23 Dekabr 2024

Bazar ertəsi, 22:16

YER ÜZÜNDƏ CƏNNƏTƏ NECƏ DÜŞMƏK OLAR

“Markhal Resort&Spa” turizm sahəsində bölgədə söz sahibinə çevrilmək niyyətindədir

Müəllif:

15.01.2017

Yəqin ki, hazırcavablıqda şəkililərə çatan olmaz. Saçlarına dən düşmüş taksi sürücüsündən Markhal Resort&Spa otelinə gedən yolu soruşanda, şirin Şəki ləhcəsi ilə zarafatla dedi: «Düz yoldasan, müəllim. Ha bu yolun başında qabağına körpü çıxacaq. Körpüdən çayın o tayına keçsən,üzü kilsəyə gedəcəksən; yox, əgər sağa dönsən, birbaşa cənnətə düşəcəksən».

Gözəl təbiəti, zəngin tarixi və mədəni irsi Şəkini çoxdan Azərbaycanın turizm mərkəzlərindən birinə çevirib. Çətin ki, hansısa turist Azərbaycana gəlib, bu rayona səfər etməsin. Axı Şəki həm də Qafqazın ən qədim insan məskənlərindən biridir. Özü də səyahətdən doyunca həzz almaq üçün burada bir gün qalmaq kifayət etməz.

Şəkiyə gəlib tikintisində bir mismardan belə istifadə olunmamış Xan Sarayının və ya Kiş kəndindəki Alban məbədinin yanında şəkil çəkdirməmək olar? Bəs qədim Karvansaraya, bir çox müharibələrin şahidi olmuş Gələrsən-Görərsən qalasına, orta əsrlərə aid Cümə və Gileyli məsçidlərinə baş çəkməmək günah deyil? Yaxşıca gəzib acdıqdan sonra, məşhur Şəki pitisinin dadına baxmağa nə deyirsiniz? Üstündən də Şəki halvası ilə məxməri çay…

Şəki həm də sənətkarlar şəhəridir. Müxtəlif əl işləri və suvenirlərin bol çeşidi sizi elə valeh edəcək ki, seçim üçün çox fikirləşməli olacaqsınız. Bəs bütün bunları görmək və komfortlu istirahət etmək üçün harada qalmaq məsləhətdir?

Hələ yeddi il əvvəl biz Azərbaycanın bu cənnət guşəsi barədə məqalə dərc edəndə Şəkidə geniş inkişaf etmiş turizm infrastrukturu yox idi. Cəmi bir neçə kiçik mehmanxana fəaliyyət göstərirdi ki, onlar da bölgəyə gələn qonaqların tələbatına tam cavab verə bilmirdi. Bu gün isə turistlərin ixtiyarına iyirmiyə yaxın müxtəlif istirahət mərkəzi verilib ki, onların da sırasına ötən il Markhal Resort&Spa oteli qoşulub.

Fəaliyyətə 2016-cı il avqustun 5-də başlayan Markhal Resort&Spa rayon mərkəzinin cəmi bir neçə kilometrliyində, dəniz səviyyəsindən 1 080 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamacında yerləşir. Buranı Bakıdan dördsaatlıq, Qəbələ və Zaqataladan isə cəmi birsaatlıq məsafə ayırır.

Markhal Resort&Spa turizm kompleksinin inşası barədə sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə imzalayıb. Bundan üç il sonra ölkə başçısı yekunlaşmaqda olan tikinti işlərinin gedişi ilə şəxsən tanış olub.

Açılışdan cəmi bir neçə ay sonra, otel Azərbaycan, Rusiya, İtaliya, Almaniya, İsveçrə, Böyük Britaniya və başqa ölkələrdən 10 mindən çox qonaq qəbul edib. Lap bu yaxınlarda, dekabrın əvvəlində isə burada TÜRKSOY Daimi Şurasının XXXIV iclası keçirilib.

Fəaliyyətə başladıqdan cəmi bir ay sonra, nüfuzlu Travel. ru turizm servisinin əməkdaşları qonaq adı altında otelə gələrək, burada araşdırma aparıblar. Sonradan məlum olub ki, onlar Azərbaycanın ən yaxşı beş otelini seçirmişlər və Markhal Resort&Spa otelini ilk beşliyə daxil ediblər.

«Onlar (travel. Ru saytının ekspetləri) burada adi qonaq qismində qalırdılar. Bizim heç ağlımıza da gəlməzdi ki, onlar Azərbaycanın ən yaxşı beş otelini seçməklə məşğuldur. Hərçənd, qonaqların hər şeylə maraqlanması, hər şeyin şəklini çəkməsi və çoxlu sual verməsi diqqətimizi cəlb etmişdi», – deyə Markhal Müalicə və İstirahət Kompleksinin baş direktoru İlqar Hüseynov «R+»a bildirib.

Hələlik, otel özünün potensial müştərisini axtarır. Xidməti daha çox kimə hesablamaq lazımdır - rus, türk, ərəb, avropalı, yoxsa yerli turistlərə? Və ya hansı yaş kateqoriyasına, hansı mövsümə daha çox ümid etmək lazımdır? Bütün bu suallara artıq üzümüzə gələn payız cavab vermək olacaq.

«Bu, ilk əməliyyat ilidir. Hələlik, biz bazarın tələbatını öyrənir və yalnız bayram paketləri ilə kifayətlənirik. Bizə öz imkanlarımızı qiymətləndirmək və bazardakı potensial yerimizi müəyyən etmək, real müştərimizi tanımaq, gücümüzü hansı istiqamətə yönəltməyi öyrənmək, çatışmazlıqları aşkarlayıb aradan qaldırmaq üçün bir il vaxt lazımdır», – deyə turizm kompleksinin direktoru bildirir.

O, qürur hissi ilə qeyd edir ki, “Markhal Resort&Spa” Azərbaycanda, demək olar, yeganə oteldir ki, bütün personalı azərbaycanlı mütəxəssislərdən, o cümlədən yerli sakinlərdən ibarətdir. Hazırda yerli əhali arasından kadr hazırlığı davam etdirilir.

«Biz bir Azərbaycan konsepti yaratmaq istəyirik və bu konsept “Markhal” olacaq. Bizim üçün beynəlxalq standartlar və milli qanunvericilikdən başqa heç bir şablon yoxdur. Bu gün biz artıq öz mətbəximizlə önə çıxırıq. Bu, bizim böyük üstünlüyümüzdür, çünki mətbəx turistə edilən təkliflərdəndir. Burada Şəki pitisindən tutmuş, Avropa və Asiya mətbəxinə aid hər şey sifariş etmək olar. Siz deyə bilərsiniz ki, axı velosiped var, yenisini icad etmək nəyə lazımdır? Bizim velosiped ixtira etmək fikrimiz yoxdur, biz sadəcə onu özümüzə uyğunlaşdırırıq», – deyə İ. Quseynov bildirir.

Bu arada, artıq rəqiblər də turizm paketlərinin tərtib olunması, yeni təkliflərin və qiymətlərin müəyyən edilməsində “Markhal” otellə hesablaşmağa başlayıblar. Yeri gəlmişkən, otelin standart ikinəfərlik nömrəsində bir sutka qalmaq, səhər yeməyi də daxil olmaqla, 60 manata başa gəlir. Yəni, faktiki olaraq, avropalı turist 30 avro ödəməklə, dağların arasında yerləşən, ecazkar mənzərəsi, dadlı yeməkləri və maraqlı əyləncələri olan bu oteldə bir sutka qala bilər. Bir qonaq və üç yataq otağından ibarət 6-8 nəfərlik villaların sutkasını isə səhər yeməyi daxil cəmi 180 manata sifariş etmək olar.

Otelin daha bir üstünlüyü isə nəqliyyatla bağlıdır. Əgər siz Bakıdan böyük qrupla yola düşürsünüzsə, lüks avtobuslar tamamilə təmənnasız olaraq xidmətinizdədir. Yayda isə Bakıdan birbaşa “Markhal”a daimi reyslərin təşkil ediləcəyi istisna deyil.

Otel rəhbərliyi aqressiv reklamın tərəfdarı deyil - onların fikrincə, əsas özünü işdə göstərməkdir. «Biz qonaqların bizi reklam etməsinə üstünlük veririk. Bunun üçünsə onlara real imkanlarımızı göstərməliyik», – deyir İlqar Hüseynov.

Bu arada artıq Booking.com ümumdünya otel kirayələmə sistemi turistlərin rəyləri əsasında, “Markhal Resort&Spa” otelini onballıq şkala ilə 9,5 balla qiymətləndirib. «Bir sözlə, hər şey xoşumuza gəldi»; «Qiymət və keyfiyyətin gözəl nisbəti»; «Sükanı belə saxlayın!»; «Əla istirahətə təminat verilir!»; «Əla oteldir!»; «Cənnətdə bir gün!»; «Çox gözəl!»; «İstirahətə buraya gəlmək lazımdır!!!» – deyə Booking.com və Tripadvisor.ru şəbəkələrinin istifadəçiləri rəy yazırlar.

Qeyd edək ki, 522 yataq yeri olan “Markhal Resort & SPA” Azərbaycanın bölgələrində nömrələrin sayına görə ən böyük oteldir. Otuz hektar ərazidə yerləşən turizm kompleksində 172 nömrədən ibarət yeddimərtəbəli otel və ailəvi məskunlaşma üçün çox gözəl şəraiti olan 31 villa inşa edilib. Qonaqların ixtiyarına, həmçinin 600 və 250 nəfərlik iki restoran, kafe, lobbi bar, mağazalar, 2 kinozal, 500 tamaşaçı tutumu olan böyük amfiteatr, konfrans zalları və uşaq əyləncə yerləri verilib. Oteldə, həmçinin boulinq mərkəzi, mini-futbol, tennis və basketbol meydançaları, qapalı hovuz fəaliyyət göstərir. Uşaqlar üçün, həmçinin su attraksionları da quraşdırılıb. Otelin yaxınlığında isə kompleksə xüsusi gözəllik verən süni göl yaradılıb.

Otelin SPA mərkəzi ayrıca bir diqqətə layiqdir. Burada qapalı hovuz, sauna və fitnes zalı ilə yanaşı, müalicəvi prosedurlar üçün bir neçə otaq, o cümlədən duz və qum otaqları da fəaliyyət göstərir. Buradakı kəhrəba otağı isə bütün Azərbaycanın turizm sənayesinin qürur yeri sayıla bilər. Belə otaqlardan dünyada cəmi dörd yerdə var.

Tibbi mənbələrdə qeyd olunur ki, təbii kəhrəba daşı döşənmiş bu otaqlarda olmaq ürək-damar sistemi, oynaq və onurğa, qalxanvari vəz, mədə-bağırsaq, mərkəzi sinir sistemi xəstəliklərinin, bronxial-astmanın və bir çox digər ağrıların müalicəsinə müsbət təsir göstərir.

Otelin ən böyük üstünlüyü isə onun təbiətin ən gözəl və sakit guşəsində yerləşməsidir. «Harada nə baş verirsə-versin, burada siz sakit şəraitdə dincələ bilərsiniz», – deyə İlqar Hüseynov bildirir. 

Aktiv turizm həvəskarları üçün isə otel Kiş alban məbədinə, ördək gölünə, Qəbələdəki kanat yoluna, Qax və Zaqatalanın turizm məkanlarına turlar təşkil edir. Otel rəhbərliyinin planları arasında Xan Yaylağına ofrouder-turların və pikniklərin təşkili də var. Bir sözlə, “Markhal Resort&Spa” öz qonaqlarına bütün bölgənin turizm imkanlarından yararlanmağa şərait yaratmaqla, turizm sənayesində söz sahibinə çevrilmək niyyətindədir. 

«Beləcə, işin gedişində həm də otelin təbliği ilə məşğul olacağıq. Hələlik isə tərəfdaşların bizi hansısa reklamda görüb müraciət etməsini gözləmədən, özümüz birbaşa onlara çıxırıq. Hazırda 50-dən çox yerli və xarici turizm agentliyi ilə işləyirik», –deyə «Markhal Resort&Spa»nın baş meneceri Fuad İlyasov söhbətimizə yekun vurdu.

Beləliklə, Azərbaycanın böyük potensiala malik olan Şəki rayonunun turizm xəritəsində yeni ünvan – “Markhal Resort&Spa” ilə tanışlığımız başa çatdı.



MƏSLƏHƏT GÖR:

452