24 Dekabr 2024

Çərşənbə axşamı, 02:57

FLAQMANIN YUBİLEYİ

"Neftçi" yaradılmasının 80 illiyini qeyd edir

Müəllif:

01.04.2017

Azərbaycan futbolu dedikdə, çox zaman ilk olaraq "Neftçi" klubu yada düşür. 2017-ci ildə 80 yaşı tamam olan ağ-qaraların keşməkeşli tarixi və böyük nailiyyətləri var.

"Neftçi" Peşəkar Futbol Klubu - Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, Azərbaycanın ən uğurlu peşəkər futbol klubudur. "Neftçi" "Qarabağ"la yanaşı, bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" komandası ölkə miqyasında bütün yarışlarda rekorda malikdir. Belə ki, 8 dəfə Azərbaycan Premyer-Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olub. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokunu qazanmaqla yanaşı, 2012-ci ildə ölkə futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı qazanıb. Klubun tarixi ötən əsrin 30-cu illərindən başlayır.

1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakı ilə keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakı ilə təşkil edilsin. Həmin vaxt Azərbaycan SSR-də bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu. Halbuki həmin dövrdə Bakı, artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar qısa zamanda - 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər. Amma həmin dövrdə rus dili daha işlək olduğundan, komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi - "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər, "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından, qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.

"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu, həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyannik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etmişdir. Pavel Ştirlinin 87-ci dəqiqədə vurduğu qol "Neftçi"nin tarixində ilk qol idi. Həmin oyunun hakimi gürcüstanlı Nikolay Larionov olmuşdur.

Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutdu. Həmin il SSRİ Kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırdı. 1938-1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak etdi.

Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən müharibəsinə yollandılar. Müharibədə həlak olanlar arasında müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı.

Müharibə sona yaxınlaşdıqca, artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra respublika çempionu oldu. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.

1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində, "Neftçi" də “A” qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" “A” qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının “A” qrupunda ilk qolu isə Viktor Anoşkin vurub.

Çempionatın startı sensasion oldu. Beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi. Lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu. "Neftyannik" sözünün "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə olmuşdur.

"Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazandı. Klub vaxtilə "kiçik Avropa çempionatı" adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi "Neftçi" həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları "Neftçi"nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə futbol üzrə ilk milli Azərbaycan çempionatında qızıl medallar məhz "Neftçi"yə qismət oldu. Paytaxt komandasına çempion titulunu Əhməd Ələsgərov qazandırdı. Növbəti nailiyyət bundan 3 il sonra əldə edildi. "Neftçi" 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında ölkə kuboku uğrunda yarışda bütün rəqiblərini üstələdi. 1995/1996 mövsümünü isə "Neftçi" üçün unudulmaz çempionatlardan biri kimi xarakterizə etmək mümkündür. Çünki klub həmin mövsümü həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi kimi "qızıl dubl"la başa vurdular. Çempionluqla yanaşı, ölkə kubokunun qazanılmasında 3 məşqçi - Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayevin əməyi keçdi.

"Neftçi" 3-cü dəfə 1997-ci ildə çempion adına layiq görüldü. Lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək, qızıl medalları "Qarabağ"a verdi. Hər halda, ədalət öz yerini tapdı. UEFA çempion qismində "Neftçi"ni tanıdı və Çempionlar Liqasında iştirak hüququna da flaqman yiyələndi. 1999-cu ildə növbəti dəfə "Neftçi" klubu ölkə kubokunu Kazbek Tuayevin sayəsində qazandı. 

Sadıq Sadıqov "Neftçi"yə prezident seçiləndən sonra klub növbəti uğurlara imza atdı. 2011-ci ildə flaqman Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra, sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu oldu. 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan "Neftçi" bu dəfə qızıl medalları Böyükağa Hacıyevin başçılığı ilə əldə etdi.

2011-12-ci il mövsümünün qalibi kimi, Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi – 2:2. Növbəti mərhələdə flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4:2 (1-1,3-1) məğlub etmiş flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.

2012/2013 mövsümündə Böyükağa Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "Qızıl dubl" edən ilk komanda olmasına səbəb olmuşdur.

"Neftçi" daim ölkə futboluna yüksəksəviyyəli futbolçular bəxş edib. UEFA tərəfindən Azərbaycanın XX əsrdə ən güclü futbolçusu seçilmiş Anatoli Banişevski də bu klubun yetirməsidir. Karyerası ərzində bir sıra güclü klublardan təklif alan Banişevski "Neftçi"ni tərk etməyib. Məşhur futbolçu qərarını xatirələrində belə izah edir: "Neftçi" mənim üçün həyat eşqidir. Hər zaman ürəyim bu komandayla döyünüb. Sovetlər İttifaqında bir sıra klublardan təklif alsam da yox demişəm. Dünyaya yenidən gəlsəydim belə, yenə "Neftçi"ni seçərdim. Bu klubda keçirdiyim hər gün xoş xatirədir".

