Müəllif: Zeytulla CABBAROV Bakı
Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində islahatların sürətləndirilməsi ölkənin aqrar sektorunun ənənəvi sahələri üçün də stimula çevrilib. Xoşbəxtlikdən, belə sahələr az deyil və məsələyə bacarıqla yanaşılarsa, bu məhsulların böyük həcmdə ixracına nail olmaq mümkündür. Nəticədə, bu sahələr dövlət büdcəsinin gəlir hissəsində böyük paya sahib ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin də bu yaxınlarda qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları arasında ölkəyə ən çox gəliri fındıqçılıq və xurma bağlarından toplanan məhsulların ixracı gətirəcək.
Statistik məlumatlara görə, yerli fermerlərin fındıqçılığa marağı həqiqətən artır. Amma bəzi hallarda onlar ixrac məsələsində müəyyən problemlərlə üzləşir.
Beləliklə, 2016-cı ilin yekunlarına görə, fındıqçılıqla bağlı statistika kifayət qədər müsbətdir - yalnız ötən il 13 min hektar ərazidə fındıq bağları salınıb. Bunadək onun ərazisi 30 min hektara yaxın idi.
Prezident İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəyan etdiyi kimi, yaxın illərdə fındıq bağlarının sahəsinin 80 min hektaradək artırılması nəzərdə tutulub.
Ümumilikdə, Azərbaycanda fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı var. Ekspertlərin fikrincə, bu sahədə səmərəliliyin artırılması, dəyər zəncirinin formalaşdırılması və işin əlaqəli şəkildə aparılması vacibdir. Bu məqsədlə ötən il İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Azərbaycanda, təqribən, 35 min ton fındıq istehsal olunur və onun 90%-ş xarici ölkələrə ixrac edilir. Azərbaycana məxsus "ata-baba sortu" dünyada ən keyfiyyətli və ən bahalı fındıq növlərindəndir.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun sözlərinə görə, ötən il Azərbaycandan 25 ölkəyə 105 milyon dollar məbləğində fındıq ixrac olunub. Bu, ölkənin ümumi kənd təsərrüfatı məhsulu ixracının, təxminən, dörddəbiridir. Bununla yanaşı, keçmiş illərdən fərqli olaraq, xarici ölkələrə artıq birbaşa məhsul ixrac edilir və İ.Orucovun sözlərinə görə, burada Azərbaycan brendlərinin xaricdə təşviqinə dair dövlət dəstəyi ilə həyata keçirilən tədbirlərinin rolu da böyükdür.
Azərbaycan üçün Rusiyanın əsas bazar olmasına baxmayaraq, fındığın Avropaya ixracı daha sərfəlidir - orada 1 kiloqram fındığın topdansatış qiyməti 8-10 dollar arasındadır.
2013-cü ilin sonlarında Zaqatala rayonunda illik gücü 3 min ton olan fındıq emalı zavodu istismara verilmişdi. Sahibkarlar fındığı, əsasən, Qazaxıstana ixrac etmək niyyətində idi və buna nail də olmuşdular. 2014-cü ildə isə azərbaycanlı tədarükçülər Rusiyaya ixrac həcmində 13 ölkəni, o cümlədən Türkiyəni geridə qoymağı bacarmış, bu sahədə birinci yeri tutaraq, onu 60% üstələmişdilər. Ticarətin dinamikliyi göstərirdi ki, 2015-ci ildə Azərbaycanla-Türkiyə Rusiya bazarında, demək olar ki, bərabər səviyyədə addımlayır. Azərbaycandan tədarük həcmi 3,1, Türkiyədən isə 2,4 min ton idi. İki ölkədən ixrac həcminin, müvafiq olaraq, 50 və 28% azalması fonunda… Gürcüstandan ixrac 160% artdı.
Qonşumuzun bu nailiyyətinin sirri məhsuldarlığın artımındadır. Azərbaycanda bu sahədə istehsal ekstensiv üsullarla aparılırdısa, qonşu Gürcüstanda inkişaf intensiv gedirdi; məsələn, ABŞ-da ümumi fındıq plantasiyasının ərazisi 12,2, Azərbaycanda 30,5 min hektardır. Lakin amerikalıların istehsal həcmi bizdəkindən dəfələrlə artıqdır. Doğrudur, aqrar istahatların gedişində 2009-cu ildə Azərbaycanda da məhsuldarlıq artmışdı. Statistik məlumatlara görə, 2007-ci ildə fındıq bağlarının ərazisi 25,6 min hektar, 2 il sonra 28,6, sonrakı illər isə 30,5 min hektar olub. Lakin köhnə becərilmə üsullarından istifadə olunması məhsuldarlığı aşağı salır. 2009-cu ildə bu göstərici hər hektara 13,6, 2014-cü ildə 11,8 sentner təşkil edib.
Ölkədə fındıq istehsalı, əsasən, Şəki-Zaqatala iqtisadi regionunun payına düşür, orada isə məhsuldarlığın səviyyəsi 2005-ci ildən azalmağa başlayıb. Odur ki, məhsuldarlıq səviyyəsi yalnız bu sahəyə yeni regionların cəlbi sayəsində qismən qorunub-saxlanılıb. İndi fındıq Bakıda, Abşeron, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran rayonlarında da becərilir. Məhz bu yeni bölgələrin prosesə cəlbi məhsuldarlığın yüksək səviyyədə qalmasına imkan verir; məsələn, Bakıda 3 hektarlıq ərazidə məhsuldarlıq hektara 25 sentner təşkil edib. Yuxarı Qarabağda Xocavənd rayonu hesabına bu göstərici hektara 45 sentner, Lənkəranda 92 sentner olub. Ümumilikdə, əsas istehsalçı rayonlarda məhsuldarlıq azalır və nəticədə, Azərbaycan dünya bazarındakı mövqeyini itirir. Odur ki, bu sektora yalnız yenilənmə və innovasiyalar üzrə təcili tədbirlər görməklə kömək etmək olar.
Son məhsul yığımı mövsümünə gəlincə, 2016-cı ilin payızında o, ənənəvi olaraq, əvvəlcə Zaqatalada başlayıb. Burada qoz və fındıq bağları 9 575 hektaradək artırılıb, bunun da 254 hektarı yeni salınmış bağlardır.
Payızda hava şəraitinin bol məhsul götürülməsinə imkan verməməsinə rəğmən, fermerlər ağacların barvermə səviyyəsindən razıdır. «Bu il məhsulumuz pis olmayıb», - deyə fermer Cuməli Cavadov bildirir. - «İstər xarici ölkələrdən, istər respublikamızdan alıcılar var. Emal müəssisələri də məhsul istəyir».
Bəhmənlik kəndinin fermerləri plantasiyaların inkişaf perspektivindən ruhlanıb, onu daha bir neçə hektar artırmaq qərarına gəliblər. Sahibkar Şamil Xasməmmədov hesab edir ki, onun kəndinin sakinləri fındıq bağları üçün torpaq sahəsi ayırmaqda maraqlıdır və bu, məhsuldarlığın artımına, kənd müəssisələrinin gəlirinin çoxalmasına imkan verəcək. Xasməmmədovun sözlərinə görə, onların 620 hektarlıq fındıq bağı var və bunun 22 hektarı cavan ağaclardır.
Hazırda Zaqatala rayonunda kəndlilər 100 hektar ərazidə yeni plantasiyalar üçün ərazi hazırlayırlar.
Şəki rayonunda da fındıqçılıq kəndlilərin əsas məşğuliyyət sahələrindəndir. Fermer təsərrüfatının aqronomu Həşim Məmmədov deyir ki, fındıq məhsulu əllə yığılır. Daha sonra məhsul yüksək hərarətdə qurudulur, sındırılır, ləpə satış üçün sortlaşdırılır.
«Bu il Şəki rayonunda məhsuldarlıq aşağıdır. Amma bu, fermerləri qətiyyən narahat etmir - əvəzində qiymət bahadır», - deyə fermer Əhməd Məmmədov bildirir. - Məhsulu növünə və rənginə görə fərqləndirirlər - tündrəngli, açıqrəngli. Fermerlər təmizlənməmiş fındığın kiloqramını 5 manata, təmizlənmiş məhsulu isə 7-8 manata satırlar. Bu qiymət fındıq istehsalçılarını qane edir.
Apardığımız təhlilə əsasən deyə bilərik ki, bu plantasiyaların sahibləri ərazilərini genişləndirməyə başlayıb və bu, fındığa tələbatın çoxluğu, qiymətin isə yüksək olması ilə bağlıdır. Qeyd edildiyi kimi, Azərbaycan fındıq ixracından ciddi gəlir götürür. Qarabağ zonasındakı rayonlarımız işğal edilməsəydi, bəlkə də bu gəlir dəfələrlə artıq olardı; məsələn, Kəlbəcər rayonunun meşələrində bitən bir sıra ağac və kol növləri Azərbaycanın «Qırmızı kitab»ına düşüb. Belə bitkilərdən biri dəniz səviyyəsindən 1500-2100 metr yüksəklikdə bitən «ayı fındığı»dır. Bu ağacların bəzilərinin hündürlüyü 25 metrə, gövdəsinin diametri 48-120 sentimetrə çatır. İşğalçılar bu ağacları kəsərək Ermənistana aparır, orada mebel istehsalında xammal kimi istifadə edir…
Azərbaycanın fındıq bağlarındakı bugünkü vəziyyətə qayıdaraq qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yaxın gələcəkdə yeni fındıq plantasiyalarının salınacağını bildirir. Bu, fındıq istehsalını 2, hətta 3 dəfə artırmağa imkan verəcək ki, nəticədə bu məhsulun ixracı da artacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, «Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir».
Kənd Təsərrüfatı Nazirliyindən onu da bildirirlər ki, yerlərdə yeni plantasiyaların, suvarma sistemlərinin inkişafı üçün bütün şərait yaradılır, müxtəlif aqrar-texniki tədbirlər görülür. Nazirliyin Bitkiçilik və emal şöbəsi ekspertlərinin sözlərinə görə, bu sahənin istehsalın intensivləşdirilməsi yoluna çıxarılması üçün sahibkarlar intensiv bağçılıq üsulundan istifadə etməyə başlayıb. Bütün bunlar sonda fındıq plantasiyalarından çoxdan gözlənilən yüksək məhsuldarlığa, demək, büdcənin iqtisadiyyatın qeyri-neft sektorları hesabına doldurulmasına gətirib çıxarmalıdır.
MƏSLƏHƏT GÖR: