Müəllif: Nurlanə QULİYEVA
Azərbaycanın bank sektorundakı vəziyyətin ölkənin reytinq mövqelərinə mümkün təsirləri ölkənin ümumi iqtisadi imicinin yüksəldilməsi məsələsində bütünlüklə əlavə tədbirlər tələb edirdi. O cümlədən biznes bölməsini mənfi təsirlərdən qorumaq və daha fəal inkişaf etdirmək ehtiyacı yaranmışdı ki, bu, hazırda xüsusilə aktualdır: ölkəyə xarici sərmayə axınının sürətləndirilməsi üçün və özəl bölmə subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması üçün böyük səylər göstərmək lazımdır.
Bu yaxınlarda Prezident İlhm Əliyev “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib. Plan ölkənin inkişafının yalnız iqtisadi cəhətlərini deyil, həm də sosial istiqamətlərini əhatə edən 18 istiqamət üzrə tədbirlərin gerçəkləşdirilməsini nəzərdə tutur.
Başqa proqram sənədlərində artıq mövcud olan bir çox detallar yeni planda çox yığcam əks olunub və əhəmiyyətinə görə toplanılıb ki, bu da onların gələcəkdə icra vəziyyətini asanlıqla izləməyə imkan verir. Eyni zamanda, bu gün maliyyə bazarının problemləri birbaşa sahibkarlığın inkişafı ilə bağlıdır.
Belə ki, ölkənin reytinqinin artırılması baxımından, burada bank sektorunun kapitallaşdırılmasının artırılması və likvidliyin təmin edilməsi üzrə tədbirlər göstərilib ki, onların 2017-2020-ci illərdə gerçəkləşdirilməsi nəzərdə tutulur. Bank məsələləri blokuna, təbii ki, bankların risklərinin daha sağlam idarə edilməsi, maliyyə xidməti sektorunda konsolidasiya edilmiş risklər üzərində nəzarət modelinin tətbiqi və bank hesabatının şəffaflığının artırılması daxildir. Bu tədbirlər nəticəsində, real ümumi daxili məhsula (ÜDM) 235 mln. manatlıq təsir və işləməyən kreditlərin əmsalının 8% azalması gözlənilir.
Əlavə edək ki, Dünya Bankının (DB) ekspertləri bu fikirdədirlər ki, struktur islahatları, o cümlədən bank sektorunun islahatları Azərbaycanda ÜDM artımını təmin etməyə yardımçı ola bilər. Bu barədə bankın yenilənmiş «Global Economic Prospects» hesabatında bildirilir. Hesabatın göstəricilərinə görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 0,6%, 2019-cu ildə isə 1,3% təşkil edəcək.
DB-nin Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş iqtisadçı Hans Timmer daha öncə ölkənin bank sektorunda apardığı islahatlardan danışarəkən vurğulamışdı ki, ilk növbədə, əmin olmaq vacibdir ki, bank sektoru sağlam qalır.
“Bu sahədə ən böyük məsələ elə bank sektoru yaratmaqdır ki, yeni iş yerlərinin yaranmasına imkan yaratsın. Bank sektorunun sağlamlaşdırılması yalnız fiskal resursların hesabına deyil, həm də bank restrukturizasiyası və rezolyusiyası sahəsində müvafiq qanunverciliklə dəstəklənməlidir”, - deyə H.Timmer bildirib.
Bununla belə, yuxarıda sadalanan tədbirlər planına əsasən demək olar ki, Azərbaycan hökuməti məsələlərin həllinin birinci bəndi kimi daşınan əmlakın girov kimi qeydiyyatı, özəl kredit bürolarının yaradılması, lizinqin və alternativ maliyyə alətlərinin fəal inkişafı məsələlərini önə çıxarır. Bütün bunlar şəksiz ki, bankların kredit məhsullarını kəskin azaltması və alınmasına əlavə şərtlər tətbiq etməsi fonunda maliyyə dəstəyinə kəskin ehtiyac duyan bizneslə birbaşa bağlıdır. Bu mənada, vacib alətlərdən biri kiçik və orta sahibkarlıq (KOM) üçün Kredit Zəmanət Fondunun yaradılması olacaq.
Sirr deyil ki, bank sektorunda durumun pisləşməsi ilə ən çox zərər çəkənlər məhz KOS subyektləri olub - banklar girov təminatı ilə bağlı tələbləri sərtləşdirdilər, bu tələblərin yerinə yetirilməsi, əsasən, xırda sahibkarlar üçün çətin oldu, buna görə, bu fond dövlətin biznesə növbəti tutarlı dəstəyi ola bilər. Bundan başqa, plan KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsini və birbaşa xarici sərmayələrin həvəsləndirilməsini nəzərdə tutur. Nəticədə, sənədə görə, 2025-ci ilə qədər, ən azı, 25 startap layihə başlamalıdır.
Bununla yanaşı, hökumət sərmayələrin təşviqi haqqında sənədin verilməsi qaydalarını təsdiqləyən Prezident Fərmanına əsasən, daxili investorları dəstəkləməkdə davam edəcək. Həmin sənəd Vergi Məcəlləsi və «Gömrük tarifləri haqqında» qanunda nəzərdə tutan güzəştlərdən istifadəyə imkan verir. İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, nazirlik indiyə kimi ümumilikdə, 1,5 milyard manat məbləğində investisiya layihələri üzrə sərmayələrin dəstəklənməsi sənədi (SDS) verib, 46 layihə artıq gerçəkləşdirilir.
Bütün bunlar sahibkarları daha fəal fəaliyyətə stimullaşdırır - nazirin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən beş sənaye parkında $800 mln. sərmayə qoyulub ki, bu da 5 min iş yerinin yaradılmasına imkan verib. "Sonrakı mərhələlərdə əlavə olaraq, $1,1 mlrd. sərmayə yatırılacağı gözlənilir", - deyə Ş.Mustafayev bildirib.
Öz tərəfindən dövlət, həmçinin biznesə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vasitəsilə maliyyə verilməsini davam etdirir. 2017-ci ilin əvvəlindən SKMF-nin müvəkkil kredit qurumları tərəfindən toplam məbləği 40,6 milyon manat olan güzəştli kreditlər verilib, bunun hesabına 521 sahibkarın investisiya layihələri maliyyələşdirilib. Ş.Mustafayevin sözlərinə görə, bütünlükdə 2017-ci ildə ölkədə SKMF-nin xətti ilə kreditləşdirilən 65 istehsal, emal və infrastruktur müəssisəsinin istismara açılması planlaşdırılır.
Bununla yanaşı, biznesin inkişafı üçün islahatlar çərçivəsində hökumət müəssisələrin fəaliyyətinin dayandırılması və onların müflis elan edilməsi sistemini təkmilləşdirməyi, sərmayəçilər və emitentlər üçün əlverişli mühit yaratmağı, banklararası pul bazarında fəallığı artırmağı planlaşdırır. Konkret olaraq ilin sonuna kimi büdcə konsolidasiyasının davam etdirilməsi, inflyasiyanın cilovlandırılması və valyuta rejiminin sonrakı liberallaşması ilə pul bazasının məhdudlaşdırılması üzrə tədbirlərin keçirilməsi üzrə addımlar atılacaq. 2019-cu ildən isə dövlət borcunun idarəedilməsi strategiyasının hazırlanması başa çatdırılmalı, 2021-ci ildə isə ortamüddətli xərc çərçivələri yaradılmalıdır.
Bundan əlavə, hökumət 2019-cu ilə elektrik təchizatı sistemində smart-sayğaclar sisteminin tətbiqini başa çatdırmağı, həmçinin malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosedurlarının sadələşdirilməsini planlaşdırır. 2018-ci ildən isə artıq ödənilmiş vergilərin, faiz və maliyyə sanksiyalarının geri qaytarılması ilə elektron müraciət sisteminin tətbiq edilməsi, vergi yoxlamalarının, o cümlədən mənfəət vergisinin yoxlanmasının keçirilmə vaxtının iki həftəyə qədər azaldılması düşünülür.
Göründüyü kimi, demək olar ki, bütün tədbirlər müddətli xarakter daşıyır və bu, tamamilə başadüşüləndir: maliyyə-bank böhranının sürətli həlli olmadan, biznes sektorunun keyfiyyətli inkişafından danışmaq mənasızdır. Sahibkarlıq olmadan isə makroiqtisadi statistikanın yaxşılaşdırılmasına nail olmaq mümkün deyil.
İqtisadiyyat Nazirinin müavini Sahil Babayevin sözlərinə görə, neftdənkənar ixracın həcminin artmasına baxmayaraq, Azərbaycanın xarici tərəfdaşlarla ticarət münasibətlərində neft ixracatı yenə də üstünlük təşkil edir.
"2017-ci ilin ilk dörd ayı ərzində neftdənkənar ixrac 26%, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracatı 44%, sənaye məhsullarının ixracatı isə 15% artıb. Amma neft və neft məhsullarının ixracı əvvəlki kimi, Azərbaycan ixracatının ümumi həcminin 85%-ni təşkil etməkdə davam edir. Buna görə, bizim ixracatı şaxələndirmək lazımdır", - deyə S.Babayev vurbulayıb.
Bunu güclü KOM olmadan gerçəkləşdirməyin qeyri-real olduğu nəzərə alınarsa, hökumətin, xüsusilə də neft gəlirlərinin azalması fonunda islahatların sürətləndirilməsi istiqamətində səyləri anlaşılandır. Ümumiyyətlə, hökumətdə əmindirlər ki, gerçəkləşdirilən tədbirlər artıq real nəticələr verir.
Belə ki, Ş.Mustafayev bildirib ki, 2017-ci ilin yanvar-aprel aylarında ölkədə qeyri-neft sənayesində 2,8%, kənd təsərrüfatında isə 3,2% artım qeydə alınıb. Bu zaman Azərbaycanın başqa ölkələrlə ticarət dövriyyəsi 11,5% artıb. “Bu ilin dörd ayı ərzində Azərbaycanın valyuta ehtiyatları $1,3 mlrd. artaraq $39 mlrd.-a çatıb. Mayın 1-nə onlar xarici borcdan 3,2 dəfə çox olub”, - deyə Ş.Mustafayev bildirib.
Dünya Bankı (DB) ekspertləri də qeyd edirlər ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatı müsbət nəticələr göstərərək, bərpa olunmağa başlayır.
“Azərbaycan da daxil olmaqla, bir çox ölkələr maliyyə sektorunu gücləndirməyə yönəlmiş islahatlar həyata keçirir”, - deyə «Global Economic Prospects»in hesabatında bildirilir.
Azərbaycan gömrük prosedurlarının və biznesin lisenziyalaşdırılmasının sadələşdirilməsi də daxil olmaqla, struktur islahatları sürətləndirib ki, bu da özəl bölmənin inkişafını dəstəkləməyə imkan yaradır. İstənilən halda, Azərbaycan hökuməti yeni islahatlar üçün özünə üç ildən az müddət ayırıb. Ümid etmək qalır ki, onlar planda göstərildiyi kimi, dəqiq gerçəkləşdiriləcək. Bu da ölkə iqtisadiyyatı barədə fikirləri daha optimist axara yönəldəcək və son illərdə əldə edilmiş sabit müsbət reytinqlər meylini qorumağa imkan yaradacaq.
MƏSLƏHƏT GÖR: