Müəllif: Valentina REZNİKOVA Bakı
Bayram həmişə gözəldir. Bayramlar hamıya - uşaqlara da, böyüklərə də lazımdır. Özəlliklə də incəsənət bayramları. Teatr, kino və televiziya ssenaristin, rejissorun, rəssamın, bəstəkarın və aktyorun fantaziyasının maraqlı dünyasından həzz almaq imkanı yaradır. Başqa məsələ isə sərgilərdir. Onlar yalnız əqli qida verməklə yanaşı, həm də fantaziyanın inkişafına imkan yaradır. Bu baxımdan, Heydər Əliyev Sarayında «R+»un baş çəkdiyi «Kuklalar incəsənətdə» sərgisi özəlliklə seçilir. Burada uşaq da, böyük də özünü şərhçi kimi hiss edə bilir.
Sözügedən məkanda gözəl mənzərə ilə qarşılaşdıq, iki ana və təxminən, onyaşlı iki uşaq sərgini eksponat-eksponat gəzirdilər, çox həvəslə nağıl və ədəbi əsər personajları barədə danışırdılar. Uşaqların bilmədiklərini isə onların anaları danışırdı - növbə ilə. Yəni istirahət günlərində birgə gəzinti üçün bundan yaxşısını düşünmək qeyri-mümkündür. Birincisi, uşaqların dünyagörüşü genişlənir, ikincisi, zövqləri gözəlliyə alışır, üçüncüsü isə valideynlərlə-uşaqlar arasında etibar yaranır.
Gerçəkliklə oyun
Oğlan anasından rusca «soyuq» mənasını verən soyadın səbəbini öyrənmək istəyirdi:
- Ana Vera Xolodnaya kimdir? Niyə məhz Xolodnaya?
Ana isə cavab verir:
- Bu, kinoaktrisadır, amma çox köhnə kinolarda oynayıb: səssiz və ağ-qara filmlərdə.
Oğlan soruşur:
- Necə yəni səssiz kino, bu, artıq kino deyil ki.
- Bu, indi XXI əsrdə belədir. XX əsrdə isə hər şey fərqli idi. İnsanlar əvvəlcə fotoqrafiyanı, sonra kinonu kəşf etdilər, ən sonda səs gəldi.
- Bəs niyə Xolodnaya?
- Onun həqiqi soyadı deyil. Bunu onun üçün düşünüblər - izləyicilərin marağını çəkmək üçündür.
Sonra biz Manon barədə məlumatları dinlədik, daha sonra Kolombine və Pulçinello haqqında, XX əsrin əvvəllərindəki Bakı şəhərinin «Qoçu və Rus gözəli» əsərində bəhs edilmiş hekayələr gəldi. Sonra isə uşaqlar özləri qəhrəmanları tanımağa başladılar və xarici görkəmləri ilə onları müəyyən etdilər.
İstərdik ki, bu söhbətə qarışaq, amma bunu etmədik, sadəcə, bədii fantaziyalar, canlanmış nağıllar dünyasına, kuklaları yarada-yarada uşaq kimi qalan rəssamların gizli qəlb dünyasına xoş səyahətə yollandıq. Bunu etmək elə də sadə deyildi, çünki sərgi zalının meydançasında 16 ölkədən 230 kukla «məskunlaşmışdı»: Azərbaycan, ABŞ, Almaniya, Belçika, Avstraliya, Çexiya, Belarus, İtaliya, Fransa, İsrail, Latviya, Rusiya, Şimali Kipr, Ukrayna, İndoneziya və Yaponiya sərgidə yer alıb.
Açıq deyək ki, bu, xüsusi və xoş bir tədbir idi, çünki işlərdə yüksək peşəkarlıq hiss edilirdi, ekspozisiyalar zərif estetik zövqdən xəbər verirdi, hər bir «qonaq»ın isə «yaşayış» yeri dəqiq müəyyən idi. Nağıl qəhrəmanları və ədəbi qəhrəmanlar tarixi şəxslər və rəssamların hüdudsuz fantaziyasından doğulmuş orijinal personajlarla birlikdə müəyyən müddətə buraya «köçüblər» və inanırıq ki, onları çoxları - bakılılar və paytaxt qonaqları görmək istəyəcək.
Qız soruşur:
- Nənə, niyə bu Pinokkionun qulaqları qulyabanı qulağına oxşayır?
- Çünki o, başqalarının söhbətini gizli dinləməyi çox sevirdi, - deyə nənə cavab verir və qız uzun müddət susur.
Dolablardan isə izləyicilərə ledi və centlmenlər, quşbazlar və rəqqasələr, meşə adamları, cinlər və taxta adamlar baxırdılar.
Uzunboylu, xurmayısaçlı qız yanındakı oğlandan soruşur:
- Maraqlıdır, görəsən, onlar bir-birləri ilə danışırlar?
- Hə, - deyə oğlan təsdiqləyir. - Gecənin yarısı düşən kimi onlar bir-birlərinə çay içməyə gedirlər.
- Sən lağa qoyma. Kuklalar sehrli varlıqdırlar. Hər şey ola bilər.
- Əlbəttə, ola bilər, - deyə oğlan kinayə ilə bildirir. - Nağılların gecəyarısı pıçıltısı!
- Sən anlamırsan, - deyə qız inandırmağa çalışdı. - Kuklalar rəssamlar üçün gerçəkliklə oynamaq üsuludur.
Kuklalar o qədər fərqlidir ki…
Dolabdan-dolaba saatyarım gəzdik, personajların «üz»lərinə baxıb, onların taleyi və yaddaqalan anları barədə süjetlə düşünməyə başladıq. Çox maraqlı işlərdir: ifadəli, emosional və bədii tərəfdən inandırıcıdırlar; ölkə də çoxdur, rəssam da. Hansınasa üstünlük vermək olmur. Azərbaycanı Elmira Abbaslının, Şamil Əsgərovun işləri təmsil edirdi.
Amma Elmira Abbaslının işləri özəldir. Təkcə ona görə yox ki, milli xarakterlə bağlı kukla-personajlar bir tipaj kimi daha cəlbedicidi və ya «özümüzünküdürlər». Yox. Sadəcə, onun kuklalarının gerçəkliklə oyunu inandırıcı, ifadəli və doğruçudur.
Qalibə və ya Simurq quşu ilə göyə qalxmağa hazırlaşan Məlikməmmədə baxın! Yaxud xoşbəxt Çobana və ya Rəqsə baxın! Bəs Qoçu və Rus qızı? Bu, xoreoqrafik təsvir üçün, sadəcə, hazır süjetdir! Heyf, bu sərgi daimi deyil. Nə vaxtsa bağlanacaq. Daha gözəl olardı ki, bizdə müəllif kuklası muzeyi olardı. Belə bir muzey Sankt-Peterburqda keçən əsrin 90-cı illərində yaradılmışdı və bu gün uşaqların sevimli məkanına çevrilib, orada tamaşalar və interaktiv səhnələr qoyulur. Kiyevdə beynəlxalq müəllif kuklası salonu «Kiyev nağılı» yaradılıb.
Ola bilər ki, bizdə də kuklaların nə vaxtsa öz evi olacaq, orada vaxt keçirməklə yanaşı, yaradıcı fikri, fantaziyaları da inkişaf etdirmək, tədbirlər keçirmək, yaxud da sadəcə, gözəl müəllif kuklası incəsənətindən həzz almaq mümkün olacaq. Həm də psixologiyada kuklalardan fəal istifadə edilir. Rusiya psixoloqları tərəfindən unikal psixoloji korreksiya üsulları işlənilib ki, onlar davranış və ünsiyyət çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub. Kukla burada əsas alətdir. Bir neçə kukla isə artıq teatrdır!
Adam sərgini heç tərk etmək istəmir. Sərgidə keçirilmiş saatyarım ərzində biz uşaqları və böyükləri, yeniyetmələri və ahılyaşlı insanları gördük. Müəllif kuklası ümumi diqqət mövzusudur. O maraqlıdır və bir tətbiqi sənət növü kimi, ona tələb var. O, heyran edir və maqnit kimi cəzbə qadirdi və qısa müddətə olsa da, insanı bayram əhvalına kökləyir. Buna görə də hələ Heydər Əliyev Mərkəzində təşkil edilmiş bu sərgiyə baş çəkməyənlərə tövsiyə edirik ki, mütləq orada olsunlar. Ailə ilə birlikdə vaxt keçirmək üçün çox xoş yerdir.
MƏSLƏHƏT GÖR: