23 Dekabr 2024

Bazar ertəsi, 22:03

«DAHA ÇOX MÜSLÜM MAQOMAYEVLƏR OLSUN!»

Faiq SÜCƏDDİNOV: «İstərdim ki, bizdə daha çox özünəməxsus bəstəkarlar, vokalçılar və instrumentalistlər olsun»

Müəllif:

15.03.2017

Bəstəkar və pianoçu, Azərbaycanın Xalq Artisti Faiq Sücəddinov Gəncədə doğulub, Bakıda yaşayıb-işləyir. «Şöhrət» ordeni kavaleridir. O yalnız çox sayda fortepiano əsərlərinin müəllifi olmaqla qalmır, həm də bu əsərlərin gözəl ifaçısıdır. Onun ifasında heç nə ikincidərəcəli deyil, hər bir not aydın səslənir. Onu təkrar- təkrar dinləmək istəyirsən. Maestro Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur; orada rejissura və kompozisiya dərsləri keçir, həmçinin Yaşıl Teatrın bədii rəhbəridir. Çox məşğul olmasına baxmayaraq, o, «R+»a öz işi barədə danışmağa vaxt tapdı.

- Sizin karyeranız necə başladı?

- Mən diribaş oğlan idim, kənardakılara elə gələ bilərdi ki, beləsini hansısa bir alətin arxasında əyləşməyə məcbur eləmək çətin olar. Amma bununla belə, məktəbi və Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini bitirdim. Ümumiyyətlə, oxumağa marağım çox idi, buna görə, Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil oldum. Hələ uşaq vaxtı musiqi alətində bir barmaqla çala-çala nəsə bəstələməyə, ya da «Besame-muçe» melodiyasını ifa etməyə çalışırdım. Onda 6 yaşım vardı və mənə yenicə piano almışdılar.

Daha sonra caz həvəskarı yaşıdlarımla xarici müəlliflərin kompozisiyalarını ifa edirdik. Cazı çox sevirdik və heç bir not olmadan eştidiyimiz kimi, sevdiyimiz melodiyaları ifa edirdik. İndi notlar olduğuna görə hər şey sadə gedir. Caza məhəbbət Radio və Televiziyanın estrada orkestrində işləməyimə kömək etdi, orkestrin bədii rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orada piano çalırdım. Və yenidən məni musiqi öz arxasınca apardı - konservatoriyanın kompozisiya sinfinə daxil oldum.

- Necə oldu ki, siz musiqidə klassik istiqaməti deyil, estradanı seçdiniz?

- Estradaya tələb daha çoxdur və asan gerçəkləşdirmək mümkündür; məsələn, öz simfoniyanı filarmoniyada eşitmək, yaxud öz operanı və ya baletini teatr səhnəsində görmək çətindir. Amma estrada xarakterli mahnı və kompozisiyaları ifa etmək asandır.

- Bütün bunlar doğrudur, amma bizim qəşəng ölkəmiz var, Qərbdə bahalı olan klassik musiqi konsertlərinə burada tamamilə pulsuz getmək mümkündür. Bunun hesabınadır ki, bu gün klassika səslənəndə filarmoniyanın zalı dolu olur.

- Mənim də simfonik orkestr üçün fortepiano konsertim var, onu mən filarmoniyada ifa etmişəm. Həmçinin mənim ifamda kvartet və iki fortepiano tsikli disklərə yazılıb. Xor və simfonik orkestr üçün «Atatürk» odası, operetta, tamaşa və filmlər üçün musiqi yazmışam.

- Tele və radioverilişlərini gözəl musiqi ilə tərtib etmək daha gözəl olur, buna görə də sizin musiqi, demək olar ki, efirdən düşmür. Yeddi il işlədiyiniz Şimali Kiprdə işlər necə getdi?

- Beynəlxalq Universitetdə musiqi dərsi keçirdim. Demək olar ki, orada musiqi fakültəsini mən açdım. Çox çıxış etdim. Məni indiyə qədər xatırlayırlar, musiqimi ifa edirlər və işə dəvət edirlər. Qonşum ingilis qadın idi, yadımdan heç zaman çıxmaz, konsertim münasibətilə piroq bişirmişdi və evimizə təbrik etməyə gəlmişdi. Konsertə qədər mənə heç salam vermirdi və eşidəndə ki, bizdə, az qala, hər evdə piano var, xalqın musiqiyə meyilli olmasına çox təəccüblənmişdi.

- İlk bəstəniz nə olub?

- İlk bəstəm «İçərişəhər»dir, «Bakı payızı» festivalında Gülağa Məmmədov və Şövkət xanım Ələkbərova tərəfindən ifa edilib.

- Siz "Avroviziya"ya seçimin münsiflər heyətinə daxil olmusunuz və Mədəniyyət Universitetində dərs keçirsiniz. Bizim gənclər barədə nə deyə bilərsiniz?

- Bizim gənclər çox istedadlıdır və gənc insanların gələcəyinə çox ümidlə baxıram. Amma istərdim ki, bizdə beynəlxalq səhnəyə çıxa bilən daha çox parlaq özünəməxsus bəstəkarlar, vokalçılar və instrumentalistlər olsun. Daha çox Müslüm Maqomayevlər olsun!

- Bir vaxtlar siz Rəşid Behbudov, Tofiq Quliyev, Vasif Adıgözəlovla tanış olmusunuz, onları necə xatırlayırsınız?

- Rəşid Behbudovla dostluq edirdim və bilirdim ki, o, hər bir əsər üzərində son dərəcə dəqiq işləyir, bir mahnını aylarla cilalayıb, yalnız ondan sonra səhnəyə çıxarırdı. O, çox həssas insan idi və bir deputat kimi, ağır günlərində insanlara yardım etməyə çalışırdı, xüsusilə bu, uşaqların müalicəsi ilə bağlı olanda çox həssas olurdu. Həmişə mənim maddi vəziyyətim barədə maraqlanırdı, köməyə ehtiyacımın olub-olmadığını soruşurdu.

- Yaşıl Teatrdakı işinizə nə daxildir?

- Mən konsertləri tərtib edirəm, giriş hissəsini hazırlayıram, proqramlara baxıram, öz qeydlərimi edirəm.

- Ailənizdə vəziyyət necədir?

- Bir oğlum var, musiqiçi deyil, iki nəvəm var - qız və oğlan. Ailəmizdə məndən başqa musiqiçi olmayıb və yoxdur, atam həkim, anam müəllimədir.

- Yetmişillik yubileyinizi necə qeyd edəcəksiniz?

- Altmışillik yubileyimi filarmoniyada konsertlə, 65 illiyimi Bəstəkarlar İttifaqında keçirmişəm. Deyim ki, musiqiçi üçün yubiley yox, gündəlik musiqi zəhməti daha önəmlidir, çünki yaradıcılıq bu işlərin toplusudur. Ad gününü mütləq ailədə və yaxın dostların əhatəsində keçirməyi düşünürəm, qalanını isə zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

440