Müəllif: Azad HƏSƏNOV
Qısa müddətdə dövlət-əhali münasibətlərində önəmli səviyyədə yaxşılaşmaya nail olmuş "ASAN xidmət"in müsbət təcrübəsi bu gün qurumun törəmə bölmələrində uğurla tətbiq edilir. Prezident İlham Əliyevin irəli sürdüyü və dövlət xidmətlərinin göstərilməsi sahəsində tam şəffaf mexanizmli unikal vahid institutun yaradılmasını nəzərdə tutan bu ideya yalnız coğrafi deyil, həm də məzmunca genişlənir və yeni xidmət sahələrində ölkə vətəndaşlarının həyatını yüngülləşdirir; məsələn, bir neçə ay əvvəl Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində təsis edilmiş hüquqi şəxs “ABAD” bilavasitə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək göstərmək üçün yaradılıb. Özü də yeni qurum yetərincə çətin işi - Azərbaycanda kiçik ailə biznesinin inkişafını və onu dünya standartları səviyyəsinə qaldırmağı qarşısına məqsəd qoyub. Təşkilatın direktoru Rüfət Elçiyev «R+»la söhbətində ABAD-ın vəzifələri barədə ətraflı danışıb.
- İlk öncə, ABAD-ın özü barədə müfəssəl məlumat maraqlı olardı. Onun yaradılmasında məqsəd nədir?
- “ABAD” publik hüquqi şəxsin yaradılması barədə Fərman Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 23 sentyabr 2016-cı il tarixdə verilib. Layihənin məqsdi ailə biznesinin dirçəldilməsinə yardımdır. Bir çox inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq (KOS), o cümlədən ailə biznesi ümumi daxili məhsulun (ÜDM) böyük bölümünü formalaşdırır.
Azərbaycanda da həmçinin müxtəlif sahələrdə kiçik təsərrüfatlar fəaliyyət göstərir, ancaq bu gün onlar öz məhsullarını çağdaş bazarın tələblərinə uyğun şəkildə çətinlik çəkirlər, yaxud bazardakı tələbatı ödəməyə qadir miqdarda yetərincə məhsul istehsal edə bilmirlər, yəni dəstəyə ehtiyacları var.
Öz növbəsində, ABAD kiçik biznesə sertifikatlaşmadan keçməyə yardım edir, texnoloji yenilikləri təqdim edir, brendləşmədə və məhsulun dizaynında, mühasibatlığın aparılmasında yardım edir, hüquqi yardım və logistika xidmətləri göstərir, nəhayət, məhsulu satmaqda kömək edir. Biz istəyirik ki, öz kiçik bizneslərini yaratmağa inamları olsun.
- ABAD bütün Azərbaycanda fəaliyyət göstərir, yoxsa konkret rayonlarda var?
- Hazırda ABAD pilot layihədir və 2 rayonda fəaliyyət göstərir. Biz fəaliyyətə Masallı rayonunda başladıq və orada doqquz ailəni seçdik. SOCAR şirkətinin yardımı ilə Balakən rayonunda da seçim apardıq, orada hazırda 12 ailə ilə işləyirik. Əlbəttə, istəyənlər xeyli çoxdur. Bizə müraciətlər indiyə kimi davam edir.
Yeri gəlmişkən, qeyd edim ki, bu gün biz iki istiqamətdə işləyirik - bu, dekorativ tətbiqi sənət və kənd təsərrüfatıdır. Deyim ki, Masallı rayonundan olan ailələr cem, mürəbbə, pendir və kolbasa məhsulları istehsal edəcəklər. Sevindiricidir ki, bizim layihəyə maraq böyükdür. Burada ABAD-ın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin törəməsi olması da rol oynayır, xalqın etibarını qazanmış "ASAN xidmət" bu quruma məxsusdur.
- Siz dediniz ki, bütünlüklə iki rayonda 21 ailə seçmisiniz. Ailələr hansı meyarlarla seçilir?
- Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər supermarketlərlə bizim müştərilərin istehsal etdiyi müəyyən malları verəcəyimizlə bağlı anlaşırıqsa, bunun daimi olmasını təmin etməliyik. Dolablar boş ola bilməz. Bizdən ötrü digar önəmli meyar məhsulun keyfiyyətidir. Buna görə bizim üçün bu insanların potensialını və imkanlarını öyrənmək önəmlidir ki, sabah və daha sonra onlar bu və ya digər məhsulu istehsal edə bilsinlər.
Burada mən daha bir məqama toxunmaq istəyirəm. Sıfırdan biznes qurub, onu seçdiyimiz ailələrə vermək niyyətində deyilik. Bizim işimiz onlara yardım etməkdir. Deyək ki, əgər əvvəllər onlar istehsalı kustar yolla gerçəkləşdirirdilərsə, biz onlara biznesi ən yüksək standartlara uyğun şəkildə təşkil etməkdə yardımçı oluruq. ABAD ailə işinin bazar qanunları ilə fəaliyyət göstərəcək normal biznes elementinə çevrilməsi üçün lazım olan bütün yardımı edir, o cümlədən biznes-planın işlənməsində və lazımi təhsilin alınmasında yardımçı olur.
- Hər bir layihə üçün sizin müəyyən büdcə çərçivəniz varmı?
- ABAD-ın yaradılması üzrə fərmana görə, bizim kapital 1 milyon manat müəyyən edilib. Bu məbləği biz həm öz fəaliyyətimizin təşkili, həm də bizim müştərilərin ailə biznesinin dəstəklənməsi üçün xərcləyirik; məsələn, biz onlara avadanlıq almaqda yardımçı oluruq. Publik hüquqi şəxsik və bizim hüquqi formanı nəzərə alaraq, ehtimal edilir ki, gələcəkdə gəliri cəmləşdirib, onun hesabına işləyəcəyik.
- Yəni siz kiçik sahibkarlığın dəstəklənməsi üçün dövlət büdcəsindən vəsait almayacaqsınız?
- Tamamilə doğrudur.
- Onda hansı mənbələrdən bunu etməyə hazırlaşırsınız?
- Məsələn, hazırda «İçərişəhər» Tarix-Memarlıq Qoruğunda ilk mağazamız fəaliyyət göstərir. Orada 70 usta tərəfindən istehsal edilən suvenirlər satılır. Tezliklə Heydər Əliyev Hava Limanının «Duty Free» zonasında ikinci mağazamızı açmağı planlaşdırırıq. Birinci mağaza çox uğurlu olub, buna görə bu uğuru ikinci layihədə də qorumağa çalışırıq. Gəlirimiz ailə biznesi məhsullarının satışından əldə etdiyimiz faizlərdir. Amma gələcəkdə, əlbəttə, gəlir bəndini genişləndirməyə çalışırıq.
- Suvenir mağazası barədə danışdınız, yəni daha bir «fəaliyyət meydanı» kimi tətbiqi sənət götürülüb?
- Hələ aqrar məhsulu istehsalına başlamasaq da, suvenir istehsalı və satışı ilə bağlı uğurlarımız var. Adamlar suvenir düzəltməklə yanaşı, öz məhsullarını satmaq barədə də düşünürdülər, bu da onları əsas işdən yayındırırdı. Yaradıcı insanlar yaradıcılıqla məşğul olmalıdırlar. Onlar satışlarının az olduğunu görəndə, işə marağı itirirdilər. Nəticədə, yerli suvenirlər Çin malları ilə rəqabət apara bilmirdi. İndi onların məhsulun necə satılması barədə düşünməməsinə imkan yaranıb, çünki artıq bu işlə biz məşğul oluruq.
Bizim İçərişəhərdəki birinci mağazaya böyük tələb var, özü də təkcə xaricilər tərəfindən deyil, həm də yerli sakinlər tərəfindən də. Daha çox bunlar başqa ölkələrdə yaşayan dostlarına və qohumlarına baş çəkmək istəyən Azərbaycan vətəndaşlarıdır. Bizim ustalar tərəfindən istehsal edilən suvenir yalnız xoş hədiyyə olaraq qalmır, həm də özlərində Azərbaycanın bir hissəsini daşıyır. Onların üstünlüyü bundadır. Bunlar yüzfaizlik yerli məhsullardır.
Suvenirlər barədə danışarkən, daha bir mövzuya toxunmaq istərdim. Bilirsiniz ki, aprel ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə məhdud sağlamlıq imkanlarına malik insanların düzəltdiyi malların satışına yardımla bağlı memorandum bağlamışıq. Əgər onların məhsulları satışa hazır vəziyyətdə olmursa, mütəxəssislər cəlb edərək, onlar üçün treninqlər təşkil edirik.
Bunu demək olar ki, əvvəllər Azərbaycanda dekorativ-tətbiqi sənət tənəzzüldə idi, amma bu durumu düzəltmək istəyindəyik. Biz ailə biznesinə yardım etmək və ABAD leybli altında rəqabətqabiliyyətli məhsul buraxmaq niyyətindəyik ki, bu da yüksək keyfiyyətə qarant olacaq.
- Əgər sizin müştəriniz olan ailə müəssisələri öz məhsullarını ixrac edəcək səviyyədə yetərincə “yetişsələr”, ABAD onlara bu istiqamətdə yardım edə bilərmi?
- Niyə etməsin ki? Əlbəttə, indi belə imkana malik deyilik, çünki pilot layihə çərçivəsində fəaliyyət göstəririk. Ancaq gözəl anlayırıq ki, gec-tez, bizim müştərilər, sizin dediyiniz kimi, ixrac üçün “yetişəcəklər”. Azərbaycan bazarı elə də böyük deyil, əgər istehsal həcmləri artarsa, onda məhsulun bir hissəsini xaricə sata bilərik. Azərbaycanın ailə biznesinə başqa bazarlara çıxmaqda yardım etməyə hazırıq.
Hazırda malların mağazalar vasitəsilə satışından danışırıq. Amma daha bir mövzudan - onlayn-mağazadan yan keçmək olmaz. Bütün dünyada elektron ticarət fəal inkişaf edir.
- ABAD-ın öz məhsullarını online rejimdə satması üzrə planı varmı?
- Hazırda yeni sayt - "ABAD Store" üzərində işləyirik. Hadisələri qabaqlamaq istəmirəm, çünki üzərində hələ iş gedir. Sadəcə, sayt yaratmaq azdır. Vacibdir ki, bu saytın arxasında lazımi infrastruktur dayansın, çox sayda təşkilati məsələlər nəzərə alınmalıdır; məsələn, malların evlərə daşınması barədə düşünürük. Belə olan halda, logistika məsələləri üzərində, həmçinin malları ölkədən xaricə necə daşıyacağımız barədə düşünməliyik.
- Qeyd etdiniz ki, hazırda ABAD pilot layihə mərhələsindədir. Tammiqyaslı işə nə vaxt keçməyi planlaşdırırsınız?
- Bizdə konkret zaman çərçivəsi yoxdur. Seçdiyimiz ailələrin məhsulları sertifikat alıb, bazara çıxdığı zaman, pilot layihənin başa çatdığını elan etmək olar.
MƏSLƏHƏT GÖR: