24 Dekabr 2024

Çərşənbə axşamı, 04:06

ARZU REALLAŞMADI

“Qarabağ” və “Qəbələ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsindən pley-offa cıxa bilmədi

Müəllif:

15.12.2016

Azərbaycan futbol klubları UEFA Avropa Liqasında çıxışını başa vurdu. Ötən il olduğu kimi, cari mövsümdə də “Qarabağ”la “Qəbələ” qrup mərhələsində mübarizə aparmağa nail oldu və futbol həyəcanını dekabra qədər uzatdı. Təəssüf ki, hər iki komanda mübarizəni qrupda dayandırmaqla pley-off arzumuzu reallaşdırmadı.

Azərbaycan çempionu və kubokun sahibi “Qarabağ” isti yay günlərində mübarizəyə Çempionlar Liqasından başladı. İkinci təsnifat mərhələsini uğurla keçən Qurban Qurbanovun yetirmələri növbəti görüşdə Çexiyanın “Viktoriya” klubuna uduzdu. Bakıda qələbə hesabını qoruya bilməyən Ağdam təmsilçisi son dəqiqələrdə qapısından qol buraxmaqla, Çempionlar Liqasında pley-offa çıxmaq şansını əldən verdi. İlk görüşdə rəqibin azlıqda qalmasından istifadə etməyən “Qarabağ” cavab görüşündə 1:1 hesablı heç-heçə ilə yarışla vidalaşaraq Avroliqaya yollandı. Dördüncü təsnifat mərhələsində “Yöteborq”u üstələyən Azərbaycan çempionu tarixində üçüncü dəfə qrup mərhələsinə vəsiqə qazandı.

Ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” ölkə futbol tarixində ilk dəfə qrupda iki qələbə qazandı, 7 xalı hesabına yazdı, bir rəqibi həm evdə, həm də səfərdə yendi və hamıdan çox qol vurdu. Qurban Qurbanovun komandası 116 finala adlamağa yaxın idi. Bunun üçün son görüşdə Bakıda İtaliyanın adlı-sanlı “Fiorentina” klubuna qalib gəlmək vacib idi. Doğma meydanda 1:2 hesablı məğlubiyyətə üzülən təmsilçimiz mübarizəni qrupda dayandırdı.

Azərbaycan çempionu “Qarabağ”ın cari mövsüm avrokuboklarda daha baxımlı futbol oynadığını qeyd etməliyik. Amma bununla belə, əsas hədəf – Çempionlar Liqasında qrup mərhələsi idi. Bunun öhdəsindən gəlmək mümkün olmadı. Amma Avroliqada pley-off həyəcanını yaşamaq imkanından da yararlanmadıq. Qurban Qurbanovun komandası PAOK-la görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirməklə iki oyundan 6 xal topladı. Püşkdən sonra əksəriyyətinin autsayder kimi baxdığı Çexiyanın “Slovan” klubu ilə dueldə isə qazancımız 1 xal oldu. Elə pley-offa vəsiqə qazanmamağımızda əsas səbəb çex klubu ilə Bakıda heç-heçə oynamağımızı göstərmək olur. Qrupdan çıxmaq istəyirdiksə, “Slovan”ı Bakıda mütləq məğlub etməliydik.

Digər məqam qrupdakı son tur ərəfəsində PAOK-un gözlənilmədən İtaliyada adlı-sanlı “Fiorentina”ya qalib gəlməsi oldu. Son dəqiqələrdə vurduğu qolla 3:2 hesablı qələbə qazanan yunanlar bununla bir sıra şübhələrə yol açdı. Yunanların İtaliya ilə yaxın əlaqələrinin olması sirr deyil. Üstəlik, PAOK-un qalmaqallı prezidenti, Yunanıstanın ən varlı adamlarından biri İvan Savvidinin İtaliyada biznesi olması şübhələnməyə ciddi əsas verir. Üstəlik, PAOK-un son dəqiqələrdə vurduğu qol da belə, “Fiorentina” müdafiəsinin topu, sadəcə, seyr etməsi əvvəlcədən planlaşdırılan “ssenari”yə bənzəyir.

Sözsüz ki, qrupda mübarizəni dayandırmağımızın əsas səbəbini, ilk öncə, kənarda deyil, özümüzdə axtarmaq lazımdır.  “Qarabağ” cari mövsüm müdafiə və hücumdakı problemləri həll etmədi. Komandaya nə güclü hücumcu, nə də müdafiəçi transfer olundu. İki il öncə böyük ümid bəslənilən Reynaldo avrokuboklarda xilaskar rolunu oynamağı bacarmadı. “Qarabağ”ın heyətlə bağlı problemləri əksər oyunlarda aşkar hiss olundu. Amma hazırkı vəziyyətdə “Qarabağ”dan bahalı transfer də tələb etmək məntiqlə uyğunlaşmır. Premyer-liqada cəmi 8 klubun oynaması, rəqabətin olmaması, legioner limitinin tətbiqi Qurban Qurbanovun heyətdə islahatlar etməsinə imkan vermir. Avroliqadakı matçlar isə “Qarabağ”ın, heç olmasa, bir yeni futbolçuya – hücumçuya ehtiyacı olduğunu göstərdi. Yaxşı olardı ki, yeni transfer qışda baş tutsun və yayda avrokuboklara tam hazır vəziyyətdə olsun. Avroliqadakı matçlarda kapitan Rəşad Sadıqov, həmçinin Maksim Medvedev, Bədavi Hüseynov, Dani Kintana, Dino Ndlov özünü daha yaxşı göstərdi.

Ardıcıl ikinci mövsüm Avropa Liqasında çıxış edən “Qəbələ” haqqında da uğursuz komanda kimi danışmaq mümkün deyil. Şübhəsiz, ukraynalı mütəxəssis Roman Qriqorçuk klubun tarixində ən yaxşı məşqçidir. Onun rəhbərliyi altında “Qəbələ” 2015-ci ildə olduğu kimi, yenə də Avroliqanın 1-ci təsnifat mərhələsindən mübarizəyə start verərək, birnəfəsə bütün turları adladı və sonra qrupa vəsiqə qazandı. Özü də “Qəbələ” ardıcıl iki mövsüm bunu bacarmaqla Avropada ilkə imza atmış oldu. Daha bir uğur isə 3-cü təsnifat mərhələsində Fransanın “Lill” kimi tanınmış klubunu mübarizədən kənarlaşdırmaq oldu. Çünki ilk dəfə “böyük beşlik” ölkələrindən birini məğlub etməklə sindroma son qoyduq. Avroliqada vəsiqə qazanmaq stabil çıxışdan xəbər verir ki, bu da Roman Qriqorçukun işinin müsbət tərəfidir. Lakin qrupdakı oyunlar Qriqorçuka başucalğı gətirmir. Komandanın qrupu xalsız başa vurması ölkənin futbol tarixinə antirekord kimi düşdü. Özü də Avroliqanın qruplarında mübarizə aparan 48 komanda arasında yalnız “Qəbələ” 1 xal belə toplaya bilmədi. Bəlkə də rəqiblərin güclü olduğunu nəzərə alaraq, uğursuzluğa haqq qazandırmaq olardı. Amma Qriqorçukun əksər oyunlarda avantürist addımları, hesabda öndə olduğu görüşləri əldən verməsi ciddi düşünməyə əsas verir.

“Qəbələ”nin heyətinə gəlincə, komandada dəbi əcnəbi futbolçular diqtə edir. Avrokuboklar səviyyəsində mübarizə aparmağı bacaran yerli oyunçunun olmaması yalnız təəssüf doğurur. Azərbaycanlı futbolçulardan Rəşad Sadiqov və yeni transfer Ruslan Qurbanovun müəyyən mənada digərlərindən fərqləndiyini qeyd etmək lazımdır.

Beləliklə, Avroliqa həm “Qarabağ”, həm də “Qəbələ” üçün başa çatdı. Bundan sonra klublar diqqətini ölkə çempionatı və kubokuna yönəldəcək. Elə titullar uğrunda əsas mübarizə də məhz bu iki komanda arasında olacaq. Bu mənada klubların qış transfer dönəmində fəallığı vacibdir. Əgər yalnız Azərbaycanda titul qazanmaq istəyirlərsə heyətdə dəyişikliyə ehtiyac yoxdur. Əksinə Çempionlar Liqası və Avropa Liqasında yeni tarix yazmaq barədə düşünürlərsə o zaman komandanın gücləndirilməsi, zəif futbolçuların heyətdən uzaqlaşdırılması mütləqdir.

 

 

MƏŞQÇİLƏR AVROPA LİQASI BARƏDƏ 

Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi: “Avrokuboklar bizə çox böyük təcrübə oldu. Qitənin güclü komandalar ilə oynamaq futbolçularımızın inkişafında özünəməxsus rol oynayır. Biz çox istəyirdik, pley-offa adlayaq. Amma alınmadı. Rəqiblərin güclü olduğunu qeyd etməliyik. Bu gün İtaliya futbolu bizim futboldan bir neçə dəfə güclüdür. Bütün komanda ilə son matçda qələbə qazanmaq istəsək də təcrübəmiz çatmadı. İnkişaf üçün ölkə çempionatında inkişaf olmalıdır. Biz kənarda səbəb axtarmırıq. Sadəcə istəyərdik ki, güclü klublarımız çox olsun. O zaman Avropa meydanlarında da rahat oynamaq mümkündür”.

Roman Qriqorçuk, “Qəbələ”nin baş məşqçisi: “Futbolçularımıza təşəkkür edirəm. Çox çətin oyunlar keçirdik. Qrupda xalsız qalmağımız bizi təəssüfləndirir. Hesabda öndə olduğumuz oyunları yada salıram. Səhvlərimiz ucbatından həmin görüşlərdə məğlub olduq. Qrupdakı rəqiblərimizin güclü olduğunu da vurğulamalıyam. “Qəbələ” bu klublar arasında ən zəifi idi. Bu mövsümü komandanın tarixinə yazmaq olar. Yeni mövsümdə avrokuboklarda daha irəli getmək üçün səylə çalışmaq vacibdir”.

 



MƏSLƏHƏT GÖR:

424