyini bəyan edib. «Mənim üçün daha az sayda ictimai ehtiraslar və daha çox sayda özəl ehtiraslarla yaşamaq vaxtı çatdı. Uğurlar, Fransa!» - deyə nəticələr açıqlanar-açıqlanmaz Sarkozi bildirib. Bununla yanaşı, o, tərəfdarlarını ikinci turda son anlaradək «bədbəxt tip» adlandırdığı Fiyonu dəstəkləməyə çağırıb. Sən demə, Sarkozi seçimini vaxtında və düzgün edibmiş. Qeyd edək ki, Sarkozi ilə Jüppenin ikisinin də çox zəif nöqtəsi var - hər iki lider ədalət mühakiməsinə cəlb olunub. Sarkozi 2012-ci ildə özünün seçki kampaniyasını qanunsuz şəkildə maliyyələşdirməkdə təqsirləndirilir, Jüppe isə 12 il əvvəl 14 ay müddətinə şərti cəza almışdı. O, Jak Şirakın prezidentliyi dövründə Parisin meri olarkən iş yerləri ilə bağlı maxinasiyalarda ittiham olunurdu. Qeyd etmək lazımdır ki, o zaman Jüppe canını yaxşı qurtarmışdı. Çünki onun siyasətlə məşğul olmasına qadağa da qoyula bilərdi. «Kimsə bir anlıq da olsa, general de Qollu istintaq altında təsəvvür edə bilərmi?» - deyə Fiyon ali vəzifəyə iddialı şəxsin saflıq nümunəsi olmasının vacibliyinə eyham vurub.

Nikola Sarkozinin prezidentliyi dövründə 5 il Baş nazir postunu tutmuş 62 yaşlı Fransu Fiyon seçki kampaniyasını çox dəqiq qurub. «Mən prezidentliyə ona görə namizəd oluram ki, ölkəmin demaqoqların əlinə keçməsini istəmirəm. Onlar Fransanı yalnız fəlakətə doğru apara bilər», - deyə o, proqram nitqində bildirib: «Mən heç zaman respublika prezidenti olmağı arzulamamışam. Amma Fransa hər zaman mənim məhəbbətim olub. Mən fövqəlbəşər insan deyiləm. Etibarlı, əqidəmə sadiq insanam. Dostlar, milli intibahın ilk şərti keçmişə hörmət, tarixin etirafı, Vətənimizi qurmuş əsl qəhrəmanların qəbul olunmasıdır».

Fiyonun əleyhdarları iddia edir ki, o, Sarkozidən elə də fərqlənmir. Çünki Fiyon Baş nazir postunu tutan zaman yürütdüyü iqtisadi siyasət «sağçı ritorika, solçu fəaliyyət»ə əsaslanıb; məsələn, o, «aşağı vergilər» vəd etəsə də, ölkədə vergi yüksək həddə qalıb.

Doğrudur, Sarkozi seçkiqabağı kampaniyası zamanı siyasi şöhrətini kiminləsə bölüşməmək üçün Fiyonu hər dəfə «işçim» adlandırıb, bununla da dolayısı ilə onu məsuliyyətdən xilas edib. Lakin «biz Fransua ilə Suriyadakı səfirliyi bağlamaq qərarına gəldik» kimi istisnalar da olub.

Praymerizin qalibi olan özü isə 2007-2012-ci illərdəki fəaliyyətinə görə məsuliyyətdən qaçmır. O, həmin dövrdə prezidentin deyil, öz siyasətini həyata keçirdiyini söyləyir. İndi, onun öz proqramı var. Fiyonun sözlərinə görə, onun komandası bu proqram üzərində 2013-cü ildən işləyirmiş.

Solçu «Mond» qəzeti Fiyonun proqramını «mühafizəkarlıqla Tetçer liberalizminin kokteyli» adlandırır. Siyasətçi ultraliberal islahatların tərəfdarıdır: dövlət xərclərinin 110 milyard avro, məmurların sayının 500 min nəfər azaldılması (hazırda onların sayı 5 milyon nəfərdir), yerdə qalanların isə həftədə 35 saatlıq iş rejimindən 39 saatlığa keçirilməsi; pensiya yaşının 62-dən 65-ə qaldırılması; zənginlər üçün varidata görə verginin ləğvi; ƏDV-nin 20%-dən 22%-ə artırılması, eyni zamanda biznes dairələri üçün müəssisələrin gəlir və sosial ayırmalara görə vergisinin azaldılması və s.

Politoloq Bruno Kotre onun uğurunu şərh edərkən diqqəti əsas rəqiblər Sarkozi ilə Jüppenin çatışmazlıqlarına çəkib. Sabiq prezident iqtisadiyyata daha az diqqət ayırıb, Jüppenin seçki kampaniyası isə əsas hədəf kimi ənənəvi mühafizəkar seçiciləri yox, əhalinin daha geniş təbəqəsini seçib. «Fiyona gəlincə, o, klassik mühafizəkar sağçı namizəddir. O, dərin islahatlar tərəfdarıdır: dövlətin rolunun azaldılması və sosial təminət sistemində ixtisar», - deyə «Reuters»in məlumatına görə, Bruno Kotre bildirib.

Respublikaçıların lideri aktiv katolikdir. Onun 5 övladı var. Onun namizədliyini xüsusilə eynicinsli cütlüklərin reproduktiv texnologiyalar hüququna qarşı çıxanlar dəstəkləyir. Fiyon həmçinin «tam» övladlığa götürülmənin «sadə» övladlığa götürülmə ilə əvəzlənməsini lazım bilir - bu zaman uşaq öz əsl valideynləri ilə hüquqi qohumluq əlaqələrini qoruyub - saxlayır.

Bu siyasətçinin reytinqi, xüsusilə Nitsada törədilmiş terror aktından bir ay sonra «İslam totalitarizminə necə qalib gəlməli?» kitabının çıxması ilə artıb. Onun terrorçuluqla mübarizə sahəsində təklif etdiyi mühüm tədbirlər Fransa kəndlərinin son zamanlar Marin Le Peni dəstəkləyən sakinlərini praymerizdə Fiyona səs verməyə həvəsləndirib. Radikal əhvallı bir çox seçici onun Suriya və İraqdan qayıtmış fransızların ölkə vətəndaşlığından məhrum edilməsi təklifini də bəyənir. Fiyonun çimərliklərdə burkini (müsəlman qadınlar üçün çimərlik paltarı - red.) geyilməsinə qadağa təşəbbüsü də bəyənilən məqamlardandır. Qeyd edək ki, Olland bu işdə «yarım addım» atmaq qərarına gəlmişdi. O, yalnız ikili vətəndaşlığı olan terrorçuların vətəndaşlıqdan məhrum edilməsini lazım bilirdi. Fiyon isə daha uzağa getmək fikrindədir. Onun real alternativ görmədən qatı sağçıları dəstəkləyən kütləni özünə cəlb etməsi də bununla bağlıdır. Le Penə elektoratın 30%-i yox, səsverməyə qatılanların 30%-i dəstək verir. Və bu, xüsusilə şəhər şuralarına Milli Cəbhədən seçilmiş deputatların təcrübəsizliyinin yaratdığı məyusluq fonunda maksimum həddir. Misal kimi Marsel şəhər şurasına seçilmiş deputatı göstərmək olar. Le Penin partiyadaşı «Le Monde» qəzetinə açıqlamasında bildirib ki, Fiyonun mühafizəkar baxışları ona seçici dəstəyini azalda bilər: «Bu ultrasağçı namizədin eynilik və ailə məsələləri ilə bağlı baxışları Milli Cəbhənin platformasından o qədər də fərqlənmir». Marin Le Pendən fərqli olaraq, Fiyon Avropa İttifaqının qorunub-saxlanılmasına, yenilənməsinə, Fransanın Aİ iqtisadiyyatına daha ciddi inteqrasiyasına tərəfdardır.

Mümkün rəqiblərin Rusiyaya yanaşması isə oxşardır. Bununla yanaşı, Le Pendən fərqli olaraq, Fiyonun Vladimir Putinlə yaxıq dostluq münasibətləri var. Fiyon hələ baş nazir olarkən Moskvanın maraqlarının nəzərə alınmasının vacibliyini bildirirdi. O, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatları dəstəkləyir, əks təqdirdə, Avropanın daha güclü «İslam dövləti»i ilə qarşı-qarşıya qalacağını bildirirdi.

Fransada seçki 2017-ci il aprelin 23-nə təyin olunub. Sosioloqların və Le Pen tərəfdarlarının populyarlığının son dərəcə aşağı olduğunu nəzərə alsaq, bu seçkidən məhz respublikaçıların qalib çıxmaq şansı çoxdur. Odur ki, yerli KİV-in dərhal «mister Nobody» adlandırdığı Fiyonın Fransa prezidenti olması üçün yaxşı şansı var.

Məlum olduğu kimi, bu il Avropa üçün 2 ciddi təlatümlə bitir - Böyük Britaniyanın Aİ-ni tərk etməsi və Donald Trampın ABŞ Prezidenti seçilməsi. Amma gələn il də qitənin siyasi sistemində köklü dəyişikliklərə səbəb olacaq hadisələrin yaşanacağı öözlənilir. Fransada hakimiyyətə kimin gələcəyi, Almaniyada hökumətə dördüncü dəfə hazırkı kansler Angela Merkelin rəhbərlik edib-etməyəcəyi məsələləri açıq qalır.



MƏSLƏHƏT GÖR:

616