Müəllif: Nərminə BAYRAMOVA, Zərifə ƏLƏKBƏR
Hesab edilir ki, Azərbaycanda sağlam həyat tərzi (SHT) ilə bağlı vəziyyət elə də yaxşı deyil. Bizdə səhər qaçan adamları elə də tez-tez görmək mümkün deyil, insanların çoxu özlərini idman zallarında uzun məşqlərlə yormaq istəmir. Siqaret çəkmək isə gənclərin əsas əyləncələrindən biridir və bu, sonda həyatın dəhşətli adətinə çevrilir.
Bununla belə, vəziyyət, məsələn, beş il əvvəllə müqayisədə daha yaxşıdır. Bu məsələdə dövlət tərəfindən bütün ölkə üzrə yeni, çağdaş idman infrastrukturunun tikilməsi, Azərbaycanda qitə və dünya miqyasında önəmli idman tədbirlərinin keçirilməsinin böyük rolu olub. Bunların fonunda peşəkar idmanın populyarlaşması ilə yanaşı, bir düşüncə tərzi kimi, sağlam həyata baxış yetərincə yaxşılaşıb.
İnsanlar kökəlmək istəmirlər, yaraşıqlı olmağa çalışırlar, fitnes-klublara tələbat artıb ki, iş adamları da bundan çox fəal şəkildə yararlanmağa çalışırlar. Açıq deyək ki, ölkənin heç bir rayonunda bu obyektlərin çatışmazlığı hiss edilmir. Amma qiymətlərin əlçatar olması başqa bir məsələdir. Dövlət qurumları SHT-nin populyarlaşmasında iştiraklarını və istəklərini məhz bu sahədə göstərə bilərdilər. Beləliklə, Azərbaycanda idmanın, o cümlədən imkansız ailələrin uşaqları üçün; fiziki qüsuru olanlar üçün; pensiyaçılar üçün əlçatar olub-olmadığına baxacağıq.
Məktəbdə bədən tərbiyəsi
Sağlamlıq haqqında belə bir elm var: valeologiya. Bu elm gigiyena qaydalarını, SHT-ni, ekoloji savadın əsaslarını öyrədir. Bir çox ölkələrdə SHT haqqında anlayışları öyrədən fənlər tədris proqramına salınıb. Təhsil Nazirliyinin mətbuat xidmətində razılaşıblar ki, ölkənin tədris proqramında bu cür fənlərlə bağlı çatışmazlıq var və hazırda qurum bu məsələ üzərində işləyir. «Hətta bu dərsin adı valeologiya yox, başqa bir şey olsa belə, məktəblərdə SHT-nin təbliği tədris proqramı çərçivəsində mütləq aparılmalıdır», - deyə «R+»a Təhsil Nazirliyindən bildiriblər.
Nazirlikdən, həmçinin bildiriblər ki, məktəb yaşına qədər olan uşaqlar üçün bədən tərbiyəsi təhsil proqramına əyləncəli oyunlar formasında salınır və həftədə 10 saatdan çox keçilir. Təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın təşkili təhsil standartlarına uyğun şəkildə müəyyən edilmiş həcmdə proqram çərçivəsində məcburi bədən tərbiyəsi məşğələlərinin keçilməsini, həmçinin yardımçı proqramlar çərçivəsində fiziki təmrin və idman üzrə əlavə məşğələləri əhatə edir.
İşdə bədən tərbiyəsi
Bədən tərbiyəsinin kütlələr arasında daha da geniş yayılması məsələsinə gəldikdə isə, Gənclər və İdman Nazirliyinin (GİN) idman şöbəsinin rəhbəri Aydın Məmmədovun «R+»a bildirdiyi kimi, qanunvericiliyə uyğun olaraq, Azərbaycanda bədən tərbiyəsi - idman hərəkatı sisteminin yaradılması və təkmilləşdirilməsi nəzərdə tutulur.
«Bədən tərbiyəsi və idmanın əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında inkişafının vacibliyi anlaşılır - bunlar çoxuşaqlı ailələrin övladları, sağlamlığında qüsur olan uşaqları əhatə edir. Qanunla bu sahədə dövlət qurumları ilə bələdiyyələrin, bədən tərbiyəsi - idmanyönümlü ictimai birliklərin qarşılıqlı əlaqəsi nəzərdə tutulub», - deyə Məmmədov vurğulayır.
