Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
2017-ci ildə Azərbaycanın paytaxtı Bakı daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Təbii ki, söhbət IV İslam Həmrəyliyi Oyunlarından gedir. İlk Avropa Oyunlarından sonra “Formula-1” və Ümumdünya Şahmat Olimpiadası kimi nəhəng tədbirlərə ev sahibliyi edən Azərbaycan bu dəfə də idman aləminin diqqət mərkəzində olacaq.
Sözsüz ki, böyük təşkilatçılıq təcrübəsinə malik Azərbaycan üçün İslam Həmrəyliyi Oyunlarını keçirmək o qədər çətin olmayacaq. Sadəcə, ölkəmiz hər zaman olduğu kimi, istənilən yarışını idman bayram kimi keçirməyə nail olmaq niyyətindədir.
Mötəbər yarışa hazırlıq barədə “R+”a müsahibəsində Gənclər və İdman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Azad Rəhimov danışıb.
- Gərgin iş qrafikində olmağınıza baxmayaraq, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Maraqlıdır, İslam Həmrəyliyi Oyunlarına hazırlıq hansı mərhələdədir?
- İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bütün işlərə nəzarət edir. Deyə bilərəm ki, hazırlıq plan üzrə davam edir. Hər zaman olduğu kimi, mötəbər yarışı yüksək səviyyədə keçirmək üçün lazımi işlər görüləcək.
- Bir müddət əvvəl İslam Həmrəyliyi Oyunlarının maskotları təqdim olundu. Bunlar “İncə” və “Cəsur” adlı Qarabağ atları oldu. Nəyə görə məhz at?
- Oyunların talismanını İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsində müvafiq şöbə hazırlayıb. Yəni talismanın müəllifi Əməliyyat Komitəsinin əməkdaşlarıdır. Fikrimcə, çox maraqlı seçimdir. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunlarında at önəmli simvol sayılır. Bu, sadəcə, maskot deyil. Birincisi, Qarabağ atlarının böyük tarixi var. Onlar hər zaman cəsarət rəmzi olub. Son illərdə Qarabağ atlarına maraq artıb. Bildiyiniz kimi, Böyük Britaniya kraliçasının şərəfinə olan ziyafətdə də Qarabağ atlarının məharəti nümayiş etdirildi. Bu atlar bütün dünyada məşhurdur. Ona görə qərara alındı ki, oyunlarda Qarabağ atları xüsusi maskot şəklində təqdim olunsun.
İslam Həmrəyliyi Oyunlarında təsdiqlənən talisman böyük önəm daşıyır. Atlar simvolik olaraq, “İncə” və “Cəsur” adlanır. İncə - özündə millilik və müasirliyi məharətlə cəmləyir. Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi, özünəəminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə seçilir. Maskotlar oyunlaröncəsi və yarışın gedişində əhalimizi İslamiadanın bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda, mərkəz və regionlarımızda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.
- İştirakçı ölkələrin və idmançıların sayı barədə danışmaq istərdik. Komandalar Bakıda harada məskunlaşacaq?
- Əlli beş ölkə, artıq mötəbər yarışda iştirakını rəsmən təsdiqləyib. Livan və Küveytdən bugünə qədər heç bir müraciət daxil olmayıb. Ümumiyyətlə, 4000-ə yaxın idmançı, məşqçi və rəsmi şəxslərin gəlişi gözlənilir. Mötəbər yarışda iştirak etmək üçün paytaxtımıza gələcək idmançı və məşqçi heyəti ilk Avropa Oyunları zamanı “Atletlər kəndi” kimi tanıdığımız məkanda yaşayacaq.
- Mətbuatda yarışın açıq oyunlar kimi keçirilmə ehtimalı da var idi. Rusiya və digər ölkələrin Oyunlarda təmsil olunacağı yazılırdı. Bu barədə məlumat verməyinizi xahiş edərdik...
- İslam Həmrəyliyi İdman Federasiyasına 57 üzv ölkə daxildir. Üzvlərdən başqa 8 müşahidəçi ölkə var - Rusiya da bu sıradadır. Bu il İslam Həmrəyliyi Oyunları sayca 4-cü dəfə təşkil olunacaq. İndiyə qədər müşahidəçi ölkələrdən iştirakçı qismində yarışa qatılan olmayıb. Rusiyanın dəvət olunub-olunmayacağı təşkilatçılara ünvanlanan sual deyil. Dəqiq cavabı İslam Həmrəyliyi İdman Federasiyası verə bilər. Bu sual onlara aiddir. Gələcəkdə qərar olsa belə, bu onlar tərəfindən olmalıdır. Bizdə olan məlumata görə, hazırda bu məsələ müzakirə obyekti deyil.
- Oyunlarda gərgin mübarizə olacaq. Amma ən maraqlı məqamlardan biri açılış və bağlanış mərasimləridir. İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində tamaşaçıları nə gözləyir?
- Açılış və bağlanış mərasimlərinə hazırlıq plan üzrə gedir. Amma detallar barədə danışa bilməyəcəyəm. Hər bir mötəbər yarışda olduğu kimi, sirr saxlanılır. Açılış və bağlanış mərasimlərinə dünyaşöhrətli heç bir müğənni dəvət olunmayacaq. Açılışı orijinal və fərqli tərzdə etmək istəyirik. Daha çox İslam Dünyasının tarixini, birliyini, mədəniyyətini göstərməyə çalışacağıq. Açılış mərasimi İslam Dünyasına bir səyahət olacaq. Bağlanış mərasimində də xarici müğənnilər olmayacaq. Hazırda əsas məsələ açılışla bağlıdır. Ola bilər ki, bağlanış mərasimində yerli müğənnilər iştirak etsinlər.
- Açılış və bağlanış mərasiminin Bakı Olimpiya Stadionunda keçirilməsi arenanın ot örtüyünə nə dərəcədə təsir edəcək?
- Arenanın ot örtüyünə gəldikdə aydın məsələdir ki, mərasimlə əlaqədar üstü örtüləcək. Müəyyən müddət ot örtüyünün bağlı qalması ona mənfi təsirini göstərə bilər. Hava şəraiti nəzərə alınmalıdır. Bütün bunlar ot örtüyünə təsirsiz ötüşməyəcək. Biz çalışacağıq, mümkün qədər ot örtüyünü zədələməyək. Mütəxəssislər mərasimdən sonra onun bərpa olunması istiqamətində işləyəcək. Artıq bununla bağlı onlarla danışıqlar aparılıb.
- Hər zaman olduğu kimi, azarkeşlər idmançılarımızı dəstəksiz qoymayacaq. Azərbaycan idmançılarının mötəbər yarışa hazırlığı hansı vəziyyətdədir?
- Komandalarımızın hər biri öz federasiyaları tərəfindən təsdiqlənən proqram əsasında hazırlaşır. Gənclər və İdman Nazirliyi hazırlığı nəzarətdə saxlayacaq. İdmançılarımız ilk Avropa Oyunları, Yay Olimpiya Oyunlarında olduğu kimi, xüsusi proqramla hazırlaşacaq. Əlbəttə ki, hər bir təmsilçimiz mükafatçılar sırasında yer almaq üçün mübarizə aparacaq. Biz İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək hər bir idmançımıza dəstək olacağıq.
- Bakıda tıxac problemini həll etmək çətindir. Bu mənada, İslam Həmrəyliyi Oyunları zamanı şəhərdə nəqliyyat sistemi necə təşkil olunacaq?
- İlk Avropa Oyunlarında olduğu kimi, idmançıların yarış zalına vaxtında çatdırılması üçün xüsusi avtobuslar işləyəcək. Yolkənarlarında xüsusi zolaqların olacağı gözlənilir. Avropa Oyunlarında olduğu kimi, həmin zolaqlar təşkilatçılar, rəsmi şəxslər və komandaları daşıyacaq avtobuslar üçün nəzərdə tutulacaq. Bir sözlə, ilk Avropa Oyunlarında olan təcrübədən istifadə olunacaq. Bu məsələdə problem olacağına inanmıram.
- Mötəbər yarışla əlaqədar məktəblilərin tətilə bir qədər tez yollanması müzakirə olunurmu?
- Məktəblilərin tətiliylə bağlı məsələ müzakirə edilmir. Bizdə hazırda bu barədə informasiya yoxdur.
- Ümumilikdə, İslam Həmrəyliyi Oyunlarına nə qədər vəsaitin xərclənməsi gözlənilir?
- Dövlət büdcəsindən yarışın təşkilinə 100 milyon manat vəsait ayrılıb. Avropa Oyunlarıyla müqayisədə, idmançıların yolxərcləri, məskunlaşma məsələsinə vəsait xərclənməyəcək. Deməli, ilk Avropa Oyunları ilə müqayisədə, xərcimiz çox az olacaq. Ayrılan vəsaitin bir hissəsi – təxminən, 50 milyonu 2016-cı il üçün nəzərdə tutulmuşdu. Deyə bilərəm ki, 2016-cı ilə nəzərdə tutulan vəsaitin hamısı xərclənməyib. Nəzərdə tutulandan az istifadə olunub. Paytaxtda yüksək səviyyədə idman infrastrukturu var. Komplekslərimizin çoxu təzə inşa olunub. Bütün arenalarımız hazır vəziyyətdədir. Heç bir kompleksi bərpa etmək və ya yenidən tikməyə ehtiyac qalmayıb.
Biz çalışırıq ki, İslam Həmrəyliyi Oyunları əsl idman bayramı olsun. Sözsüz ki, bayramın alınması üçün idmançılarımızın yüksək nəticə qazanması da vacibdir. Onlara inanırıq və ümid edirik ki, xalqımızı sevindirəcəklər.
MƏSLƏHƏT GÖR: