Müəllif: Fasim ƏLİZADƏ
Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyur və ön plana iqtisadiyyatın qeyri-neft sektorunun ixrac potensialının artırılması çıxır. Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində məhz bu məsələ müfəssəl müzakirə mövzusu oldu.
Məlum oldu ki, bu ilin üç ayında iqtisadiyyatın qeyri-neft sektorunda 2,4 faiz artım olub. Qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. «Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın, təxminən, 65 faizini təmin edir», - deyə İ.Əliyev vurğulayıb.
Bu ilin birinci rübündə ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. 2017-ci ilin birinci rübündə ixracda ən yüksək artım pambıq lifinin payına düşüb - 700%-dən çox, süd məhsullarının ixracı 260%, alma ixracı 144%, nar ixracı 125% artıb.
Xarici ticarətdə müsbət saldo 1 milyard dollardan çox olub. Qeyd edək ki, 2016-cı ilin nəticələrinə görə, ixracda birinci yerdə fındıq gəlir, bu məhsul ölkəyə $105 mln. valyuta gətirib. Ölkə rəhbərliyi yaxın vaxtlarda bu rəqəmi $200 mln.-a çatdırmaq niyyətindədir. Keçən il ixracatda ikinci yeri pomidor tutub, onun satışından ölkəyə $94 mln. valyuta gəlib, üçüncü yeri xurma ($68 mln.), dördüncü yeri şəkər ($62 mln.) tutub. Yalnız beşinci yerdə pambıq gəlib və ölkəyə $24 mln. valyuta gətirib, amma bu il bu rəqəm iki dəfə artacaq və artım sonra da davam edəəck.
Yerli istehsalçını dəstəkləyərək...
Milli iqtisadiyyatın perspektivləri üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlarından biri kimi, 2025-ci ilə kimi qeyri-neft ixracatını, ən azı, adambaşına $450-a qaldırmaq müəyyən edilib. Bu, 3 dəfədən çox artım deməkdir. Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən ölkənin ixrac potensialının dəstəklənməsi üçün önəmli səviyyədə maliyyə resursları yatırılıb və məhsul ixracatçıları üçün xüsusi stimullaşdırıcı proqramlar işlənib. Misal üçün, 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönləndirilib.
Bir sıra təsdiq edilmiş sənədlərə görə, ixrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, undan hazırlanmış qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarların ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına ödənilir. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib.
«Tərəfimizdən ixrac dinamikası və sahibkarların müraciətləri təhlil olunur və ixrac potensialı yüksək olan digər məhsullar da siyahıya daxil ediləcək», - deyə İqtisadiyyat naziri Şahin Mustafayev bildirir.
Eyni zamanda, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bunun nəticəsində cari ilin ilk rübündə qeyri-neft idxalı 20 faiz azalıb. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə demək olar ki, dayanıb.
«Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan yerli məhsulların istehsalına böyük dəstəkdir. Ölkəmizdə məhsullar üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər aparıldıqdan sonra əlavə məhsullar da siyahıya daxil ediləcək», - deyə İqtisadiyyat naziri qeyd edib.
İstehsalat və satış
Azərbaycan haqlı olaraq öz imkanlarına ümid bəsləyir. Əgər Avropa İttifaqı ölkələrində və ümumiyyətlə, bütün dünyada neftə və qaza böyük tələb varsa, qeyri-neft sektorunun məhsulları ixrac bazarlarında ciddi rəqabətlə üzləşirlər. Buna görə də əgər yalnız qeyri-neft sektorunun məhsulları nəzərə alınarsa, Azərbaycan ixracının mənzərəsinin köklü dəyişməsi təəccüblü gəlməz; məsələn, Azərbaycan ixracının 46 faizi Avropa İttifaqı ölkələrinin, 12 faizi Türkiyənin, 11 faizi MDB dövlətləri və Gürcüstanın, 5 faizi Çinin və 26 faizi qalan ölkələrin payına düşür. Amma təkcə qeyri-neft ixracına baxdıqda, 45 faizlə MDB dövlətləri və Gürcüstan liderdir. Qeyri-neft ixracının 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.
Bu baxımdan məntiqlidir ki, Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşı olan Rusiya Federasiyasına təyin olunub. Yaxın zamanlarda Belarusda Azərbaycan Ticarət Evinin açılışı gözlənilir. Eyni zamanda, Ukraynada bununla bağlı işlər aparılmaqla yanaşı, Azərbaycan məhsullarının ixrac potensialı olan digər ölkələrdə də ticarət evlərinin yaradılması nəzərdən keçirilir.
Diqqətəlayiqdir ki, Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Azərbaycanın bir sıra keçmiş sovet respublikaları ilə xüsusi münasibətləri var və onlar Azərbaycan məhsullarına daha əlverişli şərait yaratmağa hazırdırlar - ilk növbədə Qazaxıstan. Belə ki, Qazaxıstanın Aktau şəhərində müasir logistika mərkəzi yaradılıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu yaxınlarda mərkəzə baxış keçirərkən, onun fəaliyyətini yüksək qiymətləndirib və burada xüsusi gömrük rejiminin tətbiq edilməsi barədə aidiyyəti orqanlara tapşırıq verib.
«Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar. Əlbəttə, ilkin mərhələdə biz MDB məkanında yerləşən qonşu ölkələrdən başlamalıyıq», - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bununla yanaşı, Şərq - Qərb və Şimal - Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin gerçəkləşdirilməsi Azərbaycan məhsullarının nəqli üçün yeni imkanlar yaradacaq. Şəksiz ki, ən perspektivli istiqamət kimi, Fars körfəzi ölkələrini və Cənubi Asiyanı hesab etmək olar. Bu məsələdə dəmir yollarının bərpası, vaqonların hərəkətinin sürətləndirilməsi, Bakı - Tiflis - Qars dəmir yolunun işə salınması böyük rol oynayır. Gələcəkdə isə İran dəmir yolları istiqamətində Astara - Rəşt dəmir yolu sahəsinin tikintisi, İraq dəmir yollarına çıxış və s. dəstək verəcək. O cümlədən, Yaxın Şərqin isti ölkələrində Qafqaz dağlarının təbii bulaqlarının mineral sularının ixracını təşkil etmək mümkündür. Başqa sözlə, «Made in Azerbaijan» brendi altında keyfiyyətli mineral suların istehsalını və ixracını təşkil etmək mümkündür.
Yeni imkanlar
Ancaq yuxarıda deyildiyi kimi, ixrac potensialının artırılmasında əsas çətinlik yalnız satış bazarlarının tapılmasında deyil, həm də lazımi həcmdə rəqabətqabiliyyətli məhsulun istehsalıdır. Müşavirədə deyilib ki, dövlət tərəfindən “Azexport” portalının yaradılması istiqamətində addım atılıb və portal bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib. Ancaq bəzi hallarda ölkədə ixraca göndəriləcək kifayət qədər məhsul olmadığı aydın olur.
«Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə, bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da görəcək. Tələbat, əslində, təklifi də stimullaşdıracaq», - deyə Prezident İlham Əliyev bildirib.
İxrac potensialının artmasına investisiya təşviqi mexanizminin işə salınması da imkan yaradır. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilib. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaq. Yüz otuz investisiya təşviqi sənədi arasında 26 istixana var, bu istixanalara qoyulan sərmayə 342 milyon manatdır. Amma bu məsələ yalnız meyvə və tərəvəz istehsalı ilə məhdudlaşdırılmayacaq.
2017-ci ildə 250 min ton pambığın tədarükü gözlənilir. Üzümçülüyün bərpası nəzərdə tutulur. Yeri gəlmişkən, keçən il konyak və şərab ixracı 17,5 milyon dollar təşkil edib, amma bu həcmi qısa müddət ərzində 5 dəfə artırmaq nəzərdə tutulur.
Qədim xalçaçılıq sənəti bərpa edilir. Hazırda “Azərxalça” 13 şəhərdə yeni xalça kombinatları yaradır. Azərbaycanda böyük yun fabriki yaradılması da nəzərdə tutulur və bu, ölkəyə əlavə valyuta gətirə bilər.
Azərbaycanda müstəqillik əldə edildikdən sonra, inkişaf etdirilən yeni sahələr yaradılır. Hazırda kosmik sənaye inkişaf etdirilir. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubun üzvüdür. Hazırda Azərbaycan öz iki peykinin işindən valyuta qazanır və 2018-ci ilin əvvəlinə üçüncü peykin (ikinci telekommunikasiya peykinin) buraxılması planlaşdırılır, bu peykə artıq sifarişlər qəbul edilir.
Daha yeni bir ixrac istiqaməti müdafiə sənayesi məhsullarıdır. Azərbaycan Milli Ordunun silah, texnika tələbatını nəinki təmin edir, həm də hərbi texnika ixrac edir. Hazırda Azərbaycanda 1000-dən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbitəyinatlı məhsullar istehsal olunur.
Həmçinin “AzerGold” Səhmdar Cəmiyyəti həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Aydındır ki, əlvan metalların satışı dövlətə çox böyük gəlir gətirəcək. Azərbaycan hökuməti də öz dəstəyini göstərəcək ki, “AzerGold” dünyasəviyyəli bir mədənçilik şirkətinə çevrilsin.
Azərbaycan hökumətinin atdığı bir sıra addımlar - dünyanın müxtəlif ölkələrində ticarət evlərinin yaradılması, ixrac missiyalarının təşkili və Azərbaycan şirkətlərinin xaricdə milli stend altında sərgilərinin keçirilməsi, “Made in Azerbaijan” brendinin tanıdılması və “Azexport” portalının fəallaşdırılması tezliklə ölkə ixracatında qeyri-neft sektorunun məhsullarının üstünlük təşkil etməsinə imkan verən bir zəncirin halqalarıdır.
MƏSLƏHƏT GÖR: