24 Dekabr 2024

Çərşənbə axşamı, 03:43

ƏN YAXŞI MƏRHƏLƏ

"Formula-1" üzrə Azərbaycan Qran-Prisi «kral yarışı»nın nə demək olduğunu anlamaq istəyənlər üçün klassik dərsliyə çevrilib

Müəllif:

01.07.2017

Mövsümün ən yaxşı mərhələsi, çempionatın incisi, gərginliyinə görə ağlasığmaz yarış - dünyanın hər yerindən olan jurnalistlər Bakıda keçirilən «Formula-1» üzrə Azərbaycan Qran-Prisi barədə epitet seçimində xəsislik etmədilər. Bakıda keçirilən ikinci yarış 2016-cı ildə baş tutmuş birinci Qran-Prinin tam əksi oldu. Ötən il, ötmələrin demək olar ki, olmaması təhlükəsizlik maşınının isə bir dəfə də olsun, trasa çıxmaması xüsusi vurğulandı.

İyunun 25-də isə «kral yarışları"nın pərəstişkarları dar şəhər trassında toqquşmalar, komandaların dəfələrlə bütün strategiyasını qarışdıran "safety-car" çıxışları, ötmələri məhdudlaşdıran sarı bayraqlar, hətta yarışı dayandıran qırmız bayraq gördülər. Son illər «Formula-1» pərəstişkarlarının bu cür parlaq, zəngin, sözün birbaşa və dolayı mənalarında qaynar yarışlara böyük ehtiyacları vardı.

Azərbaycan Qran Prisinin açılışı milli elementlərin istifadəsi, yerli və xarici ifaçıların iştirakı ilə keçirilən maraqlı şou ilə müşayiət olundu. Nəzər alsaq ki, bu yarış teleekranlar vasitəsilə planetin 500 milyona yaxın sakinini əhatə edir, bu, Azərbaycanın uğurlarını dünyaya ən yaxşı nümayiş üsullarından biridir. Teatrlaşdırılmış şouda xarici teleizləyicilər Azərbaycan mədəniyyətinin xüsusi çalarlarını görüb, hiss edə bildilər, onlara əsrlərdən süzülüb gələn milli rəqslər, rəmzlər təqdim olundu. Yarışın özü isə yalnız bu mövsümün deyil, həm də bir neçə əvvəlki mövsümün bəzəyi oldu. Halbuki 20 mərhələdən ibarət çempionat hələ heç yarıya belə çatmayıb.

Bakı yarışının iştirakçılarının əsas iradları təkərlərlə bağlı oldu, çünki «Pirelli» Azərbaycan Qran-prisinə üç variasiyada - «Medium», «Soft» və «SuperSoft» təkərləri gətirmişdi. Amma onlardan ən yumşağı olan «SuperSoft» Bakının şəhər trassı üçün yetərincə sərt oldu: sürücülər təkərlərin lazımi qədər qızma dərəcəsinə malik olmamasından şikayət edirdilər - isti hava və qızmış asfaltda kömək olmadı.

Mövsümün favoritləri olan «Mersedes» və «Ferrari» komandaları cümə günü sərbəst təcrübəsində və kvalifikasiyada rəqiblərindən xeyli yüksək nəticə göstərdilər. Nəticədə, bazar günü yarışında birinci xətti «Mersedes» bolidlərində Lyuis Hemilton və Valteri Bottas tutdu. Onun ardınca «Ferrari» təmsilçiləri Kimi Raykonen və Sebastyan Fettel qərarlaşdı. Amma birinci halqadan sonra toqquşmalar başlandı, hətta liderlər Bottasla Raykonen trassı bölüşə bilmədilər, nəticədə, Bottas təkəri deşildiyindən, pit-stopa girməyə məcbur oldu, Raykonen isə beşinci yerə düşdü. Bütün bunlar Fettelin yolunu açdı və onu çempionluq uğrunda əsas rəqibi Hemiltona yaxınlaşdırdı.

Daniil Kvyatı izləyən acı tale ona gətirib çıxardı ki, onun «Toro Rosso»su 12-ci dairədə dayandı. Maşının evakuasiyası üçün «safety-car» çıxdı və qalan pilotlar onun ardınca düzüldülər. Bu, təhlükəsizlik maşınının birinci çıxışı idi, amma sonuncu olmadı - o, trassa daha üç dəfə çıxdı. Özü də toqquşmalar o qədər çox olmuşdu ki, trass qırıntı ilə dolu idi və (51-dən)17-ci halqada bütün peleton pit-leyndən keçirildi (bu isə yetərincə aşağı sürətlərdir).

Və məhz bu zaman kəsiyində çempionatın iki liderinin qəzəbli toqquşması yaddaqalan oldu. Yarışın restartın yaxın zamanda, «safety-car»ın trassdan çıxmağa hazırlaşdığı məqamda peletona başçılıq edən Hemilton sürəti minimuma qədər azaltdı və başqa pilotları da buna məcbur etdi ki, restartdan sonra dərhal üstünlük qazansın. Pilotlar öz rəqiblərini əngəlləmək üçün bu fənddən tez-tez istifadə edirlər. Bu zaman arxadan gələn Fettel Hemiltonun bolidini vurdu.

Bu məsələ «Ferrari» pilotunu ciddi əsəbiləşdirdi və o, Hemiltonu yumruqla hədələdi. Sonra onun bolidinə öz “Ferrari”si ilə yanaşaraq təkərlə vurdu. Bu epizoda görə stüardlar «Ferrari» pilotuna cərimə yazdılar - boksa gedib 10 saniyə dayanmalı oldu. Sonrakı hadisələr göstərdi ki, dözümsüzlüyü üzündən Fettel, faktiki olaraq, Azərbaycan Qran-prisində qələbəni əldən verdi, halbuki birinci gəlmək şansı vardı.

Düşünmək olardı ki, şans Hemiltonun üzünə güldü, çünki əsas rəqibini aradan cıxmışdı. Amma bu da alınmadı. Britaniya pilotunun başaltısı sürüşdü və o, yarışa davam edə-edə bunu düzəltməyə çalışsa da, alınmadı. Məcbur olub ki, pit-leynə girdi. Bu hadisə son nəticədə Fettelin işinə yaradı, trassda Hemiltondan sonra ikinci olan Fettel cərimə çəkmək üçün britaniyalı pilotdan sonra pit-leynə girsə də, ondan əvvəl çıxdı.

Əsas favoritlərin bütün bu uğursuzluqları «Red Bull Racing»dən olan Daniel Rikyardoya şans gətirdi. O, bundan yetərincə yararlandı və bu mövsümdə ilk dəfə olaraq qaliblər kürsüsünə «Mersedes» və «Ferrari»dən olmayan pilot yüksəldi. Ədalət naminə demək lazımdır ki, Rikyardo ən yüksək yerə ilk halqalarda toqquşmalara görə endiyi 17-ci yerdən qalxdı. O, az sayda pilotlardan oldu ki, toqquşma və deşilmələrdən qaçmağı bacardı və bir sıra gözəl ötmələr yerinə yetirdi. Eyni zamanda, üç bolidi ötməyi də bacardı. Məhz texniki uğursuzluqlar və toqquşmalar üzündən, yarışa başlamış 20 boliddən finişə yalnız 13-ü çata bildi.

Qəzalardan qaçmağı bacarmış daha bir xoşbəxt isə «Formula-1»in debütantı, «Williams»ın kanadalı pilotu Lens Stroll olub. Əvvəlki mərhələlərdə anlaşılmaz idarəetməyə görə tənqid edilən Stroll Bakıdakı yarışdan maksimum yararlandı və üçüncü yerdə finişə çatdı ki, bu, 18 yaşlı yeni pilot üçün uğur sayıla bilər. O, finişə yaxın yerini Valteri Bottasa verməsəydi, qaliblər kürsüsünün ikinci pilləsinə də qalxa bilərdi. Bottas isə yarışın gedişində liderlərdən bütöv bir halqa geridə qalsa da, bu cür yüksək yerə qalxa bildi.

Dördüncü və beşinci yerləri isə çempionatın əsas favoritləri Sebastyan Fettel və Lyuis Hamilton bölüşdülər. Nəticədə, Fettel çempionat üzrə əsas rəqibindən üstünlüyünü 14 xala qədər artıra bildi.

Beləliklə, Daniel Rikyardo (Red Bull Racing) öz karyerasında beşinci və bu mövsümdə ilk qələbəsini qazandı. Podiumda onunla bərabər yerləri Valteri Bottas (Mersedes) və Lens Stroll (Williams) bölüşdülər. Azərbaycan Qran-prisinin qalibi kubokunu Rikyardoya Prezident İlham Əliyev təqdim etdi. Finalçıları, həmçinin birinci vitse-prezident Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının başçısı Anar Ələkbərov, Gənclər və İdman naziri Azad Rəhimov mükafatlandırıblar.

Yarışdan sonra Rikyardo jurnalistlərə bildirib ki, qələbə qazanmaq imkanı, hətta ağlına belə gəlmirmiş. “Luis Hamilton və Sebastyan Fettel problemləri haqda bizə məlumat verdilər. Məndə planlaşdırılmayan pit-stop baş verdi və 17-ci yerə düşdüm. Bundan sonra qalib gələcəyimə inanmırdım. Amma bu il yarış maraqlı alındı, təhlükəli dəqiqələr yaşandı. Bunların nəticəsində mərhələ qəzalarsız ötüşmədi. Trek həyəcanvericidir. Sərt döngələrdə düz trasa çıxırsan. Bu zaman da sürət yığmalısan. Deyə bilərəm ki, Bakı trasını çox bəyənirəm”, - deyə Rikyardo bildirib.

Ümumilikdə, yarışın nəticələri çempionatda liderləri dəyişməyib - yarışa Sebastyan Fettel başçılıq edir, ikinci yerdə Lyuis Hemilton, daha sonra Valteri Bottas gəlir. Rikyardonun qələbəsi ona şəxsi hesabda Kim Raykoneni ötməyə imkan yaradıb və o, dördüncü yerə çıxıb.

Bakı küçələri unudulmaz bir yarışa ev sahibliyi etdi və bu barədə söhbətlər hələ uzun müddət səngiməyəcək.

Növbəti yarışa elə də uzun müddət qalmayıb - növbəti Azərbaycan Qran-prisi 1 aprel 2018-ci ildə keçiriləcək.

 

Bakı Şəhər Dairəsinin uzunluğu 6 km təşkil edir, pilotlar bütünlükdə 51 halqa gerçəkləşdirirlər və 306 km yol gedirlər. Trek daha sürətlilər sırasındadır, şəhərin tarixi hissəsindən və Dənzikənarı bulvardan keçir. Trekin maksimum eni 13 m, minimum eni isə 7,6 m-dir. Yarışı 30 mindən artıq izləyici müşahidə edib.



MƏSLƏHƏT GÖR:

441