24 Dekabr 2024

Çərşənbə axşamı, 03:18

FİNAL BAKIDA

AFFA Çempionlar Liqası və Avropa Liqasının əsas matçlarına iddialıdır

Müəllif:

15.02.2017

Fevral ayının ən gözlənilməz xəbəri paytaxtımız Bakının futbol üzrə Çempionlar Liqasının final matçını keçirmək istəyi oldu.

Ölkə futbolunun ali qurumu - AFFA 2018/19 mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya rəsmi müraciət edib. Federasiya Bakı Olimpiya Stadionunun həm Çempionlar Liqası, həm Avropa Liqasının finalına ev sahibliyi etməsinə namizədliyi irəli sürüb.

 2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib. Qitənin ən nüfuzlu klub turnirinin finalına Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin Metropolitano stadionu final arzusundadır.

Avropa Liqasının finalına isə Bakı ilə yanaşı, Tiflis, Frankfurt, Ştutqart, Qlazqo, Sevilya və İstanbul da namizəddir.

UEFA qitənin ən nüfuzlu klub yarışları üçün şəhər seçərkən, ilk olaraq, ölkənin təcrübəsinə nəzər salır. Bu mənada, Azərbaycan kifayət qədər təcrübəyə malikdir. Onyeddiyaşlı qızlar arasında Dünya Çempionatı, ardınca isə 17 yaşlı oğlanların Avropa Çempionatına ev sahibliyi edən Azərbaycan 2020-ci ildə qitə çempionatının final mərhələsinin 4 matçını təşkil edəcək. Bu isə təcrübə baxımından, AFFA-nın ciddi rəqib olduğunu sübut edir.

Avropa futbol təşkilatını maraqlandıran digər mühüm məsələ stadionla bağlıdır. Bu mənada, Bakı Olimpiya Stadionu, sözün əsl mənasında, möhtəşəm arenadır. Altmış beş min azarkeşi qəbul etməyə hazır olan stadionda indiyə qədər Azərbaycan millisinin rəsmi ev oyunları, o cümlədən qızlar arasında “U-17” Dünya Çempionatı, ilk Avropa Oyunları kimi nüfuzlu yarışlar təşkil olunub. Final matçını izləmək üçün şəhərdən asılı olaraq, 10-30 min turist axını olur. Bakı şəhərində istənilən zövqlü mehmanxana, o cümlədən beynəlxalq hava limanının olması şanslarımızı artırır. Üstəlik, klub turnirinin final görüşü Bakı üçün “Avro-2020” ərəfəsində son hazırlıq kimi qəbul ediləcək. Bu baxımdan, AFFA-nın iddiasını reallaşdırmaq şansları artır.

 

Çempionlar Liqasının final görüşünü qəbul etmək üçün hazırda əsas və yeganə rəqibimiz Madrid “Atletiko”sunun inşası davam etdirilən Metropolitano stadionudur. Məlumat üçün bildirək ki, yeni arena köhnə “Estadio La Peineta” stadionunun üzərində tikilir. İnşası 270 milyon avroya başa gələcək yeni arena 2017-ci ilin payızında istifadəyə veriləcək. Stadion 70 min azarkeşi qəbul etmək imkanına malik olacaq. Bakı Olimpiya Stadionundan fərqli olaraq, “Atletiko”nun arenası sınaqdan çıxmayıb və onun rəsmi açılış mərasimi keçirilməyib. UEFA, adətən, sınaqdan çıxarılan və ən azı, bir neçə oyunu qəbul etmiş stadiona üstünlük verir. Çünki belə halda təşkilatçı ölkə arenadan istifadə qaydalarını mənimsəmiş olur.

Avroliqanın final matçını keçirmək şansları da az deyil. Bu mənada, əsas rəqib Almaniya, İspaniya və Türkiyə stadionlarıdır. AFFA-nın birdən-birə iki final görüşünə namizədliyini irəli sürməsi, heç olmasa, birində qalib olmaq istəyi ilə əlaqədardır.

Azərbaycan paytaxtı indiyə qədər “Formula-1” kimi nüfuzlu idman yarışına ev sahibliyi edib, Ümumdünya Şahmat Olimpiadasını keçirib və İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır. Bakının təqdimata ehtiyacı yoxdur. Buna görə də digər namizədlər də bizə ciddi rəqib kimi yanaşmağa məcburdur.

UEFA ilə həm Azərbaycan, həm də AFFA arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Buna görə də iki seçimin birində Bakının qalib olacağı real görünür. Sözsüz ki, seçim bizdən olarsa, hamımız Çempionlar Liqasının final görüşünün doğma şəhərdə təşkilini istəyərik. Amma UEFA, adətən, namizəd şəhərdən, ilk öncə, Avroliqanın final görüşünü keçirməyi tələb edir. Növbəti illərdə isə həmin şəhərə “ÇL”in əsas matçını tapşırır. Bu mənada, Bakının namizədliyinin qalib olmaq şansları azalır. Amma UEFA-nın bərpadan sonra heç bir yarışı qəbul etməyən Madriddəki arenaya deyil, üstünlüyü Bakı Olimpiya Stadionuna verəcəyi daha inandırıcıdır.

Bakı Olimpiya Stadionunun şanslarını dəyərləndirmək üçün “R+” AFFA-nın Baş katibi Elxan Məmmədova müraciət edib. Federasiya rəsmisi stadionumuzun istənilən yarışa ev sahibliyi etməyə qadir olduğunu desə də proqnoz vermədi: “Biz rəsmi olaraq, UEFA-ya müraciət etmişik. Fikrimizcə, Bakı Olimpiya Stadionu qitənin ən gözəl arenalarından biridir. Bütün beynəlxalq standartlara cavab verir. Həm “ÇL”, həm də Avroliqa finalına iddiamızı bildirməyimiz təsadüfi deyil. Bunlardan birini keçirmək istəyimiz ciddi olduğu üçün hər ikisinə namizəd olduq. Avroliqanın final matçı da, nüfuzuna görə, böyük futbol bayramıdır. Digər namizədlər kimi, Olimpiya Stadionunun da şansları az deyil. Biz öz gücümüzə, Azərbaycanın təşkilatçılıq bacarığına inanırıq. UEFA bizi seçəcəyi halda, yarışın yüksək səviyyədə keçiriləcəyinə əmin olacaq”.

Qeyd edək ki, seçimə qədər UEFA rəsmiləri bütün namizəd stadionlara baxış keçirəcək və sentyabrda qalib şəhərlərin adını açıqlayacaq. 

 



MƏSLƏHƏT GÖR:

448