80 yaşlı klubun ən tanınmış futbolçularından biri Kazbek Tuayevdir. Veteran futbolçu “R+”a açıqlamasında sevimli komandası haqqında belə danışdı: "Bu komandanın futbolçusu olduğum üçün özümü xoşbəxt sayıram. İndi Azərbaycanda çoxlu sayda futbol klubu fəaliyyət göstərir. Bununla belə, "Neftçi"nin yeri başqadır. Komanda ölkə futbolunun tarixini özündə əks etdirir. O vaxtlar "Neftçi"də zəif oynamaq mümkün deyildi. Ya klubun tarixinə hörmət edərək bütün gücünü meydanda qoyursan, ya da oranı tərk edirsən. Bu komanda ölkə futbolunun inkişafında böyük rol oynayıb".

"Neftçi"nin məşhur futbolçusu, "Şöhrət" ördenli İsgəndər Cavadov da ötən illəri böyük sevinclə xatırlayır. Uzun illər "Neftçi"nin uğurlarında böyük pay sahibi olan “11” nömrə təəssüratlarını “R+”la bölüşdü: "Neftçi"də oynamaq hər futbolçuya nəsib olmurdu. Uşaqlıq illərimdə Markarov-Banişevski-Tuayev üçlüyünün oyunlarına azarkeşlik edirdim. Sonradan ən böyük arzum "Neftçi"nin futbolçusu olmaq idi. Klubun avtobusunu şəhərdə görəndə sevinirdik. Xəyallarımızda avtobusun oturacaqlarını təsəvvür edirdik. Düşünürdük, nə vaxtsa orada əyləşə biləcəyik? Müxtəlif səbəblərdən "Neftçi"yə gəlişim bir qədər gec alındı. Amma indiyə qədər bu klubda oynadığım illəri sevinclə xatırlayıram. Banişevski, Tuayev kimi futbolçuların oynadığı komandada çıxış etmək hər bir azərbaycanlı oyunçuyə nəsib olmur". 

"Neftçi" Azərbaycan futbolunun sərvəti və milli brendidir. Təsadüfi deyil ki, uzun illər ölkə xaricində yalnız "Neftçi" tanınıb. 80 illiyini ölkənin ən qocaman komandası Çingiz Abdullayevin rəhbərliyi altında qeyd edəcək. Klub artıq ikinci ildir, Müşahidə Şurası tərəfindən idarə olunur. Elxan Abdullayevin baş məşqçisi olduğu "Neftçi" çempionatda qızıl medal qazanmaq şansını itirsə də, ölkə kubokunda mübarizəni davam etdirir.

"Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev 80 illik yubiley haqqında bunları söylədi: "Neftçi" Azərbaycanın sərvətidir. İlk olaraq məhz "Neftçi" yaranıb. Bu komanda başlanğıcdır. İlklərə imza atan komandaya rəhbərlik etdiyim üçün xoşbəxtəm. Azarkeşi olduğum komandaya indi rəhbərlik edirəm. Səksənyaşlı "Neftçi"yə böyük qələbələr arzu edirəm. Cari mövsüm komanda, demək olar ki, tamamilə yeniləndi. Hazırda əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdır. "Neftçi"nin şöhrətini artırmaq üçün bundan sonra da daim çalışmağa hazıram. Gələcəkdə komandanı yeni səviyyətə yüksəltmək üçün işlər görüləcək. Tez bir zamanda "Neftçi"ni Çempionlar Liqasının qrup mərhələsində görmək istəyirik".

Səksənillik yubileylə əlaqədar "Neftçi" tədbirlər planı hazırlayıb. İlboyu davam edəcək silsilə tədbirlərə artıq start verilib. "İnter"lə keçirilən çempionat matçında "Neftçi"nin futbolçuları 50-ci illərə məxsus formalarda çıxdı. Oyundan əvvəl PFL-in himni əvəzinə ötənlərin məşhur futbol marşı səsləndi. Yubiley tədbirləri davam edir. Yaxın günlərdə "Neftçi" xaricdə yaşayan bütün veteran futbolçu və məşqçilərini Bakıya toplamaq fikrindədir. 

Səksənyaşlı "Neftçi" haqqında çox danışmaq olar. Yüzyaşlı Azərbaycan futbolunun ən böyük övladı məhz "Neftçi"yə böyük qələbələr və yeni nailiyyətlər arzu edirik. Qoy, azarkeşlər hər zaman sevimli komandalarıyla fəxr etsinlər.



MƏSLƏHƏT GÖR:

485