13 Mart 2025

Cümə axşamı, 03:12

ETİMAD DEFİSİTİ

Münhen Təhlükəsizlik Konfransı qeyri-müəyyənlik atmosferində keçib

Müəllif:

01.03.2017

Bu il dünyanın təhlükəsizlik sahəsində ən nüfuzlu tədbiri sayılan Münhen Təhlükəsizlik Konfransı ruh düşkünlüyü şəraitində keçib. Forumda liberal demokratiyanın və Qərb dəyərlərinin böhran yaşadığına, eyni zamanda, dünya düzəninin dəyişməkdə olduğuna dair fikirlər səslənib. Lakin bir suala aydın cavab verilməyib: bütün bunlar müvəqqətidir, yoxsa yeni reallıqlara uyğunlaşmağın yolları axtarılmalıdır?

Tədbirin açılışına 90 səhifəlik «Post-Truth, Post-West, Post-Order» («Post-həqiqət, post-Qərb, post-nizam») adlı məruzə hazırlanmışdı. Onun əsas mövzuları Avropa İttifaqı daxilində əlaqəsizlik, təhlükəsizliyə terrorçu qruplardan gələn təhdid, qatı sağçı partiyaların populyarlığının artması, Qərbdə çoxları tərəfindən avtoritar ölkələr qismində tanınan Rusiya, Çin kimi dövlətlərin güclənməsi olub. Lakin bədbinlik üçün əsas səbəb Ağ evin yeni sahibi Donald Tramp idi (bu, heç də təəccüblü deyil). Məhz onun prezident seçilməsi ilə Atlantikanın hər iki tərəfindən «ciddi qeyri-müəyyənlik» haqqında danışılmağa başlanılıb. Nəticədə, ABŞ ilə Avropanın münasibətlərində inam defisiti virus kimi yayılmağa başlanıb. Amerikanın yeni liderinin təxminedilməz olması avropalı siyasətçiləri qorxudan əsas məsələdir. Bu fonda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun «Qərb dünya düzəninin» qürubu və ya onun iranlı həmkarı Məhəmməd Cavad Zərifin artıq «post-Qərb dünya düzəni» haqda dedikləri də diqqət çəkir; məsələn, nüfuzlu «New York Times» nəşri faktiki olaraq, son konfransı absurd adlandırıb. Müəllif hesab edir ki, bunun günahı yalnız Donald Trampdadır: onun «administrasiyası özü-özünə zidd getdiyindən», vaxtilə bir-birinə sıx bağlı olmuş Qərb dövlətlərinə xaos gətirib. ABŞ Prezidentinin özü isə «istənilən insanın fikirlərinə Twitter vasitəsilə reaksiya verir», «Avropanın tarixi haqqında heç nə bilmir» və ümumiyyətlə, o, «Amerikanın mövqeyini boşboğazlığa çevirmiş» bir şəxsdir. Bu səbəbdən də «avropalılar oriyentirləri itirib». Bununla yanaşı, Avropanın oriyentirlərinin niyə Vaşinqtona yönəldiyi sualı, nədənsə, heç kəsi narahat etmir. Əksinə, hər kəs Aİ-nin hazırkı zəifliyinin səbəblərini sadalamağa çalışır - məşhur «Brexit», miqrant məsələsi, qatı sağçılar və çoxdankı sistem böhranı...

Avropalı tərəfdaşları sakitləşdirmək üçün Münhenə ABŞ-ın vitse-prezidenti Mayk Pens, Pentaqon rəhbəri Ceyms Metti, Daxili Təhlükəsizlik naziri Con Kelli və Konqres üzvləri gəlmişdilər. Seçkiqabağı kampaniya dövründə Tramp NATO-nu «köhnəlmiş» təşkilat adlandırsa da, onların hər biri «prezidentin adından» Şimali Atlantika Müqaviləsi üzrə tərəfdaşlarına dəstək vəd edib. Pens çıxışında Avropa ilə ABŞ arasında qopmaz bağların olduğunu bildirib: «ABŞ ilə Avropanın taleyi bir-birinə çox bağlıdır. Sizin mübarizəniz bizim mübarizəmizdir. Sizin uğurunuz bizim uğurumuzdur. Biz gələcəyə birlikdə gedirik».

Amma bu sözlər çoxlarına həddindən artıq ümumi və ibarəli təsir bağışlayıb. «New York Times» isə diqqəti Pens ilə Mettinin zaldan verilən sualları cavablandırmamasına, Pensin «dağılmasının Tramp tərəfindən də dəstəkləndiyi Aİ-nin adını bir dəfə də olsun, çəkməməsinə» yönəldib. Bu yerdə konfransın sədri Volfqanq İşingerin sözləri də xatırladılıb: «Əgər Tramp Avropa İttifaqının əleyhinə fikirlər səsləndirməkdə davam edərsə, bu, qeyri-hərbi müharibənin elan olunması kimi qiymətləndiriləcək».

Əslində isə görünən odur ki, amerikalılar Münhenə özlərinin kiçik bir proqramı ilə gəlib və avropalılar bundan tamamilə haqlı olaraq, əsəbiləşiblər. Məsələ ondadır ki, Vaşinqton NATO-dakı tərəfdaşlarından hərbi xərclərin artırılmasını tələb edir. Bu, əlbəttə ki, ədalətlidir. Əgər ABŞ NATO-nun tələbatlarının ödənilməsinə ÜDM-nin 3,3%-ni ayırırsa, Böyük Britaniya, Fransa və Türkiyə buna ÜDM-in, təxminən, 2%-ni xərcləyir. Almaniya, Niderland və İspaniyada bu rəqəm, təxminən, 1,2%-dir. Lüksemburq və ya İslandiya isə alyansa, demək olar ki, maliyyə ayırmır. Güman ki, ABŞ-ın yeni administrasiyası məsələni qəti şəkildə qoymaq qərarına gəlib. Avropalılar isə ya xərcləri artırmağa razılaşır, ya da ABŞ-ın onların hərbi təhlükəsizliyi ilə məşğul olacağı haqqında xülyalarla vidalaşır. Vaşinqtonun özünün beynəlxalq arenada bir sıra ciddi üstünlüklərə NATO-nun köməyi ilə nail olması isə başqa məsələdir. Amerikalılar bundan, çətin ki, imtina etmək istəsin və bacarsın. Odur ki, məsələ heç də Şimali Atlantika Alyansına ehtiyacın olub-olmamasında, Avropanın təhlükəsizliyini, müstəqilliyini «avroordu»nun köməyi ilə təmin edə bilib-bilməyəcəyində deyil. Məsələ, kimin-kimi üstələyəcəyindədir. Axı Aİ ölkələri «avroəsgərlər»in saxlanılmasına da milli büdcələrdən vəsait ayırmalı olacaqlar və bunun üçün NATO-ya ayrılan xərclərdən daha çox pul tələb olunacaq. Üstəlik, bu halda onlar silah-sursat almaq məcburiyyətində də qalacaqlar. Məhz bu səbəbdən, məsələn, Almaniya artıq Maliyyə naziri Volfqanq Şoyble və kansler Angela Merkelin dilindən hərbi xərclərin artırılacağını vəd edib. Amma burada da intriqalarsız keçinmək mümkün deyil - Aİ-nin bir çox aparıcı ölkəsi seçkilər ərəfəsindədir. NATO-nun maliyyələşdirilməsi məsələsi isə istənilən seçkiqabağı kampaniya üçün lokal xarici siyasi məsələdir. Odur ki, ən maraqlı hadisələr hələ qarşıdadır.

Konfrans iştirakçılarının diqqət yönəltdiyi daha bir vacib məqam, Rusiyanın Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətləri olub. Məsələyə, xüsusilə Suriyada davam edən müharibə və Ukraynanın cənub-şərqində bir müddət əvvəl gərginləşmiş vəziyyət fonunda diqqət ayrılıb. Amma Tramp Avropaya gəlməyib, konfransda 10 il əvvəl etdiyi çıxışı hər kəs tərəfindən yaxşı xatırlanan Putin isə bu tədbirə artıq neçə ildir ki, qatılmır. Toplantıda Kremlin sözünü Sergey Lavrov deyib. O, NATO-nun «hələ də «soyuq müharibə» institutu olaraq qaldığını» bəyan edib. «Dünya nə «Qərb-mərkəzçi», nə də daha təhlükəsiz və sabit olub. Yaxın Şərq və Şimali Afrikadakı «demokratikləşdirmə»nin nəticələrinə baxmaq kifayətdir. Bu, başqa regionlara da aiddir», - deyə Lavrov qeyd edib. O, Moskvanın hər kəslə «konstruktiv və praqmatik» münasibətlərə tərəfdar olduğunu, lakin dünyaya baxışını dəyişmək niyyətində olmadığını da söyləyib.

Hər kəs ABŞ-dan daha çox konkretlik gözləyirdi və konfransda həqiqətən də prioritetləri ortaya qoyan bəzi bəyanatlar səsləndirilib; məsələn, Münhendə Trampın əvəzindən danışan Pens avropalı tərəfdaşlarını inandırmağa çalışıb ki, Vaşinqton Rusiyanı əməllərində məsuliyyətli olmağa çağırmaqda davam edəcək. Pensin sözlərinə görə, bu, hətta hazırda onların əməkdaşlıq üçün ümumi mövqeyə gəlməyə çalışmalarına rəğmən, belə olacaq. Bunadək isə Mettis Rusiya ilə hərbi əməkdaşlığın mümkün olmadığını bildirmişdi. Üstəlik, bütün bu fikirlər Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinnin dekabrda rusiyalı diplomatlarla sanksiyalar məsələsini müzakirə etdiyi, lakin bu haqda Maykl Pensi məlumatlandırmadığı üçün vəzifəsindən istefa verməsindən dərhal sonra səsləndirilib. İndi, Trampın yeni məsləhətçisi Rusiyanın işğalçı məqsədlər güddüyünü, Avropada «soyuq müharibə»dən sonra formalaşmış düzəni pozmağa çalışdığını düşünən general Herbert Makmasterdir. Amma digər tərəfdən, Münhen konfransından əvvəl, Sergey Lavrov ilə dövlət katibi Reks Tillersonun Bonnda “G20” sammiti çərçivəsində baş tutmuş ilk rəsmi görüşündə heç bir radikal bəyanat səsləndirilməmişdi. Bununla yanaşı, müşahidəçilər bir məqama da diqqət çəkir: Pens Münhendəki çıxışı zamanı Rusiyanın Ukraynaya təcavüzə görə daşıdığı məsuliyyətdən danışarkən, «Krım» kəlməsini dilinə gətirməyib. Odur ki, Moskva-Vaşinqton xəttində duman olduğu kimi qalır.

Moskva ilə Vaşinqton arasında daha bir əlaqə fevralın 16-da Bakıda baş tutub. Həmin gün Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Bakıda bir araya gəliblər. Onlar Rusiya-Amerika münasibətlərinin hazırkı vəziyyətini müzakirə edib, Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın digər aparıcı regionlarında beynəlxalq təhlükəsizliklə bağlı vəziyyəti qiymətləndiriblər. Lakin Pentaqon rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycanda aparılmış danışıqlar ABŞ-ın Rusiya istiqamətində siyasətini dəyişdiyi anlamına gəlmir və ümumiyyətlə, onun məhz Ağ ev administrasiyasına aidiyyati yox idi.

Danfordun sözlərinə görə, tərəflər Suriyadakı vəziyyəti nəzərə alaraq, arzuolunmaz münaqişə və istənilən insidentlərdən qaçmağa yönəlmiş tədbirlər haqqında danışmaq üçün fürsətdən istifadə ediblər. Bu isə aydın məsələdir - xüsusilə hərbi sahədə gərginlik heç kəsə gərək deyil, hamının başı hələ mövcud problemlərin həllə qarışıb. Yeri gəlmişkən, Ağ ev rəsmisi Şon Spayserin sözlərinə görə, Tramp bu danışıqlardan razı qalıb.

Bütün sadalananlardan yalnız bir qənaətə gəlmək mümkündür - Ağ evin indiki administrasiyası, hələlik, təkmil xarici siyasi strategiyaya malik deyil. Bu, istər Avropa istiqamətinə, istər NATO-nun roluna, istər Rusiya ilə münasibətlərə, istərsə də Yaxın Şərqə aiddir. Hətta İranla bağlı da aydınlıq yoxdur - görünür, Trampla-Pens bu ölkəni, hələlik, «çözməyə» hazır olmadığından, müvəqqəti olaraq «ənənəvi düşmən» siyahısına yazıblar.

Yəqin, bunu Vaşinqton administrasiyasının hələ tam formalaşmaması ilə əsaslandırmaq olar.

Bir sözlə, hələlik, nə ilə nəticələnəcəyi bilinməyən ciddi mübarizə gedir. Və bir daha aydın olur ki, avropalılar üçün Amerikanın liderliyi olmadan nəinki yaşamaq, heç düşünmək belə asan deyil.

Rusiya da sanki okeanın o tayından ənənəvi təzyiqin olmadığı bir şəraitdə bir qədər çaşqındır. İndi Moskva artıq-əskik nəsə söyləməmək üçün 10 il əvvəlin tezislərini fərqli sözlərlə ifadə etməyə üstünlük verir.

Vəziyyət həqiqətən də son dərəcə qeyri-müəyyəndir. Odur ki, növbəti Münhen görüşünün gündəliyində nələrin duracağı çox maraqlıdır.



MƏSLƏHƏT GÖR:

473