24 Noyabr 2024

Bazar, 07:46

SOYUQ İLİN QAYNAR ANLARI

2017-ci ilin başlanğıcına dünyanın enerji xəritəsində hansı mənzərə formalaşıb?

Müəllif:

01.01.2017

Neftin barrelinin qiyməti $27 dollar; hələ iki il qabaq barrelin $100-ə satıldığı səviyyəyə alışmış transmilli neft şirkətləri və neft hasilatçısı ölkələri belə bir dəhşəti ağıllarına gətirə bilməzdilər. Amma Şaxtababa 2016-cı ilin yanvar ayının ortalarında dünya energetika sektorunu məhz bu qiymətlərlə «sevindirdi». Səbəblər barədə çoxdan danışılırdı: istehlakçı ölkələrdə iqtisadi fəallıq azaldığı halda, istehsalın artımı idarə edilmirdi. Bunun arxa planında Səudiyyə Ərəbistanı başda olmaqla, ənənəvi neft hasilatçıları ilə ABŞ və Kanadanın şist nefti istehsalçıları arasında qiymət müharibəsi dururdu. Amma göründüyü kimi, qiymətlərin bu qədər düşməsi sektorda fəaliyyət göstərənlərin hamısı üçün soyuq duşa çevrildi.

 

Neft yelləncəyi

Buna görə demək olar ki, bütün 2016-cı il OPEC və kartelə daxil olmayan neft hasilatçısı ölkələri tərəfindən neft hasilatının dondurulması və ya azaldılması ilə bağlı danışıqlar baxımından əlamətdar oldu. Halbuki, daha əvvəl OPEC bazarda qiymət dəyişmələrinə operativ reaksiya verirdi və hasilatı müvafiq şəkildə artırıb-azaldırdı. Amma 2014-2015-ci illərdə kartel müvəqqəti olaraq kənara çəkildi ki, hətta üzvlərinin maliyyə itkiləri hesabına belə olsa, şist neft istehsalçılarını neytrallaşdıra bilsin. Amma şist neft istehsalçıları elə də zəif olmadılar - Amerika şirkətləri istehsalı azaltsalar da, tamamilə kənara çəkilmək istəmədilər, buna şist neftinin barrelinin qiymətini $30-a salmağa imkan yaradan qabaqcıl texnologiya imkan yaratdı.

Artıq 2015-ci ilin sonlarına OPEC «qara qızıl» bazarının tənzimlənməsinə qayıdış barədə araşdırmalar aparmağa başladı. Amma proses kartel üzvü olan iki əsas ölkə - Səudiyyə Ərəbistanı ilə İran arasında gedən fikir ayrılığı üzündən çətinləşdi. İran nüvə proqramına görə üzləşdiyi sanksiyaların aradan qaldırılmasından sonra, istehsalı artırmaqla sutkalıq 4 milyon barrel səviyyəyə qalxmaq istəyirdi.

Tehran bütünlükdə neft hasilatının dondurulması ideyasını dəstəkləyirdi və hətta ona qoşulmağa hazır idi, sadəcə, sanksiyadan əvvəlki səviyyəyə qayıtmaq istəyirdi. Bu isə sanksiya illərində İranın yerini tutmuş ər-Riyadın hasilatı kəskin azaltması demək olacaqdı. İki ölkə arasında mürəkkəbləşən siyasi qarşıdurma şəraitində ər-Riyad İranın qayıtması üçün bazarı boşaltmağa hazır deyildi. Nəticədə, OPEC-in Dohada təmtəraqla reklam edilmiş aprel toplantısı nəticəsiz qaldı və hasilatın dondurulması barədə qərar əldə edilmədi. Qeyd edək ki, toplantıda Rusiya və Azərbaycan kimi neft hasil edən, amma kartelə daxil olmayan ölkələr də iştirak edirdi.

Sentyabr ayında Əlcəzairdə OPEC-in hasilatın dondurulması ilə bağlı növbəti cəhdini kartelə daxil olmayan ölkələr qəbul etmədilər, amma dəqiq anlaşma olarsa, buna qoşulacaqlarını da vəd etdilər. Məhz Əlcəzair görüşü gələcək sıçrayışın əsasını qoydu, daha sonra Vyanada OPEC ölkələri hasilatın sutkada 32,5 milyon barel səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəldilər.

OPEC-in Vyanada keçirilmiş noyabr iclasında isə bu razılaşma rəsmən təsdiqləndi - kartel üzvləri toplam hasilatın 1,2 milyon barrel azaldılması barədə öhdəlik götürdülər, hər bir ölkə üçün kvota müəyyən etdilər. Bu zaman kartelə daxil olmayan bir sıra ölkələr də hasilatın 558 min barrel azaldılması barədə öhdəlik götürdülər. Onların böyük bölümü Rusiyanın payına düşüb - 300 min barrel azaltmalıdır, Azərbaycan isə öz növbəsində, hasilatı 35 min barrel azalmaq barədə vəd verib.

Bu, OPEC-ə daxil olan və olmayan neft hasilatçısı ölkələrin tarixi anlaşmasıdır - bazardan sutkada 1,7-1,8 mln. barrel nefti çıxarmağa və 2017-ci ilin birinci yarısında balans əldə etməyə imkan yaradacaq. «Fitch Ratings»in ekspertləri hesab edirlər ki, artıq 2017-ci ilin birinci rübündə neftə tələb təklifi 400 min barrel/sutka üstələyə bilər, əgər anlaşmanın müddəti uzadılarsa, 2017-ci ilin dördüncü rübündə bu, 1,3 milyon barrel/sutka-ya qədər arta bilər.

Anlaşma artıq neftin qiymətinə təsir edib. Əgər OPEC-in iclasına qədər neftin qiyməti barrel üçün $45 ətrafında dəyişirdisə, məhdudlaşmaya daha yaxın olan dekabrın sonunda artıq $55-ə qalxıb. Neftin qiymətinin bundan sonrakı dəyişməsi neft hasil edən ölkələrin anlaşmaya dəqiq əməl etməsindən, həmçinin ABŞ-ın şist neftinin bazara təsir etməsindən asılı olacaq.

 

Qaz simbiozu

Ötən 2016-cı il qaz sektoru ilə bağlı da önəmli hadisələrlə yaddaqalan oldu. Təbii qaz ildən-ilə ümumdünya enerji balansında öz payını artırır, yaxın gələcəkdə də bu proses davam edəcək. Dünya səviyyəsində nəhəng sayılan «Şahdəniz» yatağının işlənməsini gerçəkləşdirən Azərbaycana bu, maliyyə gəlirlərinin artımı ilə yanaşı Avropa istehlakçısının enerji təchizatında önəminin artmasını vəd edir. Bu məqsədlə «Şahdəniz»in işlənməsinin ikinci mərhələsi çərçivəsində iri «Cənub Qaz Dəhlizi» layihəsi gerçəkləşdirilir ki, bu, qazı Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana ötürmək imkanı yaradacaq, həmçinin digər Balkan ölkələrinə çıxmağa imkan yaradacaq.

2016-cı ilin ortalarında Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP boru kəmərinin tikintisinə başlanıldı. Məhz bu komponent daha çox əngəllərlə qarşılaşdı - İtaliyada bir sıra təbiəti mühafizə qeyri-hökumət təşkilatları Apuliya sahillərinin çirklənə biləcəyini iddia edərək layihənin əleyhinə çıxdılar. Halbuki, qaz kəmərinin tikintisi üzrə konsorsium ətraf mühitə təsirin minimuma endirilməsi ilə bağlı zəmanət verib. Özü də, layihənin maliyyələşdirilməsi üçün ekologiya məsələlərində çox həssas olan beynəlxalq maliyyə təşkilatlarının cəlb edilməsi nəzərdə tutulur. İtaliya xarici işlər naziri Paolo Centiloninin Azərbaycana səfərindən sonra TAP-ın gerəkləşdirilməsi məsələsində gərginliyi müəyyən qədər azaltmaq mümkün oldu.

