23 Noyabr 2024

Şənbə, 15:31

«OLMAYIB və OLMAYACAQ…»

Azərbaycan sərhədlərində Krım-Konqo hemorragik qızdırmasının yayılmaması üçün tədbirlər görülür

Müəllif:

15.07.2017

Azərbaycanda Krım-Konqo hemorragik qızdırmasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər gücləndirilib. Bu günlərdə ölkənin Səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin gücləndirilməsi haqqında fərman imzalayıb. Səbəb, son zamanlar Azərbaycanla həmsərhəd ölkələrdə Krım-Konqo üzrə epidemioloji vəziyyətin kəskinləşməsidir.

Səhiyyə Nazirliyinin tibb idarələri və qurumlarının rəhbərliyinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tibb işçilərinin Krım-Konqo hemorragik qızdırması haqqında daha yaxşı məlumatlandırılması, bu xəstəliyin əlamətinin hiss olunduğu şəxslərin dərhal təcrid edilməsi və onlar barəsində Respublika Taun Əleyhinə Stansiyaya dərhal məlumat verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin təqdim olunması tapşırılıb. Bundan başqa, bütün müvafiq qurumlara epidemiya əleyhinə tədbirlərə, dezinfeksiya işlərinə nəzarətin gücləndirilməsi haqqında tapşırıq verilib.

 

Yayılma risqi

Bəs bu, nə xəstəlikdir və necə yayılır? Krım-Konqo hemorragik qızdırması kəskin infeksion xəstəlikdir. O, virusun daşıyıcısı olan gənənin insanı dişləməsi ilə yoluxur. Bu xəstəliyə yoluxmuş insanda qızdırma, intoksikasiya, dəridə və daxili orqanlarda qansızma müşahidə olunur. Bir-üç gün ərzində (uzağı, 9 gün) xəstəlik yüksək hərarət, başağrısı, zəiflik, oynaqlarda ağrı, ürəkbulanması, qusma yaradır. O, ilk dəfə 1944-cü ildə Krımda meydana çıxıb. Xəstəliyin törədicisi isə 1945-ci ildə aşkarlanıb. 1956-cı ildə bənzər xəstəliyə Konqoda rast gəlinib. Virusun araşdırılması zamanı onun Krımda meydana çıxmış virusla tam eyni olduğu aydınlaşıb.

Azərbaycan epidemioloqları hesab edir ki, Səhiyyə nazirinin göstərişlərini hərfi mənada qəbul etməyə, artıq virusun Azərbaycana keçdiyini düşünmək lazım deyil. Göstəriş profilaktika məqsədilə verilib. «Azərbaycanda Krım-Konqo hemorragik qızdırmsının yayılması risqi çox azdır», - deyə Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Rita İsmayılova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu xəstəlik Azərbaycan üçün aktual deyil. Çünki ölkəmizdə virusun yayılması üçün təbii ocaqlar yoxdur.

Son 30 ildə ölkədə bir dəfə də olsun, virus aşkarlanmayıb.

Mütəxəssisin sözlərinə görə, qızdırmanın yayılması üçün daşıyıcılar olmalıdır. Bu, virusu ötürən gənələrdir. Ölkəyə artıq yoluxmuş əcnəbilərin daxilolma ehtimalına gəlincə, həkim Azərbaycan sərhədindəki bütün nəzarət-buraxılış məntəqələrində tibbi kabinetlərin olduğunu söyləyib. «Krım-Konqo hemorragik qızdırması yalnız gənə dişləməsi ilə, qan vasitəsilə yoluxur. Bu xəstəliyin yayılması üçün təbii ocaqlar yoxdur», - deyə İsmayılova qeyd edib.

Mütəxəssis bildirib ki, vəhşi təbiətdə virus rezervuar kimi gəmiriciləri, iri və xırdabuynuzlu mar-qaranı, vəhşi məməliləri, gənələri seçir. Sonuncular virusu öz balalarına da ötürür. «Virusun mənbəyi xəstə insan və ya infeksiyaya yoluxmuş heyvandır. Virus hər hansı tibbi prosedur zamanı da yoluxa bilər. İynə vurulması, qan alınması və s. Krım-Konqo hemorragik qızdırmasının yayılması üçün mütləq təbii ocaq olmalıdır», - deyə R.İsmayılova qeyd edib.

 

Sıfıra bərabər…

Son günlərdə İranda 30-dan artıq insan qızdırmaya tutulub. Bu, Şiraz şəhərində baş verib. Xəstələrdən 3-ü dünyasını dəyişib. Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev hesab edir ki, İrandan virusun Azərbaycana keçməsi ehtimalı sıfıra bərabərdir. O əmindir ki, bu xəstəliyin ölkəmizdə yayılması istisnadır. Çünki ölkənin sərhədlərində sanitar xidmətlər ciddi profilaktik tədbirlər görür.

«Azərbaycanda Krım-Konqo hemorragik qızdırmsı olmayıb və olmayacaq», - deyə o, qeyd edib.

Həkimin sözlərinə görə, adətən, Azərbaycana qonşu olan ölkələrdə hər hansı epidemiya yayılan zaman həmin ölkələrə yollanan bütün vətəndaşlarımız nəzarət-buraxılış məntəqələrində yoluxma təhlükəsi haqqında xəbərdar olunur, onlara ehtiyatlı olmaları tövsiyə edilir. İ.Ağayev hər hansı səbəbdən İrana getməli olan vətəndaşlara ölkənin xəstəliyin aşkarlandığı regionlarına getməkdən çəkinməyi məsləhət bilir.

Bununla yanaşı, bu günlərdə Gürcüstanda da Krım-Konqo hemorragik qızdırmsına 1 yoluxma faktı qeydə alınıb. O, ortayaşlı qadındır. Xəstənin durumu ağır qiymətləndirilir. Həkimlər onun həyatını xilas etmək üçün çalışır. Məlumata görə, bu, il ərzində Gürcüstanda Krım-Konqo hemorragik qızdırmasına tutulmuş 14-cü şəxsdir. Əvvəllər ildə 2-3 belə hal baş verirdi.

Qeyd etmək lazımdır ki, bu xəstəliyə tutulma risqi ən yüksək olan şəxslər iribuynuzlu və xırdabuynuzlu mal-qara ilə bilavasitə təmasda olan fermerlərdir. Odur ki, heyvanlarla təması olan kənd təsərrüfatı işçiləri rezin əlcəklərdən istifadə etməli, qapalı geyinməlidirlər. Doğrudur, isti yay vaxtı bu, rahat deyil. Amma gənələrdən qorunmaq üçün vacibdir.

Pasiyent xəstəliyin ilk əlamətlərini hiss edən zaman həkimə müraciət etmirsə, artıq bir neçə gün sonra onda qanaxma başlaya bilər. Xəstəlik müalicəedilən olsa da, gecikmə əksər hallarda ölümlə nəticələnir. Bu səbəbdən də müxətəssislər xəstələrə özlərinə qarşı xüsusilə diqqətli olmalarını məsləhət görür.



MƏSLƏHƏT GÖR:

613