23 Dekabr 2024

Bazar ertəsi, 21:24

«SİNYOR TODERO - XULİQANDIR»

Rus Dram Teatrı Xalq Artisti Məbud Məhərrəmovun yubileyinə həsr etdiyi tamaşanın premyerasını bu adla təqdim etdi

Müəllif:

15.03.2017

Nə yaxşı ki, dostlar var. Çox olsa, daha yaxşıdır. Ya da ki, lap çox. Xalq Artisti Məbud Məhərrəmovun dostları kimi. Sanki Rus Dram Teatrının zalına toplaşan tamaşaçıların hamısı onun dostları idi. Artistin 60 illik yubileyinə həsr edilmiş tamaşanın premyera oynanırdı. Aleksandr Şarovski öz seçimini italyan dramaturqu, italyan teatrının reformatoru, milli komediyanın yaradıcısı Karlo Qoldoninin (1707-1793) pyesi üzərində dayandırmışdı. Pyesi dramaturq 1771-ci ildə Parisdə yaşayarkən yazıb.

Müəllif əsəri öz həyat təcrübəsinə əsaslanaraq, Venetsiyadan tanıdıqlarını xatırlayaraq yazıb. Qoca Toderonın - öz doğma və yaxınlarının həyatını zəhərləyən xəsis, deyingən, zəhlətökən, kobud bir insanın əhvalatı uydurma deyil. Müəllif Venetsiyadan belə bir insanı tanıyırdı və öz memuarlarında yazırdı ki, Todero prototipi, onun oğlu və gəlini tamaşaya baxdıqdan sonra çox təsirləniblər. Gəlin, hətta sevincini gizlədə bilməyib, çünki tamaşaya baxan venetsiyalıların əksəriyyəti pyesin kim barəsində yazıldığını anlayıblar.

 

Rejissorun niyyəti barədə

Deyirlər ki, əsl rəssamlar provokatorlardır. Sözün yaxşı mənasında. Karlo Qoldoni də 1761-ci ildə Venetsiyadan Parisə köçəndən sonra, 1771-ci ildə Todero adlı venetsiyalı qəribə qoca barədə maraqlı hekayə yazıb. Ümumiyyətlə, XXI əsr insanının nəzərində Todero, ümumiyyətlə, qoca deyil! Axı indi kimin ağlına 60 yaşlı kişini qoca saymaq gələr? İndi uzun yaşayırlar və gec qocalırlar. Amma həmin vaxtlar nə olursa-olsun, Karlo Qoldoni tərəfindən uydurulmuş əhvalat Paris izləyiciləri arasında geniş rezonansa səbəb oldu.

Molyer teatrının aşiqi olan dramaturq fransız dilində «Xeyirxah Deyingən» (Le Bourru bienfaisant) əsərini yazır və bu, ona Avropada məşhurluq və şöhrət gətirir. Pyesə heyran qalırlar və benefisiant aktyorlar üçün çox cəlbedici materiala çevrilir (ilk benefis bir teatr hadisəsi kimi 1735-ci ildə Fransada baş tutub).

Beləliklə, qəribə sinyor Todero haqqında pyes Rusiyaya da gəlib çıxıb. O, ədəbi əsər kimi, 1772-ci ildə Sankt-Peterburqda «Xeyirxah kobud, cənab Qoldoni teatrından komediya» adı altında nəşr edilib.

Əlbəttə, çağdaş teatr baxımından mətnlər həm səslənməsinə, həm dinamikasına, həm də söylənən fikirlərə görə arxaik görünür. Məbud Məhərrəmovun yubileyinə tamaşa layihəsi üzərində düşünən teatrın baş rejissoru, tamaşanın quruluşçusu Aleksandr Şarovski qərara alıb ki, sinyor Toderonun əhvalatı daha çağdaş mətn ahənginə, çalarına və təfsilatına malik olmalıdır.

Folklor elementləri və personaj-maska seçimli del art komediya prinsiplərini istifadə edən nağıl pyeslər müəllifi, italyan yazıçısı və dramaturqu Karlo Qotsinin teatrının estetik üsulları ilə Karlo Qoldoni teatrının estetik üsullarını birləşdirmək ideyası boş yerdən yaranmayıb. Rejissor çoxillik quruluş imzası axtarışları nəticəsində maska teatrının stilist üsullarına (dell' arte) can atdığını anlayıb.

Hadisəyə epizodik təsir sayılan bu üsul onun çox tamaşalarında səpələnib, amma bu tamaşada rejissor öz üslubuna dolğun forma vermək üçün «öz fantaziyasını işə salmaq”dan çəkinmir. Buna görə də Qoldoninin süjetinin motivləri əsasında yaranmış pyesdə Arlekin və Kolombina da peyda olur. Onlar hadisələrə daxil olurlar, sinyor Toderonun fikir və əməllərini yönəldir, onu ruhlandırır, bəzən də əksinə gedirlər. Sinyor Toderoda, demək olar ki, xuliqanlığa gənclik meyli yaranır ki, bu da onu gözlənilməz, amma xoş və başgicəlləndirici hadisələrə itələyir…

 

Tamaşa haqqında...

Tamaşanın quruluşçu rəssamı Olqa Abbasova tərtibatda və qəhrəmanların kostyumlarında elə inandırıcı ifadəlilik tapıb, bu, rejissorun quruluş ideyasına dəstək verir və qəhrəmanların xarakterini daha ifadəli edir. Qəhrəmanların kostyumları stilləşdirilib. Bu da quruluş niyyətinin, meydan maska teatrının estetik mövqeyinə (del arte) uyğun gələn ideyanın bir hissəsidir. Meydan maska teatrının oyun üslubunun personajları sərbəst interpretasiya ilə sirk üsulları arasında balanslaşdırılan gülüş stixiyasına bürümək imkanı çoxdan rejissoru cəlb edir.

Baş qəhrəman sinyor Todero Məbud Məhərrəmovun ifasında öz murdar xasiyyəti üzündən hamıya ziyan vurmağa çalışan zalım qoca yox, hər zaman şənlənmək istəyən insandır. O, dəcəl oğlan kimi, ev sakinlərini lərzəyə gətirən və qorxu saçan kiçik və böyük hiylələr düşünür. Amma elə gəlir ki, həyəcan və qorxu bu da oyunun bir hissəsidir, buna görə ev sahibindən heç kim ciddi incimir. Hamı artıq ev sahibinin qəribəliklərinə alışıb.

Əgər gəlininin (oğlu Pelleqrinin) xanımının rəfiqəsi Fortunata peyda olmasaydı, bu qəribə sinyorun şıltaqlıqları davam edərdi. Nataliya Şarovskayanın ifasında bu, yüksək cəmiyyətdən olan xumar xanımdır və onun üçün mövcudluğun hər dəqiqəsi öz cazibədarlığının və zərif ədasının nümayişindən başqa bir şey deyil. Fortunatanın ədabazlığı və qrafiki pozaları o qədər ifadəlidir ki, evin gəlini Markolina daimi «uyğunlaşmağa» çalışır və oxşar pozalarda dayanmağa cəhd edir.

Heyhat! Markolina rolunu oynayan Mələk Abbaszadə qiyam edən deyil, qiyama can atan qadın obrazı yaradır. Ondan gerçək qiyamçı onsuz da alınmayacaq, çünki «uyğunlaşmaq» cəhdinə həddindən çox vaxt gedir. Toderonun evində onun bütün həyatı bu cəhdlə keçib. Onun əri Pelleqrin də ona uyğundur. Bu rolu Fuad Osmanov oynayır. Demək lazımdır ki, gözəl oynayır. Fuad Osmanovun Pelleqrini atasının qəribəliklərindən və arvadının daimi narazılığından təngə gəlmiş insandır. Aktyor bu iradəsiz, başqalarının istək və höcətlərindən əzab çəkən bu adamın xarakterini elə dəqiq açır ki, izləyici zalı bir dəfə də olsun onun «əzablarına» laqeyd qalmır.

Rus Dram Teatrı bakılılara gülməli və şən tamaşa bəxş edib. Yubilyar Məbud Məhərrəmovun yaradıcılıq həyatının bir mərhələsinə çevrilmiş tamaşa şəhərin teatr həyatında da hadisəyə çevrildi. İzləyicilər isə növbəti dəfə özləri üçün gənc aktyorları Oleq Əmirbəyovu, Mariya Dubovitskayanı, Olqa Arsentyevanı və teatrın səhnəsində ilk addımlarını atan İbrahim Çingizi növbəti dəfə kəşf etdilər. Premyera böyük uğurla keçdi. Tamaşanı uzun və uğurlu həyat gözləyir.



MƏSLƏHƏT GÖR:

432