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn da layihəyə dəstək verəcəyini vəd edib. "Əminəm ki, İtaliyada TAP-ın tikintisi ilə bağlı yaranmış çətinliklərin öhdəsindən gələ bilərik. Bunun üçün ABŞ, Avropa Birliyi və bu layihəyə cəlb edilmiş başqa ölkələrin birgə işləməsi vacibdir", - deyə o, Bakıya bu yaxınlarda etdiyi səfəri zamanı bildirib.

Bundan başqa, o, vəd edib ki, Vaşinqton bir zamanlar Bakı - Tbilisi - Ceyhanla bağlı etdiyi kimi, Cənub Qaz Dəhlizinə də öz dəstəyini əsirgəməyəcək. «Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya qədər çox ölkəni əhatə edən  Cənub Qaz Dəhlizi kimi güclü layihə müxtəlif siyasi və geosiyasi problemlərlə üzləşə bilər. Problemləri birlikdə çözdüyümüz əvvəllər olduğu kimi, bundan sonra da birlikdə çalışacağıq», - deyə Hokstayn vurğulayıb.

Yeri gəlmişkən, neftin qiymətinin düşməsi Cənub Qaz Dəhlizinin dəyərinə təsir göstərib. Gözlənilir ki, xərclər təxminən $39 mlrd. təşkil edəcək, əvvəllər isə $45 mlrd. planlaşdırılırdı. Özü də əsas qənaət TANAP və TAP layihələrində edilir, TANAP-ın dəyəri $12 milyarddan $8,5 milyarda düşüb, TAP-ın qiyməti isə $9 milyarddan $6 milyarda enib.

İlin sonuna yaxın Cənub Qaz Dəhlizinin gerçəkləşdirilməsi üzrə xarici kreditlər də daxil olmağa başlayıb. Bu, beynəlxalq maliyyə institutlarının Azərbaycan qazının Avropaya nəql sisteminin effektivliyinə inamından xəbər verir. O cümlədən, Dünya Bankı layihəyə $800 mln., Asiya İnkişaf Bankı $1 mlrd., Asiya İnfrastruktur Sərmayələr Bankı (AİSB) isə $600 mln. ayırıb. Özü də AİSB-nin krediti bu yeni maliyyə qurumunun qısa tarixində ən böyük yatırım olub.

Bütünlükdə, 2016-cı ilin sonuna «Şahdəniz» yatağının «Mərhələ 2» layihəsi üzrə işlərin 88%-i, Cənubi Qafqaz Boru Kəməri magistralının genişlənməsi üzrə işlərin 75%-i, TANAP-ın tikintisi üzrə işlərin 60%-i, TAP-ın tikintisi üzrə isə işlərin 30% -i yerinə yetirilib.

Cənub Qaz Dəhlizi qaz təchizatını şaxələndirməyə çalışan Avropa üçün ilk real alternativ olacaq. Özü də bu sistemin ayrı-ayrı ölkələrinin tək təchizatçıdan 100% asılı olan Cənub-Şərşi Avropa bazarına çıxmasında xüsusi önəmi var.

Cənub Qaz Kəmərinin gerçəkləşdirilməsindən Türkiyədə önəmli gəlir əldə edəcək. Burada təkcə əlavə qaz nəqlindən söhbət getmir (Türkiyə 2018-ci ildən başlayaraq «Şahdəniz»in işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 6 mlrd. kubmetr qaz alacaq). Türkiyə həm də Avropanın cənub sərhədlərindən iri xab formalaşdıra bilər. O cümlədən, gələcəkdə Cənub Qaz Dəhlizi sistemi Avropaya türkmən qazını nəql etməyə də imkan verəcək. Nəzəri baxımdan, sistemə İran, İraq və İsrail qazının da qoşulması istisna edilmir.

"Biz Türkiyəni vacib enerji habına çevirəcək yeni sərmayələrin astanasındayıq. Bu ilin sonuna və 2017-ci ilin əvvəlinə biz bu istiqamətlərdə önəmli addımlar atacağıq. Bununla biz qaz ticarəti məsələsində Türkiyənin region ölkələri üçün etibarlı mərkəzə çevrilməsini yaxınlaşdıracağıq", - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktybar ayında İstanbulda keçirilmiş 23-cü Ümumdünya energetika konqresində bildirib.

Rusiyanın «Türk axını» layihəsinin gerçəkləşdirilməsi ilə Türkiyənin qaz habına çevrilməsi ilə bağlı iddiaları daha da möhkəmlənəcək. Avropa Birliyinin təzyiqi ilə ləğv edilmiş «Cənub axını» yerinə nəzərdə tutulmuş boru kəməri Qara dənizin dibi ilə qazın Rusiydan Türkiyəyə birbaşa ötürülməsini nəzərdə tutur. Suriya Su-24 Rusiya bombardmançı təyyarəsinin vurulmasından sonra ölkələr arasında münasibətlərin pisləşməsi bu layihəni dondurdu. Amma münasibətlərin yaxşılaşmasından sonra, «Türk axını» fəallaşdırılan ilk layihələrdən biri oldu.

Türkiyə və Rusiya başçıları «Türk axını»nın iki xəttinin tikintisi barədə hökumətlərarası saziş bağlayıblar, bu xətlərin hər birinin gücü ayrılıqda 15,75 mlrd. kubmetr olacaq. Artıq ilin sonuna kimi saziş Türkiyə Parlamenti tərəfindən ratifikasiya edilib, prezident və hökumət tərəfindən təsdiq olunub.

İlk növbədə, «Türk axını»nın bir xətti tikiləcək ki, bu, gələcəkdə Rusiyadan Türkiyəyə qazı Ukraynadan keçən Transbalkan qaz kəməri ilə ötürməkdən imtina etməyə imkan yaradacaq. Cənub-Şərqi Avropa ölkələrinin tələbatından asılı olaraq ikinci xətt də tikilə bilər, amma bu, Ukraynanı Rusiyadan Avropaya qaz nəqlinin əsas tranzitçisi kimi saxlamağa çalışan Avropa Birliyinin mövqeyindən asılı olacaq.

Yeri gəlmişkən, keçən il Rusiya ilə Ukrayna arasında qarşıdurmanın siyasi həlli gerçəkləhdirilə bilmədi, deməli, energetika sahəsində də fikir ayrılıqları qalmaqdadır. Rusiya 2019-cu ildən sonra öz qazının Avropaya Ukraynadan keçməklə nəqlini dayandırmağa qəti qərarlıdır, onda tranzit sazişinin müddəti bitir. Buna görə də Moskva «Türk axını» və «Şimal axını -2» kimi tranzit məsələsində Ukraynadan yan keçən yeni layihələr irəli sürür. Amma Avropa Birliyi bu cür dəyişmə ilə razı deyil və Rusiya Federasiyasının bütün yeni təşəbbüslərini əngəlləməyə çalışır.

 

DESFA-sız SOCAR

İlin sonu Azərbaycanın neft-qaz sektoru, xüsusilə də SOCAR üçün yetərincə dolğun olub. Əsas hadisə kimi SOCAR və “bp” arasında «Azəri - Çıraq - Günəşli» (AÇG) yataqları blokunun işlənməsi üzrə müqavilənin 2050-ci ilə kimi uzadılmasını göstərmək olar. Bu yataqlar Azərbaycanın əsas aktividir və ölkədə neft hasilatının 80%-ə qədərini verir. “AÇG”nin işləməsi çərçivəsində 1997-ci ildən bu yana 3 mlrd. barreldən çox neft çıxarılıb ki, bu, bütün çıxarıla bilən ehtiyatın 40%-ni təşkil edir.

Həmçinin SOCAR keçən il ilk dəfə olaraq, Azərbaycan bazarına dollar istiqrazları təqdim elədi. SOCAR-ın ilk daxili beşillik istiqrazlarının emissiya həcmi $100 mln., bir istiqrazın qiyməti isə $1 min olub. SOCAR istiqrazlarının gəlirliliyi illik 5% təşkil edir. Özü də yerləşdirmə şərtlərinə görə, ilkin bazarda istiqrazları yalnız Azərbaycan rezidentləri ala bilərlər, amma təkrar bazara xarici vətəndaş və şirkətlərin də qoşulması mümkündür. Şirkət bu addımı bank sisteminə etibarın azalması şəraitində əhaliyə yatırım üçün yeni maliyyə məhsulu təqdim etmək üçün atıb.

2016-cı ildə, nəhayət ki, SOCAR tərəfindən Yunanıstanın qaz paylama şirkəti DESFA-nın alınması ilə bağlı danışıqların üçillik əhvalatı başa çatdı. Uzunsürən danışıqlara baxmayaraq, sövdələşməni başa çatdırmaq mümkün olmayıb. DESFA-nın 66%-nin 400 milyon avroya satın alınması üzrə tenderi udan

SOCAR Avropa Birliyinin antiinhisar qurumlarının maneçiliyi ilə üzləşib. 2020-ci ildən Azərbaycan qazının Yunanıstana nəqli gözlənir, Avropa qurumlarının fikrincə, bu, SOCAR-a öz şərtlərini diqtə etmək üçün şərait yarada bilər. SOCAR 17%-i İtaliyanın SNAM şirkətinə güzəştə gedərək DESFA-dakı payını 49%-ə endirmək öhdəliyini götürdükdən sonra qarşıdurmanı həll etmək mümkün oldu. Ancaq bundan sonra özəlləşdirmənin yolu Yunanıstan hökuməti tərəfindən kəsildi, hökumət təşəbbüs qaldıraraq qanunvericiliyə DESFA-nın tariflərinin gələcək artımlarına məhdudiyyət qoyulması ilə bağı dəyişikliyə nail olub. Yeni şəraitdə qazpaylayıcı şəbəkənin rentabelliyi düşdüyündən SOCAR şirkətin dəyərinin azaldılmasına çalışdı, amma buna nail ola bilmədi.

Bunun əvəzində SOCAR Afrika qitəsində fəallığı artıraraq Kot-d`İvuara və Toqoya sıxılmış qaz nəqli və regionun gələcək qazlaşdırılması ilə bağlı bir neçə layihəyə baxıb. Azərbaycanın Dövlət Neft Şirkəti artıq Kot-d`İvuara qaz idxalı ilə bağlı terminal tikintisi layihəsinə daxil olub. Daha bir layihə kimi Beninlə Koton limanının tikintisi müzakirə edilir.

Həmçinin, SOCAR Xorvatiyada sıxılmış qaz terminalının tikintisi layihəsinə baxır, eləcə də Maltada sıxılmış qaz terminalının və elektrik stansiyasının layihəsinə sərmayə yatırmaq niyyətindədir.

 

Gələn il bizə nə hazırlayır?

2018-ci ildə «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Türkiyəyə qaz nəqlinə başlamaq üçün əsas diqqət «Cənub Qaz Dəhlizi» layihəsinin gerçəkləşdirilməsinə yönəldiləcək. Prinsipcə, layihənin yolunda maneəçiliklər artıq yoxdur. Maliyyə məsələsi fəal həll edilir, “Cənub Qaz Dəhlizi”nin ayrı-ayrı hissələri üzrə tikinti işlərinin miqyası genişlənidirilir.

Başqa tərəfdən, ümid edək ki, neft hasil edən ölkələr arasında istehsalatın azaldılması ilə bağlı bağlanmış müqavilə işləyəcək və «qara qızıl”ın əlverişli qiymətə çatmasına şərait yaranacaq. Neftin qiymətinin əlverişli qiymətdə sabitləşməsi Azərbaycana daha sürətlə postneft iqtisadiyyatına keçmək və yaxın on illər boyunca iqtisadiyyatn ayrı-ayrı sektorları üzrə iqtisadi inkişafı təmin etməyə yönəlmiş «yol xəritələri”ni fəal gerçəkləşdirmək üçün şərait yaradacaq.



MƏSLƏHƏT GÖR:

470