23 Dekabr 2024

Bazar ertəsi, 21:21

ÇUBUQLARIN MUSİQİSİ

Yaşar İMANOV: «Olur ki, bir neçə variant yazırsan və yenə də razı qalmırsan, sən demə, ən yaxşı variant birincisi imiş»

Müəllif:

01.02.2017

Azərbaycanın Xalq artisti, bəstəkar və dirijor Yaşar İmanov 35 il Suxumidə yaşayıb və çalışıb. İndi onun 83 yaşı var. Azərbaycan və Gürcüstan Bəstəkarlar İttifaqının üzvdür. Suxumidə evlənib, iki oğlu, iki nəvəsi və bir nəticəsi var, onların da hamısı musiqiyə bağlıdır.

Suxumidə o, simfonik orkestr yaradıb və rəhbəri olub. 1990-cı illərin əvvəlində Bakıya gəlmiş professor İmanov Q.Qarayev adına Kamera Orkestrinə, Azərbaycan Radio və Televiziyasının Niyazi adına Simfonik Orkestrinə  rəhbərlik edib. Hazırda o, Bakı Musiqi Akademiyasının

professorudur, yeni əsərlər yazmaqda davam edir. Maestro «R+»la söhbətində öz yaradıcılığından və ailəsindən danışıb.

- Məktəb illərində siz hansı alətdə ifa  edirdiniz?

- İxtisasca trubaçıyam, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini vaxtından tez bitirmişəm. Sonra Moskva Konservatoriyasının dirijorluq fakültəsində oxumuşam, orada bəstəkar D. Şostakoviçlə ünsiyyətdə olmaq xoşbəxtliyi nəsibim olub, o, SSRİ Bəstəkarlar İttifaqı yanında gənclər üçün kompozisiya seminarı keçirdi. Onun yanında mən balet süitası üzərində işi başa çatdırdım, o, dövlət imtahanında bu əsərə dirijorluq etməyimi məsləhət gördü. Bu əsər Sovet Ordusunun  Dram Teatrında, Moskvada, Qorki adına İstirahət Parkında ifa edildi.

Məni Gürcüstana işləməyə göndərdilər. Həmin vaxt «Aleko», «Yevgeni Onegin», «Daisi» operalarını tamaşaya qoydum, biz bir çox respublikalara qastrola gedirdik, həm də maestro Niyazinin dəvəti ilə Bakıda olurduq.

- Maestro Niyazi ilə bağlı nə kimi xatirələriniz var?

- Biz konservatoriyada oxuyanda onun bir konsertini də buraxmırdıq. Qalerada otursaq da, öz kumirimizin konsertinə pulsuz baxırdıq. Bir dəfə Bakıya gələndə  onun xəstəxanada olduğunu öyrəndim. Hər gün yanına gedirdim, çox darıxırdı, iş, həmkarlar barədə soruşurdu. Bakıdan getməzdən öncə, onunla vidalaşmağa getmişdim. O, çox gözəl plov bişirən xanımına  zəng eləyib dedi ki, Yaşar gələcək, ən yaxşı plovunu bişir. Sən demə, o vaxt Mərkəzi Komitə səviyyəsində mənim Bakıya dəyişdirilməyim təklif edilibmiş.

- Siz dörd simfoniyanın, bir operanın, simli kvartetin, “20 Yanvar”a həsr edilmiş poemanın, Qarabağa həsr edilmiş əsərlərin və bir çox başqa bəstələrin müəllifisiniz. Yeni musiqini necə yazırsınız? Sizin üçün parlaq təəssürat, yoxsa materialı öyrənmək  önəmlidir?

- Əgər bu, proqramlı əsərdirsə, məsələn, Qarabağ hadisələrinə və ya “20 Yanvar”a həsr edilibsə, materialı daha ətraflı örənmək lazımdır, buna görə ədəbiyyatı və sənədləri oxuyuram. Amma ümumiyyətlə, iri əsərin yaranmasına ilham verən çox parlaq təəssürat daha vacibdir. Olur ki, bir neçə variant yazırsan və yenə də razı qalmırsan, sən demə, ən yaxşı variant birinci imiş. Romans və ya mahnının yazılması üçün xüsusi əhval, xoşagələn ədəbi mənbə, ən başlıcası, yaradıcılıq istəyi və müvafiq obraz yaratmaqdır.

- Uşaqlıqdan ən çox yadınızda qalan xatirəniz hansıdır?

- Mənim, demək olar ki, bütün uşaqlıq xatirələrim boyalarla və sevinclə doludur. Amma anam mənə bunları danışıb. Novruz Bayramında - 21 martda anadan olmuşam, mənə qədər 2 qardaşım kiçik yaşda ölüb. Həyatım barədə qorxuya düşən anam məni İçərişəhərə - Mir Mövsüm ağanın yanına aparıb. Hamı bilir ki, Mir Mövsüm ağa ağsaqqal və seyid idi, şəhər camaatı onu müqəddəs sayırdı və düşünürdü ki, o, xəstələri sağalda bilir. Mir Mövsüm ağanın sümükləri zəif idi və özü müstəqil yeriyə, hətta düz otura bilmirdi. Buna görə,  xalq arasında belə bir fikir vardı ki, Mir Mövsüm ağa  sümüksüz doğulub və onu “Ətağa” adlandırırdılar. O, xahiş edib ki, əlini mənim başımın üstünə qoysunlar və adım da Yaşar olsun. O deyib ki, mən yaşayacağam. Həmin vaxtdan yaşayıram və artıq 84 yaşım var.

- Deyirlər ki, sizin musiqiçi ailəniz var, hamı musiqi ilə məşğuldur. Bu, necə alınıb, sizin təsirinizlə belə olub, yoxsa öz-özünə belə alınıb?

- Onlar uşaqlıqdan musiqi dinləyiblər, musiqiçilərin əhatəsində böyüyüblər. Həyat yoldaşım da pianoçudur, Tiflis Konservatoriyasını bitirib, Bakı Musiqi Akademiyasının (BMA) dosentidir, fortepiano və konsertmeyster siniflərində dərs keçib. Ona görə genlər öz işini görüb. Böyük oğlum Azərbaycanın Əməkdar artistidir, Ü.Hacıbəyov adına  Dövlət Simfonik Orkestrində birinci qoboyçudur, Opera və Balet Teatrının konsertmeysteridir.  Kiçik oğlum altçıdır. O da Azərbaycanın Əməkdar artistidir, Dövlət Kvartetində işləyir. Hər ikisi konservatoriyada ixtisasdan və BMA-da kamera ansamblından dərs keçir. Kiçik oğlumun tələbəsi olan Elnarə Tağızadə bu yaxınlarda Batumidə beynəlxalq müsabiqədə Qran-pri qazanıb, Litvada keçirilən beynəlxalq müsabiqədə isə ikinci yer  tutub.

Nəvəm  violonçel ifaçısıdır, Bakı Musiqi Akademiyasını bitirib, magistraturanı isə Norveçdə oxuyub. Hazırda Tiflis Simfonik Orkestrinin konsertmeysteridir. Qardaşım arvadı vokalçıdır, kapellada oxuyur və Bakı Musiqi Akademiyasında vokal dərsi keçir.

- Öz ailənizdən siz ailə ansamblı yaradıb, öz əsərlərinizi ifa edə bilərsiniz. Maraqlıdır, ilk əsərinizi  nə vaxt yazmısınız?

- On dörd yaşımda fortepiano pyesi yazmışdım, onu professor, bəstəkar Borisu İsaakavoviç Zeydmana göstərdim. O, musiqi pedaqoqu, Azərbaycan SSR və Özbəkistan SSR-in əməkdar incəsənət xadimi idi. İlk iri əsərlərim kimi, «Ay doğan gecə» operasının, fortepiano ilə orkestr üçün konsertin, səs ilə orkestr üçün konsertin, 5 hissəli balet simfoniyasının, üvertüra-fantaziyanın, Qafqaz rapsodiyasının, çox sayda mahnıların, romansların  adını çəkə bilərəm.

- İndi BMA-da hansı fəndən dərs keçirsiniz?

- Mən orkestrləşməni tədris edirəm. Bu kursu bitirən tələbələr fortepiano üçün yazılmış musiqinin orkestrləşməsini gerçəkləşdirə bilər. Melodiyanı müxtəlif alətlər arasında paylaya bilərlər. Həm də orkestr dirijorluğundan dərs keçirəm. Mənim yetirmələrim bu gün müxtəlif orkestrlərdə, o cümlədən hərbi orkestlərdə çalışırlar. Yalnız ifaçı kimi deyil, həm də dirijor kimi işləyirlər, həmçinin bir çox tədris müəssisələrində dərs keçirlər. Mənim istedadlı tələbəm klarnetçi Muxtar məzun olmağa hazırlaşır, o, artıq orkestrdə çalışır, yəqin ki, onu da hərbi orkestrdə dirijor yeri gözləyir.  Mən BMA-da opera hazırlığından dərs keçən zaman çox sayda istedadlı vokalçılara Opera və Balet Teatrının səhnəsinə yollayış  vermişəm.

- Azərbaycanın gənc musiqiçilərinin vəziyyətini necə qiymətləndirirsiniz?

- Az sayda qabiliyyətli tələbə bu gün musiqidə qalır, daha çoxu maaşı yüksək olan kommersiya peşələri ilə maraqlanırlar. Yaxşı orkestrə düşmək üçün seçim müsabiqəsindən keçmək lazımdır.

- Hazırda  yaradıcılığınızda nə baş verir?

- Bu yaxınlarda BMA-nın böyük zalında mənim kamera musiqisi üzrə müəllif gecəm oldu, orada yalnız instrumentalistlər və vokalçılar yox, həm də Azərbaycan Dövlət Kvarteti iştirak etdi. Bütün sərbəst vaxtımı bəstəyə həsr etməyə  çalışıram.

Həm də Radio və Televiziyanın 85 yaşını qeyd edən Simfonik Orkestrinin  konsertində başqa dirijorlarla yanaşı, mən də 5 əsər ifa elədim.

- Sizə uğurlar və cansağlığı arzulayırıq!


MƏSLƏHƏT GÖR:

472