Müəllif: Fasim ƏLİZADƏ Bakı
Başa çatmaqda olan 2016-cı il Azərbaycan dəmiryolçuları üçün yük axınının coğrafiyasının genişlənməsi, ölkənin Asiya və Avropadan gələn tranzit yükdaşımaları üzrə regional mərkəzə çevrilməsi baxımından yetərincə ümidverici olub. «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşınmasının təşkilində köklü dəyişikliklər olub ki, bu, «Avropa-Qafqaz-Asiya» (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi üzrə yüklərin hərəkətinin fəallaşması üçün daha bir dəstək imkanı sayıla bilər.
İki marşrutun kəsişmə nöqtəsi Azərbaycandır, çünki Körfəz ölkələrindən və Cənubi Asiyadan gələn yüklər buradan təkcə Rusiyaya və Şimali Avropaya deyil, həm də Türkiyəyə, Şərqi və Mərkəzi Avropa ölkələrinə və ya əksinə hərəkət edə bilər. Bununla bağlı olaraq, təkcə bu ilin sonunda «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində istifadəyə verilən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun deyil, həm də 2017-ci ilin əvvəlində «Şərq-Qərb» dəhlizi üzrə istifadəyə veriləcək Bakı - Tbilisi - Qars dəmir yolunun rolu artır.
Bununla da Azərbaycan Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarının işğalından sonra, Türkiyə və İranla kəsilmiş birbaşa dəmir yolu əlaqəsinin bərpasına yaxınlaşır. Qarşıya qoyulan məsələnin həlli Azərbaycana regional layihələrin gerçəkləşdirilməsində daha fəal iştirakla yanaşı, rəsmi İrəvanın təcavüzdən imtinasına və işğal edilmiş Azərbaycan torpaqlarını azad etməsinə qədər Ermənistan rəhbərliyini daha çox təcrid etməyə imkan verəcək.
Ümumiyyətlə, ilk növbədə, nəqliyyat sektorunun qarşısında vəzifə kimi ölkəyə tranzit daşımalarından valyuta gəlirlərinin yetərincə artmasının təmin edilməsi qoyulub. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov nəqliyyatçıların yerinə yetirməli olduğu öhdəliyin sərhədlərini açıqlayıb: illik gəlir $2,5 mlrd. ətrafında olmalıdır. Bu rəqəm hər tonu $50 gətirən yük tranzitinin ildə 50 milyon tona qədər qaldırılması nəticəsində əldə ediləcək.
Əsas məsələ Çin və Hindistandan Avropaya gedən bir neçə yük xəttinin Azərbaycan tərəfinə cəlb edilməsidir.
Asiya ölkələrindən Avropaya gedən yüklər uğrunda mübarizə
Çindən və Hindistandan yük daşınması üzrə ənənəvi «konteyner axını» dəniz donanması ilə aşağıdakı marşrutla gerçəkləşdirilir: Hind okeanı - Ərəbistan dənizi - Ədən körfəzi - Qırmızı dəniz - Süveyş kanalı - Aralıq dənizindən keçərək, Cənub-Şərqi Avropaya yetişir. Şimali Avropa üçün yük aparan gəmilər yollarına Cəbəllütariq boğazını keçərək Atlantik okeanı ilə davam edirlər, sonra La Manş boğazı ilə Şimal dənizindəki Almaniya, Norveç və İsveç limanlarına çıxırlar.
Bu dəniz marşrutu ilə daşınan yüklərin həcmi barədə təsəvvürə malik olmaq üçün qeyd etmək lazımdır ki, onun əsas qovşağı olan Süveyş kanalından dünyanın bütün dəniz daşımalarının 10%-i keçir. Orta hesabla, gün ərzində Süveyş kanalından 50 gəmi keçir. Süveyş kanalından il ərzində keçən yükün həcmi 1 milyard tona çatır.
«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinə yüklərin cəlb edilməsi üzrə bəzi nüanslar Bakıda keçirilən «Strateji əməkdaşlıq 1520: Xəzər regionu» beynəlxalq dəmir yolu biznes-forumu çərçivəsində də açıqlanıb. «Rusiya Dəmir Yolları» (RJD) ASC-nin birincə vitse-prezidenti Aleksandr Mişarinin sözlərinə görə, «Şimal-Cənub» nəqliyyat dəhlizinə Mumbai limanından yüklərin cəlb edilməsi ilə bağlı Hindistandan olan tərəfdaşlarla fəal iş aparılır, Hindistandan dünya bazarına ixracatın 40%-i bu liman vasitəsilə gerçəkləşdirilir.
«RJD Logistika» (RJDL) SC-nin baş direktorunun birinci müavini Eduard Alırzayev bildirib ki, 2016-cı ilin oktyabr ayında «TransKonteyner» publik səhmdar cəmiyyəti (PSC), İran Dəmir Yolları, Azərbaycan Dəmir Yolları (ADY) və «ADY Express» şirkəti ilə birlikdə Mumbai (Hindistan) limanından Kaluqa vilayətinə sənaye radiatorlarının göndərilməsi ilə marşrut üzrə ilk nəql hadisəsi gerçəkləşdirilib. Tranzit vaxtı 22 gün çəkib ki, bu, ənənəvi dəniz marşrutundan iki dəfə sürətlidir. «Yükgöndərənlər başqa marşrutlarla nəql etməyə alışıb və onların yeni duruma alışması üçün vaxt lazımdır», - deyə Alırzayev vurğulayıb.
Bu problemin effektiv həlli keyfiyyətli müntəzəm servisin yaradılması və dəhliz iştirakçısı olan ölkələrin - Hindistanın, İranın, Azərbaycanın və Rusiyanın bazarlarında fəal inkişaf etdirilməsi ilə mümkündür. Bu zaman «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi üzrə yüklərin hərəkəti İranda Astara - Rəşt dəmir yolu hissəsinin tikintisinin başa çatdırılması ilə daha da sürətlənəcək ki, bu da İranın Körfəzdə yerləşən Bəndər Abbas limanından Helsinki (Finlandiya) limanına kimi birbaşa dəmir yolu daşıması təşkil etməyə imkan yaradacaq. İrandakı Astara - Rəşt dəmir yolu hissəsinin dəyəri $1,1 mlrd. qiymətləndirilir.
«İran Dəmir Yolları» şirkətinin vitse-prezidenti Hosseyn Aşurinin sözlərinə görə, İran tərəfi uzunluğu 162 kilometr olan Astara - Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi üzrə Azərbaycanla danışıqlar aparır. «Mumbaidən Moskvaya dəniz marşrutu 45 gün təşkil edir, halbuki, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşıyıcılarının sərf etdiyi vaxt 40%, daşınmaya çəkilən xərclər isə 30% azalır», - deyə İran şirkətinin vitse-prezidenti vurğulayır.
Son nəticədə yüklərin Hindistandan Skandinaviya dövlətləri və Şimali Avropa istiqamətində Fars körfəzindən, İran, Azərbaycan və Rusiyadan keçməklə hərəkətinə 14 gün lazımdır. İlkin mərhələdə ildə 6-10 mln. ton yükün, ikinci mərhələdə isə 15-20 milyon ton yükün nəqli nəzərdə tutulur.
Baltikyanı ölkələr də bu marşruta maraq göstərirlər. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini İqbal Hüseynovun sözlərinə görə, söhbət ondan gedir ki, Fars körfəzindən və Cənubi Asiyadan gələn yüklər İranın Bəndər-Abbas limanından Azərbaycan və Rusiyadan keçməklə Estoniyanın Paldiski limanına daxil olur, oradan da Şimali Avropa ölkələrinə gedir və ya əks marşrutla hərəkət edir.
«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinə birləşdirilən marşrutlar
Bakıda keçirilən dəmir yolu biznes-forumu çərçivəsində altı saziş imzalanıb ki, bunların sırasında Azərbaycan Dəmir Yolları ilə Ukrayna Dəmir Yolları arasında bağlanmış qarşılıqlı anlaşma memorandumunu xüsusi qeyd etməyə dəyər. Ukrayna rəhbərliyi öz yüklərini Azərbaycandan keçməklə İrana və Körfəz ölkələrinə, Cənubi Asiyaya göndərmək üçün «Şimal-Cənub» layihəsində çox maraqlıdır və buna görə də memorandumla öz marağını bəyan edib.
Bu variantda İrandan yüklər Azərbaycan və Gürcüstandan keçməklə Ukraynanın Odessa limanına, oradan isə Şərqi və Mərkəzi Avropa ölkələrinə gedəcək. Hindistan və İran yüklərinin nəqli Ukraynadan keçməklə, Ukrayna, Belarus və Litva dəmir yollarının birləşməsindən yaradılmış, Ukrayna limanları ilə Litvanın Klaypeda limanını birləşdirən «Vikinq» layihəsi ilə davam etdirilə bilər. «Vikinq» layihəsi ilə mütəmadi hərəkətə 2013-cü ildən başlanıb, 2016-cı ilin mayından isə «Vikinq» layihəsinə «Azərbaycan Dəmir Yolları» QSC qoşulub. Qatarların hərəkət coğrafiyasının bu cür genişlənməsi konteyner daşımalarının mövcud həcmini qorumağa imkan verəcək, həmçinin Baltik dənizi - Qara dəniz - Xəzər dənizi beynəlxalq dəhlizi çərçivəsində multimodal daşımaların həcmini artırmağa şərait yaradacaq.
Azərbaycanın dəmiryol daşımalarının yeni səhifəsi
2017-ci ilin ortalarında Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu sahəsinin işə salınması ilə Azərbaycanın dəmir yolu daşımalarının yeni səhifəsi başlayacaq. Azərbaycan və Gürcüstan dəmir yollarının Türkiyə dəmir yolları ilə birləşdirilməsi Azərbaycandan yüklərin yalnız Türkiyəyə deyil, həm də Avropa Birliyi ölkələrinə daşınmasına imkan yaradacaq. Yeri gəlmişkən, hazırda İran öz yüklərinin BTQ ilə Avropa ölkələrinə daşınması imkanlarını gözdən keçirir ki, bu zaman özünə məxsus «Cənub-Qərb» marşrutu sxemi yaranır.
Əfqanıstan da BTQ-yə böyük ümidlər bəsləyir və Lapis-Lazuli nəqliyyat layihəsi çərçivəsində «Şərq-Qərb» dəhlizinə qoşulmağa ümid edir. Bu ilin dekabr ayının əvvəlində Hindistanın Amritsar şəhərində keçirilmiş «Asiyanın ürəyi» konfransında qərara alınıb ki, 2017-ci ildə Əfqanıstan üzrə növbəti nazirlər konfrası Azərbaycanda keçirilsin. Bakıda keçiriləcək konfransda əsas müzakirə məsələlərindən birinin Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizinin yaradılması üzrə Lapis-Lazuli layihəsinin gerçəkləşdirilməsi olacağı ehtimal edilir.
Düzdür, qarşıdan gələn 2017-ci il Azərbaycan dəmiryolçuları üçün gərgin olmağı vəd edir, amma eyni zamanda o, həm «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizindən, həm də Bakı - Tbilisi - Qars marşrutundan ilk iri gəlirlərin əldə edilməsinə imkan yaradacaq.
MƏSLƏHƏT GÖR: