24 Dekabr 2024

Çərşənbə axşamı, 03:52

DÖRDÜNCÜ DƏFƏ MUNDİALDA

Azərbaycanın qadın voleybolu üzrə millisi növbəti Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb

Müəllif:

15.06.2017

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olan qadın voleybolçulardan ibarət yığmamız üçün əsas sınaq 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi idi. Qrup oyunları Bakıda təşkil olunacağından voleybolçularımızın mundiala vəsiqə qazanacağına inam artmışdı. Bununla belə, bəlkə də ən nikbin azarkeş belə komandamızın bir set uduzmadan arzusuna çatacağını düşünmürdü.

Ümumiyyətlə, Faiq Qarayev millidə baş məşqçi postuna qayıdandan sonra, komanda uğurlu seriyanı davam etdirir. Ötən il Avropa Liqasında çıxış edən milli keçirdiyi 7 oyunun hamısında qalib gələrək çempion oldu. Bu il İslamiadada 5 görüşdə maksimum nəticəyə imza atan Qarayevin yetirmələri sonda seçmə mərhələdə daha 5 qarşılaşmadan üzüağ çıxdı. Beləliklə, yığma 17 oyunluq qələbə seriyası əldə etdi.
Seçmə mərhələ ərəfəsində azarkeşlər heyətlə bağlı xoş xəbərə sevindi. Milliləşdirilmiş Natalya Məmmədovanın yığmaya qoşulması komandamızı daha da güclü etdi. Digər tərəfdən, Alyona Həsənovanın zədələnməsi bir o qədər üzücü idi. Üstəlik, seçmə oyunlar start götürdükdən sonra, kapitanın da zədəli olduğu bəlli oldu.
Ancaq Odina Bayramovanın sıradan çıxması bəlkə də yığmanın işinə yaradı. Axı belədə Yelizaveta Səmədova oynamaq imkanı qazandı. “Telekom”un yetirməsi bu seçmə mərhələnin kəşfi oldu. Qəbuldakı problemləri böyük ölçüdə aradan qaldıran ukraynalı legioner hücumlarda da yetərincə fəal idi. Xüsusən, Hollandiya ilə oyundakı kritik xallarını qeyd etmək lazımdır. Sözsüz, Məmmədovanın dönüşüylə hücum planında xeyli gücləndik. Ancaq etiraf etmək lazımdır ki, Natalya indi əvvəlki formasından çox uzaqdır. Əvəzində, Polina Rəhimova karyerasının ən yaxşı dönəmini yaşayır. Bu turnirdə də yığmanın “vuran əli” o oldu. Alyonanın yoxluğunda Ayşən Abduləzimova, Aynur Kərimova və Kseniya Poznyak blokçu funksiyasını yerinə yetirdi. Bu mənada, Ayşənin çıxışını xüsusi fərqləndirmək lazımdır. Şəkili voleybolçu həm blokda, həm hücumda, həm də müdafiədə böyük fayda verdi. Kristina Yaqubovada müəyyən təcrübə çatışmazlığı hiss olunsa da, Şəfaqət Həbibovanın yoxluğunu hiss etdirmədi. Hücumları qurarkən rəngarəngliyə üstünlük verirdi. Ancaq blok oyunçuları ilə daha çox çalışmasına və daha yaxşı anlaşmalarına ehtiyac var. Valeriya Məmmədova ən xoş sözlərə layiqdir. Veteran voleybolçu parlaq çıxışla gənclərə nümunə oldu.

Beləliklə, Hollandiya, Ukrayna, İsrail, Norveç və Danimarka üzərində parlaq qələbə qazanan millimiz qrupda birinci yeri tutmaqla, Dünya Çempionatında iştirakını rəsmiləşdirdi. Mundialın görüşləri gələn il Yaponiyada baş tutacaq.

Dünya Çempionatında seçmə mərhələdən fərqli olaraq, daha güclü yığmalarla mübarizə aparacağıq. Bizi "DÇ"də Yaponiya, Çin, Braziliya, ABŞ, Türkiyə, İtaliya, Rusiya, Serbiya və Almaniya kimi nəhənglərlə mübarizə gözləyir. Həmin qarşılaşmalar ikiqat çətin olacaq. Deməli, daha böyük məsuliyyətlə mundiala, buna qədər isə ölkəmizdə keçiriləcək Avropa Çempionatına hazırlaşmalıyıq. Komandanın indiki durumu ""də medal qazanacağımıza inamı artırır. Məsul yarış ərəfəsində zədəlilərin olmayacağına da ümid etmək lazımdır. Bundan başqa, milli üzvlərinin yüksək formada olması və yığmanın ən yaxşı şəkildə hazırlıq keçməsi zəruridir.

Yığmamızla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Serbiya və Almaniya da qrup qalibi kimi, "DÇ"yə vəsiqə qazanıb. Qruplarda ikinci yeri tutan Yunanıstan, Çexiya, Bolqarıstan, Belçika, Hollandiya və Sloveniya isə mübarizəni pley-offda davam etdirəcək. Sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyada təşkil olunacaq mundiala vəsiqə qazananların sayı 8-dir. Avropanı təmsil edən 6 komanda ilə yanaşı, ev sahibi və son dünya çempionu ABŞ həlledici mərhələdə rəqiblərini gözləyir. Yarışda isə ümumilikdə, 24 komanda gücünü yoxlayacaq. Onu da qeyd edək ki, indiyədək Yaponiya qadınların Dünya Çempionatını ən çox keçirən ölkədir. Gələn il “gündoğar ölkə”də 5-ci mundial baş tutacaq.

Qeyd edək ki, voleybolçumuz Polina Rəhimova 6 qrupda mübarizə aparan 36 komandanın üzvləri arasında qrup oyunlarının ən yaxşı ikinci bombardiri olub. O, 5 oyunda 100 xal toplamağı bacarıb. “Fənərbaxça”nın yeni transferi yalnız Portuqaliya millisinin “vuran əli” Yulia Kovalenkodan (105 xal) geri qalıb. Rəhimova 100 xaldan 72-ni hücumda qazanıb. Ən yaxşı hücumçular arasında 4-cü pillədə qərarlaşan Polina təsnifat yarışının ən yaxşı servis atan voleybolçusudur. “17 nömrə”, ümumilikdə, 19 eys edib. Düzdür, Kovalenko da topu oyuna daxil edərkən bu qədər xal qazanıb. Ancaq oynadıqları setlər üzrə bölgü aparılanda Rəhimova öndə olur. Ən yaxşı blokçuların sıralamasında Ayşən Abduləzimova 11 blok xalı ilə 19-cu yeri tutub.

Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev "R+"a açıqlamasında voleybolçularla fəxr etdiyini bildirib: “Komandamla qürur duyuram. Qızlarım cəsur ürəklə oynadılar və bir set belə uduzmadan, 5 oyunda qələbə qazandılar. Hollandiyaya qarşı həlledici matç çox çətin idi. “Narıncılar” nəinki Avropanın, bütün dünyanın ən güclü yığmalarından biridir. Gərgin və həyəcanlı açılış setindən sonra, ritmimizi tapdıq və lazım olan qələbəni qazana bildik”. 

F.Qarayev Yaponiyada keçiriləcək mundiala qədər növbəti hədəfin qitə birinciliyi olduğunu xatırladıb: “Azərbaycan Dünya Çempionatına vəsiqə qazandı, doğrudur, ancaq çox yaxında biz yeni bir sınağa hazırlaşmağa başlayacağıq. Gürcüstan və Azərbaycanın birlikdə keçirəcəyi Avropa Çempionatı növbəti hədəfimiz olacaq. Qitə birinciliyində mütləq yaxşı çıxış etməliyik”.

Xatırladaq ki, Faiq Qarayevin yetirmələri voleybol tariximizdə 4-cü dəfə Dünya Çempionatında iştirak hüququ qazanıb. Yığma mundialda 1994-cü ildə debüt edib. Braziliyada təşkil olunan turnirdə milli "B" qrupunda yer alıb və Peru üzərində qələbə qazanıb. Əvəzində, Hollandiya və Kubaya uduzaraq, mübarizəni dayandırıb. Yığma 16 iştirakçı arasında 9-cu olub. 12 il sonra məhz Yaponiyada "" həsrəti başa çatdı. Bu dəfə komandamız daha çox oyun keçirdi. Əvvəlcə "B" qrupunda Dominikan və Meksikaya qalib gəlib, Çin, Rusiya və Almaniyaya uduzan Qarayevin yetirmələri 2-ci qrup mərhələsində ABŞ və Puerto-Rikonu məyus etsə də, Hollandiya və Braziliyaya məğlub oldu. Yekunda komandamız 24 iştirakçı arasında Koreya ilə 13-14-cü yerləri bölüşdü. Nəhayət, 2014-də İtaliyada təşkil olunan anoloji yarışda çıxış etdik. Bu dəfə Aleksandr Çervyakovun rəhbərliyi altında yarışan yığma "D" qrupunda keçirdiyi ilk oyunda Yaponiyanı üstələməklə, sensasiyaya imza atdı. Puerto-Riko və Kubaya da gücünü göstərən milli Belçika və Çinlə bacarmadı. İkinci qrup mərhələsində isə gücümüz yalnız Xorvatiyaya çatdı. Komandamız İtaliya, Dominikan və Almaniyaya yenildi. Yekunda yığma Qazaxıstanla 15-16-cı yerləri bölüşdü.



MƏSLƏHƏT GÖR:

458