24 Noyabr 2024

Bazar, 08:54

ƏMƏLİYYAT MƏRKƏZİ

Azərbaycanda IT sahəsinin inkişaf strategiyası qlobal informasiya bazarına inteqrasiyanın gücləndirilməsinə istiqamətlənib

Müəllif:

15.12.2016

Azərbaycanın neftdənsonrakı inkişafının reallıqları milli neftdənkənar iqtisadiyyatın həm əmtəə ixracının genişləndirilməsi, həm də sənaye məhsullarının və elmtutarlı məhsulların layihələndirilməsi, eləcə də istehsalı üzrə qlobal sistemə inteqrasiya yolu ilə beynəlxalq bazarlara çıxmasını tələb edir. Bu baxımdan, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi daha perspektivli sayılır, çünki hazırda bu sahədə yatırılan sərmayəyə nisbətən daha çox əlavə dəyər əldə etmək mümkündür.

Bu yaxınlarda «Iteca Caspian» şirkəti tərəfindən təşkil edilmiş «Bakutel-2016» sərgisində İKT sahəsinin uğurları və beynəlxalq IT bazarında müşahidə edilən istiqamətlər hərtərəfli nümayiş etdirilmişdi. Forumda dünyanın 18 ölkəsindən 200-ə yaxın şirkət təmsil olunurdu, həm də iştirakçıların ümumi sayının 40%-i «Bakutel»in daimi iştirakçıları idilər.

Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi üzrə strateji planın gerçəkləşdirilməsində, onun qlobal bazar məkanına inteqrasiyasında əsas drayver rollarından biri İKT sektoruna ayrılıb. Beləliklə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri telekommunikasiya və informasiya texnologiyalarının inkişafıdır.

Bu sənədin əsas bəndlərindən biri çox səviyyəli internet infrastrukturunun gələcək inkişafı, əhalinin genişzolaqlı xidmətə çıxışının genişləndirilməsi, həmçinin şəbəkə trafikinin həcmlərinin artırılmasıdır. AzNET IP-trafikinin həcmi bu gün haradasa 600 giqabitdir, özü də bunun üçdəikisi ölkənin internet sisteminin dayanıqlılığının təmini üçün rezervləşdirilib.

Azərbaycanda genişzolaqlı internetin inkişafının növbəti fazası 2015-ci ilin ortalarında başlayıb və onun son məqsədi, ucqar yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini, əhalinin 85%-ni əhatə etməklə, sürəti 10-100 meqabit/saniyə arasında dəyişən genişzolaqlı internetlə təmin etməkdir. Bu iş iki istiqamətdə gerçəkləşdirilir: istiqamətlərən biri ölkənin regionlarında optik infrastrukturun genişləndirilməsini, ikincisi isə region ölkələri ilə yeni magistral rabitə xətlərinin çəkilməsi və Azərbaycanın beynəlxalq internet-xaba çevrilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

O cümlədən, gələn ildən dövlət rabitə operatoru «Aztelekom» MMC regionlarda genişzolaqlı internetin inkişafı üzrə yeni layihənin gerçəkləşdirilməsinə başlamağı planlaşdırır. Layihə çərçivəsində iri şəhərlərdən və inzibati mərkəzlərdən keçən optik xətlərin optimallaşdırılması, həmçinin şaxələnmiş optik şəbəkənin mövcud magistral xətlərinə başqa yaşayış məntəqələrinin də birləşdirilməsi planlaşdırılır.

«Bakutel-2016» sərgisinin gedişində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi üzrə nazirlərin iclası da olub. Layihə 2016-2020-ci illər üzrə Azərbaycanda informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiyanın gerçəkləşdirilməsi dövlət proqramına daxil edilib, həmçinin yeni strateji yol xəritəsinin vacib komponentidir.

«Türkiyə layihənin sürətləndirilməsi məqsədi ilə fəal olaraq Azərbaycan, Çin, Rusiya, Qazaxıstan, Gürcüstan və başqa ölkələrlə əməkdaşlıq edir: TASIM konsorsiumu yaradılıb, Çindən Avropaya uzunluğu 15 min kilometrdən çox olan fasiləsiz fibrooptik magistralın formalaşdırılmasına hazırlıq aparılır», - deyə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar naziri Ahmet Arslan bildirib.

Həmçinin TASIM layihəsinin təşəbbüskarı olan Azərbaycan regional internet-hab statusu almağa ümid edir ki, bu da gələcəkdə trafik tranzitindən və müxtəlif şəbəkə xidmətlərinin göstərilməsindən böyük gəlirlər əldə edilməsini vəd edir.

Azərbaycanın İKT sektorunun təqdim edə biləcəyi şəbəkə xidmətlərinin ixrac potensialından danışan zaman bu yaxınlarda Bakıda açılmış Regional DATA-mərkəzi və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxlq Kommutasiya Mərkəzini unutmaq olmaz. Yeni DATA-mərkəz Cənubi Qafqaz regionunda bu tipli tək obyektdir: o, bütün çağdaş dünya standartlarına cavab verir və beynəlxalq TIER III sertifikatına layiq görülüb.

Onun vasitəsilə fasiləsiz iş rejimində informasiya təhlükəsizliyi üzərində nəzarət aparılacaq, şirkətlərin konkret tələblərinə cavab verən və lazım olanda infrastruktur əldə etməyə imkan yaradan virtual seçilmiş serverlər sistemi, həmçinin optimallaşdırılmış şəbəkələr yaradılacaq. Bu, şirkətlərə əsaslı xərcləri sıfıra endirməyə və istismar xərclərini 30-40% azaltmağa, məhsuldarlığı və biznesin dayanıqlılığını artırmağa imkan yaradacaq. DATA-mərkəz, həmçinin bulud IT-həllər və beynəlxalq trafiklə, sertifikatlaşdırma ilə bağlı olan digər xidmətlər də təklif edir.

Gələn ilin əvvəlindən DATA-mərkəz həm dövlət, həm də regional səviyyədə kompleks IT-xidmətlər göstərməyə başlayacaq ki, bu, Xəzəryanı dövlətlərdəki potensial müştərilərə xidmət etməklə, Azərbaycanın məlumatlarının saxlanması, işlənməsi və ötürülməsi üzrə regional əməliyyat mərkəzinə çevrilməsinə imkan yaradacaq və s.

Azərbaycanda, həmçinin beynəlxalq telekommunikasiya xidmətləri bazarına inteqrasiya üçün önəmli istiqamətlərdən biri kimi, kosmik texnologiyalardan istifadə nəzərdə tutulub. ««Azerspace-1» və «Azersky» peykləri regionun peyk rabitəsi xidmətləri ilə təminində önəmli rol oynayırlar, ikinci telekommunikasiya peyki «Azerspace-2»nin orbitə çıxarılması isə ölkənin kosmik sənayesinin potensialını nəzərəçarpacaq səviyyədə genişləndirəcək», - ölkə başçısı İlham Əliyevin sərgi iştirakçılarına müraciətində bu haqda bildirilir.

Diqqətəlayiqdir ki, ölkənin kosmik proqramı ilk başdan ixrac istiqamətli kommersiya xidmətləri təqdim edilməsinə istiqamətlənib. Özü də kommunikasiya güclərinin 20%-nin Azərbaycanın ehtiyacları üçün istifadə edildiyi birinci peykdən fərqli olaraq, «Azerspace-2»nin resurslarını bütünlüklə xarici bazarlarda reallaşdırmaq planlışdırılır. İkinci rabitə peykinin buraxılması gələn ilin sonuna nəzərdə tutulur. «Azerspace-2»nin xidmət zonasına Avropanın, Cənub-Şərqi Asiyanın, Yaxın Şərqin və Şimali Afrikanın 50 dövləti daxildir.

Yer kadastrının yaradılması və aparılması, kənd təsərrüfatı sahələrinin məhsuldarlığının proqnozlaşdırılması, həmçinin neft hasilatı sahəsinin ehtiyacları və s. üçün nəzərdə tutulmuş aşağı orbitli optik aparat «AzerSky»ın da resurslarından istifadənin perspektivli olacağı güman edilir. «AzerSky»ın Yerin məsafədən zondlaşdırılması üzrə mövcud imkanlarına regionun bir sıra dövlətləri maraq göstərir, o cümlədən Qazaxıstanın «Kazaxstan Qarış Saparı» (Kazkosmos) milli şirkəti ilə danışıqlar aparılır. Qeyd edək ki, «AzerSky»ın kommersiya istismarı imkanları aşağıorbitli peyklər üzrə idarəetmə mərkəzinin formalaşdırılması üzrə işlərin birinci fazasının başa çatmasından sonra artacaq.

Ümumiyyətlə, bütünlüklə İKT sektorunu bu gün dövlət xəzinəsinin doldurulması üçün daha perspektivli variantlardan biri saymaq olar. Uyğun olaraq, o həm də sərmayə cəlbi üçün ən cazibədar sahələrdən biridir.



MƏSLƏHƏT GÖR:

439