24 Noyabr 2024

Bazar, 08:28

BİZNES MÜHİTİ

Yenilənmiş vergi qanunvericiliyi sahibkarlığın inkişafına və dövlət büdcəsinin doldurulmasına yardım etməlidir

Müəllif:

15.01.2017

2017-ci il yanvarın 1-dən Azərbaycanın biznes dairələri üçün yeni «oyun qaydaları» qüvvəyə minib: 2016-cı ilin sonlarında Vergi Məcəlləsinə 201 dəyişiklik təsdiq edilib ki, onların sırasında 115 yeni maddə daxildir, 83 maddə dəyişdirilib və 3-ü ləğv edilib. Dəyişikliklər vergi inzibatçılığı, uçotu və qeydiyyatı üzrə 123 maddəyə toxunub, 34 maddə vergi ödəyicilərininn hüquqlarının genişləndirilməsinə, 8 maddə isə vergi yükünün azaldılmasına və güzəştlərə yönəldilib. Vergi mütəxəssislərinin sözlərinə görə, bu dəyişikliklərin məqsədi 2017-ci ildə sahibkarlığın inkişafına dəstək vermək, milli valyutanın məzənnəsinin azaldılmasının mənfi nəticələrindən əhalini qorumaq və dövlət büdcəsinə vəsaitlərin daxil olmasını təmin etməkdir.

 

Qiymətləri cilovlamaq

Vergi Məcəlləsinə dəyişikliklər zərfinin önəmli hissəsi istehlak bazarında qiymətləri cilovlamağa yönəlib, çünki keçən il manatın «yumşaq» devalvalyasiyası fonunda qiymətlər qalxmaqda davam edib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin 11 ayında qiymətlər 2015-ci ilin uyğun dövrünə baxanda 12,1% artıb. Özü də ərzaq malları 14,1%, qeyri-ərzaq malları 16,8% və xidmətlər 5,6% bahalaşıb. 2017-ci ilin əvvəlindən Azərbaycanda buğda və çörək istehsalı və satışı, həmçinin quş əti satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Qeyd etmək lazımdır ki, məhz un məhsulları və quş əti əhalinin aztəminatlı təbəqələrinin ərzaq problemini həll etməyə imkan verən qiymət sükanına çevrilməlidir. Həmçinin, bu məhsulların qiymətinin cilovlanması başqa ərzaq mallarının qiymətində də kəskin sıçrayış yaranmasından qaçmağa imkan verir.

Daha bir yumşalma bank bölməsinə aiddir. Keçən il milli iqtisadiyyat üçün çətin olub, amma işlər ən pis məhz bu bölmədə cərəyan edib, ölkənin hər dörd bankından biri müflis elan edilib. Bununla da 2017-ci il yanvarın 1-dən ödəniş qabiliyyəti olmayan bankların və qeyri-bank kredit qurumlarının (BOKQ) aktivlərinin satışı ƏDV-dən üç illiyinə azad edilir. Əhalinin bank sisteminə marağını geri qaytarmaq üçün həmçinin bank əmanətlərinin və qymətli kağızların dividendləri üzrə vergi tətillərini beş il müddətinə uzatmaq barədə qərar qəbul edilib.

 

Gizli iqtisadiyyatla mübarizə

«Nağdsız hesablaşmalar haqqında» qanun layihəsinin qəbulu yalnız gizli iqtisadiyyatla mübarizə olmaqla qalmayacaq, həm də bank əməliyyatlarının canlandırılması üçün əlverişli əsas olacaq. Qanuna uyğun olaraq, ƏDV ödəyicisi kimi qeydə alınmış və illik dövriyyəsi 200 min manatı keçən ticarət və ictimai iaşə obyektləri ayda 30 min manata qədər, qalanları isə ayda 15 min manata qədər nağd hesablaşma apara bilərlər.

Yeni qanun layişəsi həmçinin iri müəssisələrin əməkdaşlarının maaşlarının nağdsız formada ödənilməsini nəzərdə tutur. İstisna 12 aylıq dövriyyəsi 200 min manatdan az olan ticarət və ictimai iaşə sahələrində fəaliyyət göstərən şəxslər təşkil edir. Nağdsız ödənişlərin inkişafı ölkədə biznesin real dövriyyəsini kölgədən çıxarmaq üçün tutarlı arqument və «boz» maaşların yolunda ciddi maneə olacaq. Azərbaycan nağdsız hesablaşmaların səviyyəsinə görə təkcə inkişaf etmiş ölkələrdən geri qalmır. O cümlədən, Belarusda bu göstərici 36%, Gürcüstanda 25% olduğu halda, Azərbaycanda cəmi 11% təşkil edir. Bundan başqa, nağdsız hesablaşmaların genişləndirilməsi bank bölməsini canlandıracaq, kredit qurumlarının infrastrukturnun genişləndirilməsinə, ödəniş kartların sayının artırılmasına, pərakəndə ticarət şəbəkəsində malların alınması və xidmət haqqının ödənilməsi üçün bankomat və POS-terminalların sayının artırılmasına səbəb olacaq. Nağdsız hesablaşmalar mövzusunun yekunu: yeni ildən kredit qurumları və poçt operatorları sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bank hesablarından nağd vəsait silinməsinə görə 1%-lik sadələşdirilmiş vergi tutacaq.

 

Yeni vergilər

Vergi sistemində yeni istiqamət transfert qiymətləndirilməsindən daxilolmalar (Funds Transfer Pricing) olacaq. Bu, il ərzində 500 min manatdan yuxarı olmaqla əqdlər üzrə tətbiq ediləcək. Qeyd edək ki, transfert qiymətləndirilməsi ödənilən vergilərin minimallaşdırılması üzrə geniş yayılmış beynəlxalq sxemdir. Transfert qiymətləndirmənin tətbiqi zamanı şirkətlər malları və xidmətləri öz bölmələrinə bazar qiymətlərindən fərqlənən şirkətdaxili qiymətlərlə paylayır ki, bu da gəlirin paylanmasına və daha az vergi ödənilməsinə imkan yaradır. Dünyanın bir çox ölkələrində transfert qiymətləndirmə üzərində nəzarət üçün xüsusi vergi qanunvericiliyi qəbul edilib ki, bunun məqsədi belə əməliyyatlar zamanı əlavə vergi hesablanmasıdır.

Bundan başqa, yerli və offşor şirkətlər arasında əməliyyatlardan da həmçinin ödənişlərin 10%-i həcmində vergi tutulacaq. Ekspertlərin bu yeniliyə qarşı reaksiyası yetərincə müsbətdir. Amma fiskal xidmətlərin elektron ticarətə qarşı ilk dəfə olaraq vergi tətbiq etmək istəyi barədə bunu demək mümkün deyil. Vergi Məcəlləsinə düzəlişlərə və «Elektron ticarət haqqında» qanuna görə, xaricdə həyata keçirilmiş onlayn satınamalarından Azərbaycanda ƏDV tutulacaq. Amma bununla yanaşı dəfələrlə vurğulanıb ki, bunun mal satınalınmasına dəxli yoxdur, yalnız xidmət və iş satınalınması, həmçinin xaraci onlayn-totalizatorlara qoyulan pullarla bağlıdır.

Ancaq bir sıra ekspertlərin fikrincə, bu gün elektron ticarətə vergi güzəştlərinin tətbiq edilməsi vacibdir, çünki ölkədə onun həcmi hələ ki, 10-15 milyon dolları ötmür (misal üçün, Qazaxıstanda bu, $1 mlrd.-dır). Ümumiyyətlə, Vergilər Nazirliyi hələ ki, rəqəmsal ticarət üzərində lazımi uçotun tətbiq edilməsi yollarını axtarır. Vergi işçilərinin fikrincə, müxtəlif proqramlar üzrə ticarətin və təqdim edilən xidmətlərin həcmi miylonlarla dolları ötə bilər. Onların sözlərinə görə, internetdə (müxtəlif resurs və əlavələr vasitəsi ilə) xidmət təqdim edən şəxslər tərəfindən ədalətsiz rəqabət əməlləri barədə məlumatlar daxil olmaqdadır və məhz buna görə əqdlərə 18% ƏDV tətbiq edilməsi barədə qərar qəbul edilib.

 

Dövlət xəzinəsini doldurmaq

Bəllidir ki, Vergilər Nazirliyinin əsas vəzifələrindən biri dövlət xəzinəsinin doldurulmasıdır və tətbiq edilən düzəlişlərin bir hissəsi dövlət büdcəsinin gəlir hissəsinin yerinə yetirilməsinə yönəldilib. Uyğun olaraq, ləğv edilmiş vergi daxilolmalarının yerinə yeni imkanlar axtarılmalıdır. Bunun üçün bir sıra idxal mallarına aksizlərin qaldırılması nəzərdə tutulur. Yeri gəlmişkən, aksizlərin qaldırılması yalnız əhalinin varlı təbəqələrinə təsir göstərəcək: düzəlişlər yalnız lüks mallara tətbiq edilib. Ölkəyə idxal edilən mühərrikinin həcmi 2 min kubmetrdən yüksək olan avtomobillərə görə, həmçinin qiymətli metal və daşların idxalına görə də aksizlər artırılıb. İlk dəfədir ki, xəz və dəri məmulatların idxalına 10%-lik gömrük dərəcəsi ilə aksiz vergisi tətbiq edilir.

Vergi qurumu, həmçinin fərdi sürücüləri, bağbanları, aşpazları, aşıqları, rəqqasları və fərdi fəaliyyətlə məşğul olan digər şəxsləri vergiyə cəlb etmək niyyətindədirlər. Bu kateqoriya fiziki şəxslər üçün ayda 5 manatdan 30 manata kimi dəyişən sadələşdirilmiş vergi təklif edilir və fəaliyyət yerindən asılı olaraq buna əmsal tətbiq ediləcək; məsələn, şənliklərdə çıxış edən aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar, fotoqraflar və videooperatorlar ayda 30 manat, rəngkarlar 20 manat, televizor, soyuducu və başqa məişət texnikası ustaları, ev qulluqçuları, dayələr, bağbanlar, aşpazlar, sürücülər, çəkməçiləri və sənətkarlar ayda 5 manat vergi ödəyəcəklər.

Təbii ki, yuxarıda göstərilən xidmətlərə görə fiziki şəxslər üçün sadələşdirilmiş verginin məbləği yaşayış yerindən asılı olacaq. Təbii ki, Bakıda (ətraf qəsəbələr və kəndlər də daxil olmaqla) aylıq ödənişlər bu normativdən iki dəfə, Gəncədə, Sumqayıtda və Xırdalanda bir yarım dəfə yüksək olacaq; Abşeron rayonunun qəsəbələrində, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində normativ səviyyəsində qalacaq, qalan şəhər və rayonlarda isə iki dəfə az olacaq.

Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, 2017-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 7,51 mlrd. manat səviyyəsində təsdiq edilib ki, bu, 2016-cı ilin proqnozundan 500 mln. manat çoxdur. Bununla yanaşı, yalnız un və çörək istehsalının və satışının ƏDV ödnişindən azad edilməsi vergi daxilolmalarını 50 mln. manat azaldacaq.

Bununla yanaşı, qismən vergi amnistiyasının tətbiqi də vergi ödəyiciləri üçün müəyyən qədər dəstək olacaq. Milli Məclisin 2016-cı ildə keçirilmiş son plenar iclasında qəbul edilmiş "1 yanvar 2017-ci il tarixə mövcud olan vergi borclarının tənzim edilməsi haqqında" qanuna görə, 1 yanvar 2017-ci ilə kimi ödənə bilməyən vergi borclarına görə əlavə edilmiş faizlərin tam silinməsini, həmçinin maliyyə sanksiyalarının mərhələli silinməsini nəzərdə tutur.

Qanuna görə, 2017-ci ildə vergi ödəyicisi yanvar ayında maliyyə sanksiyaları üzrə borcunun 30%-ni bağlayırsa, vergi orqanı borcun 70%-ni silir, əgər yanvar-fevral aylarında borcun 50%-ni bağlayırsa, vergi orqanı borcun qalan 50%-ni silir, əgər yanvar-mart aylarında borcun 30%-ni bağalyırsa, borcun 30%-i silinir. Vergilər Nazirliyi qanun layihəsi çərçivəsində 624 milyon manat vergi borcunun silinməsini gözləyir. Qanun 44,704 min vergi ödəyicisini əhatə edəcək, bunun 1,037 mini dövlət sektorunu, 43,667 mini isə özəl bölməni təmsil edəcək...

Vergi amnistisiyasına toxunan S.Ələkbərov vurğulayıb ki, büdcəyə əsas borcun məbləğinin silinməsi vergi fəlsəfəsi ilə təzad doğura bilər. İstənilən halda, Vergi Məcəlləsinə dəyişikliklər davam etdiriləcək. Unutmaq olmaz ki, ölkə yalnız bu yaxınlarda müstəqilliyinin 25 illiyini qeyd edib. Ölkənin və iqtisadi potensialının inkişafı ilə vergi qanunvericiliyinə dəyişikliklər qaçılmazdır. Yeni düzəlişlər də milli iqtisadiyyatda özünə məxsus şəkildə əksini tapacaq.


MƏSLƏHƏT GÖR:

450