Beləliklə, Məmmədovun sözlərinə görə, müxtəlif yaş qruplarına aid vətəndaşların həyat fəaliyyətinin bütün mərhələlərində fiziki tərbiyənin fasiləsizliyi və ardıcıllığı gerçəkləşdirilir.
«Hətta qanuna görə, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrin, qurumların və təşkilatların rəhbərləri öz işçilərinin iş rejimi şəratində və işdən sonra bədən tərbiyəsi və idmanla, idman sağlamlıq turizmi ilə məşğul olması üçün şərait yaratmalıdır. Yeri gəlmişkən, bu məsələ əmək müqavilələrində də nəzərdə tutulmalıdır», - deyə Məmmədov vurğulayır.
Maraqlıdır ki, «Bədən tərbiyəsi və idman haqqında» qanun o qədər çoxcəhətlidir ki, orada işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün müəssisənin balansında olan idman obyektlərində və bazalarda pulsuz şərait yaradılması nəzərdə tutulur. Bu zaman müəssisə və təşkilatlar bu obyektlərə xidmət zamanı yaranan bütün amortizasiya xərclərini öz üzərinə götürməlidir.
Evdə idman
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri çərçivəsində vətəndaşların yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və idmanın inkişafı üzrə eyni işləri görməlidir. Burada söhbət yaşayış massivlərindən, məhəllələrdən, mehmanxanalardan, həyətlərdən, parklardan, şəhərətrafı istirahət bazalarından, turist bazalarından və digər istirahət yerlərindən gedir.
«Yaşayış massivlərinin layihələndirilməsi zamanı bədən tərbiyəsi obyektlərinin, o cümlədən idman şəhərciklərinin, zalların, hovuzların, idman meydançalarının, sağlamlaşdırma zonalarının və həyətlərdə, parklarda, başqa istirahət zonalarında digər bədən tərbiyəsi - sağlamlaşdırma, idman obyektlərinin tikintisi də nəzərə alınmalıdır», - deyə GİN təmsilçisi vurğulayıb.
Məmmədov qeyd edib ki, şəksiz qanunla nəzərdə tutulanlar ölkədə, hələ ki, bütünlüklə tətbiq edilmir, amma ölkədə GİN-ə və Təhsil Nazirliyinə aid olan, gənclər üçün nəzərdə tutulmuş və pulsuz əsasda fəaliyyət göstərən idman məktəbləri var.
«Onlar elə də çox deyil, amma mövcuddur». Regionlarda isə Olimpiya komplekslərinin yanında idman məktəbləri fəaliyyət göstərir.
Təəssüf ki, pensiyaçılar üçün belə seksiyalar yoxdur. Onlar yalnız parklardakı trenajorlardan pulsuz istifadə edə bilərlər. «Belə bir park, məsələn, Bakının Yasamal rayonunda var. Milli Dənizkənarı Bulvarda və başqa bir neçə yerdə trenajorlar var. Pensiyaçılar arasında bu idman obyektləri böyük populyarlığa malikdir», - deyə Məmmədov bildiririr.
Yeri gəlmişkən, şöbə müdirinin sözlərinə görə, Azərbaycanda sağlam həyat tərzinin populyarlaşmasına Bakıda marafon keçirilməsi də dəstək verir. Bu il o, aprel ayında «Küləyə qələbə çal!» devizi altında keçirilib.
«Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş tədbirin məqsədi idmanın inkişafına dəstək verilməsi, həmçinin insanların nəcib ideyalar naminə birləşdirilməsidir. Artıq iki ildir ki, Bakıda uğurla keçirilən marafon paytaxtın həyatında önəmli hadisəyə çevrilə bilər. Uzun məsafələrə sağlam həyat tərzinin təbliğatına yönəldilmiş bu cür kütləvi qaçışlar Yer kürəsinin çox nöqtələrində keçirilir», - deyə Məmmədov bildirib.
Medalın əks-tərəfi
İnsanlar hələ də idman zallarının qiymətinin bahalı olmasından və gənclər üçün nəzərdə tutulmuş pulsuz idman seksiyalarının azsaylı olmasından şikayətçidirlər. Sirr deyil ki, yaşayış komplekslərinin layihələndirilməsi zamanı bədən tərbiyəsi ilə məşğul olmaq üçün obyektlərin tikintisi heç də hər zaman nəzərdə tutulmur.
Məşqçilərin pensiyaçılar üçün sağlamlaşdırma prosedurları keçdiyi pulsuz sağlamlaşdırma zonaları isə ümumiyyətlə yoxdur. Bakıda pensiyaçıların gedə biləcəyi yalnız bir «Sağlamlıq zonası» var, amma orada məşqçi ilə məşğul olmaq pulsuz deyil. Qiymətlər elə də çox deyil, amma bununla belə, əksər pensiyaçılar üçün «Sağlamlıq zonası"na baş çəkmək əlçatan deyil.
Müəssisə və təşkilat rəhbərlərinin heç də hamısı öz işçilərinin bədən tərbiyəsi ilə məşğul olmasının qayğısına qalmır. Başqa sözlə, Azərbaycanda «Bədən tərbiyəsi və idman haqqında» qanunun mükəmməl olduğunu demək mümkündür, amma onun yerinə yetirilməsi mükəmməl deyil.
Bunun fonunda son 10 ildə Azərbaycanda siqaretçəkənlərin sayının 1,3% artması xoşagəlməzdir. Dünya üzrə siqaretçəkənlərin sayının azalması fonunda bu, yetərincə yüksək rəqəmdir. Bu, «The Lancet» tibbi nəşrinin dünyanın 195 ölkəsində apardığı araşdırma nəticəsində ortaya çıxıb. Bütün dünyada 1 milyarda yaxın siqaretçəkən insan var. Bununla yanaşı, siqaret çəkmək 100-dən artıq ölkədə vaxtından əvvəl ölümlərin əsas səbəbidir.
Azərbaycanda siqaretçəkən kişilərin payı 40,2%-dir. Bundan yuxarı göstərici yalnız Ermənistan, Belarus, Qrenlandiya, İndoneziya, Kiribati, Laos və Şimali Marian adalarında qeydə alınıb. Siqaret çəkən azərbaycanlı qadınların sayı da artır, amma başqa ölkələrlə müqayisədə bu, yetərincə aşağıdır - 1,6%-ə bərabərdir.
Sevindiricidir ki, Azərbaycan Milli Məclisi birinci oxunuşda «Tütün məhsullarından istifadənin məhdudlaşdırılması haqqında» qanun layihəsini qəbul edib. Qanun layhəsi siqaret çəkməyin qadağan olunduğu yerləri müəyyən edir. Siyahıya təhsil müəssisələri, idman yarışlarının və başqa kütləvi tədbirlərin keçirildiyi yerlər daxildir. Siyahıya, həmçinin ticarət nöqtələri, restoranlar, kafelər, barlar, ictimai iaşə obyektləri, mehmanxanalar, səhiyyə qurumları, kurortlar, sosial obyektlər, teatrlar və kinoteatrlar, sərgilər, oxu zalları, kitabxanalar, muzeylər, başqa mədəniyyət idarələri, yeraltı və yerüstü keçidlər daxildir.
Fərdi məsuliyyət
Belə görünür ki, Azərbaycanın hələ sağlam həyat tərzinin geniş kütlələrə tətbiqi mexanizmlərini təkmilləşdirdiyi indiki mərhələdə, bu işin əsasında insanın öz sağlamlığına fərdi məsuliyyət prinsipi dayanmalıdır.
Həkim-endokrinoloq İlhamə Məmmədovanın fikrincə, sağlam həyat tərzi anlayışı kiçik yaşlardan formalışdırılmalıdır.
«Birinci yerdə yuxu gəlir. Ən vacib elementdir. Yuxu və ayıqlıq rejimini düzgün seçmək lazımdır. İkinci yerdə rasional balanslaşdırılmış qida gəlir ki, bu da bütöv bir elmdir. Biz bir millət olaraq heyrətamiz mətbəxə malikik, amma təəssüf ki, bizdə qida mədəniyyəti yoxdur, istifadə etdiyimiz ərzaq məhsullarından başlayaraq, istifadə etmədiklərimiz vacib qidalara qədər bu, belədir. Biz fayda barədə düşünmürük və hər şeyi lazım olmayan kimi edirik. Üçüncü yerdə fəal həyat tərzi gəlir. Söhbət idman zallarında yorucu məşqlərdən getmir, hamını buna məcbur edə bilməzsən. Amma bizim ölkədə gənclər çox passivdirlər. Təəssüflə olsa da, bunu etiraf etməliyik. Daha sonra psixoloji məsələlər və həyata baxış gəlir. Kimsəyə sirr deyil ki, bütün xəstəliklər başdan başlayır. Profilaktik müayinələri də unutmaq olmaz, Azərbaycanda həkimə proflaktik müayinə üçün baş çəkmək anlayışı yoxdur, amma profilaktikanın önəmini azaltmaq olmaz. Bizdə adamlar tibb müəssisəsinə ən son saniyədə müraciət edirlər. Daha sonra isə müzakirə olunmayan pis vərdişlər gəlir», - deyə həkim qeyd edir. Onun sözlərinə görə, beynəlxalq təcrübə fitnesə böyük diqqət yetirir.
Onlarla necədir...
Həkim, həmçinin qeyd edib ki, hər bir aparıcı ölkənin öz SHT prioritetləri var. «Almaniya diqqəti velosipedə və qidaya, xəstəliklərin profilaktikasına, İsveç təmiz havaya və səyahətə, Yaponiya hörmətə və qidaya, Çin qidaya, akupunkturaya, masaja, dağlamaya və qeyri-ənənəvi üsullara verir. İtaliyada qidalanma, üzgüçülük və idman əsasdır. Hər bir ölkədə SHT-ə xüsusi yanaşma var», - deyə mütəxəssis vurğulayır.
1970-ci illərdə dövlət səviyyəsində ekoloji tədbirlərlə birlikdə sağlam həyat tərzinin tətbiqi öz bəhrəsini verdi: ABŞ-da, Yaponiyada, Finlandiyada, ABŞ-da və Kanadada ürək-damar patologiyasından - xroniki qeyri-infeksion xəstəliklərin əsas formasından ölümlər, demək olar ki, 40% azalıb.
Əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, məsələn, ABŞ-da, nə qədər paradoksal olsa da, insanların sağlamlığı ilə bağlı çox sayda problemlər ortaya çıxdı. İnsanlar işdən evə öz avtomobillərində qayıtdılar, televizoru açdılar, pivə içdilər, popkorn və çipslə qəlyanaltı etdilər və əlbəttə, kökəldilər. Artıq çəki problemi artdı, bu, yalnız həkimlərin deyil, həm də ABŞ hökumətinin də narahatlığına səbəb oldu. Onda ABŞ Prezidentinin yanında Fitnes Şurası yaradıldı və şuraya bu sahədə nüfuza malik 20-dən artıq mütəxəssis, həmçinin müxtəlif ştatları təmsil edən siyasətçilər daxil edildilər. Şuranın vəzifələri sırasına sağlam həyat tərzinin populyarlaşdırılması, fitneslə məşğul olmaq üçün hamının imkanı çatan komplekslər şəbəkəsinin yaradılması daxildir.
1983-cü ildə amerikalı Mark Mastrov "24 saat fitnes" sistemini yaradır, sistemin əsasında qiymətdən tutmuş, iş saatına qədər, sözün bütün mənasında, əlçatarlıq dayanır. Hazırda ABŞ-ın pratiki olaraq bütün yaşayış məntəqələrində müxtəlif cür fitnes-klublar fəaliyyət göstrir. Bununla yanaşı, son illərdə ABŞ-da siqaretçəkənlərin sayı kəskin azalıb. Çox sayda idarələr, ofislər, teatrlar, vağzallar, aeroportlar siqaret çəkməyin tam qadağan edildiyi zonalara çevrilib və ya siqaret çəkmək ciddi müəyyən edilmiş zonalarda məhdudlaşdırılıb.
Dünyanın inkişaf etmiş ölkələrinin gigiyenaçıları belə nəticəyə gəliblər ki, xəstəliklərin azaldılmasının yeganə yolu, sivilizasiya xəstəliklərinin yol verilməməsi məqsədi ilə risk amilinin qarşısının alınması məqsədi ilə təsirdən ibarətdir. Sadə dillə deyilsə, bu, pis vərdişlərdən imtinanı, bədən tərbiyəsi ilə fəal məşğul olmağı, rasional qidalanmanı, stressin qarşısını almaq bacarığını, rasional əmək və istirahət rejimini nəzərdə tutan sağlam həyat tərzidir.
MƏSLƏHƏT GÖR: