24 Noyabr 2024

Bazar, 05:16

«DƏMİR QARDAŞLIQ"ın QƏLƏBƏSİ

Azərbaycan yaxın illərdə öz dövlət büdcəsini iri nəqliyyat layihələrinin gerçəkləşdirilməsi hesabına dolduracaq

Müəllif:

01.07.2017

Azərbaycan getdikcə "Şimal - Cənub" və "Şərq - Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin (BND) kəsişmə nöqtəsinə çevrilir. Daha bir marşrut isə bir qədər öncə təşəbbüs qaldırılmış Cənub - Qərb istiqaməti oldu ki, o da yükdaşımalarına istiqamətlənib. Region ölkələri - Türkiyə, Polşa, Ukrayna, Rusiya, İran, Hindistan, Pakistan, Çin və başqa ölkələr arasında çox vaxt elə də sadə olmayan münasibətlərin formalaşmasına baxmayaraq, Azərbaycan öz ərazisində tranzit yükdaşımaları üçün unikal istifadə imkanları təqdim edir.

 

BTQ - tarix təyin etməyin vaxtı çatıb

Son günlərdə Avrasiya materikinin müxtəlif ölkələrinin paytaxtlarında dəmir yolu rəhbərlərinin görüşləri fəallaşıb. Artıq Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu sahəsinin istismara verilməsi üzrə dəqiq tarix verilməsinin vaxtı çatıb. Bu, Türkiyədən və Avropadan Mərkəzi Asiya ölkələrinə və Çinə, həmçinin cənub istiqamətində İrana, Fars körfəzi ölkələrinə, Pakistana və Hindistana daimi yükdaşımaları təşkil etməyə imkan yaradacaq.

Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun Koordinasiya Şurasının Tiflisdə keçirilmiş növbəti iclasında müxtəlif məsələlər müzakirə edilib. Bunların sırasında BTQ-nın Marabdadan Türkiyə sərhədinə qədər olan sahəsində bərpa, yenidənqurma və tikinti işləri yer alıb. Həm də «Marabda - Kartsaxi dəmir yolu» MMC-nin 2017-ci il üzrə büdcəsi, həmçinin Zalqa - Axalkalaki buraxılış məntəqəsinin durumu və Axalkalaki - Kartsaxi sahəsinin yeni infrastrukturunun tikintisi müzakirə edilib. Yada salaq ki, Gürcüstan sahəsində işlərin maliyyələşdirilməsi Azərbaycan hökuməti tərəfindən gürcü tərəfə verilmiş $1 mlrd.-a yaxın Dövlət Neft Fondu (ARDNF) vəsaitləri hesabına gerçəkləşdirilir.

Yada salaq ki, Türkiyə Gəmiçilik və Kommunikasiya naziri Ahmet Arslan əvvəl BTQ-nin istismara açılış tarixinin iyunda olacağını bildirmişdisə, hazırda bu tarixi avqusta qədər uzadıb. Gecikmənin əsas səbəbi kimi, BTQ-nın Gürcüstan hissəsində baş vermiş sürüşmə göstərilib. İstənilən halda, regionun nəqliyyat sahəsi üçün çox önəmli olan bu hadisənin gerçəkləşdirilməsinə bir neçə həftə qalıb. Bu isə o deməkdir ki, Azərbaycan çox tezliklə öz dövlət büdcəsi üçün yeni gəlir bəndinə ümid edə bilər. Çünki BTQ-nın işə salınmasından sonra, təkcə birinci mərhələdə hər il 1 milyon sərnişin və 6,5 mln. ton yük daşınacaq; ikinci mərhələdə daşınan yük həcmi ildə 17 mln. tona qalxa bilər.

 

Rusiya Şimal - Cənub BND-nin fəal iştirakçısıdır

İstismara hazırlanan daha bir nəqliyyat dəhlizi Şimal - Cənubdur. Orada da işlər sürətləndirilmiş templərlə davam edir. O cümlədən, Azərbaycan, İran və Gürcüstan dəmir yolları başçılarının bu yaxınlarda Tehranda keçirilmiş görüşündə qeyd edilib ki, 2016-cı ilin 20 aprel tarixində Azərbaycan - İran sərhədində Astara çayının üzərindən 82,5 metrlik dəmir yolu körpüsünün bünövrəsi qoyulduqdan sonra, qısa müddət ərzində Astara (Azərbaycan) stansiyasından İran sərhədinə və həmin körpüyə qədər birxətli dəmir yolunun tikintisi başa çatdırılıb və onunla sınaq qatarı hərəkət etdirilib. Həmçinin qeyd edilib ki, hazırda İran Astarasında işlər davam etdirilir. Bura 35 hektar ərazidə dəmir yolu stansiyası və yükboşaltma terminalının tikintisi daxildir.

Qeyd etmək lazımdır ki, görüş çərçivəsində Azərbaycan və İran dəmir yolu qurumları arasında Astara yükdoldurma-boşaltma stansiyasının tikintisi layihəsi üzrə saziş bağlanıb. Layihə İran ərazisində Azərbaycan Dəmir Yolunun (ADY) dəstəyi ilə 1,4 kilometr uzunluqlu dəmir yolu xəttinin və yüksək ötürmə gücünə malik dörd terminalın tikintisini nəzərdə tutur. Sənədə əsasən, ADY həmin dəmir yolu xəttini 15 il müddətinə, terminalları isə 25 ilə icarəyə götürür.

"Şimal - Cənub" BND yüklərin Skandinaviya ölkələrindən İran və Hindistana daşınma vaxtını xeyli qısaldacaq. Finlandiyadan olan yüklər hazırda son istehlakçıya 45-60 günə çatır. Amma "Şimal - Cənub" BND ilə Skandinaviya ölkələrindən gələn yüklər Rusiya və Azərbaycandan keçməklə, son ünvana 15 günə çata bilər.

Yada salaq ki, «Şimal - Cənub» layihəsi barədə təşəbbüs Rusiya, İran və Hindistan tərəfindən 2000-ci ildə qaldırılıb. Azərbaycan bu layihəyə yalnız 2005-ci ildə qoşulub. Hazırda Rusiya bu istiqaməti taxıl və meşə materiallarını satmaq üçün fəal istifadə etmək istəyir. Bu nəqliyyat dəhlizi çərçivəsində Rusiya və Azərbaycan birlikdə «AzRusTrans» birgə şirkətini işə salıblar. Şirkətin rəhbəri Cavid Quliyev İranda taxıl terminalının tikintisi üçün $20-30 mln. dəyəri olan taxıl terminalı tikintisi layihəsini gerçəkləşdirməyə hazır olduqlarını bildirib, bu, eyni zamanda, 60 min ton taxıl saxlamağa imkan yaradacaq. «AzRusTrans» taxıl terminalı İranın iri Bəndər Abbas limanına ötürmə məntəqəsi kimi nəzərdə tutulur. Buradan Rusiya taxılı Səudiyyə Ərəbistanı, Dubay, Misir və başqa ölkələrə aparılacaq. Həmçinin Azərbaycandan keçməklə, Rusiyadan İrana və qonşu ölkələrə yetərincə taxta materiallarının göndərilməsi nəzərdə tutulur.

"Şimal - Cənub" BND-nin buraxılış gücü ilk zamanlar ildə 6-10 mln. ton yük olacaq, ikinci mərhələdə bu, 15-20 mln. tona çatdırılacaq.

 

Yeni "Cənub - Qərb" BND

Azərbaycan fəal şəkildə "Cənub - Qərb" marşrutu üzrə əməkdaşlığın genişlənməsinə çalışır, bu marşrut Hindistan - Fars körfəzi - İran - Azərbaycan - Gürcüstan - Ukrayna - Avropa istiqamətində daşımaların optimallaşdırılmasını nəzərdə tutur. Layihə iştirakçısı olan dövlətlərin dəmir yolu idarələri başçılarının iyun ayında Bakıda keçirilmiş görüşündə tərəflər dəmir yolu qurumları tərəfindən birlikdə bu marşrut üzrə daşınacaq yüklər üçün güzəştli tariflər imkanlarının tədqiq edilməsinin vacibliyi barədə həmfikir olublar.

Əldə olunan sazişə görə, Azərbaycan, Gürcüstan, İran, Polşa və Ukrayna dəmir yolları arasında koordinasiya işləri ADY-na tapşırılıb. Eyni zamanda, strateji vacib məsələlərin həlli, həmçinin "Cənub - Qərb" marşrutunun perspektiv inkişafı ilə Koordinasiya Komitəsi məşğul olacaq. Marşrut üzrə mövcud və yük daşınmaları zamanı yarana biləcək maneələrin aşkarlanması və aradan qaldırılması üçün Koordinasiya Komitəsi yanında işçi qrup yaradılacaq. İşçi qrup Azərbaycan, Gürcüstan, İran, Polşa və Ukrayna dəmir yolu qurumlarının təmsilçilərindən təşkil ediləcək. Görüşlərin yekunlarında müvafiq sənədlər imzalanacaq.

Uzunluğu 7 645 km olan "Cənub - Qərb" dəhlizinin yükdaşıyanlar üçün faydası göz qabağındadır. Əgər yük dəniz yolu ilə Hindistandan Süveyş kanalı ilə Avropaya 40 günə gedirsə, "Cənub - Qərb" BND ilə Mumbay (Hindistan) - Bəndər-Abbas (İran) limanı - Astara (İran və Azərbaycan) - Qazax (Azərbaycan) - Poti və Batumi (Gürcüstan) limanları - Çernomorsk (Ukrayna) - Slavkov (Polşa) marşrutunu cəmi 15 günə keçə bilər. Yeri gəlmişkən, "Cənub - Qərb" BND ölkələri üçün layihənin gerçəkləşdirilməsi nəzəri məsələ olaraq qalmır və artıq cari ildən bu marşrut üzrə 200 min ton yük ötürmək fikrindədirlər. İlkin mərhələdə daşımaları ildə 10 milyon tona qaldırmaq nəzərdə tutulur, gələcəkdə bu, iki dəfə artırılacaq.

 

Klassika - Çindən Avropaya yük daşınması

İyun ayının ən önəmli «dəmir yolu hadisəsi" isə Astanada «Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların effektivliyinin və rəqabət qabiliyyətinin artırılması, nəqliyyat infrastrukturunun inkişafı» mövzusunda keçirilən "dəyirmi masa" olub. Tədbirə region ölkələrindən dəmir yollarının, liman administrasiyaları, nəqliyyat assosiasiyaları, gəmiçilik və nəqliyyat logistika şirkətlərinin 80-ə yaxın rəhbəri qatılmışdı. "Dəyirmi masa"nın yekununda Beynəlxalq TBNM Assosiasiyası ilə Çinin Nəqliyyat və Kommunikasiya Assosiayası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmin gün Beynəlxalq TBNM Assosiasiyası təsisçilərinin ümumi iclası keçirilib. İclasda marşrut üzrə, o cümlədən Ukraynanın Qara dəniz limanları da daxil olmaqla, daha öncə mövcud olmuş tariflərə yenidən baxılması və yeni tarif dərəcələrinin təsdiq edilməsi müzakirə edilib.

Daha sonra Bakıda yükdaşımaları mövzusunun davamı kimi, «Çinin Beynəlxalq Dəmir Yolları» MMC-nin Baş direktorunun müavini Çjan Tszinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan ərazisi ilə yükdaşımalarının effektivliyinin və rəqabətqabiliyyətinin artırılması üçün bütün güclər səfərbər edilib və ölkə Çin tərəfə mümkün bütün yardımı etməyə hazırdır. Çjan Tszinin sözlərinə görə, Çin öz yüklərinin Şərqi Avropa, Yaxın Şərq ölkələri və həmçinin Türkiyə və Gürcüstana daşınması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin istifadəsində maraqlıdır.

Qeyd edək ki, əgər Çindən yüklər dəniz yolu ilə 40-45 günə gedirsə, TBNM dəhlizi ilə bu, 10-14 gün çəkir. Təbii ki, yük göndərənləri yükləri Azərbaycandan tranzitə yönəltmək üçün hazırda söhbət "Şimal - Cənub", "Cənub - Qərb" və TBNM dəhlizləri üzrə vahid birbaşa tariflərin tərtib edilməsindən gedir. Amma istənilən halda, tranzit yük daşımalarında müəyyənedici rol dəmiryolçuların payına düşəcək. Azərbaycan ərazisindən keçəcək beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin uğur dərəcəsi, ilk növbədə, onların payına düşəcək.



MƏSLƏHƏT GÖR:

467