24 Dekabr 2024

Çərşənbə axşamı, 00:28

YENİ MƏŞQÇİNİN UĞURU

Futzal üzrə Azərbaycan millisi 100%-lik nəticə ilə “AVRO-2018”ə vəsiqə qazandı

Müəllif:

15.04.2017

2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa Çempionatında Azərbaycan millisi də iştirak edəcək. Komandamız Bakıda təşkil edilən seçmə mərhələdə parlaq çıxışı ilə qitənin ən mötəbər yarışına vəsiqə qazandı. Sevindirici haldır ki, milli hər üç görüşdə qələbə qazanmaqla, “Avro-2018”ə qrup lideri kimi yollanır.

Seçmə mərhələnin Bakıda keçirilməsi Azərbaycan millisinin məsuliyyətini artırırdı. Doğma divarlar idmanda kömək etdiyi kimi, müəyyən mənada təzyiq də yaradır. Üstəlik, seçmə oyunlar komandanın yeni baş məşqçisi Biro Jade üçün əsl sınaq idi. Xatırladaq ki, braziliyalı Biro Jade uzun müddət millinin şərəfini qoruyub, karyerasını başa vurandan sonra isə federasiyanın təklifini qəbul edərək məşqçiliyə başlayıb.

Bosniya və Herseqovinaya qarşı olan ilk görüşdə millimizin həyəcanlı olması aşkar hiss olundu. Müdafiədə buraxılan kobud səhvlərin rəqibin qollarıyla nəticələndi. Yekunda futzalçılarımız özünü toparlayaraq matçı qələbə ilə başa vurmağı bacardı. 5:4 hesablı qələbə qazansaq da, qapımızdan buraxılan 4 qol düşünməyə əsas verirdi.

İkinci oyunda millimizin futzalçıları, demək olar, meydanda “gəzmək”lə məşğul oldu. Rəqibin qrupun autsayderi Albaniya olması komandaya rahat oynamağa imkan verdi. Təsadüfi deyil ki, futzalçılarımız matç ərzində albanları 5 dəfə mərkəzə dəvət etməyə nail oldu. 5-0 hesablı qələbənın ardınca son görüşdə yığmamıza ən azı heç-heçə lazım idi.

 Qrupdakı ilk iki oyununda qələbə qazanan Biro Jadenin yetirmələri üçüncü oyunu da itkisiz başa vurdu. Yığmamız 6:1 hesablı qələbəyə sevindi. Görüşdə ilk qol qapıçımız Rövşən Hüseynlidən gəldi. Topu uzaqlaşdırmaq istəyən futzalçı avtoqol müəllifi oldu. Ardınca milliləşdirilmiş braziliyalılar Bolinya, Eduardo, Fineo (iki qol) və yerli futzalçılar Xətai Bağırovla İsa Atayev macarları Bakıya gəlməyə peşman etdi. Bu nəticə ilə qrupu məğlubiyyətsiz başa vuran yığmamız qitə birinciliyinin final mərhələsinə lider kimi yollandı.

Azərbaycan millisinin baş məşqçisi Biro Jade ardıcıl üç qələbədən sonra təəssüratlarını jurnalistlərlə bölüşüb. Braziliyalı məşqçi komandadan razı qaldığını bildirib: “Biz bu barədə futbolçularla çox danışmışıq. İlk oyundan və ikinci matçdan sonra da qeyd etmişdim ki, ev sahibi komandanın üzərində həmişə təzyiq olur. Önəmli olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdi. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaradır. İlk oyundan sonra narazı qaldığımı demək olmaz. Futzal dinamik oyundur, epizod yaradıb qol vura bilməyəndə, rəqib sizi cəzalandırır. Gərək, fürsəti əldən verməyəsən. Yaxşı ki, son anlarda biz toparlandıq, müdafiədə işlərimiz qaydasına düşdü və qalib gəldik. Düşünürəm ki, bu gün görmək istədiyim komandanın 80%-i meydanda idi. Deməzdim ki, ideal vəziyyətdəyik, ancaq çox yaxşı komandamız var. Tapşırıqlara uyğun oynadılar, vəziyyətlərdən yararlandılar, müdafiədə diqqətli oldular. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir. 

Qitə birinciliyində atmosfer tamam fərqli olur. Təbii ki, indiki səviyyəmizi daha da yaxşılaşdırmalıyıq. Əsas odur ki, potensial var. Əskiklərimizi düzəltməliyik. Təkcə Azərbaycan yox, ora gedən hər kəs qarşısına hədəflər qoyub gedir. Buna görə də, inkişaf mütləqdir. Hazırlıq və məşq üçün hələ çox vaxt var”.

AFFA-nın baş katibi Elxan Məmmədov “R+”a açıqlamasında futzalçıların böyük qələbə qazandığını və Biro Jadenin məşqçilik karyerasına uğurlu başladığını söyləyib: “Ən çətin matç Bosniya və Herseqovinaya qarşı oldu. Evdə oynamaq, bir tərəfdən, yaxşı haldısa, digər tərəfdən də çətinlik yaradır. Dəfələrlə görmüşük ki, yığmamız səfər oyunlarında daha yaxşı çıxış edir. Ancaq son görüşdə komandamız tam açılışdı və qrup 100%-li nəticə ilə başa vurdu. 

Baş məşqçi Biro Jadeylə yolumuza davam etməliyik. Onun rəhbərliyi ilə komanda çox gözəl çıxış etdi. Komanda ilə də yaxşı münasibət qurmağı bacardı. Düşünürəm ki, İcraiyyə Komitəsi bu haqda müsbət qərar verəcək. Əsas odu ki, Biro Jade gözümüzün qabağında məşqçi oldu. Avro-2018-ə hələ vaxt var. Millimizin Sloveniyada da uğurlu çıxış edəcəyinə ümid edirik”.

Millinin seçmə mərhələdə maksimum nəticə qazanması sevindirici haldır. Lakin “Avro-2018”də mükafatçılar sırasında yer almaq istəyiriksə heyətdə dəyişikliklər qaçılmazdır. Müdafiəyə yeni oyunçu dəvət etməklə heyəti gücləndirmək pis olmazdı. Digər tərəfdən ölkə çempionatının səviyyəsinin aşağı düşməsi komandaya təsirsiz ötüşməyib. Hazırda ölkə çempionatında rəqabət yoxdur. Bu isə daha çox milli üzvlərinin oyununda özünü göstərir. “Avro-2018” ərəfəsində yığmanın beynəlxalq turnirdə gücünü sınaması komandanın gücünü yoxlamağa imkan verər. Buna görə AFFA-nın komandanı təlim-məşq üçün xarici ölkələrdən birinə ezam edəcəyi gözlənilir.

Baş məşqçi Biro Jade ilk ciddi sınaqdan uğurla çıxdı. Məşqçilik karyerasına yeni başlayan braziliyalı milli üzvləriylə əlaqə qurmaqda çətinlik çəkmədi. Futzalçılar onun taktikasını yerinə yetirməklə məşqçinin etimadını doğrultdu. Ona görə Jadeylə müqavilənin artırılması doğru addım olacaq. Gənc məşqçi uğur qazanmaqla iddiasını nümayiş etdirmək imkanına malikdir. 

 Qeyd edək ki, futzal üzrə Avropa Çempionatının final mərhələsində birbaşa iştirak edəcək 7 komanda artıq məlumdur. B qrupunu lider kimi tamamlayan millimizlə bərabər daha 6 yığma və ev sahibi Sloveniya artıq qitə birinciliyinə hazırlaşa bilərlər. Bunlar İtaliya, Ukrayna, Portuqaliya, İspaniya, Qazaxıstan və Rusiya milliləridir. 

Daha 8 komanda isə pley-offlarda mübarizə aparacaqlar. Qrup mərhələsini ikinci pillədə tamamlamış Gürcüstan, Macarıstan, Xorvatiya, Rumıniya, Serbiya, Çexiya, Fransa və ən yaxşı 3-cü yerin sahibi Finlandiya finallarda çıxış etmək üçün növbəti şans qazanıblar.

Qeyd edək ki, pley-off oyunları 10-13 və 24-27 sentyabr tarixlərində keçiriləcək. “AÇ”nin final mərhələsi ilə 2018-ci ilin qışında baş tutacaq.



MƏSLƏHƏT GÖR:

451