Müəllif: Nadir SƏNANOĞLU Bakı
Bakıda təşkil edilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə ənənəvi beynəlxalq "Böyük Dəbilqə" turniri Azərbaycan idmançılarının uğurlu çıxışı ilə yadda qaldı. Turnir bir sıra amillər baxımından komandamız üçün böyük əhəmiyyət kəsb edirdi. Yarış yeni qaydalarının idmançılar tərəfindən mənimsənilməsinin hansı səviyyədə olması, eyni zamanda, gənc cüdoçuların özlərini təsdiqləmək üçün əla fürsət oldu.
Qırx iki ölkədən 192 idmançının iştirak etdiyi mötəbər turnir qadın cüdomuzda olan problemləri növbəti dəfə aşkar şəkildə nümayiş etdirdi. Azərbaycan Çempionatında rəqib tanımayan xanım idmançılarımız "Böyük Dəbilqə" turnirində mükafatçılar sırasına düşməyə çətinlik çəkdi. Zərif cinsin nümayəndələrindən yalnız 63 kq-da çıxış edən Xanım Hüseynova fəxri kürsüdə yer aldı. İdmançımız çətinliklə də olsa, bürünc medal qazanmağı bacardı. Digər çəkilərdə çıxış edən xanım cüdoçularımız azarkeşləri sevindirmədi.
Hər zaman olduğu kimi, kişi cüdoçularımız ölkə idmanının nüfuzunu layiqincə qorudu. Komandamızda ən yüksək nəticəni 81 kq-da təmsil olunan Rüfət İsmayılov göstərdi. İlk görüşlərdə Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova) və İvaylo İvanov (Bolqarıstan) üzərində də inamlı qələbə qazandı. İsmayılov yarımfinalda yaponiyalı Kenya Koharanı 32 saniyəyə ippona saldı. Rüfət finalda iranlı Səid Mollayi ilə üz-üzə gəldi. Həlledici döyüşə kimi inamla irəliləyən "Qəbələ" İdman Klubunun cüdoçusu vazari xalı hesabına çempion tituluna yiyələndi.
73 kq-da çıxış edən Olimpiya mükafatçımız Rüstəm Orucov Omari Niazaşvilini (Gürcüstan) məğlub etdikdən sonra 14 finalda Riki Nakaya (Yaponiya) ilə bacarmadı. Dünya və olimpiya çempionu olan yapona qarşı mübarizə aparmaq Rüstəm üçün çox çətin oldu. 4 dəqiqəlik mübarizə zamanı Orucov asiyalıya qarşı heç bir fəndlə yadda qalmadı. Sonradan təsəlliverici görüşlərə qatılan Orucov bütün rəqiblərini məğlub edərək "Böyük dəbilqə" turnirinin bürünc medalalına sayib çıxdı.
90 kq çəki dərəcəsində bir neçə Azərbaycan idmançısı çıxış edirdi.
Tural Səfquliyev yarımfinaladək irəliləsə də, finalın bir addımlığında qazaxıstanlı İslam Bozbayevə "qızıl xal"la uduzdu. Uçüncü yer üçün mübarizə aparan Tural gürcü Uşanqi Marcianiylə bacarmadı və yarışı medalsız tərk etdi.
Uşanqi Marciani isə bürünc medal uğrunda təsəlliverici görüşlərə ¼ finalda başqa azərbaycanlı idmançı Məmmədəli Mehdiyevə uduzaraq qatılıb. Mehdiyev yarımfinalda komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəldi. Finalda Mehdiyevin rəqibi qazaxıstanlı İslam Bozbayev oldu. Finala qədər iki azərbaycanlı cüdoçunu sıradan çıxaran Bozbayev Məmmədəliyə də qalib gələrək qızıl medal qazandı.
Azərbaycan azarkeşləri üçün yarışda ən maraqlı mübarizə 100 kq çəki dərəcəsinə təsadüf etdi. Bu çəki dərəcəsində əsas medal ümidlərimizdən biri, Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov turnirə 1/4 finaldan başladı. O, ilk olaraq gürcüstanlı David Ozbetelaşvili ilə görüşdü. Rəqibinə şans verməyən Qasımov yarımfinala adladı. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədova qalib gələn Elmar finalda uğurun davamını gətirə bilmədi. "Qızıl" uğrunda Qasımovun rəqibi hollandiyalı Mişel Korrel oldu. Həlledici görüşdə olduqca zəif təsir bağışlayan cüdoçumuz məğlub olaraq, gümüş medalla kifayətləndi. Dünya çempionu Elxan Məmmədovun üçüncülük uğrundakı rəqibi komanda yoldaşı oldu. Zelim Kotsoyevi məğlub edən Elxan Məmmədov komandamıza növbəti bürünc medalı qazandırdı.
"Böyük Dəbilqə" turnirində, ümumilikdə, 7 medal qazanan Azərbaycan idmançıları komanda hesabında Hollandiyanı irəli buraxaraq ikinci yeri tutdular. Mükafatçılardan Rüfət İsmayılovun çıxışı barədə müsbət fikir söyləmək olar. Bütün görüşlərdə əzmkarlıq, yüksək ustalıq nümayiş etdiyən İsmayılov uğurlu çıxışını davam etdirəcəyi halda, cüdomuzun yeni liderinə çevrilə bilər. 90 kq-da çıxış Məmmədəli Mehdiyevin fiziki hazırlıq baxımından problemi hiss olunur. Elmar Qasımovun finalda zəif çıxışı isə mütləq təhlil olunmalıdır. Hollandiya cüdoçusuna qarşı heç bir fənd işlətməyən olimpiya mükafatçımızın taktiki hazırlığına diqqət edilməlidir. 60 kq-da bürünc medalla yadda qalan Orxan Səfərov və Rüstəm Orucov (73 kq) doğma divarlar sindromundan xilas olmaqda çətinlik çəkir. Bu cüdoçular, ənənəvi olaraq, Bakıda keçirilən yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda problem yaşayır. Yüz kq-da təmsil olunan Elxan Məmmədov bürünc medal qazansa belə, onun “Tokio-2020”yə yollanacağı inandırıcı deyil. Dünya çempionunun çıxışında yaş özünü göstərir. Superağır çəkidə çıxış edən gürcüstanlı legioner Uşanqi Kokouri medalsız qalmaqla növbəti dəfə ümidləri doğrultmadı. Bu çəkiyə daha güclü idmançının cəlb olunması (milliləşdirilməsi - müəllif) daha məqsədəuyğun olar. Onsuz da bu çəkidə Azərbaycan Çempionatında da səviyyəli cüdoçu tapmaq mümkünsüzdür.
"Böyük Dəbilqə" superturnirindən sonra, Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Bakıda keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan idmançıları üçün uğurlu alınıb.
Belə ki, yarışın çempionu olan Rüfət Hüseynov birdən-birə 97 pillə irəliləyib. “Qəbələ” İdman Klubunun yetirməsi 81 kq çəki dərəcəsində 15-ci yerə yüksəlib. Yalnız finalda uduzan Məmmədəli Mehdiyev (90 kq) 11 rəqibini qabaqlayıb. O, siyahıda 11-di. Mehdiyev kimi həlledici görüşdə məğlubiyyət acısı yaşayan Elmar Qasımov (100 kq) isə yenidən birinci pilləni ələ keçirib.
Komandamızın heyətində bürünc medal qazanan Orxan Səfərov da 60 kq çəki dərəcəsində dünyanın ən güclüsünə çevrilib. Onun kimi yarışı 3-cü pillədə bitirən Rüstəm Orucov (73 kq) da öz çəkisinin birincisidi. “Böyük dəbilqə”də digər bürünc medalçımız Elxan Məmmədov (100 kq) isə 7 rəqibinin önünə keçib. Dünya çempionumuz hazırda 5-di.
Qadınların yarışında yeganə mükafatımızın sahibi Xanım Hüseynova 73 pillə yüksələrək, 35-ci yerə qalxıb.
Digər aparıcı cüdoçulara gəlincə, turnirdə 5-ci olan Nicat Şıxəlizadə ilə Uşanqi Kokauri (+100 kq) hərəyə 3, Hidayət Heydərov (73 kq) 10, Tural Səfquliyev (90 kq) 16 rəqibini arxada qoyub. Onlar müvafiq olaraq, 4-cü, 18-ci, 23-cü və 25-ci pilləyə yüksəliblər.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük Dəbilqə" turnirinin yüksək təşkilatçılığına görə, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib. Xatırladaq ki, 2018-ci ildə Azərbaycan paytaxtı Bakı ilk dəfə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
MƏSLƏHƏT GÖR: