19 Dekabr 2024

Cümə axşamı, 15:00

NƏ QƏDƏR Kİ, DÜNYA GÖZ YUMUR…

Amerikalı ekspert, Chicago-Kent hüquq kolleci dekanının böyük məsləhətçisi Piter Teysin «R+»a müsahibəsi

Müəllif:

01.04.2017

- Bəzi ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyi davam etdirəcəklərini bildiriblər. Fikrinizcə, indiki ABŞ administrasiyası danışıqlar prosesini, nəhayət, «ölü nöqtə»dən tərpədəcək yeni təkliflər irəli sürə biləcəkmi?

- ABŞ Dövlət Departamenti yaxın illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin dalandan çıxması üçün əhəmiyyətli rol oynaya bilər. Amma Rusiyanın məsələyə töhfəsinə də lazımi qiymət verilməlidir - son zamanlar Moskva Ermənistanla-Azərbaycan arasında dialoqun qurulması üçün az səy göstərməyib. Doğrudur, üçtərəfli formatda aparılmış bəzi görüşlərdə ciddi nəticələr əldə olunmayıb. Çünki Dağlıq Qarabağda və ümumilikdə, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın suveren ərazilərindən dərhal çıxarılmalı, Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının 20 ildən artıqdır davam edən blokadasına dərhal son qoymalıdır.

Vaşinqtonun Cənubi Qafqazda regional təhlükəsizliklə bağlı aktual məsələlərə diqqəti artıracağı gözlənilir.

- Martda prezidentlər Əliyev və Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransaya səfər ediblər. Sarqsyan Moskvada Putin ilə də görüşüb. Bütün bunlar danışıqlar prosesinə necə təsir göstərə bilər?

- Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə və iqtisadiyyatda effektiv və praqmatik yanaşma ortaya qoyur. 2017-ci ilin ilk 3 ayında o, Avropaya (Belçika, Almaniya), Qətər, Pakistan, İran və Fransaya səfərlər edib. Bu rəsmi səfərlər xaricdə Azərbaycanın imicini daha da möhkəmləndirib və şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəsini verəcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin və Avropa İttifaqı strukturlarının, hələlik, Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəticələr əldə edə bilmədiyi bir vaxtda, prezidentin diplomatiyası məhsuldar xarakter daşıyır.

Bu regional münaqişəni təcili olaraq həll etmək lazımdır. Cənubi Qafqazda regional təhlükəsizliyin taleyi Ermənistan silahlı qüvvələrinin barışmaz mövqeyinin, eyni zamanda, onların İrəvandakı siyasi rəhbərliyinin əlindədir. Paris, Roma və digər Qərb paytaxtları bu məsələyə daha çox vaxt ayırmalı, problemin həllinə daha çox enerji sərf etməlidir. İrəvan isə qoşunlarını Azərbaycanın suveren ərazilərindən çıxarmalıdır. Sarqsyan hökuməti yaxşı olar ki, diqqəti daxili problemlərinə - korrupsiyaya, mütəşəkkil cinayətkarlığa, işsizliyə, dəhşətli demoqrafik vəziyyətə yönəltsin. Ermənistan prezidenti ustalıq nümayiş etdirərək, korrupsiyalaşmış və kleptokratik liderlik stilinə son qoysun. O, nəticəyə hesablanmış dövlət quruculuğunu, liderlik keyfiyyətlərini qonşu Azərbaycandan öyrənə bilər.

- Vaşinqton İranla 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasını yerinə yetirməkdən imtina edərsə, bu, regiondakı vəziyyətə necə təsir göstərə bilər?

- 2015-ci ildə əldə olunmuş nüvə razılaşması Tehranla dünyanın nəhəng fövqəldövlətləri (Fransa, Almaniya, Avropa İttifaqı, İran, Böyük Britaniya, ABŞ, Çin və Rusiyanın xarici işlər nazirləri) arasında əldə edilib və onun pozulması qlobal fəsadlara yol aça bilər. Tehranla daha yüksək səviyyədə belə razılaşmanın regional təhlükəsizliyi, istər regionda, istərsə də ondan kənarda iqtisadi çiçəklənməni təmin edəcəyinə heç bir şübhə yoxdur.

- Fevralın 16-da Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danford arasında görüş keçirilib. Cənubi Qafqazda bu iki fövqəldövlətin maraqları üst-üstə düşür. Fikrinizcə, Bakı Moskva ilə Vaşinqton arasında münasibətlərin qaydaya salınmasına vasitəçilik edə bilərmi?

- Bakı regional tolerantlığın, multikulturalizmin və konstruktiv siyasi dialoqun paytaxtı kimi tanınır. Azərbaycan paytaxtı dünyanın nəhəng fövqəldövlətlərinin Vaşinqtonun, Moskvanın, Avropa İttifaqı və Pekinin maraqlarına aid ən müxtəlif məsələləri müzakirə edəcəyi ideal məkandır. Fevralda keçirilmiş qeyd etdiyiniz görüş Bakının Avrasiya regionunda sülh və sabitliyin təminində oynadığı vacib rolu təsdiqləyib.

Azərbaycan uzun illər ərzində öz xalqının yaşayışını yaxşılaşdırmaq, milli iqtisadiyyatını və qlobal təhlükəsizliyini təmin etmək üçün konstitusion və demokratik institutların gücləndirilməsində böyük uğurlar əldə edib.

- Martın ortalarında Bakıda 56 ölkədən 300 nümayəndənin iştirakı ilə V Qlobal Bakı Forumu keçirilib. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini necə qiymətləndirirsiniz?

- Azərbaycan 1991-ci il avqustun 30-da ikinci dəfə müstəqilliyə qovuşmasından sonra, beynəlxalq münasibətlərdə və qlobal idarəçilikdə vacib rol oynayır. Heydər Əliyev Fondu və onun missiyası milli mədəni diplomatiya siyasətinə gözəl nümunədir. O, dayanıqlı inkişaf sahəsində bir çox beynəlxalq layihələrə böyük töhfələr verib. Heydər Əliyev Fondu və Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın dünyada qabağa çəkilməsi üçün əla «yol xəritəsi» qəbul edib.

- Son zamanlar dünya siyasətçiləri beynəlxalq münasibətlər sahəsində qeyri-müəyyənlikdən, hansısan dönüş anından çox danışır. Bu barədə nə düşünürsünüz?

- Dünya liderləri bir çox regionda hökm sürən qeyri-müəyyənlikdən hər zaman narahat olacaq. Nə qədər ki, bu avro-Atlantik demokratik hökumətlərin liderlərinin özü, məsələn, İrəvanın beynəlxalq qanunları pozmasına göz yumacaq, bu, belə də olacaq. Nə qədər ki, dünya Ermənistanın silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması üçün İrəvana təzyiq göstərə bilməyəcək, prezident Sarqsyan həm də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı döyüşkən siyasətinə görə məsuliyyətə cəlb edilməyəcək, bu vəziyyət davam edəcək.


MƏSLƏHƏT GÖR:

543