24 Dekabr 2024

Çərşənbə axşamı, 02:58

BEŞİNCİ QIZIL

“Qarabağ” futbol üzrə Azərbaycan Çempionatının ardıcıl dördüncü dəfə qalibi oldu

Müəllif:

01.05.2017

Ardıcıl dördüncü dəfə “Qarabağ” klubu bütün rəqiblərini qabaqlayaraq, futbol üzrə Azərbaycan çempionu oldu. Ümumiyyətlə isə bu, Ağdam klubunun beşinci qızılı oldu. İlk dəfə “Qarabağ” 1993-cü ildə çempion adını qazanmışdı, 2013/2014-cü illərdən isə rəqiblərini ilk pilləyə buraxmayıb.

Qəbələnin eyniadlı komandası ikinci, “İnter” isə üçüncü oldu.

 

“Qarabağ”ın uğurunun sirri

Qurban Qurbanovun komandası 2016/2017 mövsümündə də layiqli olaraq, Azərbaycan çempionu adını qazandı. “Qarabağ”ın uğurunun əsas sirri stabil oyun göstərməsi oldu. Bütün rəqiblərə qarşı güclü oyun nümayiş etdirən Ağdam təmsilçisi psixoloji cəhətdən daha yaxşı təsir bağışladı. Heyətdə itkilərə baxmayaraq, Qurban Qurbanovun komandası sona qədər mübarizə aparmağı bacardı. Reynaldonun ayrılmasından sonra, hücum xəttində müəyyən problem yaşayan “Qarabağ” son aylar 3 əsas futbolçunun zədələnməsinə üzüldü. Bədavi Hüseynov, Dani Kintana əksər matçlarda çıxış edə bilmədi. Çətin dönəmdə baş məşqçi Qurban Qurbanova təcrübəsi kömək oldu. Ehtiyat futbolçulardan istifadə edən 45 yaşlı mütəxəssis həm kubokda, həm də çempionatda əzmkar mübarizə ilə yadda qaldı. Ölkə çempionatında birinci yeri tutan “Qarabağ” Azərbaycan Kubokunun final görüşünə vəsiqə əldə etdi.

Ölkə çempionatının səviyyəsində enmə aşkar hiss olunsa da, “Qarabağ” qızıl medalları heç kimə güzəştə getmədi. Bəzi turlarda hakimlərlə bağlı qalmaqal baş versə də, Qurbanovun komandası təmkinli göründü, heç kimi ittiham etmədi. Hətta uduzduqları matçda belə, “Qarabağ” bütün səhvi özündə axtardı. Sözsüz ki, zəif heyətlə belə, “Qarabağ” ardıcıl dördüncü çempionluğunu bayram etməklə ilkə imza atdı. Amma komandadan yalnız ölkə çempionu olmaq tələb olunmurdu. Ona görə Ağdam təmsilçisinin əsas sınağı irəlidədir. İyuldan etibarən, “Qarabağ” Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Və bu heyətlə komandanın avrokuboklarda uğur qazanacağı inandırıcı görünmür. Yarımmüdafiə və hücum xəttində yeni oyunçulara ehtiyacı olan “Qarabağ” mütləq güclənməlidir. Sponsorlar baş məşqçiyə lazımi qədər vəsait ayrılacağını söyləməklə, Qurban Qurbanova mesaj yollayıb. Deməli, son sözü klubun baş məşqçisi deyəcək.

 

“Qəbələ” də ilkə imza atdı

Roman Qriqorçukun komandası cari mövsümə rəqabət gətirdi. Etiraf etmək lazımdır ki, 8 komandanın iştirak etdiyi çempionatda yalnız “Qəbələ” ölkə çempionuna layiqli müqavimət göstərdi. Bu iki komandanın görüşü çempionatın əsas oyunlarına çevrildi. Üstəlik, “Qəbələ” doğma meydanda keçirdiyi görüşlərdə “Qarabağ”dan daha yaxşı oyun sərgilədi və qələbə qazandı.

Cari mövsümü ikinci pillədə başa vuran “Qəbələ” ilk dəfə gümüş medala layiq görüldü. Bu, komanda üçün böyük uğur sayılsa da, Roman Qriqorçukun yetirmələri çempionluq haqqında düşündüklərini gizlətmir. “Qəbələ”yə çempion olmaq üçün təcrübə kifayət etmədi. “Kəpəz” və “Zirə” ilə görüşlərdə xallar itirilməsəydi, sonda turnir cədvəli tam fərqli vəziyyətdə ola bilərdi. Bununla yanaşı, futbolçuların məğlubiyyəti yalnız hakim səhvində görməsini qeyd etməliyik. Son turlarda “Qəbələ” futbolçulara daha çox hakimləri tənqid etməklə diqqəti cəlb edib. Bu isə ümumilikdə, oyunlarına təsirsiz ötüşməyib. “Qarabağ”dan fərqli olaraq, “Qəbələ” məğlub olduğu zaman dərhal bəhanə axtarışına çıxır. Adəti üzrə bəhanələr hakimlərin üzərində dayanır. Amma “Kəpəz”, “Zirə” və AZAL kimi komandalarda oyunda itirilən xallarda futbolçular özlərini günahkar hesab etmir.

Roman Qriqorçuk hücum futbolunu təbliğ etməklə, çoxlu sayda azarkeşin rəğbətini qazandı. İstənilən rəqiblə oyunda baxımlı futbol göstərən “Qəbələ” çempionata rəng qatdı. Yayda “Qəbələ” Avropa Liqasında Azərbaycanı təmsil edəcək. Roman Qriqorçukun komanda ilə mübarizəsi ilkin seçmə mərhələdən başlayacaq.

 

“İnter” ilin komandası oldu

Azərbaycan Çempionatında bürünc medal qazanan “İnter”i, sözün əsl mənasında, ilin komandası adlandırmaq olar. Çətin dönəmdə maliyyə problemini həll edə bilməyən sabiq bankirlər turnir cədvəlində üçüncü yeri tutdular. Mövsüm ərzində 2 dəfə rəhbərlik dəyişən, sponsorsuz qalan “İnter” baş məşqçi Zaur Svanadze və futbolçularının əzmkarlığı sayəsində liderlərə layiqli müqavimət göstərdi. UEFA tərəfindən transfer qadağası qoyulan klub aylarla əməkdaşlarını məvacibə həsrət qoydu. Əsas futbolçularından biri Ruslan Abışovun “Neftçi”yə keçməsinə razılaşan klub sonda bürünc qazanmaqla, yaşamağa layiq olduğunu göstərdi. 

Bürünc medal qazanan “İnter”in taleyi sual altındadır. Son 4 ayı AFFA-nın hesabına maliyyələşən klubun yeni mövsümə qədər dağılmayacağı inandırıcı görünmür. Federasiya yeni mövsümdə “İnter”ə maliyyə ayırmaq fikrində deyil. Yeni sponsorların axtarışı isə hələlik nəticə verməyib. Əgər klub fəaliyyətini dayandırsa, avrokuboklara sonrakı yerlərdə qərarlaşan “Zirə” və “Kəpəz” yollana bilər.

 

80 illikdə medalsız 

Mövsümün uğursuz komandası “Neftçi” oldu. Səksənillik yubileyini qeyd edən komanda yarışı son pillələrdə başa vurdu. Səkkiz komandanın yarışdığı çempionatda 6-7-ci yerləri tutmaq, ən yaxşı halda, uğursuzluq adlandırıla bilər. Qış transfer dönəmində yeni futbolçularla güclənən ağ-qaralar, sanki “qara zolaq”dan çıxa bilmirlər. Komandanın baş məşqçisi Elxan Abdullayev mövsümün sonunda nəticə ilə bağlı rəhbərliyə hesabat verəcək. Amma klub rəhbərliyi, artıq indidən onunla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

 

AZAL-ın taleyi “qaranlıq”dır 

Autsayder AZAL çempionatı son pillədə başa vurdu. Tərlan Əhmədovun komandası cari mövsüm 19 matçda uduzmaqla antirekorda imza atdı. İllik büdcəsi 200 min manat olan AZAL, sözün əsl mənasında, fiasko yaşadı. Baş məşqçi dəfələrlə klubdan ayrılacağını söyləsə də, mövsümün sonunu gözləməyi lazım bildi. Qaydalara görə, AZAL yeni mövsümdən I divizionda çıxış etməlidir. Klubun gələcək taleyi sponsordan asılıdır. Premyer-Liqada klubların sayı artırılacağı halda, AZAL-ın yeni mövsümdə də yüksək dəstədə çıxış edəcəyi gözlənilir.

2016/2017 mövsümü ölkə çempionatının gerilədiyini aşkar şəkildə büruzə verdi. Yeni futbolçular üzə çıxmadılar. Əksər legionerlər ölkəni tərk etdi. Səkkiz komandanın iştirak etdiyi çempionata əsl qiyməti avrokuboklar verəcək. Ən azı, bir komandamız Avroliqada qrup mərhələsinə vəsiqə qazanmasa, klubları günahlandırmağa haqqımız olmayacaq.



MƏSLƏHƏT GÖR:

432