Müəllif: Sənan ŞƏFİZADƏ
IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın tək uğuru yox, həm də möhtəşəm qələbəsi oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman yarışının layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, Azərbaycan istənilən mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi etmək gücündədir.
İslam Dünyasının ən böyük yarışı olan mötəbər turnir indiyə qədər keçirilən islamiadalar arasında ən yaxşısı oldu.
Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi.
Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak etdi. Bu rəqəmlər özlüyündə bir rekord idi, çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçdi.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Ölkəmizi bu Oyunlarda 425 atlet təmsil etdi.
On gün davam edən yarışların gedişi isə bir daha təsdiqlədi ki, Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Təşkilatçılıq və hazırlıq baxımından özündə yüzlərlə əməliyyatı və xidməti birləşdirən bu Oyunlarda ən xırda məsələlər belə zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Bu müddətdə idman komplekslərinin hamısı tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Təkcə bağlanış mərasimində səhnənin cəmi 36 saat ərzində qurulması, bu işlərə 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisinin, texniki heyətin və aktyorlar qrupunun cəlb olunması Təşkilat Komitəsinin əzmkar və gərgin fəaliyyətindən xəbər verir.
Bağlanış mərasiminin süjet xətti orijinallığı və qeyri-adiliyi ilə seçilirdi.
Mərasimdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bu barədə deyib: “Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam Dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub-saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun!”.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirdi.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün əlamətdar məqamlarından biri də respublikamızın beynəlxalq miqyasda təbliği oldu. Bu Oyunlar ölkəmizin tanıtımı, imicinin daha da yüksəldilməsi istiqamətində ən tutarlı vasitə idi və biz bundan lazımınca yararlana bildik; çünki həmin günlərdə İslam Dünyasının idman nəbzi Bakı ilə döyündü. 30-dan çox ölkədə televiziyaların bu yarışı yayımlaması, həm də ölkəmizin tanıdılması idi.
İstənilən yarış təşkilatçılıqla yanaşı, həm də nəticə ilə önəmlidir. Bu baxımdan, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman nüfuzunu layiqincə qoruyan komandamıza alqış düşür.
On bir gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb, onlardan75-i qızıl, 50-si gümüş və 37-si bürünc medal olub.
Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, 4 qızıl cox qazanan yığmamız İslamiadanın qalibi oldu. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi. Azərbaycan millisi, həm də islamiadaların ənənəsini davam etdirib. Belə ki, Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Lakin qızıl medal sayında həmin ölkələri də geridə qoyan Azərbaycan mütləq rekord müəyyənləşdirib. Türkiyə millisinin qazandığı 195 medal da tarixə rekord kimi düşüb. İlk “üçlük”ü 98 mükafatla İran qapayıb, Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşdı.
Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazıldı. Onlar, ümumilikdə, 26 medal – 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin – 23 medal (12-6-5) və atletlərin – 18 medal (10-4-4) da böyük payı var.
İdman gimnastları 12 medal (5-5-2), bədii gimnastlar – 8 (4-2-2) medal qazanıblar.
Güllə atıcılığında 10 medal (6-3-1) qazanılıb, onlardan 4 qızılı Ruslan Lunyov fərdi mübarizədə, 1 qızılı isə komanda yarışında qazanıb.
Taekvondo millimiz 9 medal (6-2-1), karateçilər – 10 medal (5-2-3), boksçular – 7 medal (3-3-1) ümumi medal sayına əlavə ediblər.
Su İdmanı Sarayında keçirilən yarışlarda idmancılarımız 12 medal qazanıb, bunun yarısı üzgüçülük növündə, yarısı isə suyatullanmada qazanılıb.
Üzgücülükdə 4 qızılı Maksim Şemberov qazanıb, 2 bürünc isə qadın millisinin payına düşüb. Suyatullanmada 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanılıb.
Zorxana yarışlarında 7 medal (1-3-3), uşuda – 6 (0-3-3), ağır atletikada 4 (1-0-3), stolüstü tennisdə – 4 (0-2-2) medal qazanılıb.
Komanda növlərində Azərbaycan millilərinin uğurunu xüsusi qeyd etmək lazımdır.
İslam Oyunlarının çempionu adını futbol üzrə milli, 3*3 basketbolunda qadın və kişi yığması, həndbol və voleybol üzrə qadın yığmaları qazanıb, voleybol üzrə kişi yığması isə gümüş medala layiq görülüb.
Ümumiyyətlə, qazanılan mükafatlar ölkə idmanı tarixində yeni səhifə açdı. 23 yaşadək futbolçulardan ibarət komandamız Oyunların qalibi olmaqla, ölkə futbolu tarixində ən böyük uğura imza atdı. Üzgüçülük, basketbol, stolüstü tennis, həndbolda ilk dəfə olaraq təmsilçilərimiz bu sayda mükafata sahib çıxdılar.
Mötəbər yarışdan dərhal sonra, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçılarıyla görüşən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev idmançıların tarixi nəticəyə imza atdığını bildirib: “Azərbaycan bu Oyunlarda növbəti qələbəsini qazandı. Bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm və sizə yeni qələbələr, yeni uğurlar arzulayıram. Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq, komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında, artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yəni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir. Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi”.
Prezident Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd edib: “Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır, çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir – 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları – o, birinci Oyunlar idi – Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm”.
Dövlət başçısı İslam Oyunlarının acılış və bağlanış mərasimlərinə də toxunub. “Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm, mədəniyyət, sülh, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir. Bizim uğurlarımızın təməlində Vətən sevgisidir və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir”, – deyərək İ.Əliyev qeyd edib.
“Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir,çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır”, bildirərək prezident qeyd edib.
Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı. Bütün dünya, o cümlədən İslam aləmi bir daha Azərbaycanın nümunəvi təşkilatçılığına və qonaqpərvərliyinə şahidlik etdi. Paytaxt Bakı İslam Dünyasının idmançılarıyla sağollaşır və onlara gözəl mübarizəyə görə təşəkkür edir. 4 il sonra 2021-ci ildə İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək. İstanbulda görüşənədək...
MƏSLƏHƏT GÖR: