23 Noyabr 2024

Şənbə, 19:45

BAHA OLSA YAXŞIDIR...

DB siqaret istehlakını azaltmaq üçün vergini artırmağı, bundan gələn büdcə gəlirlərini isə əhalinin tibbi sığortasına yönəltməyi təklif edir

Müəllif:

15.07.2017

Siqaret çəkmək bəşəriyyətin sağlamlığı üçün ciddi təhlükələrdən biridir. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, tütün epidemiyası hər il 7 milyon insan həyatını məhv edir. Bu, birlikdə götürəndə İİV/QİÇS, vərəm və malyariya qurbanlarının toplam sayından çoxdur. Özü də ölümlərin 10%-i siqaret tüstüsünün çəkməyən insanlara təsiri ilə bağlıdır.  

Planetin yetkin əhalisinin 22%-i siqaret çəkir. Siqaret çəkənlərin, demək olar ki, 80%-i aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə yaşayır. ABŞ-ın Səhiyyə və Sosial Xidmət Nazirliyinin hesabatına görə, siqaret çəkmək işçilərin əmək məhsuldarlığının azalmasına səbəb olur, əmək fəaliyyətinin ümumi uzunluğunu azaldır, xroniki xəstəliklərə və vaxtından əvvəl ölümlərə səbəb olur. Hesablamalar göstərir ki, hər il siqaret çəkilməsindən toplam iqtisadi zərər $1,4 trln.-u keçir ki, bu da dünya üzrə illik Ümumi Daxili Məhsul (ÜDM) göstəricisinin 1,8%-nə bərabərdir.

 

Siqaret çəkmək Azərbaycanda da faciədir  

Problem Azərbaycandan da yan keçməyib. Burada müxtəlif məlumatlara görə, əhalinin yarısı siqaret çəkir. Səhiyyə Nazirliyinin məlumatına görə, yaşı 15-dən yuxarı olan kişilərin 35,5%-i siqaret çəkir. Özü də

45-49 yaşarası kişilərdə bu göstərici ən yüksəkdir - 53,3%-dir. Bundan başqa, siqaret çəkən qadınların da payı artır, onlar artıq 1%-dir. Bununla yanaşı, Azərbaycanda passiv siqaret çəkmək də geniş yayılıb. Siqaret çəkməyən kişilərin 77%-i ictimai yerlərdə, qadınların isə 41%-i evdə tüstü udmağa məcburdur.  

Gənclər arasında siqaret yayılması da qorxu doğurur. Səhiyyə Nazirliyinin məlumatına görə, yaşı 13-15 arasında dəyişən yeniyetmələrin 7,3%-i (əsasən, oğlanlar) mütəmadi olaraq siqaret çəkir. 10,3% nə vaxtsa çəkib, onlardan 32,6%-i bunu, artıq 10 yaşına qədər edib. Siqaret çəkən yeniyetmələrin 64,8%-i siqareti mağazalardan alır. 61 ölkədə keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı şagirdlər arasında siqaretin yayılmasının orta göstəricisi 10,7% təşkil edir. Sorğular göstərir ki, Azərbaycanda bütün siqaret çəkənlərin 72,8%-i son il ərzində bu zərərli vərdişi tərgitmək istəmişdir. Amma buna nail ola bilməmişlər.  

Qlobal Sağlamlığın Öyrənilməsi Mərkəzinin hesablamalarına görə, 25-34 yaş arasında siqareti atan insan öz ömrünü, orta hesabla, 10 il uzadır. Bunu 35-44 yaş arasında etmiş insan 9 il, 45-54 yaş arasında etmiş insan 6 il, 55-64 yaş arasında etmiş insan isə əlavə olaraq 4 il qazanır.

  

Beynəlxalq təşkilatlar ucuz siqaretlərin əleyhinədir

Azərbaycan, artıq ölkədə siqaret istehlakının azalmasına yönəlmiş addımlar atır. Azərbaycan Milli Məclisi ictimai yerlərdə siqaret çəkilməsini və tütün məhsullarının reklamını məhdudlaşdıran qanun layihəsini ikinci oxunuşda müzakirə edir. Amma beynəlxalq təşkilatlar siqaretlə mübarizənin ən effektiv üsulu kimi, vergi üsullarından istifadə etməklə, tütün məhsullarının pərakəndə satış qiymətinin artırılmasını görür. Dünya Bankı (DB) Azərbaycanın tütün məhsullarına verginin artırılmasını tövsiyə edir.  

«Tütün məhsulları ilə mübarizə hamı üçün müsbət təsir göstərəcək, xüsusilə əhalinin kasıb təbəqələri qazanacaq. Tütün məhsullarına verginin artırılmasından sonra, aztəminatlılar böyük ehtimalla siqareti atacaqlar, nəinki varlılar. Dünya təcrübəsi göstərir ki, qiymətlərin 10% artırılması yüksək gəlir səviyyəli ölkələrdə istehlakı 4%, orta səviyyədən aşağı gəlir ölkələrdə isə 8% azaldır», - deyə DB Dünya Səhiyyə Təşkilatına istinadən bildirir. 

Beynəlxalq Valyuta Fondu (BVF) isə qeyd edir ki, tütün məhsullarına verginin artırılması məğlubiyyətsiz variant təmin edə bilər: daha yüksək gəlir sağlamlığa da müsbət təsir göstərir. DST-nin məlumatına görə, bütün dünyada siqaret qiymətləri əvvəlki kimi çox aşağıdır. Yalnız 33 ölkədə vergilər istehlak dərəcəsinə təsir göstərilməsi üçün tövsiyyə edilən vergi səviyyəsini - 75%-i ötür.  

 

Uğurlu nümunələr  

Türkiyə hökuməti ardıcıl olaraq 2002-ci ildən bu yana tütün məhsullarına vergiləri artırır. Hazırda ümumi vergi yükü bir qutu siqaret üçün 83%-ə bərabərdir ki, bu, dünya üzrə ən yüksək göstəricilərdəndir. Nəticədə, Türkiyə bu sahədən vergi gəlirlərini iki dəfə artıraraq, 2015-ci ildə $30,27 mlrd.-a çatdıra bildi. Bunun nəticəsi kimi, siqaret çəkən əhalinin payı 2008-ci ildəki 31,2% göstəricisindən 2012-ci ildə 23,2% -ə düşdü.  

2012-ci ildə Filippində tütün məhsullarına vergilər artırılıb və sadələşdirilib. Nəticədə, yetkin filippinlilər arasında siqaret çəkənlərin payı 2008-ci ildəki 31% səviyyəsindən 2015-ci ildə 23,3% -ə düşüb. Yeni verginin ilk üç ilində yığılan $3,9 mlrd. əlavə gəlirin 80%-ə qədəri tütün məhsullarının payına düşür. Milli hökumət tərəfindən tibbi sığorta proqramına ödənilən vəsait büdcənin əlavə gəlirləri hesabına 2012-ci ildəki 5,2 mln. dollar göstəricisindən 2015-ci ildə 15,3 mln. dollara çatıb.  

Ukrayna 2008-2017-ci illərdə siqaretə aksizləri 10 dəfədən çox artırıb. Nəticədə, tütün məhsullarına aksiz gəlirlərinin illik məbləği 6 dəfə artıb, siqaret satışları 40% azalıb, gündəlik siqaret çəkənlərin yayılma əmsalı isə 28% aşağı düşüb. Qiymətləndirmələrə görə, 2017-ci ildə büdcə yığımlarının həcmini ÜDM-in 1,7%-nə çatdırmaq mümkün olacaq, 2016-cı ildə isə bu, 1,5% olmuşdu. 

Bütünlkdə, DST-nin və Amerika Onkologiya Cəmiyyətinin hesablamalarına görə, 20 dənə siqaretdən ibarət bir qutu siqaretə vergilərin 1 beynəlxalq dollar artırılması zamanı dünyanın bütün ölkələrində siqaretin orta pərakəndə satış qiyməti 42% (3,2 beynəlxalq dollardan 4,55 beynəlxalq dollara) artacaq, tütün məhsullarının satışından vergi daxilolmaları isə 47% (402 mlrd. beynəlxalq dollardan 593 mlrd. beynəlxalq dollara qədər) çoxalacaq.

 

Azərbaycanda siqaretlər bahalaşacaq?

DB Bakıda «Tütün məhsullarından vergi tutulmasının iqtisadi aspektləri» mövzusunda seminar keçirib. Seminarda tütün məhsullarına verginin artırılması hesabına, Azərbaycanın dövlət büdcəsi gəlirlərinin artımı üçün potensial olduğu qeyd edilib. DB-nin səhiyyə üzrə aparıcı mütəxəssisi, tütün məhsullarından vergi tutulması üzrə qlobal proqramın əlaqələndiricisi Patrisio Markes bildirib ki, başqa ölkələrlə müqayisədə, Azərbaycanda yüksək siqaret istehlakı, aşağı vergilər və qiymətlər müşahidə edilir.  

«Buna görə, burada dövlət büdcəsinə əlavə vəsaitlərin cəlbi üçün böyük potensial var», - P.Markes vurğulayıb.

Hazırda Azərbaycanda tütün məhsulları üçün aksiz vergiləri (hər min siqaret üçün 4 manat; hər min siqar üçün 10 manat) və əlavə dəyər vergisi (ƏDV - 18%) tətbiq edilir. İdxal zamanı sadalanan vergilərlə yanaşı, həm də hər min siqaret üçün $0,5 həcmində tutulan rüsum tətbiq edilir.  

Ekspert qeyd edib ki, tütün məhsullarına vergilərin artırılmasının əleyhdarları üç əsas arqument irəli sürürlər: bu, istehsalçıların gəlirlərini azaldacaq; yoxsul təbəqələrin çiyninə əlavə yük qoyacaq; qaçaqmalçılığın artmasına gətirəcək.

«Birinci arqument qeyri-ciddidir, çünki siqaret istehsalı sahəsi ucuz istehsalat və siqaret aludəçiləri tərəfindən artan tələb hesabına son 100 ildə ən rentabelli sahələrdəndir. İkinci bəndə gədikdə isə, təcrübə göstərir ki, istehlakın azalması məhz aztəminatlı əhalinin hesabına müşahidə edilir, çünki büdcələri ondan belə bahalı siqaretləri almağa imkan vermir, onlar bu zərərli vərdişdən yaxa qurtarmağa məcbur olurlar. Bundan başqa, dövlət büdcəsinin əlavə gəlirlərini bu təbəqənin həyat keyfiyyətinin yüksəldilməsinə yönəltmək olar. Nəhayət, güclü vergi və gömrük administrasiyası sistemi hesabına qaçaqmalçılığın qarşısını almaq mümkün olacaq», - deyə P.Markes bildirib.

Seminarda çıxış edən deputat Musa Quliyev Azərbaycanda siqaretlərin bahalaşması və qaçaqmalçılığın fəallaşması üzündən yoxsulluğun arta biləcəyi risqini qeyd edib:  

«Məsələ bundadır ki, Azərbaycan patriarxal ölkədir. Azərbaycan ailələrinin əksəriyyətində əsas gəlir mənbəyi kişidir, adətən, ailənin tək siqaret istehlakçısı da odur. Onların heç də hamısı siqareti tərgidə bilmir. Risk var ki, onlar siqaret alınmasına daha çox vəsait yönəldəcəklər, nəticədə bu, ailə büdcəsinə öz təsirini göstərəcək. Qaçaqmala gəldikdə isə, əgər Azərbaycanda siqaretin qiyməti yetərincə qalxarsa, onda ucuz siqaret ölkələri İran və Pakistandan qeyri-leqal tütün məhsulları axını güclənəcək», - deyə M.Quliyev bildirir.

DB artıq bu məsələləri Azərbaycanın müxtəlif qurumları ilə müzakirə edib. DB-nin Bakı ofisinin başçısı Navid Hassan Naqvinin sözlərinə görə, Azərbaycan hökuməti tütün məhsullarına vergiləri artırmaq təklifi ilə maraqlanıb. «Biz təkliflərimizə müsbət qarşılıq aldıq. Bu islahatlar vergilərin quruluşuna da, səhiyyə sisteminə də toxuna bilər», - deyə Naqvi bildirib.

 

DB-nin tövsiyələri  

Tütün məhsullarının vergilərinin artırılmasına qərar vermiş ölkələrə DB irimiqyaslı və operativ fəaliyyət göstərməyi tövsiyə edjir. Bank ekspertlərinin fikrincə, vergi strategiyası, ilk növbədə, sağlamlığın qorunmasına, daha sonra büdcənin doldurulmasına istiqamətləndirilməlidir. Bu o deməkdir ki, ilkin mərhələdə tütün məhsullarına vergi dərəcəsini yetərincə yüksəltmək lazımdır.  

DB tövsiyə edir ki, siqaretlərin qiymət baxımından əlçatar olmasına zərbə vurmaq lazımdır. İşlək strategiyalar vergi dərəcələrinin yetərincə ilkin artırılması ilə yanaşı, onların müəyyən zaman ərzində mütəmadi qaldırılmasının birləşdirilməsinə əsaslanır. Bu, inflyasiyaya və əhalinin adambaşına gəlirlərinin artmasına uyğun düzəlişlər məqsədi ilə edilir.  

Bundan başqa, DB əlavə vəsaitlərin çevik assiqnasiyasını təmin etməyi və onları siyasi baxımdan populyar məqsədlərdə istifadə etməyi tövsiyə edir. Bu, əhali tərəfindən vergilərin artırılmasına dəstək verilməsinə imkan yarada bilər. DB Azərbaycan hökumətinə tövsiyə edir ki, tütün məhsullarına vergilərin artırılması zamanı icbari tibbi sığorta sisteminin maliyyələşməsinə əlavə vəsait yönəltməsini təmin edə bilsin.   

Azərbaycan hazırda iki regionda pilot layihə gerçəkləşdirir və getdikcə əhatəni genişləndirmək niyyətindədir. Tibbi sığorta sistemi dövlətdən ciddi maliyyə yatırımları tələb edir, çünki ödənişlər üzrə güzəştlər 3-3,5 mln. insanı (əhalinin üçdə-bir hissəsini) əhatə edəcək.  

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə yerli istehsal tütün məmulatlarının aksiz vergiləri üzrə ölkənin dövlət büdcəsinin gəlirləri 4 mln. 871,4 min manat olub (2015-ci ilin göstəricisi ilə müqayisədə 24,5% azalıb), idxal tütün məmulatları üzrə isə 31 mln. 92,9 min manat olub (29,4% azalıb).

Tütün məmulatlardan istifadənin azalması qeyri-infeksion xəstəliklərin yayılmasını azaldır. Səhiyyə Nazirliyinin məlumatına görə, bu xəstəliklər əhalinin xəstəliklərinin yarıdan çoxunu təşkil edir və Azərbaycandakı ölümlərin 80%-nin səbəbkarıdır. Siqaret çəkilməsinin azalması ölkəni BMT-nin dayanıqlı inkişaf hədəflərinin gerçəkləşdirilməsinə yaxınlaşdırır. Azərbaycanın qoşulduğu bu hədəflərdə 2030-cu ilə kimi qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisini 30%-ə endirməklə bağlı çağırış yer alır.


MƏSLƏHƏT GÖR:

550