
ÜÇÜNCÜ DÜNYA ÇEMPİONU
Niyaməddin Paşayev və Radik İsayevdən sonra Milad Harçeqani Azərbaycan taekvondoçuları arasında dünya birinciliyinin qızılını qazanıb
Müəllif: Sənan ŞƏFİZADƏ
İsti yay günlərində istirahət etməyən taekvondo millimiz ilin ən mötəbər turniri Dünya Çempionatında çıxış etdi. Azərbaycan millisi Cənubi Koreyanın Muju şəhərində keçirilən Dünya Çempionatında iki medal qazandı.
Dünyanın ən güclü idmançılarının iştirak etdiyi turnirdə, ilk olaraq, məşqçiləri Məhəmməd Məmmədov sevindirdi. Altmış üç kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yerlə kifayətlənməklə minimum vəzifənin öhdəsindən gəldi. O, yarımfinalda iranlı Mirhaşim Husseynə məğlub olmaqla, finaldan kənarda qaldı. Məmmədov bir gün ərzində baş tutan ilk görüşlərdə Sərdar Tahirovu (Özbəkistan) 10:3, ardınca Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6 hesabı ilə məğlub etdi. Həmyerlimiz 1/8 finalda portuqaliyalı Nuno Kosta üzərində də inamlı qələbə qazandı – 35:17. O, yarımfinala gedən yolda Bolat İzutdinovla (Rusiya) üz-üzə gəlib. Taekvondoçumuz bu döyüşü də aktivinə yazıb. O, rəqibini 11:7 hesabı ilə məğlub edib. Yarımfinalda məğlub olan idmançımız yekunda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Yığmamızda ən böyük nəticəni Milad Beiqi Harçeqani qazanıb. İlk Avropa Oyunları və Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi 80 kq-da sözünü deyib. Olimpiya mükafatçımız ilk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub etdi. Ardınca 26 yaşlı taekvondoçumuz yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırdı – 18:7. Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazandı. O, finala gedən yolda Moldovanı təmsil edən Aaron Kuklayla qarşılaşsa da, titullu rəqibinə 41:5 hesabı ilə qalib gəlib. Təmsilçimiz həlledici görüşdə Anton Kotkovla gücünü yoxlayıb və ondan da güclü olduğunu sübuta yetirməklə (21:3), dünya çempionu tituluna yiyələnib. Qeyd edək ki, Harçeqani Azərbaycan taekvondosunda üçüncü dünya çempion kimi tarixə düşdü. Ondan əvvəl Niyaməddin Paşayev və Radik İsayev dünyanın ən güclüsü olduqlarını sübut edib.
Əslində, Milad Beiqi Harçeqaninin qələbəsi gözlənilən idi. Təsadüfi deyil ki, mundialdan öncə, Ümumdünya Taekvondo Federasiyası onun adını favoritlər sırasında qeyd etmişdi. Son 3 ildə stabil çıxışı ilə hamının rəğbətini qazanan idmançımız ötən il Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanaraq, qələbələrinin təsadüfi olmadığını sübut etdi. Qələbədən sonra biraylıq istirahətə çəkilən titullu idmançımız "R+"a açıqlamasında təəssüratlarını bildirib: “Cənubi Koreyada uşaqlıq arzumu reallaşdırdım. Uşaqlıq illərində nə vaxtsa dünya çempionu olacağıma inanırdım. Sonradan bunun çətin olacağını anladım. Amma, artıq bu reallıqdır. Dünya çempionları sırasında mənim də adım var. Bu qələbəni məşqçilərimə həsr edirəm. Onların uğurlarımda böyük rolu var. Eyni zamanda millinin həkimlərinə minnətdarlığını bildirmək istərdim. Zədələrdən sonra çətin yarışa tam hazır olmağıma böyük kömək göstərirlər”.
Milad Beiqi Harçeqani stabil uğur qazanmasını məşqlərdə səylə çalışması ilə izah edib: “Məşqlərdə çox səylə çalışıram. Elə fikirləşirəm ki, sanki heç bir medalım yoxdur. Dünya çempionu olandan sonra karyeramla bağlı daha bir arzum var. Olimpiya Oyunlarında çempion olmaq istəyirəm. Bunun üçün "Tokio-2020"yə qədər gecə-gündüz çalışmağa hazıram. Fikrimcə, Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirmək olar. Daha çox medal qazana bilərdik, amma bəxtimiz gətirmədi. Dünya çempionatında rəqabət olimpiadada kimi çox güclü oldu. Ona görə əksər ölkələr ümumiyyətlə medalsız qaldı. Qızıl medal uğrunda gərgin mübarizənin şahidi olduq. Azərbaycan millisinin qızıl medal qazanması taekvondonun inkişafda olduğunu göstərir. Həm Rio Olimpiadasında, həm də Bakıda keçirilən İslam Həmrəylik Oyunları taekvondoçularımızın ən güclülər sırasında olduğunu isbat etdi”.
İki medal qazanan millimizin nəticəsini uğurlu hesab etmək olar. Amma bununla belə, uğursuzluqlar barədə danışmamaq mümkün deyil. Cənubi Koreyada qadın idmançılarımızdan Fəridə Əzizova, Patimat Abakarova, kişilərdən isə Ayxan Tağızadə və dünya çempionu Radik İsayevin medalsız qalması təəccüblü oldu. 49 kq-da çıxış edən Patimat Abakarova ilk görüşdə uduzmaqla ümidləri doğrultmadı. Ayxan Tağızadəylə Radik İsayev isə üçüncü görüşdə məğlub olmaqla fəxri kürsüdən kənarda qaldı. Millidə yeganə olimpiya çempionu İsayevin medalsız qalması daha çox diqqəti çəkir. Sözsüz ki, o növbəti dəfə qızıl medal qazanmaya bilərdi. Amma ümumiyyətlə medalsız qalması müzakirə obyektinə çevrilməlidi. 18 finalda Qabon idmançısı Antoni Obameyə məğlubiyyət adi qarşılana bilməz. Dünya və olimpiya çempionu 13-15 hesabıyla uduzsa belə yarımfinala çıxa bilməməsi təəssüf doğurur.
Qeyd edək ki, 1 qızıl və 1 bürünc medal sayəsində Azərbaycan Dünya Çempionatında komanda hesabında 7-ci yeri tutdu. Sıralamaya təşkilatçı ölkə Cənubi Koreya (5-1-4) başçılıq edir. İki qızıl və 1 gümüş medal qazanan Türkiyə 2-ci, ümumilikdə 2 qızıl qazanan Serbiya yığması isə 3-cü oldu.
MƏSLƏHƏT GÖR: