Müəllif: Valentina REZNİKOVA Bakı
Muzey Mərkəzinin art-qalereyasında tanınmış amerikalı abstraksionist rəssamı Şeyn Quffoqqun sərgisi məhz bu adla açıldı və aprelə qədər fəaliyyət göstərəcək. O, Los-Ancelesdə anadan olub, Kaliforniya İncəsənət İnstitutunu bitirib. İşlərində XVI əsrdən populyar olan yeniləmə texnikasından istifadə edir. Yeniləmə texnikası bir-birinin üzərinə şəffaf boya təbəqələrinin çəkilməsidir. Bu üsul rəssama daha dərin rənglər və onların çalarlarını əldə etməyə imkan yaradır.
Quffoqq rəsmlərini yağlı, pastel boyaları ilə, tutqunsulu boyalar və akvarellə çəkir. Ekspozisiyaya 73 əsər - rəsmlər və bir neçə heykəl daxildir. ABŞ -ın çağdaş abstrakt rəssamlıq məktəbini təmsil edən rəssam ABŞ-da və Avropada çox populyardır. Hollivud ulduzları və siyasətçilər öz kolleksiyalarını onun işləri ilə zənginləşdirirlər. Onun rəsmləri Hammer muzeyinin kolleksiyalarında Dyuk adına çağdaş İncəsənət Universitetinin Muzeyində, Kaliforniyadakı Fresko Art Muzeyində və s.-də saxlanılır.
Bakıda baxışa çıxarılmış işlərin bir hissəsini rəssam, yeniləmə texnikasını virtuoz səviyyədə bacaran «universal insan» Leonardo da Vinçiyə həsr edib. Rəssam öz yaradıcılığını “sözsüz poeziya” adlandırır. Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin və «Arts Council Azerbaijan» Qeyri-Hökumət Təşkilatının (QHT) dəstəyi ilə keçirilir.
Hər şey səyahətdən başladı…
1980-ci ildə Avropaya səyahət edən Şeyn Quffoqq gözlənilmədən öz mistik baxışı ilə onu heyran qoyan Leonardo da Vinçi dühasını və işığı fantastik gerçəkliyi ilə təqdim etməyi bacaran Rembrandt dühasını kəşf edib. Daha sonra onun həyatına Tomas Eliotun modernist poeziyası daxil olub. Bütün bunlar ağıl və ürəyin əsl sintezi, daha sonra isə İnsan və Kainatın əlaqəsinə dair fəlsəfi özünüdərkin sonsuz bədii variasiyasına çevrildi. Və ekspozisiya obrazlı ad aldı - «müşahidə edən həm də müşahidə olunandır» (THE OBSERVER IS THE OBSERVED).
Uzun müddət insanlar sanırdılar ki, «o biri» dünya onlardan ayrıdır, obyektiv Kainat isə insanların başa düşməsi mümkün olmayan qanunlara tabedir. Rəssam bizim çoxumuza xas olan bu baxışı təkzib edir və irəli sürür ki, dünyaların bir-birindən heç bir təcridi yoxdur, onlar bir-biri ilə orqanik qovuşur və sonsuza qədər bir-birlərinə nüfuz edir. Onun fikrincə, fiziki dünyanın əsası heç də fiziki deyil, həmçinin «daxili» və «xarici»ni bölən xətlər, ümumiyyətlə yoxdur.
İnsan həyatının hər bir anı seçim anıdır. İnsan hər zaman burada və indidədir. Onun ruhunun fəaliyyət sahəsi sonsuzdur. Rəssamın yaradıcılığında «Mən»in paradoksal ruh və bədən birliyi; zaman və zamandan kənar tale, həmçinin bunun nəticəsi olaraq, bütün insan həyatı boyu davam edən zaman və əbədiyyət birliyi belə görünür.
Heykəllər
İnsan - Kainat konsepsiyası çərçivəsində Quffoqqun gerçəkliyə metafizik baxışı yalnız rəsmlərdə deyil, həm də Muzey Mərkəzində qoyulmuş heykəllərdə də əks olunub. Rəssam dünyanın sadə qavrayış çərçivəsindən kənara çıxır və «şüur ilə şüursuzluq» arasında yerləşən nöqtəni tapmağa çalışır. Realizm konsepsiyasına uyan gerçəklik dünyası onun üçün darıxdırıcı və narahatdır. «Fırlanan dünyanın tərpənməz nöqtəsi”ndə onun üçün elə gerçəklik cəmləşib ki, bu, Həqiqəti dərk etməyə imkan verə bilər.
Həqiqət isə ondadır ki, zaman mövcud deyil. Yaradıcı dərk anında bu «tərpənməz nöqtə» ilə eyniləşən rəssam ölməzliyinin məğzini anlayır. Sənətşünaslıqda «fəlsəfi abstraksionizm» kimi bir anlayış varmı? Bu müəllifin bədii təcrübələrini də yalnız belə adlandırmaq olar, yaxud «abstraksionizm fəlsəfəsi».
Murano şüşəsi: heykəllər
Şüşədən düzəldilmiş bu əsərlər baxışları maqnit kimi cəlb edən heykəllərdir. Rəngləri və formaları diqqət çəkir, şüuraltına dolaraq estetik həzz duyğusu yaradır. Rəssam özü bu barədə deyir: «Əks fəzanı və ya formanı üçölçülü obyektə çevirmək ideyası “görünməzdən-görünən”in keçidinə uyğundur. Bu şüşə heykəllər həm orqanik, həm də erkək və qadın başlanğıcını əks etdirir. Mən istəyirəm ki, onları dərhal tanısınlar, onlar həm də öz sirlərini qorusunlar».
Rəssamlar, bir qayda olaraq, həmişə öz çağlarının carçılarıdır. Şeyn Quffoqq da istisna deyil. O, ifadəli metafora dilinə keçərək, yaradıcılığı ilə bizləri öz işlərinin metaforik və metafizik fəzasında intellekt payı axtarmağa çağırır.
MƏSLƏHƏT GÖR: