Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Özbəkistanda Şavkat Mirziyoyevin Prezident seçilməsi ilə bu ölkədə tarixin yeni səhifəsi açılıb. Özbəkistan Azərbaycan üçün sadəcə, ümumi sovet keçmişinə malik qardaş türk dövləti deyil. O, Bakının Mərkəzi Asiyadakı ən yaxın, zamanla sınaqdan çıxmış müttəfiqidir. Azərbaycanın Mərkəzi Asiyanın heç bir ölkəsi ilə Özbəkistanla olduğu qədər sıx etnomədəni əlaqəsi olmayıb. Siyasi sahədə də Özbəkistan bütün beynəlxalq qurumlarda Azərbaycanı hər bir məsələdə birmənalı şəkildə dəstəkləyib. Bu, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi məsələsinə də aiddir.
Özbək politoloqu Fərhod Tolipov «R+»a müsahibəsində yeni Prezidentin dönəmində Özbəkistanda baş verə biləcək siyasi-iqtisadi dəyişikliklərdən danışıb.
- Özbəkistanın xarici siyasəti geosiyasi mərkəzlərdən eyni məsafə saxlaması ilə xarakterizə olunur. İndi, Özbəkistanın geosiyasi oriyentirlərinin dəyişməsi mümkündürmü? Ümumiyyətlə, ölkənin gələcək xarici siyasətini necə görürsünüz?
- Şavkat Mirziyoyev istər seçkiqabağı kampaniya zamanı, istərsə də ondan sonra Özbəkistanın xarici siyasətinin vərəsəliyi birmənalı şəkildə bəyan edib. Yəni, ölkə bloklara qoşulmamaq prinsipinə sadiq qalacaq. O, konkret olaraq Aİİ-nin adını çəkməsə də, Daşkəndin bu birliyə də qoşulmayacağını guman etmək mümkündür. Ümumilikdə Mirziyoyev sələfi İslam Kərimovun xarici siyasi xəttini davam etdirəcək.
Amma Daşkəndin Aİİ-yə qoşulmaq niyyətində olmaması Rusiya ilə münasibətlərin soyuyacağı anlamına gəlmir. Kərimovun dövründə Aİİ ilə Özbəkistan arasında azad ticarət zonasının yaradılması təklif olunmuşdu. İqtisadi-ticari əlaqələri genişləndirməyə imkan verəcək digər əməkdaşlıq formaları da var.
- Özbəkistan çox çətin regionda yerləşir. Onun qonşuları ilə münasibəti kifayət qədər mürəkkəbdir. Oşdakı faciəvi hadisələr, Qırğızıstan və Tacikistanla sərhəd mübahisələri, üstəlik, Əfqanıstan da qonşuluqdadır. Qonşularla münasibətlər necə olacaq?
- Yeni rəhbərlik Mərkəzi Asiya regionunu xarici siyasətdə prioritet elan edib. Artıq bu prinsipin üstünlük təşkil etdiyini təsdiqləyən praktiki addımlar da atılıb. Özbəkistan XİN-in təmsilçiləri Tacikistan və Qırğızıstandan olan həmkarları ilə görüşüb. Qırğızıstanla hökumət səviyyəsində də dialoq qurulub. Gələn ilin yanvarından Tacikistanla aviareyslər bərpa olunacaq. Onlar hələ 90-cı illərin əvvəllərində kəsilmişdi. Qonşu ölkələrlə viza rejiminin ləğvinə dair danışıqlar gedir. Araqun HES-in inşası ilə bağlı problem də «ölü nöqtə»dən tərpənib.
- Türk dövlətləri arasında inteqrasiya, onların ümumi bazarının yaradılması ideyasına necə yanaşırsınız?
- Mən türk dünyasının birləşməsinə, dinamik inteqrasiya perspektivinə şübhə ilə yanaşıram. Bu məsələ üzərində işləmişəm. Türk dünyası istər geosiyasi oriyentirlər, istərsə xarici siyasət baxımından yekcins deyil. Tarixi birliyə baxmayaraq, yaxınlaşdırıcı amillərlə yanaşı, türk dünyasından kənarda da maraqlar var. Biz «türk dünyası» ifadəsini kulturoloji anlamda işlətdikdə bir faktı nəzərdən qaçırmamalıyıq: kulturoloji və etnik keyfiyyətlərlə yanaşı, rasional praqmatik maraqlar da var. Onlar bütün türk dövlətlərinin xarici siyasi maraqlarında üstünlük təşkil edəcək. Bir önəmli amili qeyd edim: türk dünyasının böyük hissəsi bir dövlətin - Rusiyanın tərkibindədir. Onlar birləşmə, yaxınlaşma anlayışına yalnız öz türk maraqlarından və eyniliyindən yox, Rusiyanın qlobal siyasəti prizmasından yanaşacaq. Bu, onların mövqeyini, maraqlarını əhəmiyyətli dərəcədə dəyişəcək. Odur ki, biz türk dünyasının birmənalı və birtərkibli olmadığını görürük. Əslində, türk dünyasının tam şəkildə birləşməsi vacib də deyil.
- Özbəkistan özünün enerji resurslarının ixracında yalnız Rusiyanın deyil, Qərbin də marşrutlarından istifadə edə bilərmi? Məsələn, Qazaxıstandan, Azərbaycandan keçməklə…
- Özbəkistan məsələlərə hər zaman iqtisadi məqsədyönlülük baxımından yanaşıb. Layihələrin prioritetlik dərəcəsini şəxsi simpatiya əsasında, rasional kommersiya qazancının ziyanına müəyyənləşdirmək yanlış olardı. Enerji layihələrinin taleyini iqtisadi məqsədyönlülük həll edəcək.
- Mərhum prezident Kərimovun hökuməti BMT və digər təşkilatlarda hər zaman Azərbaycanın Qarabağ münaqişəsinə dair qətnamələrini dəstəkləyib. Özbəkistanın yeni hökuməti dövründə bu məsələ necə olacaq?
- Bu məsələdə mövqe dəyişikliyinə heç bir səbəb yoxdur...
- Özbəkistan özünün nüfuzlu islam tədris mərkəzləri ilə məşhurdur. ABŞ-da keçirilmiş prezident seçkisində müsəlmanların ünvanına birmənalı olmayan fikirlər səsləndirən Donald Trampın qalib gəlməsi Özbəkistanda necə qarşılanıb?
- ABŞ prezidentliyinə namizədlərin qəribə bəyanatlarına, fikirlərinə baxmayaraq, bu ölkədə illərlə sınaqdan keçmiş sistem var. Orada prezidlent nəsə deyirsə, bu, deyilənlərin dərhal həyata keçəcəyi anlamına gəlmir. Düşünürəm ki, onun müsəlmanlarla bağlı tənqidi fikirlərinə düzgün yanaşılmalıdır. Trampın dedikləri onun bütün müsəlmanları nəzərdə tutduğu, bütünlükdə islam dünyasını rədd etdiyi anlamına gəlmir. Düşünürəm ki, həmin ifadələr radikal müsəlmanlara hiddətdən irəli gəlib. Həmin ifadələrin konkret konteksti olub.
- Mirziyoyev rəsmi çıxışlarında Cənubi Qafqaz ölkələri ilə münasibətlərin perspektivləri haqqında danışıbmı?
- Seçkiqabağı kampaniya zamanı o, sadəcə, ən vacib məqamları açıqlayıb. Əlbəttə ki, əməkdaşlıq inkişaf etdiriləcək. Bu münasibətlər, əlaqələr əvvəllər də inkişaf edib. Onların kəsilməsi, məhdudlaşdırılması üçün heç bir səbəb yoxdur. Özbəkistanla Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı maraqlar qalmaqdadır və münasib şəraitdə bu münasibətlər yalnız daha inkişaf edəcək.
MƏSLƏHƏT GÖR: