24 Dekabr 2024

Çərşənbə axşamı, 03:12

HEYRƏTLƏNDİRİCİ TREK

Devid KULTHARD, “Formula 1”in sabiq pilotu: “Bakının möhtəşəm memarlığı və şəhər mühiti “Formula 1” üçün ideal dərəcədə uyğundur”

Müəllif:

01.05.2017

Azərbaycan paytaxtı Bakı növbəti dəfə idmanın şahzadəsi sayılan “Formula 1” yarışına ev sahibliyi edəcək. Azərbaycan Qran-prisi adlandırılan builki yarışın daha maraqlı olacağı gözlənilir, çünki artıq idmançılar Bakı trekini yaxşı tanıyır və buna görə, güzəştsiz mübarizədən çəkinməyəcəkləri gözlənilir.

Azərbaycan Qran-prisi ilə bağlı “R+”un suallarına “Formula 1”in sabiq pilotu Devid Kulthard cavab verib.

- Siz artıq iki dəfə Bakıda olmusunuz. Bu sizin şəhərimizə üçüncü səfərinizdir. Azərbaycan paytaxtı və bizdəki trek haqqında nə deyə bilərsiniz?

- Mənim bəxtim gətirib ki, ilk dəfə “Formula 1” Qran-prisi keçirilməzdən bir neçə il əvvəl də burada olmuşam və layihə üzrə işlər geniş vüsət almadan öncə də şəhəri görə bilmişəm. Paddok kompleksinin yavaş-yavaş necə quraşdırıldığının şahidi olmuşam. Məni hər şeydən çox, Bakının heyrətamiz tarixi təsirləndirib. Bu məkanın möhtəşəm memarlığı və şəhər mühiti “Formula 1” üçün ideal dərəcədə uyğundur. Bakı və Qran-pri yarışları bir-birlərinə çox bənzərdir. “Formula 1”, sanki idmanla Bakını birləşdirən əsas anlayışdır. İlk dəfə gəlişim zamanı söylədiyim fikrimdə qalıram. Bakı Şəhər Halqası heyrətləndirici bir trekdir və o, yarış iştirakçıları üçün əsl sınaq yeridir. Bu, şəhər treklərində azgörülən xüsusiyyətlərdəndir.

- Ötən il əksər pilotlar Bakı trekinin çətin olduğunu deyirdi…

- Bakıda ən maraqlı hal ondan ibarətdir ki, burada iki trek vahid bir istiqamətdə birləşir. İçərişəhər divarları boyunca davam edən trekin 8-ci döngəsində yoxuşu qalxan zaman həddindən artıq dar bir hissə mövcuddur. Daha sonra isə sən çox yüksək sürətlə Dənizkənarı Bulvar istiqamətində şütüyürsən. Düşünürəm ki, birinci yarış zamanı pilotlar buna görə çox ehtiyatlı davranırdılar. Simulyatorlarla məşq zamanı onlar anlamışdılar ki, kiçik bir yanlışlıq qəzalara səbəb ola bilər və bu səbəbdən də onlar birinci dəfə daha az risqə getmək qərarına gəlmişdilər. Ancaq yenə də bu, sürücülər üçün ən mürəkkəb yarış həftəsonlarından biri oldu. Bax, həmin səbəbdən mən ikinci Qran-prini səbirsizliklə gözləyirəm. Ümidliyəm ki, pilotlar özlərini daha böyük risklərə getməyə hazırlayıblar.

- Bu yaxınlarda təqdim olunan yeni bolidlər haqqında nə düşünürsünüz? Əksər idmançılar onu bəyənir..

- Bu bolidlər yarışçıların xoşuna gəlir. Ən əsas məsələ də budur. Son iki il ərzində pilotlar bolidləri çox ehtiyatlı şəkildə idarə etməli idilər. Ancaq indi onlar son sürət hədlərində hücum etmək şansı qazanıblar. “Formula 1” komanda idman növü olsa da, azarkeşlərin diqqəti, ilk növbədə, pilotlara yönəlir. Təbii ki, əgər bolid pilotun xoşuna gəlirsə, bu zaman yarışlar daha maraqlı keçəcək.

- Son illər “Formula 1”də ənənəvi favoritləri izləyirik. Sizcə, bu il çempion kim olacaq?

- Favoritim “Mercedes” komandasıdır. Onların mühərriki əladır. Digər istehsalçılar əvvəlki kimi bu parametr üzrə “Mercedes”ə çata bilmirlər. Əminəm ki, yarışlar daha da sıxlaşacaq. Yəni, düşünürəm ki, biz tez-tez qələbə uğrunda eyni anda bir neçə komandanın mübarizə aparmasının şahidi olacağıq. Əlbəttə, rəqiblər getdikcə “Mercedes”ə yaxınlaşacaqlar. Bu da çox böyük miqdarda resurs və zaman tələb edir.

- Son zamanlar “Formula 1” yarış həftəsonu formatının dəyişdirilməsi barədə də çox söz-söhbətlər dolaşır. Sizcə, böyük tarixə malik yarışın təqvimini dəyişməyə ehtiyac var?

- Düşünürəm ki, biz bu məsələdə çox diqqətli olmalı və hər şeyi yaxşı-yaxşı düşünməliyik. Bəli, bizim gənc auditoriyaya ehtiyacımız var. Lakin müasir uşaqları və yeniyetmələri əldə saxlamaq çox çətindir. İndi elə videooyunlar var ki, onlar müstəqil şəkildə bolidi bütövlükdə özləri yarada bilərlər. Bizim üçün, təbii ki, bu cür oyunlarla rəqabətə girmək çox çətindir. Dəyişməzdən əvvəl ciddi düşünmək lazımdır. Azarkeş “Formula 1”i olduğu kimi qəbul edir.

- Devid Kulthard karyerasını başa vursa da yenə sevilir. Maraqlıdır, hansı yarışınızı karyeranızın ən yaxşısı hesab edirsiniz?

- Yəqin ki, karyeramın ən yaxşı dönəmləri möhtəşəm bolidlərdə çıxış etmək imkanı qazandığım 90-cı illərin sonlarıdır. İlk növbədə, yada, əlbəttə ki, 2000-ci ilin Fransa Qran-prisi və Mixael Şumaherlə olan mübarizə düşür. Bizim komanda çox ağır bir həftəsonu keçirirdi. Hətta bir anlığa öz emosiyalarım üzərində nəzarəti belə itirmişdim. Mixaelə qarşı nümayiş etdirdiyim o məlum jesti xatırlamaq mənim üçün heç də asan deyil. Ancaq o, çox gərgin, imkanlarının belə üzərində, bütün bacarığımızı trekdə nümayiş etdirdiyimiz bir mübarizə idi. Məhz bu cür mübarizələr uzun müddət unudulmur. Şumaxerə qarşı yarışı heç vaxt unutmuram.

Eyni zamanda, Portuqaliya, Böyük Britaniya və Belçikadakı qələbələrimi yaxşı xatırlayıram. İkinci dəfə Monako Qran-prisini qazandıqdan sonra, inanılmaz dərəcədə emosiyalara qapılmağım da xatirimdədir. Həmin gün başdan finiş xəttinə kimi yarışa mən liderlik etmişdim. Hər qalibiyyətin öz yeri var. Lakin Monte-Karlodakı yarış, nə isə, ayrı bir aləm idi. Monakodakı qələbə həmişəyaşar bir irsdir. Bu və ya digər formada, mən hər bir qələbəmi qiymətləndirirəm. O qələbələri Mika Haykinen və Mixael Şumaher kimi pilotlarla mübarizədə qazanmışam. Onlar ümumilikdə, məndən yaxşı da olsalar, zaman-zaman onları qabaqlaya bilmişəm.

- Öz rəqiblərinizdən hansını ən çətin adlandırardınız?

- Ən çətin rəqib həmişə elə öz ortağındır. Lakin digərləri ilə müqayisədə, Mixael Şumaherlə yarış daha ağır keçirdi. O, inanılmaz dərəcədə güzəştsiz bir pilot idi. Eyni zamanda, Haykinenlə mübarizə aparmaq da çox çətin olurdu. Bizim mübarizələrimiz son dərəcədə ədalətli keçirdi. Maşının üzərində də bir yerdə işləyirdik və əla bir tərəfdaşlığımız vardı. Ancaq eyni zamanda da, bir-birimizlə əla tərzdə mübarizə aparırdıq.

- Bakını təriflədiniz, amma mətbəximiz haqqında danışmadınız?

- (Gülür) Azərbaycan mətbəxi haqqında danışmağa ehtiyac yoxdur. Onu dadmaq lazımdır. Yeməkləriniz kalorili olması ilə seçilir. Bununla belə çox dadlıdır. İlk dəfə Bakıya gələndə yediyim milli yeməklərin dadını hələ də unutmamışam. Səfərlərim, adətən, bir neçə günlük olur. Uzunmüddətli olarsa, çəkimi artıracağıma əminəm. Dadlı yeməklərinizi görəndə insan özünü saxlamağa çətinlik çəkir.

- Müsahibəyə görə təşəkkür edirik. Sizi Azərbaycan Qran-prisində gözləyirik.

- Çox sağ olun. İyunda görüşənədək...



MƏSLƏHƏT GÖR:

460